Alman dili müəlliminin yaratdığı  jurnalistika məktəbi

 

 

 

Böyük Şərq mütəfəkkiri Əbu Turxan yazırdı ki, hər insan bir ulduzu xatırladır. Ancaq bu həyatda ulduz olmaq, insanlığa işıq saçmaq da hər insana nəsib olmur. O, ötən əsrin 60-cı illərində Azərbaycan mediasında ulduz kimi parıldadı və işığı ömrünün sonuna qədər heç vaxt sönmədi.

Ömrünü Azərbaycan mətbuatının inkişafına həsr edən Nurəddin Babayev Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqaüdçüsü olmuş tanınmış jurnalist, işıqlı insan idi.

Bu gün 80 illik yubileyini qeyd etdiyimiz Nurəddin Babayev 2014-cü ildə “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə özü barədə danışarkən belə demişdi: “İxtisasca alman dili müəllimiyəm. Ömrüm boyu televiziya və radioda işləsəm də, heç vaxt özümü jurnalist adlandırmamışam. Həmişə bu adın böyüklüyündən, əzəmətindən qorxmuşam, ehtiyatlanmışam. Jurnalist adı çəkiləndə birinci olaraq yadıma Həsən bəy Zərdabi düşüb. Və bir də jurnalist adı çəkiləndə böyük Mirzə Cəlil gəlib durur gözümün qənşərində. Mirzə Cəlilin yüz il öncə az qala bütün dünyaya meydan oxuyan “Molla Nəsrəddin” jurnalı və bu jurnalda çalışan, lakin jurnalist diplomu olmayan neçə-neçə müəllif bu gün jurnalist olmağa hazırlaşan hər bir gənc üçün örnəkdir. Mirzə Cəlil başqa planetli deyildi, “gözünü açan gündən bu dünyanı qaranlıq görmüşdü” və bu qaranlıq dünya da təkcə Xudayar bəyin kəndi deyildi, bütövlükdə, Azərbaycan kənd¬lərinin hamısının büründüyü zülmət dünya idi. Və Mirzə Cəlil də elə bu zülmət dünyasından çıxmışdı və əsrdaşlarını bu zülmət dünyadan çıxarmaq üçün özü də zülmətdə yaşamalı idi, necə ki yaşayırdı. Bu baxımdan Mirzə Cəlil jurnalistikası, “Molla Nəsrəddin” jurnalı jurnalistika tariximizdə əbədiyaşar bir səhifədir. Və bu səhifəni öyrənən, ondan bəhrələnən, onu özünə müəllim, ustad, məktəb hesab eləyən jurnalist xoşbəxtdir. Odur ki, jurnalist adına, jurnalist peşəsinə həmişə böyük hörmət və ehtiramla yanaşmaqla bu sahədə çalışmağımdan sonsuz qürur və fəxarət duymuşam və bu gün də duyuram”.

Onu yaxından tanıyan biri kimi, deyə bilərəm ki, Nurəddin Babayev dünya malını heç vaxt qazanc, var-dövlət hesab eləməyib. Deyirdi ki, Süleymana qalmayan dünya kimə qalacaq? Amma onu da deyirdi ki, bu Süleymana qalmayan dünyada qalası şeylər çoxdur və bunların fövqündə bir amil durur: insan olmaq amili, vətəndaş olmaq istəyi, xalqına, millətinə sədaqətlə xidmət etmək təşnəliyi, Vətən yolunda şəhidliyə hazır olmaq ucalığı və Tanrı nə ömür verirsə, bu ömrü ləyaqətlə başa vurmaq qeyrəti.

Nurəddin Babayev bütün həyatını belə yaşayıb və ömrünü ləyaqətlə başa vurub.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının hər birinin özünə ağsaqqal saydığı Nurəddin Babayevin həyat yolu bir məktəbdir. Özünün dediyi kimi, o, ixtisasca jurnalist deyildi. Ancaq milli jurnalistikamızda bir Nurəddin Babayev məktəbi yarada bilmişdi. Bu sətirlərin müəllifi də daxil onun yetişdirdiyi onlarla jurnalist bu gün Azərbaycan mətbuatında öz sözünü deyir.

Nurəddin Babayev çox az sayda jurnalistlərimizdəndir ki, fəaliyyəti boyu yalnız bir media orqanında çalışıb. Onun Naxçıvan televiziyasına verdiyi dəyərli töhfələr heç vaxt unudulmayacaq. Ömrünü televiziyaya bağlamasına baxmayaraq, o, tez-tez qəzetlərdə də aktual mövzulu məqalələrlə çıxış edirdi.

 

 

Bu sahədən az-çox xəbəri olanlar təsdiq edərlər ki, telejurnalistika ilə qəzet jurnalistikası arasında ciddi fərqlər var. Nurəddin müəllimin böyüklüyü onda idi ki, o, televiziyada deyə bildiklərini qəzetdə də deyə bilirdi.

Nurəddin Babayev televiziya verilişində tamaşaçı, qəzet məqaləsində isə oxucu ilə sanki danışırdı. Hər bir tamaşaçı onun verilişinə sona qədər baxır, hər bir oxucu isə qələmə aldığı məqaləni axıra kimi oxuyurdu. Onun bütün verilişləri uzunömürlü olurdu. Nurəddin Babayevin müəllifi olduğu “Torpaq” proqramı Naxçıvan televiziyasında onun təqdimatında 20 ildən çox efirə getmişdi. Bəs o buna necə nail olmuşdu? Nurəddin Babayev bu suala müsahibələrindən birində belə cavab vermişdi:  “Hər bir jurnalist üçün vacib şərtlərdən biri həmsöhbət olduğu insanlarla onların başa düşdüyü sadə, anlaşıqlı dildə danışmağı bacara bilməsidir. Təbii ki, bunlar – əkinçi, çoban, taxılçı, fəhlə, çilingər, ticarətçi – xülasə, səninlə gündəlik qaynayıb-qarışan insanlardır və bu insanlara kosmik raketlərin uçuş trayektoriyasını yox, adi, gündəlik həyatı, bu həyatın enişli-yoxuşlu yollarında necə hərəkət etməyi izah etməlisən, həm də onların başa düşəcəyi, anlaya biləcəkləri dildə”. Onun bu qənaəti hər bir jurnalist üçün ən qiymətli tövsiyədir.

Nurəddin Babayev öz qələmi ilə 50 ildən çox yol gedib. Bu yolda hər cür çətinliklərlə üzləşib, ancaq heç vaxt bu yoldan qayıtmaq istəyib. Cəmi bircə dəfə jurnalist olmaq fikrindən daşınıb. O da Naxçıvan radiosunda fəaliyyətə başladığı gün. Vaxtilə özünün mənə danışdığı həmin epizodu oxucularla bölüşmək istəyirəm: “Naxçıvan radiosunda təzəcə işə başlamışdım. Baş redaktor bir kənar müəllifin 5-6 səhifəlik yazısını redaktə etmək üçün mənə verdi. “Arpa çayı daşa bilməz” adlı yazının müəllifi o vaxt ali məktəbin ikinci kursunda təhsil alan İsa Həbibov idi. Yazını oxudum. İkinci kurs tələbəsinin belə yüksək səviyyədə yazdığını görəndə düşündüm ki, gör işlədiyim təşkilatda belələri nə qədərdir. Və burada işləməyin mənim üçün çətin olacağını dedim. Təcrübəli həmkarlarım məni bu fikirdən daşındıra bildilər. Dedilər ki, hər yazı bu səviyyədə olmur, hər kəs də belə yaza bilmir. Deməli İsa Həbibov sıradan biri deyilmiş. Bu o İsa Həbibbəylidir ki, indi akademik elmi adını daşıyır və bizim fəxrimizdir”.

Ustad jurnalistlə söhbətimiz zamanı bu sözləri böyük təvazökarlıqla dediyini bilirdim. Çünki Nurəddin Babayev güclü qələm sahibi idi. Onun publisistik qələmi, axıcı dili vardı. O, qələmini bədii yaradıcılıqda da sınamış və uğurlu alınmışdı. 2001-ci ildə Naxçıvan televiziyasında ilk görüşümüzdə mənə “Toylar başlandı” adlı hekayələr kitabını hədiyyə etmişdi. “Bu kitabı vaxtın olsa oxuyarsan, mənim cızma-qaralarımdı”,-demişdi. Elə həmin vaxt o kitabı oxumuşdum. Bu yaxınlarda həmin hekayələri təkrar oxudum. İnsan nə qədər təvazökar olarmış. Dövrünün ədəbi hadisəsinə çevrilən, bu gün də aktuallığını itirməyən, ədəbiyyatımızda şedevr sayıla biləcək bu əsərlərə müəllif özü cızma-qara deyirdi. Tam əminliklə demək olar ki, Nurəddin Babayev bədii yaradıcılığını davan etdirsəydi, Azərbaycan ədəbiyyatı nəhəng bir sima, istedadlı bir yazıçı qazanacaqdı. Ancaq o, peşəsinə sadiq qaldı, jurnalistlik fəaliyyətini daha üstün tutdu.

Nurəddin Babayev Naxçıvanda cəsarətli jurnalist kimi tanınırdı. Həm Sovet dövründə, həm də müstəqillik illərində Naxçıvan mətbuatında fəaliyyət göstərən jurnalistlər içərisində tənqidi mövzulara ən çox müraciət edən məhz Nurəddin Babayev olub.  O, neqativ hadisələrə əsl jurnalist gözü ilə yanaşmağı bacarırdı. Nurəddin müəllimin qərəzsizliyinə, obyektivliyinə heç kim şübhə ilə yanaşmırdı. Yazılarında müşahidə etdiyi nöqsanların haradan qaynaqlandığını göstərir, bütün bunlar “olmaya bilərdi” qənaətinə gəlir, araşdırmalar və paralellər aparırdı.

“Şərq qapısı” qəzetinin baş redaktoru olduğum dövrdə redaksiyaya bir yazı təqdim etmişdi. Kifayət qədər sərt dillə qələmə alınmış tənqidi məqləni dərc edə biməyəcəyimizi dedim. O zaman mənə dediyi sözləri və verdiyi məsləhəti heç  vaxt unutmayacağam: “Bu çox vacib məsələdir. Qarşısı alınmasa ciddi fəsadlar verə bilər. Mövzu Vətənimizdirsə, ölkəmizin sağlam gələcəyidirsə, heç nədən çəkinmə, öz karyeranı düşünmə. Səni cəsarətli jurnalist bilirdim. Axı sən Nurəddin Babayevin yanında yetişmisən. Bir də ki, Ali Məclisin Sədri tənqidi yazılara çox həssas yanaşır, cəsarətli olun, nöqsanları göstərin deyir. Bəs sən kimdən qorxursan?”. Ustadın bu sözlərindən sonra başqa yol yox idi, məqaləni dərc etməliydik. Həmin yazı muxtar respublikada çox ciddi əks-səda doğurdu. Redaksiyaya isə belə mövzuları ictimailəşdirdiyi üçün təşəkkür edildi.

Nurəddin Babayev belə cəsarətli, vətənpərvər bir jurnalist idi və hər bir qələm adamının da bu cür olmasını arzulayırdı.

O, jurnalistikanı, 50 ildən çox çalışdığı televiziyanı tale qisməti adlandırırdı. Ona görə də öz peşəsinə sona qədər sadiq qaldı. Ümumiyyətlə sədaqət anlayışı onun şəxsiyyətinin bütövlüyünü göstərən çox dəyərli xarakter idi. Nurəddin Babayev təkcə peşəsinə deyil, Vətəninə, dövlətinə, doğulub boya-başa çatdığı torpağa, dostlarına da ömrünün sonuna qədər sədaqətli oldu. Ölkənin paytaxtında yaşamaq və işləmək üçün kifayət qədər geniş imkanlara malik olmasına baxmayaraq, Naxçıvanın ən çətin dövründə belə oranı tərk etmədi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın sərhəd bölgələrində döyüşən igid oğullara öz qələmi, sözü ilə mənəvi ruh verdi, əlinə silah alıb döyüşdü, muxtar respublikanın ərazi bütüvlüyünün qorunması uğrunda mübarizə apardı. Nurəddin müəllimin fəaliyyəti boyunca mübarizə apardığı, qorumağa çalışdığı sərhədlərdən biri də mənəvi sərhədlərimiz idi. O, xalqımızın mənəvi sərhədlərinə yad ünsürlərin daxil olmasından çox narahatlıqla danışır, milli dəyərlərimizin qorunmasının hər azərbaycanlının ən ümdə vəzifəsi olduğunu deyirdi. Əlbəttə ki, bu, onun içindəki Vətən sevgisindən qaynaqlanırdı.

Nurəddin Babayev artıq 5 ildir ki, cismən aramızda yoxdur. Ancaq o, ruhən bizimlədir. Onun Naxçıvan mətbuatında qoyduğu ənənələr, yaratdığı məktəb yaşayır, gənc jurnalistlərin çoxu hələ də Nurəddin Babayevin açdığı cığırla irəliləyir.

Ruhun şad olsun ustad! 80 yaşın mübarək!

 

Tural Səfərov

 

525-ci qəzet.- 2019.-22 iyun.- S.21.