Şlaqbaumlu yol

 

hekayə

 

 

... Əlbəttə, onu da başa  düşmək lazımdır, o da tək qaldı. Onun da həyatı puç oldu, özü öz həyatını məhv etdi. Puç oldu getdi. Bəs sabah nə olacaq? Sonrakı illər necə olacaq? Biz niyə bir yerdə ola bilmədik? Yəni mən doğrudanmı bu qədər pis adamam? Niyə dil tapa bilmədik? Axı, mən ondan ötrü dəli idim. Eh... Elə indi də dəlisiyəm. O da məndən ötrü dəlidir. Axı, mən hər güzəştə getmişdim.

"Hm... Doğurdan? Axı, niyə yalan deyirsən?"

Yox, düz deyil. Mən mülayim adamam. O, mənə heç nəyi güzəşt etmədi. O, nələri güzəşt etmədi ki? Mən də çox güzəştlərə getmişdim.

"Yox, yalan deyirsən. Sən, axı hamını aldada bilərsən, bir özündən başqa. Yol boyu elə hey özümü çarmıxa çəkirdim. Gah ona haqq verirdim, gah da özümə. Axı, hər şey başqa cür də ola bilərdi".

Bəsdir, bəsdir. Sən axırda dəli olacaqsan.

Beləcə, özüm-özümü sakitləşdirirdim.

Stüardessa qızın sözləri məni fikirdən ayırdı:

- Kəmərlərinizi bağlayın, 10 dəqiqədən sonra enirik...

Təyyarənin balaca dairəvi pəncərəsindən, enməkdə olduğumuz şəhərə baxa-baxa özüm-özümlə mübahisə edirdim. Bəzən haqlı olurdum, bəzən də haqsız. Bəs, mən adam deyiləm? Niyə ancaq mən hər şeyi başa düşməliyəm? Məni isə heç kəs başa düşməli deyil. Axı, mənim də həyatım ona görə  məhv oldu. Yandırdı məni. Külə çevirdi. Hm... Kim kimi külə çevirdi? Sən onu, yoxsa o səni? Sən, heç vaxt onu düşünməmisən. Səni ancaq onun gözəlliyi maraqlandırıb. Sən ancaq onun gözəlliyini fikirləşmisən. Sən onun üzərində yox, onun gözəlliyi üzərində əsim-əsim əsirdin ki, xarab olmasın. Çünki o, bu dünyada sənin üçün ən qiymətli məxluq idi, ən əvəzolunmaz canlı idi.

***

O, məni Türkiyənin əyalət şəhərlərinin birində hava limanında qarşıladı. Bu şəhərə o, Bakıdan köçmüşdü. Çoxdan bu şəhərin konservatoriyasında dərs deyirdi. Həmişəki kimi, mənə qarşı süni tərzdə soyuqluq göstərsə də, hiss edirdim ki, məni həsrətlə qucaqlayır, doğma adamı kimi bağrına basır. Mən onun ötən şirin, dadlı, geriyə qayıdası mümkün olmayan günləri idim, keçmişi idim. Elə o da mənim. Şirin dadlı keçmişlərdən ayrılmaq isə çox çətin idi. Biz bir-birimizin dəlisi idik. Yəqin, elə bütün bunlara görə də bir yerdə ola bilmədik. Bir-birimizə olan tələblərimiz çox idi. Yenə də, həmişə kimi, mənim sol üzümdən öpdü. Gülə-gülə mənə elə ilk sözü:

- Bilirdim gələcəksən. Özü də çoxdan bilirdim ki, tezliklə yanıma gələcəksən. Amma, nə əcəb gəlişin belə 2-3 ay gecikdi?

Mən də gülə-gülə:

- Yox, bilə bilməzdin ki, mən səni görməyə gələcəyəm. Ümumiyyətlə, heç belə fikrim də yox idi ki, gəlim. Bu fikir birdən gözlənilmədən qəfil ağlıma gəldi. Və hər şey 2-3 günün içində oldu. (Amma yalan deyirdim, gəlməyimi çoxdan planlaşdırırdım. O da bunu başa düşmüşdü).

- O... o... o.... Yox, düz demirsən. Səni elə tanıyıram... Elə tanıyıram... Özünü mənə tanıtdırma. Səni heç kim, heç doğma anan belə mənim  qədər tanımayıb. Heç bundan sonra da, heç kəs səni mənim qədər tanımayacaq. Nə qədər olsa, biz bəzi pauzaları çıxmaqla 20 ildir ki, bir-birimizi tanıyırıq. Bir yerdəyik. Uzaqda olsaq belə, həmişə bir-birimizin yanında olmuşuq. Ən azı telefonla, skaypla saatlarla əlaqə saxlamışıq. Başına gələn hər hansı bir hadisə ya mənim yanımda baş verib, ya da mənə görə olub.

- Bəsdir sən Allah, özünə bu qədər arxayın olma. Elə 20 ildir ki, sənin bütün bu tənələrindən bezmişəm. Sən həmişə mənim hər bir işimə şübhə ilə yanaşmısan. İnanmamısan mənə. Amma mən sənə görə çox şey etmişdim. Elə ona görə də, həyatımı səninlə qura bilmədim. Görüşdüyümüz, bura gəlişim heç 5 dəqiqə deyil, sən dilinlə məni sancmağa cəhd göstərirsən. Amma onu da heç fərli-başlı bacarmırsan. Sonra gülə-gülə əlavə etdim:

- Mənə qarşı olan hisslərini qətiyyən gizlədə bilmirsən.

- Çünki sən mənsiz qala bilmədiyin kimi, elə mən də sənsiz qala bilmirəm. Heç sən də hisslərini gizlədə bilmirsən. Atan demişkən:  - "Nifrəti gizlətmək asandan-asan. Sevgini gizlətmək mahalmış demə".

Təəccüblə ona baxdım.

- Sən nə zamandan Azərbaycan poeziyası ilə maraqlanan olmusan? Səninki, Rus ədəbiyyatı, Avropa ədəbiyyatıdır.

- İndi olanda olur da.

Sonra, gülə-gülə əvvəlki mehriban səsi ilə:

- Bir az aşağı düş. Nə sən bu ölkədə diplomat, səfir deyilsən, nə də ki, mən sənin attaşen (Attaşe ən kiçik rütbəli diplomatik ranqdır). Yaxşı, otur maşına.

Özü sükan arxasına keçdi.

- Sənə oteldə yer götürmüşəm. Amma əvvəlcə gəl bir yerdə şam edək, sonra otelə gedərik. Yaxşı?

- Otel?.... Hə... Deməli belə. Elə ilk andan adamın əhval-ruhiyyəsini pozmaq sənin xislətindədir. Amma mən elə bilirdim ki, biz bu bir həftəni elə bir yerdə olacağıq. Sən demə... Məndən xəbərsiz otel də sifariş vermisən. Daha nələr etmisən? Denən bilək. Hm... Sən bilirsən ki, mən heç bir vaxt qadın sözü ilə oturub-duran olmamışam. Ümumiyyətlə, heç kimin sözü mənim üçün heç bir vaxt kriteriya olmayıb. Sən oteldə kimin üçün istəyirsənsə otaq sifariş verə bilərsən. Kimi istəyirsənsə həmən o otelə apara bilərsən. Bircə məndən başqa. Maşını saxla, mən düşürəm. Şəhərdə bir az gəzib, növbəti reys ilə qayıdıram Bakıya. Maşını saxla.

O, aradakı gərginliyi bir qədər yumşaltmaq üçün gülümsəyərək:

- Yox, sən məni düzgün başa düşmədin. Bilirəm, mənim üçün çox darıxmısan. Elə mən də sənin üçün çox darıxmışam. Oteldə bütün günü bir yerdə olacağıq. Əlbəttə.

Amma, yenə də öz xarakterinə tam uyğun olaraq:

- Amma... qayıtmaq istəyirsənsə qayıda bilərsən. Bu, sənin öz işindir. Özün gəlmisən.

- Əlbəttə özüm gəlmişəm. Amma axırıncı dəfə təsadüfən Bakıda səninlə görüşəndə mən baxışlarından oxudum ki, məni çox görmək istəyirsən. Ona görə də gəldim. Amma görünür, səhv etmişəm. Saxla maşını. Elə bu saat saxla. Səni görməyə gəldiyim üçün özüm-özümə nifrət edirəm. "Saxla" - deyirəm sənə. Sən adama hər şeyi məcbur etdirərsən.

O, maşını saxladı. Maşından çıxıb qapını zərblə çırpdım. Qarşı tərəfə keçmək istəyirdim. O, maşını sürüb 15-20 metr məndən uzaqlaşdı. Sonra nə düşündüsə, maşını saxlayıb arxaya verdi. Mənə çatıb maşından çıxdı. Məni qucaqladı, üzümdən-gözümdən öpməyə başladı. Gözləri dolmuşdu. Pıçıltılı səslə:

- Yaxşı, üzr istəyirəm, sən Allah məni bağışla. Gəl, gəl gedək. Əsəblərimi tamam pozmusan.

- Sən mənim, ya mən sənin?

O, yavaş səslə:

- Eh... bundan sonra nə fərqi var ki. Kim kimin əsəblərini pozub. Elə hər ikimizin həyatı dağılıb, pozulub, onsuz da heç nəyi geri qaytarmaq mümkün olmayacaq. Di yaxşı, gəl gedək, xahiş edirəm.

***

Kafedə oturmuşuq. Ordan

-burdan, ehtiyatla danışırıq. Bir-birimizə deyiləcək çox söz var. Hər hansı bir qəfil söz yenə bizi bir-birimizdən ayıra bilər. Çünki bir-birimizin xarakterinə bələd idik. Olub keçənlərdən, ümumi tanışlardan, bir-birimizsiz yaşaya bilməməyimizdən, həyatda hər bir şeyin mənasız olmasından, amma vaxtilə hər bir şeydən məna axtarmağımızdan, elə bu mənasız məna axtarmağımıza görə də, mübahisə etməyimizdən, elə bu mübahisələrə görə də dil tapa bilməməyimizdən, dil tapa bilməməyimizə görə də biryerdə ola bilməməyimizdən, indiyə kimi ayrı yaşamağımızdan...

- Axı, nə olub, niyə ağlayırsan?

Onun gözləri dolmuşdu. Çənəsi əsdi, göz yaşlarını zorla boğurdu.

- Eh... Ömrüm boyu sənə nifrət etmişəm. Amma sənsiz də qala bilməmişəm. Sən mənim bütün həyatımı, arzularımı alt-üst etmisən, puç etmisən, eyni zamanda da sən mənim həyatımın bütöv bir hissəsi olmusan. Sən mənim Allahım olmusan. Sənin mənə qarşı olan bütün haqsızlıqlarına səbrlə dözmüşəm. Amma sənli həyatıma da nifrət etmişəm... Yadındadır? Səni axırıncı dəfə fevral ayının 17-də Bakıda görmüşdüm. O zaman bilirdim. Bilirdim ki, səni görəcəyəm, rastıma çıxacaqsan. Elə də oldu. Bilmirəm, nədənsə ürəyimə dammışdı. Və sənə deyəcək o qədər sözlərim var idi ki... Amma heç birini demədim sənə, deyə bilmədim. Amma bu gün deyəcəyəm sənə, hər şeyi deyəcəyəm sənə.

- Axı, nə olub? Mənim sənə nə pisliyim keçib? Neyləmişəm ki, mənimlə belə aqressiv danışırsan?

- Yaxşı... İndi burdan birbaşa gedirik bizə, otelə yox. Mən bron etdiyim oteli artıq ləğv etdirdim. İndi isə bizə gedirik.

- Yox, indi də mən fikrimi dəyişdim. Mən otelə gedirəm. Hələ Bakıda olarkən, mən "Eden" otelində iki nəfərlik otaq sifariş vermişdim. Sən istəsən mənimlə qala da bilərsən, istəsən evinə də gedə bilərsən. Vəssalam.

- Hmm... Sən heç dəyişməmisən. Əlini mənə ver. Bu, onun ən çox sevdiyi adət idi, əlimi ovcuna götürüb sığallayırdı. Hamı dəyişə bildi. Hamı başqalaşdı. Bir səndən və məndən başqa. Elə bil ki, sənin 25, mənimsə 20 yaşım var. Sən elə əvvəlki tanqosan.

O, musiqi təhsilli idi. Və hər bir məsələni musiqi ilə bağlayırdı. Çoxdan, lap çoxdan mənə deyirdi ki, sən mənim üçün ən yüksək temperamentli tanqosan, mən isə sənin üçün ən zərif bir vals. Amma heç birimiz simfoniya ola bilmədik. Yaxşı, sabah  sənin ad günündür. Avqustun 4-dür. Elə ona görə də sənə güzəşt edirəm. Qoy olsun. Gedək otelə. Amma sənə deyəcəyim, daha doğrusu, sənə hədiyə edəcək, səni əsəbləşdirəcək uzun-uzadı bir monoloq da hazırlamışam. Bunu sənə çoxdan demək istəyirdim, ürəyimdə saxlamışdım. Amma indi deyəcəyəm.

***

Oteldəyik. Çay rəngli abajurun işığında oturub söhbətləşirik. O mənə deyirdi... deyirdi... deyirdi... O, çox şeyləri deyirdi. Hər bir məsələdə günahkar mən idim.  O, mənə bunları sübut edə bildi. Mən heç bir zaman onun daxili aləmi ilə maraqlanmamışam. Məni yalnız onun xarici görkəmi, gözəlliyi maraqlandırıb. Mən qazandığım bütün pulları onun başına xəzəl kimi səpələyirdim. O isə bütün bunları mənə görə məmnunluqla qəbul etməli idi. Təbəssümlə qəbul etməli idi. Çünki o, çox gözəl idi. Aldığım hər bir şey ona çox yaraşırdı. Və mən də bütün bundan zövq alırdım. Daş-qaş, brend geyimlər, bunların heç biri isə onun üçün o qədər də maraqlı deyildi. Əlbəttə, o, zövqlə geyinirdi. Və hər şey də ona yaraşırdı. Amma bütün bunlar o qədər də vacib deyildi. O, bütün bunları mənə görə qəbul edirdi. Mənim təsəvvürümdə brend olduğunu bildirdi.

Mən xaricdə olanda o, mənim yanıma tez-tez gəlirdi. Mənim ən böyük həzzim onu gözəl geyindirmək və furşetlərə aparmaq idi. O isə bütün bunları təbəssümlə qəbul etməli idi. Maşın, sürücü, xidmətçi, restorandan gəlmə yeməklər, ən bahalı restoranlar, daha sonra isə asudə vaxtlarında fitnes, massaj, üzgüçülük - hamısı olmalı idi onun üçün. Amma mən maraqlanmırdım ki, bütün bunlar ona lazımdır, yoxsa yox. Mən ancaq özümü düşünmüşəm. O, mənə həyat yoldaşı olmaq istəyirdi. Mən isə ona başqa gözlə baxırdım.

- Əgər sən bütün bunları istəmirdinsə, sənin üçün vacib deyildisə, geyim, xidmətçi, sürücü və digər gözəl əyləncələr, bəs niyə bütün bunları qəbul edirdin?

O, gülə-gülə:

- Sənə görə. Sənə xoş olsun deyə. Sən ancaq mənim gözəlliyimlə fəxr etmisən, mən sənin iftixar mənbəyin idim. Hava limanında VİP zalı, biznes klass, bunların heç biri mənim üçün vacib deyildi. Mən səni heç kimlə bölüşmək istəmirdim. Sən ancaq mənimki olmalı idin. Mən sənə ölüm də arzulayırdım. Səndən bir dəqiqə sonra mən də özümü öldürəcəkdim. Amma biləcəkdim ki, sən ancaq mənimkisən.

Aradakı gərginliyi götürmək üçün bir qədər yavaş tonla soruşdum ki:

- Bir dəqiqə dayan. Bayaq soruşmaq istəyirdim, sən isə imkan vermirdin. Sən niyə saçlarına rəng vurmamısan? Ağ saçların çoxalıb. Həm də, axı sən heç zaman boteksin vaxtını ötürmürdün. Üzünü çəkdirməyin vaxtını ötürmürdün. O, əsəbiliklə gülə-gülə:

- Nəhayət ki, bayaqdan ürəyində saxladığın sualı verdin. Mən bu sualı səndən çoxdan gözləyirdim. Kafedən oturandan bəri gözləyirdim. Qəsdən saçlarıma rəng vurmuram. Qəsdən eləmirəm. Ona görə ki, sən baxıb-baxıb yanıb külə dönəsən. Və başa düşəsən ki, mənim də nə zamansa qocalmağım ola bilər. Axı mən insanam, mən də qocala bilərəm. Bu, təbiətin möhürüdür. Mən həmişə gözəl qala bilməyəcəm. Və sən bundan çox qorxurdun. Dəhşətli dərəcədə qorxurdun. Çünki mənim gözəlliyim sənin üçün hər şey idi. Sənin üçün hava idi, su idi. Həyat idi. Mən bilirdim ki, mənim gözəlliyimsiz sən yaşaya bilməyəcəksən. Mən iki dəfə asqıran kimi, sən bütün həkimləri ayağa qaldırırdın. Dünya başına dar olurdu. Mən isə səni başa salmaq istəyirdim ki, günlər də, illər də ötür. Biz bir yerdə qalanda mən çox istəyirdim ki, sənin köynəyini ütüləyim, sənin qalstukunu ütüləyim, sən buna da imkan vermirdin. Dərhal deyirdin ki, əl vurma. Evə xidmətçi gələcək. O ütüləyər. Sən, adicə uşağımıza süd verməyi belə qoymurdun ki, bədən quruluşum korlana bilər. Mən isə sənə həyat yoldaşı olmaq istəyirdim, başqa heç kimin olmaq istəmirdim. İndi yadında qalsın. Biz bundan sonra daha tez-tez görüşəcəyik səninlə. Özüm qəsdən şərait yaradacam. Və mənim saçlarım daha çox ağaracaq. Bu da səni get-gedə daha çox yandıracaq, mən də sənin bu yanmağından hədsiz həzz alacam. Məndən imtina da edə bilməzsən. Çünki sən mənim dəlimsən. Ömrün boyu da dəlim olaraq qalacaqsan. Çünki mən sənin gözlərinin qabağında lap qocalsam belə, əvvəlki 24 yaşlı cavanı xatırladacağam. Bu isə sənin heç vaxt yadından çıxmayacaq. Mən 20 il bundan qabaq gözəllik müsabiqəsində iştirak etmək istəmirdim. Sən məni zorla bu müsabiqəyə cəlb etdin. Və mən qalib çıxdım. Sən isə elə bilirdin ki, mən həmişə gözəl qalacam, cavan qalacam. Mən sənin həyat yoldaşınla rəfiqə idim. Sən bizdə qalan günlərdə o gündə 3 dəfə zəng edirdi. Səni soruşurdu. Yeməyin və içməyinlə maraqlanırdı. Mən də hər ikinizə xoş olsun deyə, gülə-gülə deyirdim ki, hər şey yaxşıdır. Sonra, sən öz evinə gedəndə mən də qəsdən sizə zəng edirdim, yoldaşınla danışırdım ki, səni əsəbləşdirməsin. Doğrudanmı, sən başa düşmürsən? Başa düşmürsən ki, sən bizim hər ikimizin həyatını məhv eləmisən. Öz xoş günlərindən ötrü, yalnız özünü düşünmüsən. Sən ancaq özünü sevmisən, öz komfortunu sevmisən. Sənin həyat yoldaşın sənin üçün komfort, mən isə sənin üçün həzz mənbəyi olmuşam. Birgə keçirtdiyimiz istirahət yerləri - bütün bunlar hamısı ondan ötrü idi ki, sən məni dost-tanışa göstərəsən ki, görün nə gözəl xanımla görüşürəm. Sən mənimlə evlənmirdin. Bəhanən də çox tutarlı idi. Mənim anam qeyri-millətdən idi. Sənin üçünsə ən əsas vacibi milli məsələ idi. Və sən bundan istifadə edirdin. Bu isə mənim günahım deyildi.

- Yaxşı. Sən bütün bu monoloqu illər boyu ürəyində saxlayıb indi niyə deyirsən? Sən mənə deyirsən ki, saçıma rəng vurmuram ki, sən mənim qocalığımı görə biləsən, üzümə boteks vurmuram ki, sən biləsən ki, mənim üzümdə nə zamansa qırışlar da əmələ gələ bilər. İndi niyə məni günahlandırırsan? Amma ağlına gətirmirdin ki, mən səndən 16 yaş böyüyəm. Və sən həmişə mənim nəzərimdə cavan qalmalısan.

- Yaş fərqini düşünənsənsə, bəs niyə məndən əl çəkmirdin?

- Çünki sən də məndən əl çəkmirdin.

- Hmmm... Bəlkə də, düz deyirsən. Mən sənin dəlin idim və dəlinəm.

Söhbətimiz çox uzandı. Artıq gecə 2 olardı. İki saatdan sonra saat 4-də isə mənim ad günüm olmalı idi. O, qəfldən ayağa durdu. Əsəbiliklə çantasını götürərək - mən gedirəm dedi. Mən yerimdən tərpənmədim. O getdi. Heç 10 dəqiqə keçməmiş geri qayıtdı. Üzümdən-gözümdən öpməyə başladı. Sən Allah, məni bağışla. Ad günün münasibətilə səni təbrik edirəm. Balaca bir qutu verdi mənə. Xahiş edirəm bunu götür. Amma indi açma. Bakıda baxarsan.

- Hədiyyəni götürməyinə götürməyəcəyəm. Çünki mən verdiyim bütün hədiyyələri sən geri qaytarmısan. Öz mənasız qürurunu göstərməkdən ötrü.

Qutu stolun üstündə qaldı. O, başını qaldıraraq mənə baxdı. Həmişə həsrətində olduğum mehriban bir səslə:

- Bir şeyi bilmək istəyirəm, sən mənə haqq verirsən, yoxsa yox?

- Axı, bunun nə mənası var?

O, siqaret çəkirdi. Ay aman, mən niyə indiyə kimi fikir verməmişəm? Bunun əllərində yavaş-yavaş damarlar da üzə çıxmağa başlayıb ki. O, əllər ki, mən illər boyu onların dəlisi olmuşam. O, əsəbiliklə gülə-gülə:

- Baxma əllərimə. Çox baxsan, daha çox şeylər görəcəksən.

Yenə oturduq. Mübahisə-mübahisə dalıyca. Artıq bezmişdim. Qışqırmaq istəyirdim. Allahdan imdad istəyirdim. Ya Rəbbim! Onun əvvəlki gözəlliyini qaytar özünə. Mənə yazığın gəlsin. Axı, mən o gözəlliksiz qala bilmərəm, yaşaya bilmərəm. O, mənim üçün hər şey idi. Həyatımı bitirmə. O danışırdı, mən isə heç nə başa düşmürdüm. Gözlərim onun saçlarında, gözlərinin altındakı yenicə yaranan qırışlarda və əllərində idi. O, bunu hiss edirdi. Əsəbiliklə gülümsəyirdi. Sanki deyirdi ki, hələ bu harasıdır, hələ sənə çox çəkdirəcəyəm, hələ səni çox yandıracağam.

İstəyirdim qarşısında diz çökəm, yalvarım. Deyəm ki, dur mənimlə gedək Bakıya. Mənə elə gəlirdi ki, onu Bakıya apara bilsəm, saçları qaralacaq, ağ saçları yox olacaq, gözünün altının qırışları gedəcək, əlinin damarları yox olacaq. İstəyirdim deyəm ki, yenə də Bakıda əvvəlki musiqi məktəbinə işə  düzəl. Yenə hər axşam mən səni qarşılayım, biryerdə evə gedək. Hərdənbir köhnə kafemizə gedib oturaq. Mənə elə gəlirdi ki, o, Bakıya qayıtsaydı, köhnə evləri yenidən yerinə qayıdacaqdı. Biz yenə də cavan olacaqdıq. Amma bilirdim ki, bu, bir mənasız yalandır.

***

Mən yuxudan oyananda o, artıq getmişdi. Hədiyyə aldığı qutu stolun üstündə idi. Qutunu açdım. Telefon idi. Nömrəsi də üstündə. Bakı nömrəsi idi. Artıq burda qalmağın mənası yox idi. Bakıya qayıtdım. Təyyarədən çıxıb maşına minəndə telefon zəng çaldı. Telefonu götürdüm. O idi. Yazılmışdı "Moye schastye". Bir kəlmə söz dedi. Bir daha təbrik edirəm, öpürəm və kəsik-kəsik siqnallar.

P.S. Və mən dəqiq bilirəm ki, yazıçı Anarın əsərinin qəhrəmanı olan Zaurun sözü olmasın, yağışlı və kədərli payız axşamlarının birində kədərlə gülümsəyib başa düşəcəyəm ki, çox mənasız bir ömür sürmüşəm. Özüm öz yoluma şlaqbaum qoymuşam.

 

 

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.14-15.