Füzulidən görünən Məmməd Cəfər

 

 

Akademik Məmməd Cəfər Cəfərov Füzuli haqqında biri-birini tamamlayan silsilə əsərlər yazmışdır: "Füzuli sevir", "Füzuli düşünür", "Füzuli yaşayır". Bunlar Füzulinin, eyni zamanda, Məmməd Cəfər Cəfərovun bütövlüyünü nümayiş etdirən əsərlərdir.

 

Bunlardan birincisi - "Füzuli sevir", şairlə bərabər tədqiqatçının da ruhi-mənəvi portretini təqdim edən əsər kimi dəyərləndirilə bilər. Onunla tanışlıq belə bir poetik simmetriya formalaşdırır - "Məhəmməd Füzulidən görünən Məmməd Cəfər", başqa bir deyişlə: "Məhəmməd Füzulini bizə göstərən Məmməd Cəfər - Məmməd Cəfəri bizə göstərən Məhəmməd Füzuli". Həmin simmetriyanı strukturlaşdıran məzmununa diqqətinizi yönəltmək istəyirəm.

 

Akademik "Füzuli sevir" məqaləsini uzun müddət onun üzərində apardığı tədqiqatlardan gəldiyi müddəa ilə başlayır. "Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli, ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz".

 

Şərq poeziyasında böyük fəlsəfi  fikir və düşüncələrin, həqiqətin məhəbbətin dili ilə şərh və bəyan edilməsini xüsusi səciyyəvi hal kimi qeyd edərkən Məmməd Cəfər müəllim problemin açar fikrini təyin edir.

"Məhəbbətin dili ilə böyük həqiqətlərin dərk edilməsi nadir və təəccüblü hadisə deyildir, buna bütün xalqlarda rast gəlirik. Fəqət, nədənsə yüksək fikirlərin aşiq dili ilə şərhi, ümumiyyətlə, Şərq və xüsusən Azərbaycan üçün daha çox səciyyəvi bir hal olmuşdur. Buna görədir ki, bir mütəfəkkirin aşiq dili ilə danışmasının nə demək olduğunu bilməyən şəxs Azərbaycan klassik poeziyasının məzmunundan çox çətinliklə baş çıxara bilər". Fikrin aşiqanə yolla ifadəsinin ədəbiyyatımızın yaddaş qatında yerləşib, hazırda da yaşadığnı qeyd etməklə müəllif belə bir nəzəri müddəanı müdafiə edir ki, milli ədəbiyyatın tədqiqi zamanı onda qorunub saxlanan yadaş qatlarına bələdlik lazımdır. "... aşiq dili və ifadəsinin indi də şeirimizdə davam etməsi təsadüfi bir hal olmayıb, bədii təfəkkürümüzün inkişaf qanunları ilə əlaqədar ədəbi hadisədir".

 

Akademik məqaləni Füzulinin sənət texnologiyasına uyğun bir dildə yazıb. Füzulinin beytləri, misraları kimi, məqalənin də hər bir cümləsi dayanıb düşünməyə və ondakı informasiya yükünü qavramağa tələbat yaradır. Hansısa cümlənin üstündən keçmək ədəbiyyatımıza aid qaldırılan problemi adlamağa və irəli sürülən nəzəri fikirdən uzaq düşməyə yol açır.

 

Məmməd Cəfər müəllim Füzulidən yazarkən, indi də fikrin eşq ilə ifadəsinin davamından bəhs edib aşağıdakı misalı çəkəndə, istər-istəməz insan düşünür; o, həm də öz aşiqliyini, özünü anladır:

"Məcnun oda yandı, şöleyi-ah ilə pak,

Vamiq suya batdı, əşkdən oldu həlak,

Fərhad həvəs ilə yelə verdi ömrün,

Xak oldular onlar, mənəm indi o xak".

Verilən izahın ardınca çəkilən misal şairlə alim mövqeyinin üst-üstə düşməsidir, daha doğrusu alim mövqeyinin şairin misralarında güzgülənməsidir; məqalə başdan sona bu prinsip üzərində qurulub. Füzulinin qarşılaşdığı çətinliklərdən, dövrünün insanlarının dönüklüyündən bəhs edərkən də müəllif paralelizm nümayiş etdirir, yenə də şairlə bərabər öz yaşantılarını anladır:

"Füzuli, eyb qılma,

üz çevirsəm, əhli-aləmdən,

Nədən kim, hər kimə üz tutdum,

ondan yüz bəla gördüm".

Qəzəli misal çəkib, verdiyi təhlillə də şair Füzulidən çox özünü və sosial mühitdə qarşılaşdığı çətinlikləri anladır: "Gözəl sənət incisi olan bu qəzəldə nələr yoxdur! Siz bu, kiçicik şeir gövhərini istəsəniz zülm və haqsızlıq üzərində qurulmuş keçmiş cəmiyyətlərdə yaşayan insanların tarixi xülasəsi adlandırın, istəsəniz ona şairin, içərisində yaşadığı ictimai mühitə qarşı yazılmış qüvvətli bir ittihamnamə deyin, istəsəniz bunu həyatda vəfa, sədaqət və doğruluq eşqi ilə alışıb yanan və öz alovları ilə də bəşəriyyətin səadət yollarını işıqlandıran böyük şair qəlbinin sirlərinin ifadəsi deyə tərif edin. Bəşər taleyindən bizə dastanlar danışan bu balaca bədii tabloya nə qədər dərin ictimai məna versəniz yaraşar! Füzuli böyük lirikdir. Bu istinaddan "keçmiş" sözünü çıxarsaq və şair yerinə mütəfəkkir sözünü qoysaq, poetik simmetriyada həm Füzulinin, həm də Məmməd Cəfərin portreti canlanar. Bəli, Füzuli böyük lirikdir! Həm də ona görə ki, onun qəzəlindəki məna tutumunda akademik Məmməd Cəfərin də ruhu və qəlbi assosasiya olunur; o, öz dövrünün yox, bəşər tarixinin şairidir. Füzuli ilə keçmiş aşiqləri qarşılaşdırarkən etdiyi istinadla da alim aşiqlər cərgəsində öz yerini göstərir:

"Sürdü Məcnun növbətin,

indi mənəm rüsvayi-eşq,

Doğru derlər: hər zaman

bir aşiqin dövranıdır".

 

Füzulidən əvvəl və Füzulidən sonra davam edən eşq səcərəsinə tədqiqatçının yönəltdiyi oxucu baxışında mətn belə də oxuna bilər:

 

Sürdü Füzuli növbətin, indi mənəm (yəni Məmməd Cəfər ) rüsvayi-eşq,

Doğru derlər: hər zaman bir aşiqin dövranıdır.

 

Məqalədə Füzuliyə öz dövründən baxışı ifadə edən bəzi fikirlərə sovet ideologiyasının hopduğunu söyləyib, onların mətndən çıxarılması rəyi yarana bilər. Lakin o zaman Məmməd Cəfər müəllimin öz dövrünü keçmişə ekskurs, retrospektiv anlatma üsulu itə bilər. "Keyfiyyəti hər kəmalə məzhərdir eşq" misrası ilə Füzulini, ondan da çox özünü anlatmağa çalışan tədqiqatçı üçün həm eşq, həm də Füzuli məzhərdir.

 

"Füzuli sevir" şair, ümumiyyətlə, ziyalı haqqında yazılan çoxqatlı və dərin, fəlsəfi tutumlu bir essedir.

 

Müəllif oxucusuna öz mətləbini bir az da dərindən anlatmaq üçün xəyalda yaşananları da mətnin strukturuna daxil edir, Füzulini hər kəsin bir cür qavrayacağını, onun eşqini ictimailəşdirərək də yaşadacaqlarını vurğulayır. Nümunə kimi vətəni işğal olmuş, yurdunun sərvətləri alt-üst, oğlu da sürgün edilmiş bir qocanın gizli-gizli ağlayıb özünü ovudarkən Füzulinin bu misralarını zikr edə biləcəyini xəyal edir:

Dust bipərva, fələk birəhm,

dövran bisükun,

Dərd çox, həmdərd yox,

düşmən qəvi, tale zəbun.

Bu dərd içində çabalayan qocaya alim, Füzulinin misraları ilə xəyali müraciət edir, ona dözüm, dəyanət, ənqa quşu tək sonuncu külündən dirilməyi məsləhət görür:

Yetər, tavuz üçbilə qıl arayişi-surət,

Vücudindən keçib, aləmdə bir ad eylə,

ünqa tək!

Gövhər tək qılma təğyiri-təbiət,

dəlsələr bağrın,

Qərar et, hər havada,

olma şürəngiz dərya tək.

Müəllif xəyalı çatdırmaq istədiyi mətləb üçün izah vasitəsinə, kodlaşdırdığı fikrə yaxınlaşdıran cığır kimi təqdim edir. Bu, Füzulinin xəzinəsindən götürülmüş söz incisindən istifadə etməklə, misralarını dövrün məzhərinə çevirməklə oxucuya Füzuli yanğısı ilə bir müraciət idi. İdeoloji təqiblərin hədəfindən yana çəkilməyin də yolunu tapır, saf bir aldatma üsulundan istifadə edir və yazır: "Bütün bu təsirli səhnələr uzaq keçmişə aid olsa da, sevməyi və sevərək kədərlənməyi bacaranlar yenə də hər zaman Füzulinin dostları olaraq qalırlar. ...Füzuli kədərini, ancaq öz xalqını düşünən, elin dərdinə qalan həqiqi, kamil insanlar və namuslu, qeyrətli vətəndaşlar anlamağa qabildirlər". Füzulinin dostları sırasında yeni bir obraz canlanır - Məmməd Cəfər! Dost Füzuli eşqini anlatmağın yolunu onu şərh etməkdə yox, özünün ona uyması, onun axarına düşməsi ilə bəyan edir. Füzulinin yerlisi, böyük türk şairi Ahmet Haşim deyirdi ki, şeirin izahı bülbülü öldürüb onun içindəki səsi axtarmağa bənzəyir. Məmməd Cəfər müəllim Füzulini izah etmir, ona qoşulub yanır, öz ruhi aləminin məzhəri kimi təqdim edir Füzuli misralarını. Müəllif Füzuli şeirlərinin başında dayanan qəm karvanına zaman-zaman qoşulan yolçuların içində özünün də halını Füzulinin dili ilə bəyan edir:

"Saqiya, cam tut ol aşiqə ki, qayğuludur,

Qayğu çəkmək nə üçün,

cam ilə aləm doludur.

Bunca kim kuhsifət

başıma daşlar vurulur ...

Dideyi-bəxtim oyanmaz,

əcəb uyğuludur".

Müəllifin, yəni Məmməd Cəfərin karvandakı yolçuya, yəni öz düşüncəsinə məzhər etdiyi bu misraları oxuduqca xəyalımda yanıqlı bir pıçıltı oyanır: ustadımız Füzulidən də artıq yanırmış...

 

"Füzuli ...təkcə özü üçün yaşayanlara nifrət edirdi. Belə adamları onun görməyə gözü yox idi; çünki hər zaman və hər əsrdə olduğu kimi, Füzulinin zamanında da xalqı geridə qoyan, millətin başını yastıqlayan, vətəni yadlara satan, elin namus və vüqarını, elin əziyyət və ləyaqətini ayaqlar altına atan həmin bu özü üçün yaşayanlar idi. "Cümlədə keçmiş zamana aid idi-ni indiki zamanın -dır şəkilçisinə dəyişməklə Məmməd Cəfər müəllimin fikirlərinin hədəfi tüldən xilas olur, aydınlığa çıxır. Bir neçə sətir sonra alim özü oxucusuna yürütdüyü fikirlərin təkcə keçmişə aid olmadığını bəyan edir: "...böyük Füzulini böyük dərdə salanlar burda da vardır. Onlar hələ də dalda-bucaqda olsalar da, yaşayırlar. Onlar indi cildlərini dəyişib başqa dona girmişlər. Onları cəzalandırın! Bunlar mənim böyük şairimi təhqir edirlər!"

 

Məmməd Cəfər Cəfərov Füzulini həyat və idrak aşiqi olmasına görə sevirdi. Çünki özü də həyat və idrak aşiqi idi. Oxucularına da həyat və idrak aşiqi, Füzuli aşiqi olmağı tövsiyə edirdi.

 

Eşqi və idrakı bərabər yaşadan Məhəmməd Füzuli, Eşqi və idrakı bərabər yaşadan Məmməd Cəfər yaşayır...

 

 

Tahirə MƏMMƏD

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.11.