Yaddaşlarda ömürlük
yanan Ulutürk
işığı
Əvvəlcə şeirləri ilə qanadlandım. Sonra özünü görmək
istədim. Çox
sevdiyim unudulmaz şairimiz Xəlil Rza Ulutürkü görmək üçün
o vaxt yataqxanada yanında qaldığım
böyük bacımla
xəstəxanaya getdim...
Və bu gün ondan söhbət açmağın
özü də bir səadətdir, deyə düşünürəm...
Çünki qəlbimdə
yaşatdığım, şeirlərini
dönə-dönə oxuduğum,
əzbərlədiyim şairlərdən
biridir o türk sevdalı, azadlıq aşiqi...
O vaxt məndə qalın bir kitabı vardı. Sonra kimsə aldı apardı və geri qaytarmadı. Amma mən o sarı üzlü kitabı heç unutmadım.
İndi də onun şeirlərini oxuyanda bir-bir yadıma düşdü həmin o kitabdan oxuduqlarım... Yadımdadı, bilmirəm xəstəxana
havasından, ya nədənsə təbabətdən
danışmışdı. Cavanların daha çox elm, bilik öyrənməsini istədiyini
demişdi... Sonra bir gün eşitdim ki, vəfat edib. Doğma bir insanı itirdiyim kimi hisslər keçirdim və yazı yazdım. "Ürəyimə
köçən şair"
adlı balaca yazımın işıqlandığı
"Açıq söz"
qəzetinin həmin nömrəsini o vaxtdan hələ də saxlamışam...
X.R.Ulutürkün ciyərparası Milli Qəhrəman Təbriz Qarabağ uğrunda gedən savaşlarda şəhid olmuşdu.
Uşaqlar üçün Vətənə,
Qarabağa aid şeirlər
yazanda igid Mübariz İbrahimovdan sonra Təbrizi düşündüm.
Qarabağ, nə doğmasan,
Necə
şirinsən, Vətən!
Sənə qurban olarmı
Söylə, hər yoldan ötən?
Təbriz
belə düşünüb
Qarabağa yol aldı.
Atasının qəlbində
Qürurdan dağ ucaldı.
Ata bir qəhrəmandı.
Bir igid oldu oğul.
Fərəhdən Xəlil Rza
Dedi:
"Təbrizim, sağ
ol!"
Vətən qoynuna aldı
Təbrizini yel kimi.
Əbədi ad qazandı
Qəhrəman oğul kimi.
X.R.Ulutürkün övladı, ömür-gün
yoldaşı Firəngizi
belə bir qəhrəmandı. Firəngiz xanım başının
tacı olan Xəlilinin vəfatından
sonra onun yazılarının əsl
tədqiqatçısına çevrildi və çap edilməyən yazılarını gün
üzünə çıxarmağa
başladı...
ONUN QAYNAR
HƏYATI
X.R.Ulutürk 1932-ci il 21 oktyabrda Salyanın Pirəbbə kəndində
doğulub. O, 2 saylı
Salyan şəhər
orta məktəbini bitirib. Şəhər kitabxanasında fəaliyyət
göstərən ədəbiyyat
dərnəyinin üzvü
olub. Onun ilk mətbu şeiri
"Azərbaycan pioneri"
qəzetində çap
edilib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin
jurnalistika şöbəsində
təhsil alıb.
Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın,
sonralar isə böyük şairimiz Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi dərnəklərdə iştirak
edib. O, həmçinin,
Azərbaycan Yazıçılar
İttifaqında Xalq yazıçısı Mirzə
İbrahimovun başçılıq
etdiyi "Gənclər
günü" adlı
məşğələlərin də iştirakçısı
olub. X.Rza ilk əmək fəaliyyətinə
"Azərbaycan qadını"
jurnalında ədəbi
işçi kimi başlayıb. 1954-cü ildə SSRİ Yazıçılar
İttifaqına üzv
qəbul edilib. Onun ilk şeirlər toplusu "Bahar gəlir" adlanır.
1957-ci ildə Azərbaycan Yazıçılar Birliyi
onu Moskvaya, M.Qorki adına
Dünya Ədəbiyyatı
nəzdindəki ikiillik
Ali Ədəbiyyat kurslarına
göndərir. O, Azərbaycan
Pedoqoji İnstitutunun aspiranturasında təhsilini
davam etdirir.
AZADLIĞI
İSTƏMİRDİ ZƏRRƏ-ZƏRRƏ, QRAM-QRAM...
Xəlil Rza 1980-ci ilin axırlarından xalq azadlıq hərəkatına
qoşulur. Onun rus şovinist siyasətinə qarşı,
Dağlıq Qarabağa
göz dikən erməni daşnaklarını
ifşa edən odlu-alovlu səsi yüksəlməyə başlayır...
1990-cı ilin yanvarında
sovet imperiyasının
Bakıda dinc əhaliyə qarşı
törətdiyi cinayət
onu dəhşətə
gətirir... Və bu sarsıntı onun qəlbini daha da üsyan
atəşi ilə yandırmağa başlayır...
Bu azadlıq carçısını
susdurmaq üçün
həmin qanlı yanvarın 26-da o, SSRİ Təhlükəsizlik
Komitəsi tərəfindən
həbs edilərək
Moskvadakı Lefortovo həbsxanasına salınır.
Və bununla da Lefortovo zindanının,
necə deyərlər,
"çiçəklənmə" dövrü başlayır
Kameram -
qızıl saray, barmaqlığım bağça-lək,
Əyləşdim şah taxtımda
şeirin hökmdarı
tək...
("İlham üstündə")
X.Rza həbsxanada
durmadan çalışır. "Lefortovo
gündəliyi"ni yaradaraq ULUTÜRKƏ çevrilir.
Həmin
gündəlik 200-dən çox
mübarizə ruhlu, Vətən istəkli şeir, poema və məktubdan ibarətdir. Nə qandal,
nə qaranlıq, nə həsrət onun ruhunu sındıra
bilir. Amma o, qandalları da sındırır, qaranlığa
da işıq saçır, çünki
Vətən olur, bütöv Azərbaycan olur...
Mən onsuz da əbədiyəm,
cahangirlər gəldi-gedər,
Bir gün edam meydanında
başım getsə,
verərsəm can,
Sən yadların qarşısında
heç bir zaman qara geymə,
Ey ağ donlu
anam mənim,
ağ çələngli
Azərbaycan.
- deyir... Beləcə
ağır bir şəraitdə 8 ay 13 gün
Lefortovo həbsxanasında
saxlanılır... Amma
onunla görüşə
gələn Firəngizinin
üzündə göz
yaşını görmək
istəmir...
Canavarlar
önündə, gülüm,
ağlamaq olmaz!
- söyləyir. Firəngiz xanım isə belə azad bir adamın
əllərinin qandallı
olduğunu dünyaya bağışlaya bilmirdi...
Onun mükafatı - Sizin alqışlarınız!
Əməkdar İncəsənət xadimi X.R.Ulutürk 1991-ci ildə "Türk Milləti Mükafatı" fəxri adına layiq görülür. 1992-ci ildə isə ona "Xalq şairi" fəxri adı verilir. Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif edilir. Ölkə başçısı H.Əliyev onun əsərlərinə, səhhətinə qayğı ilə yanaşır. Hətta Fransa səfərində onu Firəngizi ilə birgə tərkibə daxil edir və orada müayinəsinə dəstək olur... Onun 5 cildiyinin çap edilməsi ilə bağlı sərəncam imzalayır. Bu qayğı ölümündən sonra da ailəsinə göstərilir. Firəngiz xanım Prezident təqaüdünə layiq görülür. Kitablarının hazırlanıb çap edilməsində Firəngiz xanıma dəstək olur, ona xidmət üçün xüsusi maşın belə ayrılır...
O, həm də uşaqlar üçün yazıb:
Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm...
Bu qaya kimi əzəmətli, azadlıq eşqiylə könülləri titrədən şeirlərin müəllifi uşaqlar üçün yazmağı da unutmayıb. Bəlkə çoxu bilmir ki, "Sağıcıdır mənim nənəm" adlı ruhumuzu oxşayan bu uşaq mahnısının sözlərini X.R.Ulutürk yazıb. Onun "Yallı rəqsi", "Azərbaycan" və başqa şeirləri bizə uşaqlarımızın dərs kitablarından da məlumdu.
YAZILARINI ETİBAR ETDİYİ REDAKTOR
X.R.Ulutürklə bağlı yazı hazırlayanda onu yaxından tanıyan, yazılarına bələd olan doğma biri ilə görüşmək istədim. Sağ olsun dostlar, mənə tədqiqatçı-şair Zülfüqar Şahsevənlini nişan verdilər. Beləliklə, X.R.Ulutürkün bütün əsərləri ilə tanış olan, bu gün də şairin nəşr edilən kitablarının redaktoru olduğundan məmnunluq duyan Zülfüqar Şahsevənli ilə baş redaktoru olduğu "Yada düşdü" adlı jurnalın redaksiyasında görüşüb söhbət etdim.
Z.Şahsevənli onunla bağlı ürək dolusu, böyük coşqu və məhəbbətlə danışdı:
- Hələ orta məktəb illərindən X.Rzanın şeirləri ilə tanış idim. O vaxtlar "Gənclik" yeganə nəşriyyat idi ki, bədii ədəbiyyat çap edirdi. Onda X.Rzanın da şeirləri dillər əzbəri idi. Onun uşaqlar üçün yazdığı şeirləri də maraqla qarşılanırdı. Elə o vaxtlardan axına qarşı üzməyi vardı. Azad fikirlərinə, sərt çıxışlarına görə onu işdən çıxarmaq istəyirdilər. Elə həmin vaxtlarda "Ömürdən uzun gecələr" adlı kitabının redaktoru olmuşdum. Xoşuna gəlmişdi.
O, məndən 18 yaş böyükdü. Getdikcə bu böyük ailənin bir üzvünə çevrildim. Mənə böyük qardaş kimi doğmaydı. Onun qapısı bütün insanların üzünə açıq idi. Gənclərə xüsusi qayğı ilə yanaşırdı. Baxmayaraq ki, özünün də maddi ehtiyacı vardı. Amma o, bütün qəlbiylə vətən övladlarına bağlı idi. X.Rzanın şəxsiyyəti ilə poeziyası bütöv idi. Uşaqdan böyüyə hər kəsə məhəbbətlə yanaşardı. O, odlu-alovlu çıxışları ilə adamları ayağa qaldırırdı. Amma bu nəhəng insanın elə yumşaq ürəyi vardı ki... Səsinin kövrəkliyini hiss edirsinizmi? Yarpaqlara sığal çəkirdi... O, qədirbilən bir insan idi. Onun İ.Əfəndiyev, R.Rza və başqaları haqqında silsilə yazıları var. Unikal bir insandı, ürəyinə bir dünya sığırdı... Onun gündəlikləri demək olar ki, Azərbaycanın xəritəsidir... M.Araz, X.Rzanın şeirləri ilə bütöv bir aktyor nəsli yetişib. Onun şeirləri Mikayıl Mirzənin səsindən yenidən doğulurdu... O, tərcüməyə də xüsusi yer ayırırdı. "İsgəndərnamə"ni elə tərcümə edib, burada döyüş səhnələri o qədər canlıdır ki, qılıncların sanki səsini eşidirsən...
Bu gün televiziyalarımızda maarifçilik, poeziya sanki arxa plana keçib. Efirlərdə ancaq musiqiyə yer verilir. Milli musiqi də lazımdı. Amma Qarabağ dərdi olan bu ölkənin televiziyası da bir tribunaya çevrilməlidir.
SƏN İKİNCİ XƏLİLSƏN
Zülfüqar müəllim mənə bir kitab bağışladı. Elə bir kitab ki... "Sən ikinci Xəlilsən" adlı bu kitab X.Rzanın könül dostu, əqidə yoldaşı və özü söylədiyi kimi, ömrünün günəşi Firəngiz xanıma həsr edilib. Kitabı vərəqlədikcə hiss edirsən ki, bu, onların ikisinin kitabı, sevgi, vəfa dastanıdı... Kitabın redaktoru və ön sözünün müəllifi Zülfüqar Şahsevənli yazır: "Xəlil Rza Ulutürksüz keçən 25 ildə Böyük Türk dünyası, o taylı-bu taylı Azərbaycan üçün artıq Vətən olmuş şairin 70 kitabını çap etdirən, ərinin arzularını, mübarizəsini davam etdirən, Xəlil Rza səsiylə, Xəlil Rza nəfəsiylə Azərbaycan uğrunda döyüşən ikinci Firəngizi tanıyırıqmı? Budur Azərbaycan qadınının dəyanəti, qeyrəti, yenilməzliyi!"
Kitaba könül pıçıltısı kimi daxil edilən, xalq şairi Nəriman Həsənzadənin qəlbə toxunan yazısının az qala hər sətrinin altından xətt çəkirsən... Beləliklə, "Ulutürkə böyük məhəbbətlə" adlı bu yazı belə başlayır: "Unudulmaz Xəlillə, Firəngizlə bir yerdə 40 illik ömür yola salan, ailə və qələm dostu olan bir insan kimi mən bu fədakar millət qızının - Firəngizin daxili sarsıntılarını təcili yazdığı gündəliyə necə köçürdüyünü təsəvvür edə-edə özüm də daxili bir sarsıntı keçirdim; səhifələrin göz yaşı içində olduğunu sanki öz gözlərimlə gördüm. Sətirlər elə bil düz xətt boyu yan-yana düzülür və arabir də bir-birinə qarışırdı..."
VƏ YAZININ SONU
"Bu məqalənin Xəlil dediyi yerləri də var, qalanını da mən yazmışam. Nəhayət, qulağımda böyük Üzeyir bəyin "Koroğlu" operasına yazdığı uvertura yenidən səslənir, Firəngiz xanımın millətə başucalığı gətirən qadın sədaqəti qarşısında baş əyirəm. Başım ucalır. Məhəbbətə himn oxunur..."
Düşünürəm ki, X.R.Ulutürk əsərləri
və şəxsiyyəti, özü kimi qəhrəman Təbrizi və Firəngizi
ilə bugünkü gəncliyimizə bir örnəkdir. Odur ki, bu əsərləri oxuyaq, öyrənək və dəyərləndirək
ki, düşmənə, nadana
və kəmfürsətə qarşı daha
mübariz olaq!
Mina Rəşid
525-ci qəzet.- 2019.-22 iyun.- S.20.