Serbiyada Nəsiminin 650 illiyilə
bağlı silsilə tədbirlər
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"Böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında"
2018-ci il 15 noyabr tarixli Sərəncamına
əsasən, ölkəmizin
Serbiyadakı səfirliyinin
təşəbbüsü və Belqrad şəhərində fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinin
dəstəyi ilə iyunun 18-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin
serb dilinə tərcümə edilmiş
seçmə şeirlərindən
ibarət kitabının
təqdimat mərasimi
keçirilib, həmçinin,
"Nəsimi" filmi
ilk dəfə serb dilində nümayiş olunub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Serbiya parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvləri, dövlət
və hökumət rəsmiləri, deputatlar,
elm, incəsənət və
din xadimləri, diplomatik
korpusun nümayəndələri,
Belqradda fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinin,
Serbiya-Azərbaycan Ticarət
Palatasının və
Serbiya-Azərbaycan Dostluq
Cəmiyyətinin rəhbərləri
və üzvləri, bu ölkədə yaşayan, çalışan
və təhsil alan həmvətənlərimiz
iştirak ediblər.
İyunun
19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı
ilə Belqrad Universitetində Nəsiminin
650 illik yubileyi münasibətilə Azərbaycandan
və bu ölkədən bir çox nüfuzlu alim, ziyalı və ədəbiyyatşünasın
iştirak etdiyi elmi simpozium təşkil olunub. Simpoziumda Serbiya Kral Akademiyasının
2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş "Nəsimi
650 il" yubiley və "İvo Andriç" medalları
təqdim edilib.
Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin
möhkəmləndirilməsində xüsusi rolu ilə seçilən, Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti
Mərkəzinin, Belqrad
Universitetində isə
Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin açılmasının
təşəbbüskarı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının
müdiri, serbşünas
alim Cəlil Nağıyev, serb yazıçısı Milorad
Paviçin "Xəzər
Lüğəti" və
Draqan Damyanoviçin
"Müqəddəs Savanın
Anası" kitablarını
Azərbaycan dilinə
tərcümə etmiş
Əməkdar jurnalist,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü Əlövsət Ağalarov,
serb şeiri antologiyası və İvo Andriçin şeirlər kitabını
Azərbaycan dilinə
tərcümə və
nəşr etmiş Azərbaycan Yazıçılar
Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlu,
AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktor müavini, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Paşa Kərimov və Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf
etdirilməsinə verdiyi
xüsusi töhfələrə
görə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycan Dillər Universitetində fəaliyyət
göstərən Serb Dili
və Mədəniyyəti
Mərkəzinin direktoru,
dosent Lalə Məcidova "İvo Andriç" medalı ilə təltif olunublar.
Eyni zamanda, Belqrad Universitetinin filologiya fakültəsinin dekanı
Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Zoran Sam, parlamentin Serbiya-Azərbaycan Dostluq Qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq
müsabiqələrinin laureatı
Yasmina Trumbetaş,
"Smederevo Poeziya Payızı" festivalının
təşkilat komitəsinin
üzvü Vera Xorvat,
Serbiya Respublikası Prezidentinin xarici məsələlər üzrə
müşaviri Tanya Yoviç
və Yuqoslaviyanın
Türkiyə, eyni zamanda, Azərbaycandakı
keçmiş səfiri
olmuş yazıçı
Darko Tanaskoviç Azərbaycan tarixinin və mədəniyyətinin
Serbiyada təbliğindəki
əvəzsiz xidmətlərinə
görə "Nəsimi
650 il" yubiley medalı ilə təltif edilib.
Tədbirlərdə çıxış
edən səfir Eldar Həsənov ilk dəfə olaraq Serbiyada Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin
şeirlərinin serb dilində nəşr edilməsindən, elmi simpoziumun təşkil olunmasından və "Nəsimi" filminin nümayişindən qürur
duyduğunu, belə mədəni, ədəbi
tədbirlərin Azərbaycan
və Serbiya arasında mədəniyyət
sahəsində əlaqələrinin
daha da möhkəmlənməsinə
töhfəsini verəcəyinə
əminliyini bildirib. Dünya ədəbiyyatına
və mədəniyyətinə
dəyərli töhfələr
vermiş poeziya sənətimizin Nəsimi,
Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin
yüksək sənətkarlıqla
yazılmış əsərlərinin
sonrakı dövrlərdə
müasir şairlərimizin
ilham qaynağı olduğunu, həmçinin
serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa
Şantiç, Yovan Duçiç, Milan Pakiçin
yaradıcılıqlarının da əhəmiyyətli rol oynadığını
bildirib.
Silsilə tədbirlər Serbiya
KİV-də geniş
işıqlandırılıb.
İmadəddin Nəsiminin 650 illik
yubileyinə həsr olunmuş silsilə tədbirlər
il ərzində davam
etdiriləcək.
525-ci qəzet.- 2019.- 21 iyun.- S.8.