"Qabusnamə" - adında sirli məqamlar daşıyan kitab

 

 

Fars nəşrinin ilk çağlarında elə bir əsər göstərmək olmaz ki, oxucular arasında qazandığı şöhrət baxımından "Qabusnamə" ilə müqayisə edilə bilsin.

 

Bəzi mənbələrə görə, "Qabusnamə" İranın Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən 1082-1083-cü miladi ilində (475 hicri qəməri) oğlu Gilanşaha bir "vəsiyyətnamə", ya "nəsihətnamə" kimi yadigar olaraq yazılıb. Qaynaqlarda qeyd edilir ki, yaşa dolduğunu və bu dünyadan köçməsinə az qaldığını dərk edən ata (müəllif) oğlunun taleyi haqqında narahat olmağa başlayır. O, təfriqələr məkanı olan şah sarayında zamanın sınaqlarından çıxmağın yollarını, saraya uyğun davranışları, mümkün qədər ayıq-sayıq, gözüaçıq, çətin vəziyyətlərdən çıxıb bir parça çörək qazanmağın yollarını bilməyi, şahlıq taxtına oturub cəmiyyəti dolandırmaq üçün lazım olan bacarıqları oğluna öyrətmək fikrinə düşür, nəhayət, bu kitabı yazıb yadigar qoymaq qərarına gəlir.

Həqiqətən də bu kitabı oxuyan hər kəs kitabdakı məsləhətlərdən faydalanır və bu nəsihətlərə riayət etməyə çalışır. Məhz bu səbəbdən də "Qabusnamə" əsəri bütün Şərqdə, hətta Qərbdə böyük şöhrət qazanıb, bir çox dilə tərcümə edilib.

Əslində, bu məqalədə "Qabusnamə" əsərinin mahiyyəti haqqında yazmaq yox, onun adlandırılması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirmək niyyətindəyik. Əsas məqsəd isə "Qabusnamə" sözünün doğru etimologiyasını öyrənib təqdim etməyə çalışmaqdır.

Başqa dillərə tərcümə edilərkən əsərin adı həmişə "Qabusnamə" kimi getmişdir. Lakin tədqiqatçı alimlər bu adın düzgün olmadığını irəli sürürlər. Mübahisə kitabın Keykavus tərəfindən yazılması haqqında getmir, əksinə, onun babası Qabusun adının ərəbcə "Qabus" və onun farsca ekvivalentinin "Kavus" olduğudur başlıca məqam. İstər İran, istərsə də digər ölkələrin şərqşünasları şübhə etmirlər ki, ərəblər bir çox fars adlarını və sözlərini öz əlifba qaydalarına uyğunlaşdıraraq yazıya almışlar (məsələn, fars dilindəki "Bozorgmehr" əvəzinə ərəb dilində "Bozorcmehr" gedib).

Bir çox alimlər, həm sovet şərqşünasları, həm də farsların özləri A.Krımskinin "Qabusnamə"nin Keykavus tərəfindən babası Qabus ibn Vəşmgirin xatirəsinə belə adlandırıldığı fikrini qəbul etmir, kitabın bu cür adlandırılmasını "səhv" və "anlaşılmazlıq" hesab edirlər.

"Qabusnamə"nin nə üçün belə adlandırıldığı məsələsi şərqşünas alimlər tərəfindən hələlik açıq qalıb və onun həlli gələcək tədqiqatçıların öhdəsinə buraxılıb.

İran alimi Rzaqulu Xan yazdığı müqəddimədə şərh edir ki, "Qabus (sözü) Kavusun ərəbləşməsidir və müəllifin babasının adı Əmir Kavusun adındandır. Məşhur şərqşünas alim Y.Bertels kitabın adını "qəribə" adlandırmışdır. Həqiqətən də nə fars, nə də ərəb dilində "qabus" sözünün mənası yoxdur.

Məsələnin kökü dərin olduğu üçün nə İran, nə də digər ölkələrin dilçi alimləri sözün mənşəyini düzgün təyin edə bilməmişlər.

Əslində, həm fars, həm də ərəb dilində "k" səsi və "k" (kaf) hərfi vardır. Bu gün ərəb dilində "kaf" hərfi ilə başlayan sözlər vardır ki, bunların əsli fars sözləridir. Məsələn, ərəb dilində olan "künüz" sözü, fars dilində olan "kənz" sözünün cəmidir. Söz hər iki dildə "k" hərfi ilə getmişdir. Lakin fars dilində "g" (gaf) hərfi ilə başlayan sözlər ərəb dilində "g" hərfi və səsi olmadığı üçün bu hərflə başlayan və ərəb dilinə keçən sözlər bəzən "k", bəzən "q", bəzən də "c" hərfi və səsi ilə əvəzlənmişdir. Məsələn, fars dilində "gövhər" - ərəb dilində "cövhər"; "gəvahir" - "cəvahir"; "gənc" (xəzinə, dəfinə) - "kənz" kimi gedib.

Əslində, dildə baş verən bu proses Ərəb Xilafəti dövründə getmişdi. Bu proses hətta Azərbaycan dilinə də sirayət edib. Azərbaycan Səfəvilər sülaləsinin hökmdarı Şah İsmayıl Xətainin babasının adı Səfəvilər sülaləsinin əsasını qoyan Cüneydin əsl adı türk dilində Güneyiddir. Tərib (ərəbləşmə) xilafətin gücü ilə dilə elə sirayət edib ki, sonradan gələn nəsil bu kimi oxşar hərf dəyişikliyinə o qədər də məhəl qoymayıb.

"Qabus" sözünə baxarkən, bu sözün "Kavus" sözündən yaranması ehtimalını düzgün hesab etmək olar. Lakin fars dilində "Kavus" sözünün əsli "Gavus"dur. Məhz kitabın ərsəyə gəldiyi dövr təribin - ərəbləşmənin güclü vaxtına təsadüf etdiyindən ,"Gavus" sözü həmin dövrdə İranın özündə də "Kavus" kimi səslənmişdir.

Əsərə müqəddimə yazan Azərbaycan alimləri də "Qabusnamə" sözünün izahı ilə öz narahatçılıqlarını bildirmişlər. Əsərin şərhini verən alimlər əsər haqqında öz fikirlərini azərbaycanlı oxuculara belə çatdırır. "Fikrimizi sübut etmək, mühakimələrimizi əsaslandırmaq üçün hər şeydən əvvəl tarixdə Keykavusun mənsub olduğu xanədanın həyatı ilə tanış olmalı, tarixi faktları Keykavusun "Qabusnamə"də verdiyi məlumatlarla tutuşdurub məntiqi nəticə çıxarmalıyıq".

Azərbaycan alimlərinin bu tövsiyəsinə əsaslanmaqla yeni mülahizələr irəli sürə bilərik.

Əsərin müəllifi haqqında verilən şərhlərdə onun xanədanının tarixi ilə bağlı bir sıra tarixi məqamlara toxunulub. Ziyarilər Ərəb Xilafətinin zəiflədiyi bir dövrdə, ərəblərə qarşı hər yanda arası kəsilmədən, biri-birini əvəz edən üsyanlar dövründə meydana çıxmış, İranın cənubunda, Təbəristan və Gurqanda həmişəlik olaraq xəlifəliyin hökmünə son qoya bilmişdilər. İbn əl-Əsirin qeydinə görə, Mərdavic iflasa uğramış bir kəndli olmuş, sonra əkinçiliyi buraxaraq muzdlu ordu sırasına getmiş və orada hərbi şöhrət qazanmışdı. Məhz bu səbəbdən muzdlu ordunu özünə tabe edə bilmiş, ərəbləri döyüşdə məğlub edərək qovduğu ərazilərdə özünü şah elan etmişdi. Onlar özlərini Sasanilər nəsli hesab edir, hər şeydə onlara oxşamağa çalışırdılar. Məsələn, sülalənin banisi Mərdavic Sasanilər kimi öz başına qızıl tac, ona tabe olan feodal valilərin başına isə gümüşdən tac qoyurdu, qızıl taxtda oturur, Sasani şahları kimi böyük cah-cəlal yaradır, təntənəli mərasimlər, "səde" (od bayramı) keçirdir, ordu üçün eyş-işrət məclisləri təşkil etdirirdi. Sasanilər kimi hakim şovinist ruhunu aşılamağa çalışır, ərəblərə xidmət edən iranlılara, başqa qövmlərlə qohumluq edənlərə amansız divan tuturdu. Mərdavicin türk qulamlarını təhqir etməsi ona baha başa gəlir. Türk qulamları Mərdavicin köməkçisini ələ alıb, qılıncını qınında sındırırlar və onu hamamda olarkən qətlə yetirirlər. Mərdavicin hakimiyyətini davam etdirən sülaləsi də onun yolu ilə gedir. Onlar İranda Parslar və Kəbrlər Avesta dilində ibadət edirlər. Mərdavicin adı əslində, fars dilində Mərdaviz kimidir. Aviz sözünün ilkin kökü  "gavus"dur. Gavizmin hökmranlığı dövründə bu məfhum məşhur olduğu üçün, başqa xalqların dilində öz şivələrinə uyğun səslənmiş, eyni zamanda, yunanlar onu "Avesta" kimi işlətmişdilər. Ellinizmin və onun ardınca gələn, eyni mənşədən olan romalıların uzun müddətli  hakimiyyətləri dövründə də məfhumun deyilişi belə davam etmişdi və bu səbəbdən də sözün deyilişi fars dilinə də keçmişdi. Avesta məfhumu farsca "avis", "aviz", "avic" və "aviş" kimi işlənib.

Sasaniliyin tanrıçılığı olan Gavizm hələ eramızdan əvvəllər İranda, Hindistanda geniş vüsət almış və orada hakim tanrıçılıq rolunu oynamışdı. Makedoniyalı İskəndər (e.ə.336-323-cü illər) Qavqamela ("qav" sözü də "gav" sözündəndir) döyüşündə (e.ə.01.10.331-ci il) III Daranın ordusunu həlledici döyüşlə məğlub etdi və Əhmənilər dövlətini süquta yetirmişdi. Zərdüştiliyin ruhunu qırmaq üçün onun inək dərisi üzərində yazılmış müqəddəs kitabı sayılan Avestanı (yunanlar belə adlandırırdı) tonqala atıb yandırmışdılar.

İran şairi Firdovsi, Sasani dövrünün əfsanəvi və yarımmifik şahlarından bəhs edən "Şahnamə" əsərində Firudinin şahlıq taxtına oturması barədə olan hekayətində körpə vaxtı bir inək tərəfindən bəsləndiyini, onu hakimiyyətə gətirən dəmirçi Gavənin döşlüyünün inək dərisindən olmasını (gav), həmin inək dərisindən olan döşlüyü Firudin daş-qaşla bəzədib bayraq kimi (gaviyan) başının üstündən asdırmasını, hakimiyyət simvolu olan gürzünü "öküzbaşlı" (gavpeykər, gavsər) hazırlatması ilə zərdüştiliyin totemi olan "Gav-mahi"n müqəddəsliyini təsvir etmişdir. "Gav" fars dilində "inək" deməkdir. Bu söz mifoloji bir mahiyyət daşıyır. Onun mənşəyi "ulu dil"dən gəlir. Zənnimizcə, həqiqətən, bu məfhum görkəmli dilçimiz, professor Qəzənfər Kazımovun "Azərbaycan dilinin tarixi" əsərində qeyd etdiyi "Ka" məfhumundan yaranıb. Demək olar ki, ilk ibtidai təktanrıçılıq "ka" məfhumu əsasında formalaşıb. Heç bir rabitənin mövcud olmadığı ən qədim dövrdə ibtidai insana Allah tərəfindən verilən şüurun bərabər paylanışı nəticəsində insanlarda tanrı təsəvvürü eyni şəkildə yaranmış və onun formalaşmasında ulu dilin ən ilkin sözü olan "ka" məfhumu əsas rol oynamışdı. "Ka" (əslində, Azərbaycan türkcəsində "qa" olub) məfhumu ilkin tanrıçılığın adlanmasında müstəsna rola malikdir. Məsələn, tanrıya türklərdə "Qut", ərəblərdə "Qəb", farsmənşəli xalqlarda "Xuda" ("xu" məfhumu "ka" məfhumundan törəmədir), Avropa xalqlarında "God", "Got" deyilib. Eyni zamanda, inancın (totemin) özü də belə bir paralelliklə yaranıb. Məsələn, türk xalqlarında "kəl", "öküz" (ka-kə, kü), farslarda "gav" (ka-ga), ərəblərdə "bəqərə" (ka-qə), avropalılarda "cow" (ka-ko), slavyanlarda "korova" (ka-ko) və sairə. Təsadüfi deyil ki, rus dilində inək ətinə "qovyadina" (gav) deyilir.

Bütün dünya xalqlarının ən qədim əfsanələrində "Gav-mahi" paralel şəkildə, təxminən eyni məzmunda yayılıb. "Guya yer kürəsini iki buynuzu üstündə saxlayan əfsanəvi öküz" mifindən söhbət gedir. Öküzün inanc simvolu seçilməsi heç də təsadüfi olmayıb, görünür. İbtidai insanlar məhz tanrını "ikibuynuzlu" və ən güclü təsəvvür etmişlər. Bu xüsusiyyətlər də öküzdə cəmləşmişdi. İndi də Hindistanda bu tanrıçılıq ənənəsi davam etdirilir. İnancın şərtlərinə  əsasən inanc sayılan heyvanın əti (mal qismi) yeyilmir. İnancın tərifinə əsasən, tayfa özlərini totemlə eyni cür adlandırırdı. Elə "Gaviyan" məfhumu da bu inancın əsasında yaranmışdı.

Tövrata görə, Firon yer üzərində özünü  allahın köməkçisi (Firon, Firovn sözü: fərr qədim qibti dilində "od, şəfəq, parıltı"; ovn isə "köməkçisi" kimi tərcümə olunur, bütövlükdə "Od allahının (Qorun) köməkçisi" mənasını bildirir) elan edəndə, Musa peyğəmbər tərəfdarlarını allahla ilk danışıq yeri olan Tur dağına aparanda, Firona beyət edən Samirə adlı bir zərgər adamların qızıldan olan zinət əşyalarını yığaraq, onları əridib qayırdığı "govsalə" (farsca "biryaşar" dana mənasını verir) ilə Musa peyğəmbərin ümmətini yoldan azdırır, başqa səmtə aparır. Bu gün farslar "govsalə" sözünü məcazi mənada "sadəlövh adam"lar haqqında işlədirlər. "Govsalə" sözü Azərbaycan dilində "karsala adam" kimi işlənib, eyni semantik mənanı bildirir. Bu əhvalatdan aydın olur ki, "Gav-mahi" inancı hələ Sasani imperiyasından çox əvvəllər, qədim misirlilərin (qibtilərin) də inancı olmuşdu. Hadisə eramızdan təxminən 3000 il əvvəl Misirdə Firon sülaləsinin taxta çıxdığı vaxta təsadüf edir. Bu bir daha onu sübut edir ki, həqiqətən də "Ka" məfhumu ilk ibtidai təktanrıçılığın əsasında dayanır.

Yeri gəlmişkən "Kitabi-Dədə Qorquq"da yer alan "gavurlar" ifadəsinin də "gav, gov" kəlmələrilə əlaqələndirmək mümkündür.

"Qabusnamə" mətninin (Bakı, "Şərq-Qərb"-2006), "Ərəb və fars sözləri lüğəti" (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün. Bakı. Yazıçı-1985) Azərbaycan Sovet Ensiklopediyası və Qəzənfər Kazımovun "Azərbaycan dilinin tarixi" (TEAS Press Nəşriyyat evi, 2017) kitablarına əsasən irəli sürdüyümüz yuxarıdakı mülahizələrin yekununda bir daha belə nəticəyə gəlmək olar ki, "Qabusnamə" əsərinin adı əslində, "ga, gav, gov"la əlaqəlidir və "Gavusnamə" olmuşdur. Əsər yazıldığı dövrdə İranda Ərəb Xilafətinin təsiri nəticəsində dildə tərib - ərəbləşmə getməsi səbəbindən kitabın adı "Gavusnamə" yox, "Qabusnamə" kimi verilib.

 

 

Həsən ƏLİYEV

 

aliyevhasan@gmail.com

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.10.