Əhməd Bədi Triniç ədəbi-bədii mənbələrdə

 

 

Əhməd Bədi Rəcəb oğlu Triniçin ölümü kimi, həyatı, siyasi mənsubiyyəti hələ də öz sirrini saxlayır. Əvvəl İttihadi-İslam, az sonra Müsavat, daha sonra Bolşevik partiyasının üzvü olan Triniç əslində kim idi?

 

O illərin xronikasını izlədikcə Triniç kimi çoxlarının bir neçə partiyaya üzv olduğunu görürük. Bu bəzən partiya tapşırığı, bəzənsə özünü qorumaq, zahirən kimliyini gizlətmək məqsədi daşıyırdı. Hər kəsə göründüyü kimi olduğuna inandırmaq məcburiyyətində qalan insan istər-istəməz müəmmaya, mübhəmə bürünür (Triniç kimi...).

Siyasi şəxsiyyətlər haqqında araşdırmaların tədqiqatcısı, politoloq Adıgözəl Məmmədov Triniçin Moskvada yaşayan övladları ilə görüşməsi, bir xeyli fakt-materiallar əldə etməsi ilə bu qapıya açar salır. A.Məmmədov yazır: “Faktlar və sənədlər (Triniç haqqında) mənim 2013-çü ildə Rusiyada nəşr edilmiş "Bağırovun qanadı altında türk agenti Beriya" kitabımda da öz əksini tapmışdı. Kitab Rusiyada yayıldıqdan sonra Əhməd Triniçin Moskva şəhərində yaşayan oğlu Fridrix Triniç bu kitabla tanış olduqdan sonra axtarıb məni tapdı. Görüşümüz Moskva şəhərində "Reçnoy vokzal" metro dayanacağının yaxınlığındakı xudmani bir restoranda baş tutdu. Sözün düzü, Fridrix Triniç ilə ilk görüşüm çox sərt tonlar üzrə keçdi. O, çox hiddətlə kitabımda verilən Əfəndiyevin Xruşşova ünvanladığı məktubundakı atası haqqındakı fikirlərini rədd edirdi (halbuki o məktub Triniçin əsl kimliyini ortaya olur - L.Əsgərzadə) və üstəlik məni də qınayırdı. Mən isə ona anlatdım ki, bu mənim fikirlərim deyil və sənəddə yazılan fikirləri isə redaktə edə bilmərəm. Əlbəttə, o bunu başa düşürdü və mənə təkilf etdi ki, mən sizə atamla bağlı materialları versəm, bununla bağlı növbəti kitablarınızda qeyd edərsinizmi? Mən bu təklifə çox məmuniyyətlə, "əlbəttə",- deyərək cavab verdim və beləcə onunla bu ilk görüşümüzdən sonra aramızda səmimi münasibət formalaşdı. Amma çox təəssüf edirəm ki, tanışlığımızdan və əməkdaşlığımızdan çox az bir müddət sonra Fridrix Triniç qəfləti bir ölümlə dünyasını dəyişdi. Sanki ağsaqqal yaxınlaşan ölümünü hiss edirmiş, çünki çox tələsirdi və həm də çox sevinirdi ki, atası ilə bağlı çox dəyərli sənədləri məhz mənə verdi”. Fridrixə verdiyi sözü yerinə yetirən tədqiqatçı ona təqdim edilən bütün sənədləri həm kitabında, həm də “Əhməd Triniçin oğlu Fridrixin xatirələri”ni internet üzərindən oxucularla bölüşüb.

 

Xatirələrin bir qismi KQB arxivlərində saxlanan sənədlərdəki tərcümeyi-halı ilə eynidir: “Türk ordusunun zabiti olan atam 1916-cı ildə rus qoşunlarına əsir düşüb və Rusiyanın şimalında yerləşən həbs düşərgəsinə göndərilib. İnqilabdan sonra, o, düşərgədən xilas olub vətənə qayıdarkən 1918-ci ildə Bakıda vətəndaş müharibəsinin qızğın vaxtı idi. Əvvəlcə o, İttihad partiyasının üzvü oldu, 1919-cu ildə isə məşhur bolşevik Levon Qoqoberidzenin təsiri ilə bolşeviklər partiyasına qəbul olundu və bütün sahələr üzrə hədsiz savadlı olduğuna görə, tezliklə fəal partiya funksioneri, bir sıra qəzetlərin redaktoru, "Azərnəşr" partiya nəşriyyatının direktoru, Bakı şəhər partiya komitəsinin təftiş komissiyasının üzvü oldu. Atam Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, o cümlədən Ruhulla Axundovla dostluq münasibətləri saxlayırdı. Məhz elə onların məsləhəti ilə mənə azərbaycanlılar üçün qeyri-adi olan bir ad – Engelsin şərəfinə Fridrix adı verildi. Həmin illərdə atam Azərbaycanda kifayət qədər tanınmış bir şəxs idi”. Həmin illərdə Azərbaycan cəmiyyətində çox böyük nüfuza malik olmuş Ə.B. Triniç 1921-ci ildən etibarən mətbuatla iç-içə olmuş, bir xeyli məqalələr yazmış, şer müsabiqələrində münsiflər sirasında yer almış, Azərbaycan Yazıçılar cəmiyyətinin qurultay və plenumlarına qatılmış, söz, fikir sahibi olmuşdu. “Maraqlıdır ki, atam elə az saylı adamlardan idi ki, beynəlxalq münasibətlərlə məşğul olur, qəzetlərdə İran və Türkiyədəki vəziyyətdən yazırdı, sanki, mənim peşəmi qabaqcadan duymuşdu. Atam 1918-1920-ci illərdə türk əks-kəşfiyyatına işləməkdə təqsirli bilinərək 1936-cı ilin aprelində, daha doğrusu, əvvəllər raykomun təlimatçısı kimi bizim evdə tez-tez qonaq olmuş Bağırovun hakimiyyətə gəlişindən az sonra həbs edildi (1920-30-cu illərdə o, özünün "İttihad" partiyasının üzvü olmasını gizlətməyərək bir neçə dəfə partiya "təmizlənməsindən" keçmişdi).

 

Əslində, Triniçi partiya “təmizlənməsindən” - Pankratovun caynağından Mir Cəfər Bağırov xilas etmişdi. “On birinci Ordunun Xüsusi Şöbəsinin rəisi Pankratov 1920-1921-ci illərdə “İttihad” partiyasının işi ilə şəxsən məşğul olmuşdur. Ordunun ermənilərdən və ruslardan ibarət hərbi müstəntiqləri Azərbaycanda Sovet hakimiyyətini silahlı üsyan yolu ilə devirmək cəhdində ittiham olunan “İttihad” partiyasının yüzlərlə üzvünü və tərəfdarlarını cəzalandırmaq üçün “üçlüyə” təqdim etmişlər. Pankratovdan, Aşukindən və Qubindən ibarət “üçlük” Azərbaycanın ziyalı və millətsevər oğullarını Rusiyanın Xolmoqor, Ryazan, Nijni-Novqorod və digər həbs düşərgələrinə göndərmişdir. Yalnız bir nəfər - Əhməd Triniç, Mir Cəfər Bağırovun köməyi ilə xilas ola bilmişdi”. Belə hallar istisna olsa da, mövcuddu. Məsələn, M.Ə.Rəsulzadəni Stalin Bayıl türməsindən çıxarıb özü ilə Moskvaya aparmışdı. Nəriman Nərimanov Leninə məktub yazıb Müsavat ordusunun iki generalını (Səmədağa Mehmandarov və Əliağa Şıxlinskini) xilas etmişdi. Türk ordusu zabiti Əhməd Triniçi isə Mir Cəfər Bağırov Pankratovun əlindən almışdı”. Şahidlərin ifadələrindən də göründüyü kimi, Triniçlə Bağırov çox yaxın münasibətdə olmuşdu. Bu dostluğu təsdiqləyən faktlar çoxdur. Triniçin bacısı - Nemət Kamal Məlikovanın qardaşının həbs edilməsi ilə əlaqədar ərizə yazaraq (27 oktyabrın 1936) Bağırova müraciəti və Triniçin azad olunmasını israrla tələb etməsi bunun isbatıdır. “Heç kimə də olmasa, Triniçin Qubada və qəzada türk zabiti olarkən keçirdiyi həyat şəraiti və fəaliyyəti Sizə yaxsı məlum olmalıdır”.

“Uzun illər atası barədə əsil həqiqətlərdın xəbərsiz olan oğlu Fridrixin atası haqqında öyrəndikləri diqqətçəkicidir: “Pasportumda yazılıb ki, mən azərbaycanlıyam. Lakin 1960-cı ildə mənim xaricə uzunmüddətli ezamiyyətə göndərilməyim nəzərdə tutulan zaman DTK-dan bildirdilər ki, atam repressiya olunub və ona görə də beş il ərzində mənə xaricə getmək olmaz. Yalnız 1965-ci ildə işdə qazandığım uğurlara görə məni Hindistana ezamiyyətə göndərdilər. 1961-ci ildə atamın işinə yenidən baxılmaq xahişi ilə ərizə yazdım, lakin şikayətimə baxılmadı. 1989-cu ilin sentyabrında, daha doğrusu, anam oradan qaçıb gələndən 51 il sonra Bakıya getdim, burada hələ 30-cu illərin əvvəllərində Türkiyədən varlı və imkanlı hesab etdiyi dayısının yanına gəlmiş bibim qızını və bibim nəvələrini tapdım. Atamın həbsindən sonra bacısı da repressiyaya məruz qalıbmış. Qohumlarımdan bir sıra məlumatlar aldıqdan, arxivlərdə olduqdan sonra növbəti dəfə atamın işinə yenidən baxılması üçün müraciət etdim. 17 may 1990-cı il tarixli qərarı ilə Azərbaycan DTK-sının keçirdiyi təkrar istintaq nəticəsində Ə.B.Triniçin işində cinayət tərkibi olmadığına görə iş xətm olundu, daha doğrusu, atama bəraət verildi".

Ömrünün 20 ilini Azərbaycan vətandaşı olaraq yaşayan, cəmiyyətdə böyük nüfuz sahibi olan Əhməd Bədinin adı xatirələrdə və elmi bədi mətnlərdə daha cox mənfi müstəvidə yer alıb. Məsələn, Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin tanınmış nümayəndələrindən olan Mirzə Bala Məmmədzadənin yaratdığı obrazda Triniç müsbət müstəvidə görünmür. Bəhs edəcəyimiz mənbə Mirzə Bala Məmmədzadənin “Yeni Kafkasya”da çap olunan Azərbaycan torpağında şəhid olmuş bir türkün (Yusif Camal bəy) ruhuna ithaf etdiyi Lənkəran qəzasında bolşevik istilasına qarşı əhalinin silahlı mübarizəsindən danışılan “İldırım” hekayəsidir.

Hekayədən məlum olur ki, “1921-ci ildir. Gəncə, Qarabağ, Zaqatala üsyanları amansızlıqla yatırılsa da Lənkəranı susdurmaq hələ mümkün olmamışdır. Çünki bu dağlarda ildırımlar susmadığı kimi, rus ordusunu hər gün özünün qəfil hücumları ilə darmadağın edən İldırım sağdır. Onun əsl adı İldırım deyil. Hər gün şimşəklər çaxıb, ildırımlar şaqqıldaşanda o igid dağlardan enir, özünün dəstəsi ilə düşmənin bağrını yarır. Artıq əhali dağlara duman gələndə, ildırım çaxanda ruslara qarşı hücum olacağını bilir və ona görə də qəhrəmanına İldırım adını verib.

 

Mirzəbala əsərdə xüsusi məhəbbətlə təsvir etdiyi İldırımı əfsanələşdirilmişdir. O, qorxmaz, cəsur, lazım olan anda lazım olan yerdə peyda olur, düşmənin canına vəlvələ salır. Düşmənə ultimatumlarını da xalq arasında məşhurlaşmış İldırım adı ilə göndərir (bunları yazarkən mənə elə gəlir ki, sanki İldırımla Triniç eyni adamdır. Doğrudur, hekayədə hadisələr Lənkəranda baş verir, lakin Triniçin Qubadakı savaşını xatırladır. Hekayənin sonunda İldırımın yox olması da düşündürücüdür. O, ölmür, həbs olunmur, sadəcə yox olur. Qəribədir, Qubada bolşevik-daşnak hərbi birləşmələrindən təmizlənməsində böyük qəhrəmanlıq göstərən, müsəlmanlara qənim kəsilənlərə İldırım kimi çaxıb, qənim kəsilən “Əhməd Bedin”, “Əhməd əfəndi” kimi tanınan Əhməd Triniç də ölmür, yox olur. Düşmənləri “17 il ərzində Triniçin “Əhməd Bedin”, “Əhməd Əfəndi” olmasını sübut etmək üçün çalışır. Qubadakı fəaliyyətindən sonra sirli şəkildə yox olan “Əhməd Bedin” Bakıda Əhməd Triniçə çevrilir. Cümhuriyyət dönəmində bir sıra xidmətlər göstərir.

 

Təəssüf ki, cümhuriyyətin ömrü az olur. Triniç bolşevik partiyasına üzv olur. Beləliklə, Pankratovun caynağından dostu sayəsində qurtulan “Əhməd Bedin” - Triniç ikinci həyatında Bakıda müxtəlif vəzifələrdə çalışan, nüfuzlu bir “bolşevik”ə çevrilir. Qayıdaq M.B.Məmmədzadənin “bədii təxəyyülünə də güc verərək” “İldırım” hekayəsində yaratdığı qorxmaz mücahid surətinə... “İldırım obrazı yalnız yazıçının təxəyyülünün məhsulu deyildir; o, milli azadlıq mübarizəsinə atılmış bir şəxsiyyətdir. Əsərdə təsvir olunan digər personajlar da həyatdan götürülmədir. Azərbaycan torpağında Azərbaycanın azadlığı yolunda canından keçən, 1919-cu ildə Lənkəranın bolşevik-daşnak hərbi birləşmələrindən təmizlənməsində böyük şücaətlər göstərən, xalqın məhəbbətlə “paşa” adlandırdığı Yusif Camal M.B.Məhəmmədzadənin şəxsən tanıdığı qorxmaz bir türk çavuşudur. Yusif Camal 1920-ci ildə tutularaq bir neçə ay Bakıda Bayıl həbsxanasında saxlanmış, həbsdən qurtulduqdan sonra Lənkərana gedərək Piran elində üsyançıların başına keçmişdir. Onun başçılığı altında xalq ordusu Astaranı azad edib, Lənkərana istiqamət götürmüş, ruslarla qeyri-bərabər vuruşmada Yusif Camal şəhid olmuşdur”.

 

Buraya qədər yazılanlar sankı “Əhməd Bedin”in həyatını yaşamış başqa bir mücahidin - Yusif Camalın həyatıdır. Paralellər apardıqda bu iki şəxsin Azərbaycan torpaqlarının; Quba və Lənkəranın bolşevik-daşnak hərbi birləşmələrindən təmizlənməsində keçən həyatlarının bir-birinə nə qədər bənzədiyini görürük. Hekayədə göstərilir ki, “düşmən onun üçün məchul qalan İldırımın kimliyini öyrənməyə çalışır” (az öncə də düşmənin inadla Triniçin kimliyini öyrənməyə çalışmasından bəhs etmişdik) və bu zaman Qızıl ordunun Hərbi İnqilab Şurası İldırımın kimliyi barədə ətraflı məlumat toplamaq işini Triniçə tapşırır. Tam bu yerdə “əsərdə tamamilə mənfi planda verilmiş  Triniç obrazı ilə tanış oluruq. Guya, “Əhməd  Triniç Hərbi İnqilab Şurasının əmrini yerinə yetirmək üçün dərhal hərəkətə keçmiş, əfsanəvi İldırımın şəxsiyyəti haqqında səhih məlumat toplayaraq ağalarına göndərmişdir (qeyd edək ki,  Triniç nə Hərbi İnqilab Şurasında çalışıb, nə də Qızıl ordu əsgəri olmayıb, əksinə Qubada düşmənlərə qarşı döyüşən “Əhməd Bedin”, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordunun alay zabiti olub. Sovetlərin hakimiyyəti dönəmində isə, Konservatoriyada, teatrda və nəşriyyatda çalışıb).

 

Hekayədən məlum olur ki, İldırımın ailəsi tutularaq malakanların məskunlaşdığı “K...” kəndinə gətirilib, əgər İldırım təslim olmasa, ailəsinin məhv ediləcəyi ilə təhdid olunur. İldırım günahsız insanları, körpə uşaqları xilas etmək naminə bolşeviklərin tələbini yerinə yetirərək, onların yanına gəlir. Bu dəfə də bolşeviklər yeni şərt irəli sürərək sözlərindən qaçırlar. Yıldırım bolşeviklərə verdikləri sözü xatırladanda bolşeviklər deyir: “Biz ancaq dostlarımıza verdiyimiz vədləri yerinə yetiririk. Siz bizim dostumuz deyilsiniz ki, düşmənimizsiniz!..” Triniç də bizi özlərinə dost bilməyənləri və onların havadarlarını hər zaman düşmən bilmişdir. Bu ona qarşı verilən dindirilmə ifadələrində dəfələrlə öz təsdiqini tapır; 10 sentyabr 1936-cı ildə Ə.Triniçlə bir yerdə kamerada qalmış Əmrəli Məmməd oğlu Dəmirovun istintaq ifadəsində söylədikləri:  “Müstəntiq: – Əhməd Triniç sizə öz işi haqqında nə danışırdı? Cavab: – Əhməd Triniç danışırdı ki, onu Azərbaycanda sovetləşmə dövründə õeyli erməni və bir kommunisti qətlə yetirməkdə günahlandırırlar. Müttəhim həmçinin sözünə davam edərək qeyd edirdi ki, Ə.Triniç 1918-ci ildə onu da həbs etdirmək istəyib. Lakin biləndə ki, mən bolşevikəm, ona görə də həbs etməyib”, “müstəntiqsə bu hadisəni Ə.Triniçə õatırladanda o, belə cavab vermişdi: - “Bu 1918-ci il yoõ, 1919-cu ildə olub. Əgər o mənə desəydi ki, bolşevikdir, mən onun dilini boğazından çıõardardım”.

M.Məmmədzadənin hekayədə əfsanəvi döna bürüdüyü Yusuf - İldırım ailəsini xilas etmək üçün hazıladığı planı uğurla başa çatdırır. Düşmənə qarşı mübarizədə İldırım həm də əqidə dostlarına inanır. Onun dostları yalnız türklər deyil. Bolşeviklərin siyasətini və vəhşi əməllərini qəbul etməyən malakanların nümayəndələri də İldırımın yanındadır. Hekayə qəribə və eyni zamanda düşündürücü bir sonluqla bitir: “Rus komissar və komandan qapısı bağlı otaqda saxladıqları İldırımı qətl etmək üçün içəri girəndə gözlərinə inana bilmirlər: mücahid otaqda yox idi. Onlar silahlarını gicgahlarına dirəyib, intihar edirlər. Bir azdan oxucu qərargaha daxil olan mücahidlərin başında İldırımı görür. İldırımın bağlı qapı arxasından necə çıxdığı hamı üçün məchul olaraq qalır”. Mirzəbala Məmmədzadənin hekayəni belə bir sonluqla bitirməsi cox diqqətçəkicidir; 1. “Rus komissar və komandanın qapısı bağlı otaqda saxladıqları İldırımı qətl etmək üçün içəri girəndə mücahidin otaqda olmaması” – bu kimi hadisə yüzlərlə mühacir mücahidimizin başına gəlmişdir; 2. “Bir azdan qərargaha daxil olan mücahidlərin başında İldırımın görünməsi”, mücahidlər yox olsalar da, ölmürlər; yox olmaq və ya mühacirət etmək ölmək deyil; 3. Bağlı qapı arxasından mücahidin necə çıxması məsələsi... Mirzəbala Məmmədzadə bununla mücahidlərin sovetlərin bağlı qapılarının arxasından mühacirət etmələrini nəzərdə tuta bilərdi və s. (qeyd edək ki, Əhməd Triniçin də həyatı M.Məmmədzadənin hekayədə əfsanələşdirdiyi Yusuf Camaldan, “azadlığa uçan türk”dən - Məmməd Altunbaydan o qədər də fərqli olmayıb. Hər biri ayrılıqda öz faciəsini yaşayıb ki, fərdlərin faciəsi, bütövlükdə zamanın təlatümündən xəbər verir). Diqqətçəkən məsələlərdən biri də müəllifin oxucunu qanlı döyüşdən sonra dağdakı “İldirim qalası”na aparmasıdır. “Aydəmir kiçik qızı ilə oğlunu müalicə etdirirdi. Təmiz və saf dağ havası onların sağalmalarına çox yardım edirdi. “İldırım qalası”nın qarşısında Aydəmir sevgili zövcəsi ilə ciyərparası qızı üçün məzar qazdırmışdı və bura bir ziyarətgaha dönmüşdü”.

“Üsyançılar dağlara çəkilmiş, hücum üçün əlverişli şərait gözləyirlər, araya bir sükut çökmüşdür. Hər dəfə dağları duman bürüyəndə, göy guruldayanda hamı İldırımın hücum edəcəyini gözləyirdi. Doğrudan da, belə vaxtlarda başlanan döyüşlərdə ruslar ciddi itkilər verirdi. Bəlkə də bütün bunları İldırım ləqəbli Aydəmir etmirdi, lakin xalq dərhal onun ayağına yazırdı. “Xalq deyirdi ki, dağlarımızda daim duman, ildırım və yağışlar var. Aydındır ki, orada daima üsyankar İldırım yaşamaqdadır. O hələ sağdır. Fəqət o, ölsə belə, onu oğlu əvəz edəcək. Bu sürətlə təbii ildırım dağlarda olduqca üsyankar İldırım da yaşayacaq...” Dağlarımızın dumana bürünməsi Almas İldırım, Əhməd Cavad poeziyasında da ürək ağrısı ilə öz əksin tapır. Lakin M.Məmmədzadənin hekayəni bu sonluqla bitirməsi mücahidlərin ölmədiyinin, nə qədər ki dağlarımızdan duman çəkilməyib İldırımların mübarizə aparacağını və bu mübarizənin üsyankar İldırımların yaşadığı “İldırım qalası”ndan güc alacağı və sonda zəfəri mücahidlərin qazanacağının işarəsi, “müəllifin idealıdır. Bu dağlar nə qədər yerindədirsə, rus istilasına qarşı mübarizə bir an da olsa səngiməyəcək, işğalçıların başında şimşəklər oynaşıb, İldırımlar çaxacaq!”

Azərbaycan torpağında Azərbaycanın azadlığı yolunda canından keçən Yusif Camal M.B.Məhəmmədzadənin şəxsən tanıdığı qorxmaz bir türk çavuşudur. Bəs hekayədəki “ Triniç kimdir?

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu yazır: “Hekayədən öyrənirik ki,  Triniç Lənkəran qəzasında Çeka şöbəsinin başında dayanır, milliyyətcə arnavutdur (alban), əsl adı Əhməddir. Hekayədə onun şəxsiyyəti barədə müəllifin söylədiklərinə keçməzdən əvvəl qeyd edək ki, Əhməd  Triniç də yalnız M.B.Məhəmmədzadənin təxəyyülünün məhsulu deyil, əksinə, əsərdə mənfi planda təqdim olunan bu tiplə müəllifin şəxsi tanışlığı olmuşdur. Bu barədə irəlidə faktiki materiala əsasən bəhs edəcəyik. Hekayədə deyilir ki, Əhməd  Triniç I Dünya müharibəsində Osmanlı ordusunda xidmət etmiş, Qafqaz cəbhəsində əsir düşərək, Bakı yaxınlığındakı Nargin adasına gətirilmişdir. Bakı Türkləri Komitəsi onu əsirlikdən qaçırmış, gizli şəkildə yaşaması üçün normal şərait yaratmışdır. O, Rusiya inqilabı zamanı Azərbaycanda milli ordunun yaradılmasında yaxından iştirak etmiş, 1918-ci ildə bolşeviklərə qarşı vuruşmuş, 1918-1920-ci illərdə, Azərbaycanın müstəqilliyi dönəmində “İttihadi-İslam” partiyasının katibi, “İttihad” qəzetinin baş redaktoru olmuşdur. Bu zamana qədər millət onu Əhməd və Əhməd Bədi kimi tanıyırdı. 1920-ci ilin aprelindən sonra Rusiya bolşeviklərinin tərəfinə keçmiş və Azərbaycan milliyyətçilərini tanıdığı üçün onları ruslara göstərmiş və Nargin adasında məhkum və edam edilmələrinə dəlalət etmişdi. Lənkəran üsyanı əsnasında Əhməd Bədi imha komitəsi rəisi sifətilə Lənkərana gəlmiş, günahsız millətpərvər azərbaycanlıları həbs, edam, sürgün və talan etməkdə davam edirdi. Bu zaman Əhmədin adına bir də Triniç şöhrəti də əlavə edilmişdi. Kommunistlər onu “Tovariş Triniç” - deyə çağırırdılar.  Triniç uzun boylu, sarışın slavyan tipində göygöz bir arnavud idi. Bakıda yaşayan bir dul erməni qadınla evlənmişdi.”

 

M.Məmmədzadə sol müsavatçılardan idi və bu onun Triniçə yanaşmasından da hiss olunur.1920-ci ilin aprelindən sonra bolşeviklər partiyasına keçən yalnız Triniç olmamışdır. Cümhuriyyət dövründə Beriya partiyanın tapşırığını yerinə yetirmək üçün Milli əksinqilabi təşkilata üzv olmuşdu. Hekayədə Triniçin adından başqa, həyatdakı Triniçlə heç bir əlaqəsi yoxdur; ittihamlardan Triniçin bolşeviklərə deyil, müsavata, türklərə xidmət etdiyi məlumdur; nə tədqiqatlarda, nə KQB arxivlərindəki sənədlərdə, nə də Sovet çekistinin məktubunda Triniçin Lənkəranda olması, “Lənkəran üsyanı əsnasında Əhməd Bədinin imha komitəsi rəisi sifətilə Lənkərana gəlməsi və “Azərbaycan milliyyətçilərini tanıdığı üçün onları ruslara göstərməsi və Nargin adasında məhkum və edam edilmələrinə dəlalət etməsinə” dair heç bir sənəd yoxdur; kommunistlərin onu “Tovariş Triniç” - deyə çağırmalarına gəlincə, 70 illik əsarətimizdə çoxlarının bir-birinə “tovariş”, - deyə müraciət etdiyini hələ də xatırlayırıq; Triniçin Bakıda yaşayan bir dul erməni qadınla evlənməsi” də o dövr üçün qəbul ediləndi. Hətta daha dəbdə olan bir işdi (repressiyaya məruz qalan ziyalılarımızın həyatını inçələyəndə ki, əksəriyətinin arvadının rus, erməni, yəhudi, gürcü və s. olduğunu görürük). “Hekayədə mənfi planda verilən Triniç obrazı real həyatdakı Triniçi əks etdirmir. Triniç savaşlarda bərkimiş Balkanlardan Bakıyadək uzun bir yol qət etmiş, milli azadlıq mübarizəsinə atılmış bir arnauddur.

 

Azərbaycan torpağında Azərbaycanın azadlığı yolunda vuruşan, Milli təhlükəsizlik birləşmələrinə başçılıq edən, hərbi təlimlər verən, Qubada bolşevik-erməni daşnak birləşmələrinin vəhşiliklərinə qarşı müqavimət göstərərək vuruşmuş, şəxsən M.Ə.Rəsulzadənin tanıdığı və himayə etdiyi (sözsüz ki, Mirzə Bala Məmmədzadənin də tanıdığı), qorxmaz bir türk zabiti - albayıdır. Mirzəbalanın hekayədə Triniçi bu şəkildə verməsi iki səbəbdən ola bilər; Vətəndən uzaqda, mühacir həyatı yaşayan Mirzəbala Triniçin zahirən bolşevik libasına bürünməsinə inanmış və ya əksinə; yaxından tanıdığı Triniçin zahirən bolşevik libasına büründüyündən xəbərdar olmuş, onun açığa çıxmamasını, bolşeviklərin gözündə daha da etibarlı görünməsini istəmişdi. Hər halda M.Məmmədzadə Triniçin əksinqilabı fəaliyyətindən xəbərdar olsa idi (fikrimizcə xəbərdar idi) onun açığa çıxmasını deyil, mübarizəyə davam etməsini istəyərdi. Çünki bolşeviklərin “müsavatçı” olmaqla, “Türkiyəyə casusluqla” suçladığı Triniçin kimliyini ən gözəl onu himayəsinə götürən M.Ə.Rəsulzadə və M.Məmmədzadə bilirdi. “Tale onları Azərbaycan Xalq Cümhuruyyətinin devrilməsindən lap az sonra, mürtəce hökumətin fəaliyyətinin ilk günlərində "Əxbar" qəzetinin redaksiyasında qarşılaşdırmışdır. M.B.Məmmədzadə Türkiyəyə mühacirətə gedənə qədər əski müsavatçılardan bəziləri ilə bir yerdə, az müddətdə həmin qəzetdə çalışmış və daim Əhməd  Triniçin namərdlikləri ilə üzləşmişdir”. Bu barədə yazıçı Məmməd Səid Ordubadinin repressiya illərindən sonra qələmə aldığı “Bakıda ikinci kərə” adlı memuarında geniş bəhs edilir.

 

Ş.Şamıoğlunun mənbə kimi göstərdiyi Ordubadinin “Xatirələr”i ideologiyanın hökmranlıq etdiyi çətin və mürəkkəb bir zamanda, daha çox Ordubadinin şəxsi düşüncələri əsasında yazılmışdır. Sovet dövründə yazılan xatirələrin hansı duyğularla yazıldığı aksiomadır. Ədibin xatirələrində Triniç “qaba”, “oxuma yazma bilməyən”, “bir məqaləni belə yaza blməyən”, “mübahisəni sevən”, “Ə.Qarayev, H.Cəbiyev, R.Axundov və bolşeviklərə yalaqlıq edib qəzetin əməkdaşlarını kiçik düşürən, Səməd Mənsur kimi isdedadlı insanları sıxışdıran” biri kimi təqdim edilsə də, Triniçlə Mirzə Balanın nə bir mübahisəsinə, nə də bir-birinə qarşı əks hərəkətinə rast gəlinmir. Əksinə, M.B.Məmmədzadəni “oğru” adlandıran Ordubadinin Sovet dönəmində yazılan xatirələrində onunla bir qəzetdə çalışan keçmiş müsavatçılardan – C.Cabbarlı, X.İbrahim və M.B.Məhəmmədzadə ilə olan əlaqələri haqqında məlumat verilir, “Triniçin bolşevik ağalarının fetvası ilə milli düşünən insanları mənəvi cəhətdən alçaltdığı, aralarına nifaq saldığı” qeyd edilir: “Əhməd  Triniç yazıçıların və qəzetdə işləyənlərin birliyinə və dost olmasına əngəl olmaq istəyirdi. Buna görə də Cəfər (Cabbarlı) redaksiyadan çəkildi, özünə Azərbaycan Dram Teatrında iş buldu. Lakin Əhməd  Triniç teatronu da öz nüfuzu altına aldı...” Xatirələrdə bu qədər qaralanan Əhməd Bədi Triniçin bu əməlləri dosent Ş.Şamıoğluya görə, “M.B.Məmmədzadənin gözləri qarşısında baş vermişdi. Bitib-tükənməyən mübahisələr ucbatından M.B.Məmmədzadə də “Əxbar” qəzetindən uzaqlaşmışdı”. Əslində isə, “Əliheydər Qarayevin redaksiyaya gətirdiyi” “müsavatın aktiv üzvlərini” Xəlil İbrahimi və Mirzəbala Məmmədzadəni “öz aralarında sağ-sol müsavatçılıq mübarizəsi apardığı”, ”əlbir olaraq qəzetənin yubanmasına çalışdıqları”, “qəzetənin normal çıxmasına əngəl törətdikləri” üçün Ordubadi özü redaksiyadan uzaqlaşdırmışdı. Buna səbəb isə, Xəlil İbrahimin özünü qorumaq naminə “Kommunist Partiyasına girmək üçün Əliheydər Qarayevə verdiyi ərizənin Mirzəbalanın əlinə keçməsi səbəb olubmuş.

 

Memuarist yazır: “Əliheydər isə ərizəni mənim stolumun üzərinə buraxıb getdiyi üçün Mirzəbala həmin ərizəni oğurlamışdı. Mirzəbala bu ərizəni Xəlilin Müsavat Partiyasına xain çıxdığını göstərəcək bir vəsiqə kimi oğurladığından iki nəfər müsavatçı bir-birinin boğazını üzürdü. Buna görə də, mən əvvəlcə Mirzəbalanı redaksiyadan kənar etdim, sonra Xəlil İbrahimi katiblikdən kənar edib yerinə Qədir Heydərlini təyin etdim”. Ordubadinin mücahid Mirzəbala Məmmədzadəni Əliheydər Qarayevə yazılan “ərizəni oğurlamaqda” ittiham etməsi də redaksiyada gedən məfkurə mübarizəsinin, müsavatçıların arasına nifaq salmağın bir parçası idi. Müsavatçı M.Məmmədzadənin bolşevik M.S.Ordubadinin xatirəsində “oğru” kimi qalması da bolşevik-müsavat çatışmasının nəticəsi idi. “Şərtlərə görə dəyişən, cilddən cildə girən bu siyasətçi buqələmunu (“siyasi büqələmun” ən çox işlənən sözdür və kim-kimi ittiham etmək istəyibsə bu sözdən istifadə edib. Məmmədzadənin hekayəsində yaratdığı “qırmızılar”ın buyruq qulu imgəsinə” az əvvəl münasibət bildirdiyimizdən bunun üstündən keçməyi lazım bilirik. Xatirələrində “bitib-tükənməyən mübahisələrdən” bəhs edən memuarist “redaksiyaya gəldiyi ilk gündən Triniçlə tanışlığının və mübahisənin necə başladığını geniş şəkildə anlatmış, eyni zamanda, Triniçin kimsə ilə danışmayıb bir kənara çəkilib yazısını yazdığından bəhs edib”. Ə.H.Qarayevin M.S. Ordubadiyə xatırlatdığı kimi, “daha iki-üç gün öncəyə qədər burada müsavatçılar çalışırmış”. Əgər Triniç qırmızılara, yəni bolşeviklərə yaltaqlansaydı, nədən tanınmış, nüfuzlu inqilabçı bolşeviklərdən biri olan (və yazıçının da qeyd etdiyi kimi, redaksiyaya gəldiyi ilk gündən qəzetin ona həvalə olunduğunu gördüyü halda) Ordubadiyə yaltaqlanmırdı? Əgər Triniç bu iddiada olsaydı, ilk öncə Əliheydər Qarayevə və M.S.Ordubadiyə yaltaqlanmalı deyildimi? Hər ikisi nüfuzlu bolşevik və cəmiyyətdə böyük nüfuz sahibləri idi. Digər tərəfdən, “Qırmızılara yarınan” Triniçin Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şövkət Esendal, İsmayıl Hikmət Ertaylan, Cabbar Əfəndizadə və Hüseyn Cavidlə gizli görüşmələri mümkün ola bilərdimi?

Xatirələrə inansaq, redaksiyada hər kəs bir-biri ilə çox yaxşı münasibətdə olub, yalnız Triniçdən başqa. Bu mümkün deyildi, əksinə məfkurəcə bir-birinə zidd olan insanların bir redaksiyada mehriban şəraitində çalışması anormal olardı. Hər hansı bir memuar ədəbiyyatı “müəllifin keçmiş, olanlar və keçənlər, insanlar, mühit, dövr haqqında yazılı əsəri” olsa və “müəyyən bir tarixi dövrün ab-havasını ədəbiyyata gətirsə” də unutmaq olmaz ki, “memuar əsərləri subyektiv mənbədir.” Nədənsə, “Xatirələr”də açıq-aşkar Xəlil İbrahim və M.Məmmədzadəni redaksiyadan Ordubadi özünün uzaqlaşdırdığını yazsa da, bəzi mənbələrdə bu Triniçin adına yazılır. Onun “İldırım” hekayəsində baş verən hadisələr əslində, Lənkəranda deyil, Qubada baş vermiş olsa idi, sanki İldırımı Triniçin obrazı kimi düşünmək də olardı. Həbs olunma səbəbi “türk cəsusu”, “müsavatçı” olması göstərilən Triniç, əgər həqiqətən də, bolşeviklərə xidmətə etsə idi, bu mütləq “sovet çekisti”nin də diqqətini çəkərdi. Təbii ki “müsavatçı” Triniç kimliyinin açığa çıxmaması üçün hər əzaba dözməklə özünü gizlətməyə, düşmənə dost kimi görünməyə, əsl bolşevik olduğunu, onlarla birlikdə hərəkət etdiyini sübut etməyə çalışacaqdı. Kimliyini bəlli etməmək, cəsusluqda (əgər cəsus idisə) əsas şərtlərdən biri və birincisidir. Bu baxımdan sonralar mühacir həyatı yaşamaq məcburiyyətində qalan M.B.Məmmədzadəni zahirən uzaqdan gördükləri yanılda bilərdi. “Aristotelə görə yaddaş keçmiş təəssürat­ların dərk edilməsi, xatirə isə, öz növbəsində düşüncədir, bi­zim nə isə hiss etməyimizin, qavramağımızın və ya öyrən­mə­­yimizin düşüncəsidir, yəni açıq-aydın axtarış və bununla əla­qədar idrak aktının şərtləşdirilmiş qərarıdır. Yaddaş abstrakt tə­fək­kürlə yalnız qismən şəkil vasitəsilə bağlıdır. Xatirə isə, şək­lin mühitə müəyyən dərəcədə aid edilməsinin dərk olunma­sıdır.” Gümanımızdır ki, sovet dövründə yazılmış xatirələr də şək­lin mühitə müəyyən dərəcədə aid edilməsidir.

Məqalədə, Əhməd Bədi Triniçin kimliyi, Azərbaycandakı fəaliyyəti, məfkurə və məqsədini araşdırmağa çalışsaq da, Əhməd Triniç haqqında hələ də mübhəmlər, məchullar coxdur. Bunları araşdırmaq uzun-uzadı vaxt və zəhmət tələb edir.

 

 

Lütviyyə ƏSGƏRZADƏ

Filologiya üzrə fəlsəfə doktoru, dosent. AMEA Ədəbiyyat İnstitutu

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.12-13.