Qələmsiz yazılanlar
sms-esselər
Fərqli
ovqatların əksi
Özüm də bilmirəm, bu yazılar nədir və
onları necə adlandırım? Qələmsiz
yazıldıqları həqiqətdir. Bir
yaxın adama, bəlkə, gələcək kitabımın
redaktoruna göndərilib. Amma hansı niyyətlə?
Bəlkə, bir romanın eskizləri,
parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı
düşüncələrdir? Hər bir
insanın düşüncələrini kiminləsə
bölüşmək ehtiyacı olur. Ömrü
boyu özünə qapanıb yaşayan adamın da
haçansa bir gün içindəkiləri kiməsə
açıb danışmaq zərurəti yaranır.
Bölüşdüyün, danışdığın adam yaxın bildiyin, güvəndiyin kəs
olanda isə daha çox açılırsan. Özündən,
həyatından, yaşadıqlarından,
udub-uduzduqlarından, gücündən, zəifliyindən -
neçə illərdən bəri qəlbinin bir
küncündə gizlədib saxladığın hər nə
var - açıb danışmaq istəyirsən. Bəzən,
hətta doğma adamdan giley-güzar da ola
bilər. Təbii ki, özündən gileyləndiyin
məqamlar da, özündən özünə
yazdıqların da var. Amma hər nədirsə, hamısı
öz yaşantıların - özünün
yaşadıqlarındır, parça-parça olmuş, hissə-hissə
bölünmüş həyatın əksi, nişanələridir.
Ona görə də "Qələmsiz
yazılanlar"ın ikinci hissəsi kimi "Sms-esselər"
adlandırdığım həmin bu qeydləri də
çap etdirməyi düşündüm. Ayrı-ayrı
vaxtlarda, fərqli şəraitlərdə yazıb göndərdiyim
və çoxusunu özümdə saxlamadığım bu mətinləri
yığıb toplamaq elə də asan başa gəlmədi.
Göndərdiyim doğma adamdan - redaktordan
xahiş etdim, yardımçı oldu. Amma
içərisində yazıb özümdə
saxladığım, gizlətdiklərim də var idi. Onları da bura əlavə elədim. Və beləcə, qaçaraq, yüz yerə
parçalanmış, əlli yerə bölünmüş
həyatımın fərqli ovqatlarının əksi, mənzərəsi
olan bu yazılar ortaya çıxdı.
UÇMAQ
İnsanın xoşbəxtlikdən sərməst
olduğu anları yalnız uçmaqla müqayisə etmək
mümkündür. Uçmaq - ruhun göylərdə
cövlan eləməsi, bədənin ən yüngül, ən
rahat halıdır. Tolstoyun "Anna
Karenina"sındakı məşhur bir fikri kiçik
interpretasiya ilə yada salaq: Bütün xoşbəxtlər
bir-birinə bənzəyir, bədbəxtlər isə hərəsi
bir cür bədbəxtdir.
Deməli, dahi Tolstoy da xoşbəxtliyi yalnız bir
tonda, bir rəngdə, bir sifətdə görə bilib. Dünyanın
ən xoşbəxt sevgisini yaşayanlar - yaşayıb hisslərini
sözə çevirmək istəyənlər, yəqin, təsvirin
çərçivəsinin məhdudluğundan gileyləniblər.
Sıxıntının, darıxmağın min
cür üzü varsa, xoşbəxtliyin rəngi birdir. İşıqdır - adamın çöhrəsinə
çökən ilahi nurdur. İşıq,
nur göylərdədir. Xoşbəxtlər
isə o nurun sayəsində göylərə qalxanlar, ilahi
rahatlığa yaxınlaşanlardır.
"Xoşbəxtlikdən uçmaq" ifadəsi var.
Görünür, bu halın ən sərrast izahı elə
uçmaqdır.
Narkotika, narkoz,.. təmasın ən
üstün məqamı. Və hər birində
uçmaqla bağlılıq var. Birincidə ildırım
sürətiylə pətəkdən-pətəyə girən
ruh. İkincidə bir az daha az sürətlə
uçmaq. Uçurdu - narkotikdən halları dəyişənlərə
də deyirlər. Əlbəttə,
ucmağın ən təbiisi, ən gözəli və ən
dadlısı - üçüncüdür.
Titrəmək, əsmək - uçuşqabağı həyəcanın
əlamətidir. İnsanlar paraşütlə
uçmağı niyə arzulayırlar?! Yəqin
ki, qısa müddətdə də olsa, o xoşbəxt
anı yaşamaq üçün.
Bəlkə də, buna görə xoşbəxt sevgilərin,
xoşbəxt anların təsviri məhdud və
coxçalarlı deyil.
Həm də
uçanda qələm tutmaq olmur, axı!
ENMƏK
Xoşbəxtlik - göylərə qalxmaq, ruhun
qanadlanması, nura boyanmaqdırsa, həsrət, ağrı,
acı, qüssə - dərinə enməkdir. Dərinə
endikcə heyrətdən buza dönürsən.
Göylərdə,
səmada süzmək - kainatın eyni rəngindən və
sonsuzluğundan qanadlanmaqdırsa, dərində əsrlərin
yaddaşı hopan maddi nə desən var. Yəqin ona görədir
ki, qüssə, qəm içində insan dərinə enir və
dərinə endikcə də indiyəcən bilmədiyi sirlərdən
agah olur.
Düşünənə, hansısa suala cavab axtarana
"dərinə get" deyirlər.
"Göyə qalx"
çağırışında sual yoxdur.
"Göyə qalx" cavabdır.
Dərində batmaq, boğulmaq mümkündür.
Dərində batıb qalmaq mümkündür.
Göylərdən yerə mütləq düşməlisən,
amma dərində səni nələrin gözlədiyi, sonunun
necə olacağı bəlli deyil. Dərdin məkanı
dərinlərdədir. Göylər
müvəqqətidir. Əbədi məskənimiz
də torpağın dərinliyindədir və yazdıqca
tükənməz, düşündükcə bitməz
suallarla doludur. Ona görə dərddən
çox yazırlar.
Xoşbəxtliyin rəngi bir olduğu kimi, ömrü də
azdır. Sıxıntının ömrü isə çox
uzundur. Bəlkə, həm də buna görədir
xoşbəxtliyin təsvirinin daha az
olması. Uzun ömürlü sıxıntılardan çox
bəhs edilməsi də elə buna görədir yəqin!
Dərinə
enməyi tək də bacarmaq olur!
Dərdi, sıxıntını, həsrəti təklikdə
çəkirsən.
Xoşbəxtliyi
isə tək yaşamaq olmur!
Enmək həm də batmaq, boğulmaqdır. Əl uzadan
olmasa, elə orada da qalasısan. Orada - dərinlərdə!..
Amma yenidən qalxmaq üçün enmək ən
gözəlidir.
Enmək
və yazmaq!
Sonadək
yazmaq!
Yenidən
uçanadək!..
YADDAŞ
VƏ QORXU
Yaddaş və qorxu. Bir çox gizli
bağlarla bir-birini silkələməsəydi, insan
duyğularının və fiziologiyasının harmonik vəhdəti
baxımından xüsusi önəm daşıyan bu iki
elementin birini o birindən ayırmaq, yəqin, elə də
çətin olmazdı.
Amma dediyimiz kimi, əgər silkələməsəydi...
Yaddaşsız adamın qorxması mümkün deyil. Qorxu hissi
olmayan adamların isə, yəqin, yaddaş problemi var. Həm
fəlsəfi kateqoriya, həm də tibbi əlamət kimi
bunun dərinliyinə varmaq böyük araşdırma tələb
edən uzun prosesdir. Onda biz, bəlkə, mövzunun bir az daha poetik, bədii çalarlarına diqqət
yetirməyə çalışaq? Görək,
gücümüz haracan çatar, nə qədər dərinə
gedə bilərik?
Bizim millətin, bizim xalqın yaddaşsız, unutqan
olması barədə tez-tez danışılır. Bəs, bu
unutqanlıq nədir - fərddən millətə keçib,
yoxsa millətdən fərdə? Yaddaşda
genlərin rolunu elm artıq sübuta yetirib. Valideynlərin, sələflərin qanı ilə
bir sıra keyfiyyətlərin irsən ötürülməsinin
də elmi izahı var. Elə isə gəlin, millətin genlərindəki
unutqanlıq və onun nəsildən-nəsilə
ötürülməsi məsələsinin dərinliyinə
varmağa cəhd edək.
Görəsən, gen daşıyıcısına
çevrilmiş bu unutqanlıq hissi kənar təsirlərin
vasitəsiylə sonradan - əsrlər boyu formalaşıb,
yoxsa lap əvvəldən mövcud olub? Hələ bu zaman kifayət
qədər düşündürücü bir sual da
yaranır: Umumiyyətlə, unutqanlıq yaxşı, ya pis əlamətdir?
Amma gəlin geniş mükaliməyə
açıq olan bu mövzuya toxunmadan keçək kənar təsirlərin
genetik yaddaşa təsiri məsələsinə.
Əgər xalq uzun illər boyu basqı, təhlükə və təhdid altında yaşayıbsa, əsrlər uzunu ona öz keçmişini xatırlamaq yasaq edilibsə (belə yasaqlar, təbii ki, dəhşətli qorxu əsasında baş verə bilərdi), bu həyat tərzinin tədricən genetik yaddaşa çevrilməsi ehtimalı da real görünür. Bu mənada xalq olaraq bizim genetik yaddaşsızlığımızda xarici təsirlərin, qorxu amilinin rolunu mümkün variantlardan biri kimi qəbul etmək mümkündür.
Bəs, fərd olaraq yaddaşsızlığa hansı amillər təsir göstərə bilər? Məlum məsələdir, nəyisə unutmaq üçün onu yaddan çıxarmalı, xatırlamamalısan. Əgər sən həmin "nəsə"ni içdən sevirsənsə, onda o, ya zor gücünə unutdurulmalıdır, ya da qorxuyla. Əlbəttə, insan orqanizminin, bədənin qocalması, yaxud marağın itməsi nəticəsində də yaddaşdan nəyinsə "könüllü" silinməsi mümkündür. Amma söhbət lazımlı və sevimli "nəsə"lərdən gedirsə, onda onların unudulmasına təsir göstərən amillər sırasında qorxunun da olduğunu mütləq etiraf etməliyik.
Mən bu
gün bir az qorxdum. Zorən
yaddaşsızlaşmağa meylləndirildiyimi hiss etdim. Və qorxdum.
Sonra köhnə yazılarımın arasında eşələnəndə
mənə elə gəldi ki, bəziləri əvvəl
qoyduğum yerdə deyil. Deyəsən, kimsə məni
yaddaşsızlaşdırmağa çalışır.
Yenə qorxdum. Bu, yəqin, genetik kodlarda
yaşayan, olan, ya da olacaq təhlükədən yana yaşanan bir duyğu idi. Bu
duyğuya türkcə sözlükdə "QORXU"
deyilir.
YAZMAQDAN
QORXMAQ
Yazmaqdan qorxduğum vaxtlar çox olub. Bunun səbəbləri
haqda yazmışam da. İndi də bir az
qorxu var içimdə - ola bilsin, bu, keçirdiyim hissləri,
düşündüklərimi sözə çevirə bilməmək
qorxusudur! Bu günəcən
yaşadıqlarımda təsvirə, sözə gəlməz
elə məqamlar var ki, onları ifadə edə bilməyəcəyimdən
ehtiyatlanıram. Bəlkə də, ona
görədir ki, neçə gündür beynimdə
dolaşan, hətta telefonun yaddaşındakı qeydlərimi
yazıya çevirməyə çətinlik çəkirəm.
Yazmaq ehtiyacı özün haqqında düşünmək
cəhdidir, məncə. Mən necə adamam? Necə
olub ki, belə olmuşam? Bu, təkcə
valideynlikdirmi? Sakit, qapalı, amma həm də içində
vulkan gəzdirən, bəzən coşqun, bəzən qəddar,
amansız, daşqəlbli, bəzən də kövrək, ipək,
yumşaq -
hamısının bir yerdə cəmləşdiyi insan! Bu, necə yaranıb? Maddiyyatla mənəviyyatın
təzadlı qütbləri - isti ilə soyuq kimi! Bax, bu təzadların, ən fərqli qütblərin
içərisində olmaq, bəlkə, dünyanı daha
çox bildiyim şəkildə dərk etməyimə gətirib
çıxarıb?!
Ta uşaqlıqdan fərqli mühitlər, fərqli adamlar! Gül toplayıb satmaq, turşsuyu şüşələrə yığıb satmaq, balıq, göyərçin saxlamaq, "quşbazlıq etmək", davakar uşaqlarlarla oturub-durmaq, həm də ən ağıllıları heyrətə salıb ən yaxşı kitabları almaq, daha nələr, nələr. Sonrakı illərdə də yenə bunun davamı: sevgi yaşamaq, onun dadını bilmək, ətrafında olan səndən böyüklərin də, səndən güclülərin də əlinin heç vaxt yetməyəcəyi ruhi məqama, fiziki zövqə-şövqə çatmaq, həm ən üstün sevgi yaşamaq, həm də sevgiyə ironiya edib qarşına çıxan qızlara mənasız varlıqlar kimi baxmaq! Ən gənc yaşlarında hakimiyyətin gücünü, dadını hiss etmək, siyasətin mərkəzində olmaq, sonra quyunun dibinə düşmək və hər şeyə nifrət etmək! Heç nədən kasadlıq, korluq çəkməmək, evlərin, maşınların hazırına və çoxluğuna alışmaq, sonra heç nəyi olmamaq, metroda gəzmək, kirayədə qalmaq, iranlı sürücülərlə, TIR maşınlarla neçə ölkə sərhədini keçə-keçə 3000 kilometr məsafəni qət etmək, ən təhlükəli dövrlərdə həyatın ən aşağısını, dibini görmək və ən yüksək səviyyələrdə, nüfuzlu heyətlərlə Avropa Şurasında, Ağ Evdə və daha haralarda səfərlərdə olmaq! İndi yaza-yaza bir daha əmin oluram ki, belə adam olmağımın səbəbkarı, bu cür formalaşmağımın baiskarı məhz o təzadlardır, ən yaxşını və ən pisi görməkdir! Əslində, bunların hamısı ayrıca roman, əsər mövzusudur.
Əgər yazmaqdan qorxmasaydım...
Rəşad
MƏCİD
525-ci qəzet.- 2019.- 19 iyun.- S.11.