UZAQ VƏ YAXIN
MEKSİKA
(Əvvəli
ötən şənbə saylarımızda)
Qorbaçovun siyasi icadı olan SSRİ Xalq deputatları
qurultayı bu prosesi sürətləndirən bir alətə
çevrilmişdi. Ölkədə iş-güc yaddan
çıxmışdı, axşamlar hamı Kremldəki,
rejissoru və baş aktyoru SSRİ prezidentinin özü olan
şouya tamaşa edirdi. Bu şou həm də
hər yerdə müxalifətin güclənməsinə və
fəallaşmasına şərait yaratmışdı.
Rusiya Federasiyasının prezidenti V.V.Putinin
sonralar "XX əsrin geosiyasi fəlakəti"
adlandırdığı SSRİ-nin dağılması
artıq böyük sürət götürmüşdü.
Öz nartsizminin və populizminin qurbanı olan
Qorbaçov Qərbə nəyin bahasına olursa-olsun xoş
gəlmək üçün hər cür
alçaldıcı güzəştlərə getməyə
də hazır idi. Əslində, o, birinci növbədə
öz rus xalqına ağır xəyanət etməkdən də
çəkinməmişdi, çünki SSRİ
dağıldıqdan sonra Rusiyanın ərazilərindən kənarda,
keçmiş sovet respublikalarında 25 milyon rus
qalmışdı, Pribaltika ölkələrində isə
onlara hətta tuzemlər kimi baxılır, rusların ən
mühüm insan hüquqları belə indiyədək
pozulmaqda davam edir. Qorbaçov öz ilk prezident
tituluna, "sonuncu" sözünü də əlavə etməklə,
onun istehza və alçalma obyektinə çevrilməsinə
də biganə qaldı. Bu
biabırçı siyasi xadimə öz xalqının nifrəti
ölçüyəsığmaz idi və sonralar Yeltsinə
qarşı Rusiyanın prezidenti seçilmək
üçün seçki kampaniyasına qoşulduqda, o, təhqiramiz
sayılmalı olan 1 faiz səs almışdı. Qorbaçovun mazoxizmi ölkəyə çox baha
başa gəldi. Yeganə uduş isə
bir sıra xalqların əsrlərlə davam edən imperiya əsarətindən
azad olub, müstəqillik qazanması idi. Azərbaycan
da daxil olmaqla, bütün keçmiş sovet
respublikalarında müstəqil dövlətlər
yarandı. Bir sıra xalqların Rusiya
inqilabi ordusunun - Qızıl Ordunun işğalına qədər
öz dövlətləri olmadığı halda, Şərq
ölkələri içərisində Azərbaycanda 1918-ci
ildə ilk dəfə əsl demokratik respublika
yaranmışdı. Ona görə də
Azərbaycan SSRİ parçalandıqdan sonra məhz öz
keçmiş dövlətçiliyini bərpa etdi.
7 noyabrda Meksikadakı Sovet səfirliyinin geniş həyətində
səfir "a la fonrchette" qaydasında böyük ziyafət
düzəltmişdi. Məclisə Meksikanın paytaxt
isteblişmenti də dəvət olunmuşdu. Bakıda qonaq olmuş Dantonla və bir neçə
digər parlament üzvü ilə çox mehriban
görüşdük. Dövlət
bayramı günü olsa da, məclisdə bayram əhval-ruhiyyəsi
yox idi. Elə bil ki, qonaqların
hamısı ölüm ayağında olan xəstəni
yoluxmağa gəlmişdi. Səfir Darusenkovun da
davranışında nəsə bir təşviş hiss
olunurdu. Bir gün əvvəl keçirilən
və səfirin də iştirak etdiyi dostluq cəmiyyətinin
iclasında isə yerli sollar çəkinmədən
Qorbaçovun ünvanına ağır ittihamlar səsləndirmişdilər.
7 noyabrda
Bakıda nümayiş keçirilməməsi barədə
qeydlərim elə təsəvvür yaratmasın ki, buna görə
mən hansısa təəssüf hissləri keçirir, pərişan
olurdum. Əsla yox. Səmimi etiraf etməliyəm
ki, bayram nümayişlərinə heç vaxt ürəkdən
gələn loyallıq göstərməmişdim, baxmayaraq
ki, qoyulmuş qaydaya görə nazir vəzifəsində olduğuma
görə 7 il ərzində ildə iki dəfə
keçirilən nümayişlər vaxtı Hökumət
evi qarşısındakı yan tribunada, Mərkəzi Komitə
katibi kimi isə 4 il müvafiq olaraq mərkəzi tribunada
olmuşdum. Bununla heç bir qürur hissi keçirmirdim, bəziləri
isə bu fərqlənmə imkanını bütün il boyu böyük həsrətlə gözləyirdi.
Bəzi səhnələr isə heç cür xoşa gəlmirdi, xüsusən həkimlərin
ağ kəpənəklər dəstəsi kimi ağ xalatda
kütləvi qaydada tribuna önündən gəlib keçməsi
məndə daxili etiraz hissləri oyadırdı. Nümayişin sonluğu da çox vaxt rəhbərlikdə
narazılıq yaranmasına səbəb olurdu. Çünki əvvəlki izdihamdan əsər-əlamət
qalmırdı, kiçik qalıq dəstəsi kərtənkələ
quyruğuna bənzər qaydada xeyli müddət ərzində
nümayişi yekunlaşdırırdı. Bu nəzərdə tutulan təntənəyə xələl
gətirməyə bilməzdi.
Mərasim simvolun ən mühüm növüdür. Böyük
Çin mütəfəkkiri Konfutsi mərasimləri yüksək
qiymətləndirirdi, onların pozulmasını böyük
qəbahət sayırdı. Sovet
ideoloqları onun vəsiyyətinə daha canfəşanlıqla
əməl edirdilər. Bayram
nümayişinin ləğvi heç də könüllü
qaydada baş vermədi, ölkədə siyasi vəziyyət
dəyişmişdi, partiya artıq siyasi qüvvələrin
özəyi hesab olunmurdu. Hər yerdə
müxalifət güclənmişdi, əhali arasında da
müəyyən nüfuz qazanmışdı. 1989-cu
ilin Oktyabr
bayramında Naxçıvanda iki nümayiş
keçirilmişdi, rəsmi tədbirlə yanaşı, Xalq
Cəbhəsi də Haqq meydanında əks təyinatlı bir
toplantı keçirmişdi.
Mən Moskvadakı 1971-ci ilin 7 noyabr nümayişində
də iştirak etmişdim və aldığım təəssürat
o qədər də xoş deyildi. Gurultulu təbliğata
baxmayaraq, nümayiş iştirakçılarında elə
bir şadlıq əhval-ruhiyyəsi gözə dəymirdi.
Soyuq havada səhər tezdən hər kollektivdən
olan adamlar təyin olunmuş yerlərə
yığışırdı, sonra fasilələrlə
meydana tərəf irəliləyirdi. Tarix
muzeyinin yanından keçdikdən sonra uzaqdan görünən
Mavzoleyin səmtinə yaxınlaşdıqda, milis
işçiləri adamları qaçmağa məcbur edirdi,
görünür, bu da bir təhlükəsizlik tədiri
rolunu oynayırmış. Ayağın zərbəsi
ilə döşənmiş daşların üzərindəki
lehmə, çirkli su paltarı batırırdı, hətta
üzü də bulayırdı.
Quruluşun tətbiq etdiyi daşlaşmış mərasimlər
islahata uğramadığından bəlkə də əvvəllər
mövcud olan cəzbediciliyini, coşğunluq haləsini
artıq itirmişdi. Əvvəlki xof da yoxa
çıxmışdı, hətta bir nümayişdə
Qorbaçovu güllə ilə vurmaq cəhdi də
edilmişdi. Dekretlə təsis edilən, əslində,
məcburi xarakter daşıyan, süni, xalqın adətlərinə
zorla calaq edilən belə kütləvi tədbirlər
acı sonluqla da yekunlaşmalı idi.
Meksikanın
təbii xüsusiyyətləri və tarixinə qısaca
baxış
Meksika Şimali Amerikadakı Federal respublikadır, rəsmən
Meksika Birləşmiş Ştatları adlanır. Ərazisi 2
milyon kv.km-ə yaxındır. Bu qəribə
adlanan torpaq coğrafi cəhətdən Yer üzərindəki
böyük səhra regionu hesab olunur. Onun ərazisini
heç bir böyük çay kəsib keçmir və
ölkənin əksər ərazisində su az
olmaqla, çatışmır.
Tarixçilər
və sosioloqlar razılaşırlar ki, metislərlə (hindu və avropalıların qanlarının
qarışığı) kreollar (Amerikada doğulmuş
avropalılar) arasında keçid mədəniyyət
xüsusiyyətləri, bir nəzərə çarpan şəkildəki
proporsiyalardan ibarətdir. Belə bir mülahizə də
vardır ki, hətta "kiminsə damarlarında hindu qanı yoxdursa, bu, daim onun ruhunda
mövcuddur".
Əhalinin mədəni cəhətdən vahidləşməsinə
həm də hava və quru yol nəqliyyatı şəbəkəsinin
mövcudluğu kömək etmişdi, dövlət isə
çox sayda ştatı birləşdirdi.
Meksika qeyri-adi fiziki müxtəlifliyə malik ölkədir. Uzun dağ
silsilələri, düzənliklər və iqlim müstəsnalığı
ilə xarakterizə olunan Şimali Amerika qitəsinin təbii
fenomeni ilə Mərkəzi Amerika və Karib dənizi
regionunun tropik xüsusiyyətləri onu körpü kimi səciyyələndirir.
Qərbi Syerra Madre və Şərqi Syerra Madre
dağ silsilələri Meksikanın Sakit okean sahili boyu
şimaldan cənubadək uzanır. Ölkədə
həm də Transversal Vulkanik Dağ Silsiləsi mövcuddur.
Meksika körfəzi boyu ilə isə sahil
düzənliyi uzanır. Yukatan
yarımadasında da sahildə çökək düzənliklər
vardır.
Ölkənin torpaqları özünün yüksək
dərəcədə dəmir oksidlərinə malik olması
ilə tanınır. Tropik zona, demək olar ki, ölkənin
yarısını tutur. Sakit okeanın, Meksika körfəzinin
və Karib dənizinin suları ilə əhatə
olunduğundan, sahildən əsən külək may və
avqust ayları arasında tropik tufan əmələ gətirir.
Avropalılar gəlməmişdən əvvəl Amerika
Meksikası bir sıra inkişaf etmiş mədəniyyətlərin
vətəni olmuşdu. İspan işğalı vaxtından
(1519-1521-ci illər), XIX əsrin əvvəllərindəki
müstəqilliyə nail olunana qədər bu ölkə Yeni
İspaniya vitse-krallığının bir hissəsi idi.
Ona Meksikadan əlavə, həm də Filippin adaları,
İspan Karib adaları və Birləşmiş
Ştatların cənubi-şərqindəki Corciyanın hissələri,
Kaliforniya daxil olmaqla, Birləşmiş Ştatların cənubi-qərbi
daxil idi. İmperiya İspaniyanın Habsburq
monarxları tərəfindən idarə olunurdu.
Avropa qitəsində baş verən hadisələr,
İspaniyanın Napoleon tərəfindən işğal edilməsi
Meksikaya da öz təsirini göstərdi. Mühüm
yerli qiyam Migel İdalqo tərəfindən
qaldırıldı, o, Dolores şəhərciyindəki kilsənin
keşişi idi, "maariflənmiş"
islahatçılar qrupunun mərkəzində
dayanırdı. 16 sentyabr 1810-cu ildə
İdalqo "Doloresin harayı" pamfletini dərc etdirdi.
Bu sənəd Meksikanın İspan yarımadası
tərəfindən idarə edilməsinə son qoyulmasına,
irqlərin bərabərliyinə və torpaqların yenidən
bölüşdürülməsinə
çağırırdı. Meksikanın
İstiqlaliyyət günündə bu hadisə milli bayram rəmzi
kimi seçildi.
İdalqo Meksikanın ispanlar tərəfindən
allahsız hesab etdiyi fransızlara verilməsindən qorxub,
öz ardıcıllarına Meksika bakirəsi, Qvadelupanın
bizim Xanımı uğrunda vuruşmağı və ölməyi
tapşırdı. İdalqo özünün kiçik şəhərciyini
tərk edəndə, on minlərlə adam
onun bayrağı altına yığılmışdı.
Quana Xuato şəhəri müstəmləkə mədən
sənayesinin başlıca mərkəzi idi, orada ispanlar və
kreollar yaşayırdılar. İdalqonun zəbt
etdiyi ticarət malları anbarında royalistlər əvvəlcə
öz barrikadalarını qurmuşdular. Qiyamçılar
30 min nəfərdən ibarət olmaqla, istehkamı aldılar
və içəridəki 500 ispanı öldürdülər.
Kreol elitanın əksəriyyəti qətlə
yetirildi və şəhər soyğunçuluğa məruz
qaldı, kreollar da ispanlar kimi böyük zərər çəkdilər.
İdalqo qiyamının yatırılması
üçün vitse-kralın cəhdlərinə köməklik
göstərildi. Royalist qüvvələr İbalqonu ona xəyanət
edənin köməkliyi ilə 18 yanvar 1811-ci ildə Kalderon
körpüsündə məğlub etdilər. 19 martda onun özü, qiyamın digər liderləri
ilə birlikdə həbs edildi. 31 iyulda isə İdalqo edam edildi, bu vaxt onun 58 yaşı var idi. Bununla da siyasi vətəndaş müharibələrinin
birincisi sona çatdı.
Bir qədər sonra, 1813-cü ildə Napoleon
qoşunları İspaniyadan geri çəkildi. Kral VII
Ferdinand sürgündən geri qayıtdı və 1814-cü
ildə yenidən taxt-taca çıxdı. Onun ilk hərəkətlərindən biri 1812-ci ildə
Kortes (parlament) tərəfindən qəbul edilmiş
Konstitusiyanı ləğv etmək oldu. Fransızların
getməsi Meksikada Morelos inqilabının məğlub edilməsinə
şərait yaratdı. İnqilabçılar
1813-cü ildə Meksikanın İspaniyadan müstəqilliyi
barədəki Deklarasiyanı elan etmişdilər. Xose
Mariya Morelos ispanlar tərəfindən əsir götürüldü
və 1815-ci ildə edam edildi. Meksika İstiqlaliyyəti 1820-ci ildə qələbə
çaldı. VII Ferdinand isə məcbur edildi ki, 1812-ci
il liberal Konstitusiyasını bərpa
etsin.
(Ardı var)
Telman
ORUCOV
525-ci
qəzet.- 2019.- 22 iyun.- S.22.