"Kaspi"də son
zəng tədbiri
SONA
VƏLİYEVA: ""KASPİ" LİSEYİ OLARAQ
MƏQSƏDİMİZ XARİCİ ÖLKƏLƏRDƏ
OLAN HƏMYAŞIDLARI İLƏ YARIŞA BİLƏN, SAVADLI
VƏ UĞURLU, MİLLİ DƏYƏRLƏRƏ SADİQ
NƏSLİN YETİŞMƏSİNDƏ PAY SAHİBİ
OLMAQDIR"
"Kaspi" Liseyi Ağ şəhər filialının birinci, Bakıxanov filialının isə 4-cü buraxılış məzunlarının "Son zəng" tədbiri keçirilib. "Kaspi" Liseyi məzunlarını kövrək nəğmələrin, şux rəqslərin, şagirdlərin ifasında maraqlı təqdimatların, ən əsası, müəllim və rəhbər heyətin xeyir-duası ilə yola salıb.
Məzunları təbrik edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva hər bir fərdin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında, onun cəmiyyətdə mövqe tutmasında valideynlərlə birgə məktəbin də müstəsna rolu olduğunu qeyd edib: "Dahi öndər Heydər Əliyev dünyanın ən böyük siyasətçiləri sırasında tutduğu yerə görə müəllimlərini xatırlayır və oxuduğu məktəbə çox təvazökarcasına minnətdarlıq edirdi. Bizim müqəddəs bir işlə məşğul olmağımızda bu fikirlər böyük stimul yaradır. "Kaspi" liseyi olaraq məqsədimiz, ulu öndərin təbirincə desək, millətin gələcəyi olan təhsilimizin inkişafına az da olsa töhfə vermək, ölkəmizdə sağlam rəqabət mühitini formalaşdırmaq, xarici ölkələrdə olan həmyaşıdları ilə yarışa bilən, savadlı və uğurlu, milli dəyərlərə sadiq nəslin yetişməsində pay sahibi olmaqdır. Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi işlərə dəstək olmaqdır. İnanırıq ki, "Kaspi" liseylərinin məzunları bir neçə ildən sonra təhsil aldıqları ali məktəbləri bitirərək bütün sahələr üzrə qazandıqları uğurları ilə tanınacaq və vətənimizə sədaqətlə xidmət edəcəklər".
Təsisçi bildirib ki, 2014-cü ildə "Kaspi" liseyləri açılanda, öz fəaliyyətini "Kaspi" Təhsil Şirkətinin üzərində qurub və "Mükəmməl milli təhsil amalımızdır" devizi ilə fəaliyyətə başlayıb: "Bizə qədər təhsil sektorunda özəl məktəblər var idi. Onlar beynəlxalq dillərdə fəaliyyət göstərirdi. Biz təsdiq etməyə çalışdıq ki, milli təhsil proqramı ilə fəaliyyət göstərmək olar. Yetər ki, burada dünyanın mütərəqqi təhsil metodlarını tapmaq, araşdırmaq və Azərbaycan mühitində olan milli məktəbə tətbiq etmək mümkün olsun. Bunlar dünya təhsil sistemində təsdiqini tapmış innovativ metodlardır. Biz Kembric proqramını Azərbaycana gətirdik. Hər bir azərbaycanlı ailəsi üçün vacib, milli dəyərlərə, dövlətçiliyə sadiq, vətənini, millətini sevən şəxsiyyət, Azərbaycanın gələcək qurucularını yetişdirmək üçün fəaliyyətə başladıq. Düşünürəm ki, bu sahədə müəyyən nailiyyətlərə gəlib çata bildik".
Cəmi 5 ildir ki, məktəb kimi fəaliyyət göstərdiklərini deyən S.Vəliyeva təsisçi təhsil şirkəti olaraq 15 ildir fəaliyyətdə olduqlarını söyləyib: "Bu 5 ilin fəaliyyətində 4-cü məzunlarımızı yola salırıq. Onların hər biri 100 faizlik qəbul nəticələri göstəriblər. Siz bu uğurun arxasında hansı zəhmətin və nizam-intizamın dayandığının yəqin ki, fərqindəsiniz. Bu 3 il ərzində biz məzunların buraxılışında 100 faizlik qəbul nəticələri əldə etmişik. Ən sevindirici nəticə odur ki, birinci il Kembric proqramı ilə 9, ikinci il 11, bu il isə 20 nəfər xaricdə təhsil alacaq. Kosmos mühəndisliyi, tibb, beynəlxalq iqtisadiyyatın planlaşdırılması və s. ixtisaslarını seçən məzunlar ABŞ, İngiltərə, Almaniya, Rumıniya və s. ölkələrin nüfuzlu universitetlərində təhsil alacaqlar".
S.Vəliyeva lisey şagirdlərinin dünya və ölkə olimpiadalarında qazandığı nailiyyətlərə də toxunaraq bu istiqamətdə çoxlu uğurlar əldə etdiklərini vurğulayıb: "O cümlədən, şagirdlər Təhsil Nazirliyinin keçirdiyi "Sabahın alimləri" müsabiqələrində medallar qazanıblar. Biz milli məktəb olaraq həm də mükəmməl təhsil məqsədilə fəaliyyətə başlamışıq. Qloballaşan dünyada şagirdlərimizin milli ruhda tərbiyə alması, vətənlərini sevməsi isə hər bir məktəbin əsas məqsədi olmalıdır".
Tədbirdə məzunlar tərəfindən hazırlanmış "Müdrik insan", "Ümid yolu" kimi səhnələr nümayiş olunub.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 21 iyun.- S.4.