Ekzistensializm etüdləri
2-ci YAZI
Ekzistensializmin yaranması və
növləri
Ekzistensializmin (varoluşçuluğun) meydana çıxması,
ümumilikdə bu anlayışın kim tərəfindən
və nə zaman yaradılması məsələsi də onun nə olması
kimi mübahisəli, bir o qədər də qarışıq mövzudur. Belə ki, bu fəlsəfi cərəyanın
özündə ehtiva
etdiyi xüsusiyyətlərə
istər mifologiyada, istər səmavi dinlərin müqəddəs
mətnlərində, istərsə
də antik dövr fəlsəfi düşüncəsində rast
gəlinir. "Bəs bu ekzistensializmin
o zamanlardan başladığı
deməkdirmi?" sualına
cavab həm "hə", həm də "yox"dur.
Yəni
o dövrdə haqqında
danışılan varlıq
anlayışı bu gün ekzistensializmin özünü (mahiyyətini)
meydana gətirən varlıq deyil, amma ona aparan
cığırdır. Bir çoxları Aristoteldə
qarşılaşdıqları varlıq düşüncəsini
ekzistensializm kimi başa düşür ki, bu da
səhv fikirdir. Bu, eyni zamanda,
varolmağı dini mətnlərdə axtaranlara
da aiddir.
Ekzistensializmin hansı dövrdə
və kim
tərəfindən meydana
gətirilməsi barədə
bir çox filosofun və fəlsəfə tarixçisinin
ortaya atdığı
fikir var.
Başda alman əsilli amerikalı filosof, teoloq və sosialist Paul Yohannes Tillix olmaqla bir çox aydın, ekzistensializm cərəyanının sənayedə
insan əməyinin maşınlara uduzduğu
andan meydana gəldiyini iddia edir. Əl əməyinin
dəyərsizləşməsi nəticəsində, insan,
tədricən, hiss edilməyəcək
sürətlə şüurunu,
mənliyini, şəxsiyyətini
itirməyə başlayır.
Söndürüb-yandırdığı, sağa-sola hərəkət
etdirdiyi qurğunun bir parçası olur. Qurğunu əsir etmək
əvəzinə onun
əsirinə çevrilir.
İnsan
əşyaya çevrilir.
P.Y.Tillix
kimi sosialistlər ekzistensializmin insan əməyinin azalması nəticəsində yarandığını
desələr də, məsələyə qeyd
etdiyimiz tərəfdən
baxmırdılar. Onların fikrinə
görə, sənayedə
insan əməyinin azalması, qurğuların
çoxalması insanı
nəsnələşdirmirdi. İnsanı
ekzistensializmə sürükləyən
bu deyildi. Əksinə,
qurğuların köməyi
ilə insan daha çox məhsul əldə edirdi və bu zaman ictimai
istehsal səviyyəsi
ilə xüsusi mülkiyyət səviyyəsi
arasında fərq yaranırdı. Bu iki səviyyə arasında balansın pozulması, tarazlığın
bərpa edilməməsi
insanı ona yad, mənasız, müdafiəsiz mühitə
salırdı ki, bu da onu
ekzistensializmə, öz
varlığını axtarıb
tapmağa, mühakimə
etməyə sürükləyirdi.
Bu vəziyyətlə üzləşən insan,
Jan-Pol Sartrın dediyi kimi, "tarix adlı arabaya heyvan kimi qoşulmuş, müharibələri və
ölümünü gözləyən
varlıq" olurdu.
Bu yerdə bir haşiyəyə çıxıb
qeyd etmək istəyirəm ki, hədəfləri eyni olsa da, getdikləri
yollar, tətbiq etdikləri üsullar başqa olan Marksizm və Freydizm də pozulmuş bu balansların yaratdığı
cərəyanlardır.
Filosof Emmanuel Munenin
fikrinə görə
isə ekzistensializmin kökləri Sokrata, Müqəddəs Avqustinə
qədər uzanır.
Fransız filosof Henri Arvon isə ekzistensializmin yaranmasını anarxist Maks Ştirnerlə əlaqələndirir. Buna səbəb isə Maks Ştirnerin anarxizm dünyagörüşünün
fərdə və fərdiyyətçiliyə əsaslanmasıdır
ki, bu da
ekzistensializmin təməlini
əmələ gətirən
xüsusiyyətlərdən biridir.
İstər P.Y.Tillixin, E.Munenin,
istər H.Arvonun, istərsə də, qeyd etmədiyim bir neçə fəlsəfə tarixçisinin
və filosofun ekzistensializmin yaranması,
mənbəyi haqqında
irəli sürdüyü
fikirlər az
da olsa özündə
doğruluq payı daşıyır. Belə ki,
varlıq haqqında düşüncələr ən
qədim zamanlardan aid olduğu dövrə görə müxtəlif
formalarda, müxtəlif
suallar və cavablar halında mövcud olmuşdur.
Fransız filosof Jan Bofre isə ekzistensializm cərəyanının banisi
kimi danimarkalı filosof Soren Kyerkeqorun
adını çəkir. Bu fəlsəfə tarixində
böyük çoxluqla
qəbul edilmiş məsələdir. Lakin Soren
Kyerkeqorun bu fəlsəfi cərəyanın
banisi olması çox sonralar, onun ölümündən
illər keçdikdən,
əsərləri tədqiq
olunduqdan sonra ortaya çıxmışdır.
Buna səbəb isə təəccüblü
olsa da, Kyerkeqorun o dövrün fəlsəfə dili olan alman dilini
bilməməsi, əsərlərini
bu dildə yazmamasıdır. Bu məsələ
gün işığına
çıxana kimi isə belə qəbul edilir ki, ekzistensializm XIX əsrin sonunda Almaniyada Fridrix Nitsşe, Maks Şeler, Fransada isə Henri Berqson, Leon Bryunsvik, Moris Blondel tərəfindən
yaradılırdı.
1813-1855 tarixləri arasında yaşamış Soren Kyerkeqor tərəfindən əsası qoyulan (O, varlıq barədə olan bütün düşüncələri ümumiləşdirmiş, qismən sistemə salmış, varlıq dedikdə nəyin nəzərdə tutulduğunu az da olsa ortaya çıxarmışdır) ekzistensializm qəribə olsa da, ən yaxşı dövrlərini Birinci və İkinci dünya müharibələrindən sonra yaşamışdı. Buna səbəb insan, varlıq üzərindən çıxış edən ekzistensializmin müharibələrdən sonra boşluğa düşən, özünü mənasız hiss edən, həyatın mənasını, öz kimliyini itirən, şəxsiyyət kimi yox olmaq təhlükəsi qarşısında qalan bəşəriyyətin ümidi olması idi.
Bəs Soren Kyerkeqor ekzistensializmin əsasını necə qoymuşdu? Atası qatı dindar olan Kyerkeqor onun təsiri altında dini təhsil almışdı. Uşaqlığı və gəncliyi dini mühitdə keçən Kyerkeqor xristianlığın İsanın qoyduğu yolda olmadığı, məcrasından çıxdığı fikrini irəli sürərək onun yenilənməli olduğunu düşünürdü. Onun fikrincə, tanrı anlayışı kütləvi deyil, fərdi olmalı idi. Hər kəs tanrıya eyni cür inana bilməzdi. Yəni o qəbul edirdi ki, gediləcək ünvan hamı üçün bir olsa da, ora gedən yollar fərddən fərdə dəyişməli idi. Zamanla bu düşüncəsini sistemləşdirən və inkişaf etdirən Kyerkeqor, tanrını və insanı fərdləşdirdi, fəlsəfi təlimində fərdi mərkəzi obyekt kimi dəyərləndirdi.
Eyni zamanda, S.Kyerkeqor fəlsəfi düşüncələri ilə həm də alman filosofu Georq Vilhelm Fridrix Hegel fəlsəfəsinə qarşı çıxırdı. Onun dialektikaya əsaslanan, fərdi gözardı edən fəlsəfəsini qəbul etmirdi. Bir çox əsərini Hegeli və hegelçiliyi təndiq üzərində qurmuşdur. Başqa cür desək, ekzistensializm, Kyerkeqorun Hegel fəlsəfəsinə qarşı olması (fərdə dəyər verməmək) formasında yaranmışdı.
Yuxarıda qeyd etdiyim kimi, müharibələr ekzistensializmin daha geniş kütləyə çatmasında olduğu kimi onun yaranmasında da böyük rol oynamışdı. Belə ki, 1700-cü illərin sonunda Kopenhagendə baş vermiş iki dəhşətli yanğın, 1801-ci ildə Böyük Britaniya Kral Donanmasının şəhəri bombardman eləməsi və ölkədə baş verən iqtisadi böhran danimarkalıları mənəvi cəhətdən dəyişilməyə, yenidən varolmağa sövq edirdi. Bu dəyişiklik istəyi ilk növbədə özünü rəssamlıqda, ədəbiyyatda, musiqidə, fəlsəfədə və bir çox digər sənət, düşüncə sahələrində göstərdi. Gəncliyi belə bir keçid dövrünə təsadüf edən Soren Kyerkeqor da cəmiyyətin üzləşdiyi mənəvi böhranın həll yollarını hər kəsin öz məsuliyyətini dərk etməsində, fərdiyyətçilikdə görürdü.
Bütün bu sadaladıqlarımız onu ekzistensializm cərəyanını yaratmağa gətirib çıxardı.
Ekzistensializmin növləri
Ekzistensializm fəlsəfi cərəyanı özlüyündə iki növə ayrılır:
1. Dini ekzistensializm (daha doğrusu, xristian) - İnsan sadəcə tanrı qarşısında fərddir, onun üçün vardır.
2. Ateist ekzistensializm (tanrıtanımaz) - İnsan doğulur, yaşayır, təcrübə qazanır və bunun sayəsində var olur.
Birinci qrupa Soren Kyerkeqor başda olmaqla alman filosoflar - Karl Yaspers, Maks Şeler, Edmund Husserl, Paul Lüdviq Landsberq, isveçrəli filosof Karl Bart, fransız filosoflar Henri Berqson, Moris Blondel, Qabriel Marsel, Rene Le Senne, Şarl Peqi, rusiyalı filosoflar Lev İsaakoviç Şestov, Nikolay Berdyayev, Vladimir Solovyov aiddir.
İkinci qrupda isə alman filosoflar Fridrix Nitsşe, Martin Haydegger, fransız filosoflar Jan-Pol Sartr, Simona de Bovuar, Merlo Ponti yer alır.
Ekzistensializm fəlsəfə
cərəyanının geniş kütlələrə
çatmasında, dərk edilməsində xüsusilə ədəbiyyat
və rəssamlıq böyük əhəmiyyət
kəsb edir. Yazarlardan
Franz Kafka, Alber Kamü, Gi de Mopassan,
Edqar Alan Po, Robert Muzil,
şairlərdən Şarl Bodler, Rilke, Artur Rembo,Tomas Eliot, Fridrix Hölderlin, hətta Uilyam
Şekspir, rəssamlardan Van
Qoq, Jorj Ruo kimi dahilər ekzistensializmin daşıyıcıları hesab olunur.
Taleh
EMİNOĞLU
525-ci qəzet.- 2019.-22 iyun.- S.19.