Aynadakı əksimiz
Telefon danışığının
əvvəlində "alo"
deyilməyə onun təklifi ilə başlanıb. Teleqrafı, telefonu, kino
aparatını o təkmilləşdirib.
Elektrik lampasının sənaye üsulu ilə istehsalını o təşkil
edib. Elektrovoz istehsalına da
o başlayıb, fonoqrafI
da o ixtira edib. Söhbət dünya şöhrətli
amerikalı ixtiraçı,
sahibkar Tomas Edisondan gedir.
Bir gün
Tomas Edison məktəbdən evə gəlir və müəllimin məktubunu anasına verir. Gözləri yaşarmış ana məktubu oğluna oxuyur. "Sizin oğlunuz
- dahidir. Bu məktəb çox balacadır və burada onu öyrədə
biləcək müəllimlər
yoxdur. Zəhmət olmasa, onu özünüz öyrədin".
Anasının ölümündən illər
sonra ailə arxivindəki əşyaları
nəzərdən keçirərkən
(o artıq dövrünün
məşhur ixtiraçısı
idi) bir məktuba rast gəlir. Məktubda yazılmışdı:
"Oğlunuz əqli
cəhətdən geridə
qalıb. Biz onu
başqaları ilə
bərabər öyrədə
bilmərik. Ona görə
də tövsiyə edirik ki, onu
evdə özünüz
öyrədəsiniz".
Edison saatlarca ağlayır, sonra isə gündəliyinə bu sətirləri yazır:
"Tomas Alva Edison əqli cəhətdən
geridə qalmış
uşaq olub. Öz qəhrəman anası sayəsində isə əsrinin dahilərindən
birinə çevrilib".
Biz övladlarımızı böyüdüb cəmiyyətə
yollayırıq. Kimin kimə faydalı
və ya zərərli olacağını
da bilmirik. Sadəcə,
ümid edirik. Onların yolunu itirməyəcəyinə,
mənzilə dos-doğru
çatacaqlarına. Heç kəsə
zərər verməyəcəklərinə.
Heç
kəsin onları incitməyəcəyinə. Bilirik ki, onlar bu
yolda bəzən büdrəyə, bəzən
yıxıla bilərlər,
hətta qırıla-qıra
bilərlər. Uğur qazana
və ya uğursuzluğa uğraya
bilərlər. Amma etiraf
edə bilmirik ki, bunların hər birinin səbəbkarı bizik.
Çünki onlar bizim səsimizi eşitmir, bizim addımlarımızla
addımlayırlar. Bizim aynadakı
əksimiz olurlar.
Bəzən biz də onlardan həyatı öyrənirik. Dərslərində istədiyimiz nəticəni
ala bilmədikdə, "Zibil
daşıyan olmaq istəyirsən?!" sözlərilə
daha məsuliyyətli
olacaqlarını zənn
etdiyimiz halda, özümüzün cəmiyyət
üçün yanlış
düşüncəli, yanlış
insan yetişdirdiyimizin
fərqinə varmırıq.
Çünki həm övladımızın
gözündə bir insanı qiymətsiz etmiş oluruq, belə ki, zibili
təmizləyən insanlara
qarşı onlarda ikrah hissi oyadırıq,
onların toplumun sanitariyası üçün
gördüyü işi,
çəkdikləri əziyyəti
qiymətsiz etmiş oluruq, həm də övladımızın
özgüvənini qırmış
oluruq. Halbuki onlara daha doğru
şəkildə müraciət
etmiş ola
bilərik. "Mən sənin gücünə inanıram.
Sən daha böyük uğurlar qazanıb, həm özünə gözəl
həyat qura bilərsən, həm də öz faydalı layihələrinlə
çətin iş görən insanların həyat şəraitini yaxşılaşdıra bilərsən",
deyə bilərik. Biz bəzən onlardan
gücündən artığını
istəyirik. Özümüzün gerçəkləşdirə bilmədiyimiz xəyallarımızı
onların üzərində
reallaşdırmağa çalışırıq.
Bəzən onların bir layihə yox, bir uşaq olduğunu
unuduruq. Bizimlə bərabər, küləyə
qarşı uçurtma
uçura biləcəyimiz,
birlikdə kağızdan
gəmi, təyyarə
və ya başqa ariqammalar düzəldə biləcəyimiz,
herbari toplayacağımız,
top oynayacağımız, hər
xırda zarafatlarına
onlarla bərabər içdən güləcəyimiz
bir uşaq olduqlarını unuduruq.
Bəzən onların "gələcəyini"
təmin etmək üçün qovaladığımız
zaman içində onların ən gözəl illərini barmaqlarımızın arasından
bir su kimi
axıtmış oluruq.
Bəlkə bu səbəbdəndir
ki, baba-nənələr
nəvələrlə daha
çox vaxt keçirmək istəyir.
Övladlarında itirdikləri
"o zamanı" bərpa
etmək üçün...
Bəzən övladımızın potensial
imkanlarının yetərincə
olmadığını bilsək
belə, ondan cəmiyyət üçün
bir "Tomas Edison" yetişdirə
bilərik. Onları imkanlarından artığına
məcbur etməsək,
onları özümüzün
yarım qalmış
xəyallarımız kimi
görməsək, onların
arzularını da nəzərə alsaq (sözsüz ki, həddini qorumaq şərtilə), bəlkə
o zaman cəmiyyətə
daha xoşbəxt, daha faydalı şəxsiyyətlər yetişdirmiş
olarıq. Bəlkə o zaman onların əsl uğurlarına imza atmış olarıq.
Biz "gözümüzün yağını yedirtsək
belə" onların
səhvləri də olur, yanlışları da. Demək ki, haradasa bir ilgək mildən ayrılıb, bizsə hiss etməmişik.
Demək
ki, lazımından artıq ya güzəştə
getmiş, ya da acımasız olmuşuq. Amma hər səhv
addımlarında biz yanlarında
olacağıq, olmalıyıq.
Tənqid üçün
yox! Dəstək üçün! Qəlbləri qırılanda biz yanlarında
olacağıq. "Mən
sənə demişdim"
-demək üçün
yox! "Mən səninləyəm" - demək
üçün! Hər yeni
işə hazırlaşanda
yanlarında olacağıq.
"Sənlik deyil, sən bacarmazsan" - deməyə yox! "Mən sənə inanıram, hər şey yaxşı olacaq" - demək üçün!
Uğur qazandıqları gün isə heç bir söz deməyə ehtiyac olmayacaq. Biz sadəcə yanlarında olacağıq. Onlar isə gözlərimizə baxacaq və orada "Mən
səninlə qürur duyuram"
- deyən ürəyimizin sözlərini oxuyacaqlar.
Fidan MALİK
525-ci qəzet.- 2019.- 21 iyun.- S.16.