Don Kixota
gülərkən Əhmədağaya ağlamaq...
"Həyatda iki cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı"-
deyirlər. Özünü Don Kixot kimi
görən Əhmədağa
öncə birincilərdən
olduğu kimi görünsə də, sonradan fikrimizi dəyişməyi bacardı.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yeni tamaşası "Bizim
Don Kixot"dan danışırıq.
Görmüşük, doğum günü olan insana dostları,
əzizləri, sevənləri
hədiyələr hazırlayarlar. Amma Xalq
artisti, professor İlham
Namiq Kamal isə özünün 70
illik yubileyi münasibətilə biz tamaşaçılarını
sevindirməyə davam
edir. Bu dəfəki
sürprizi də mərhum dramaturq Rəhman Əlizadənin
"Don Kixot Abşeronski"
pyesi əsasında hazırlanan səhnə əsəridir. Tamaşaya teatrın
baş rejissoru Qurban Məsimov quruluş verib. Bir hissəli müzikl kimi təqdim olunan səhnə əsərinin quruluşçu
rəssamı İqbal
Əliyev, bəstəkarı
(mahnıların sözləri
Rəhman Əlizadənindir)
Əməkdar artist Vüqar
Camalzadədir.
***
Nə çoxdur
yaşadığı dünyanın
həqiqətlərinə göz
yumub özlüyündə
yeni bir dünya yaradan insanlar. O insanlar ki, qəlbi sevgiylə, yaxşılıqla, ədalətlə
doludur. Onların istədiyi tək
şey də dünyada ədalətin bərqərar olması, sevginin bütün insanlar üzərindəki
tək hakim qüvvə
olması, haqsızlığın
Yer üzərindən
yerli-dibli silinməsidir.
Bu insanlar ömürləri
boyunca məhz bunun üçün mübarizə aparır, nəylə, kimlə savaşdıqlarını bilmədən
savaşırlar. Əgər nəylə
savaşdığını bilmirsənsə, onda ətrafdakılar tərəfindən
dəli kimi qəbul olunmağın da təbiidir. Çünki insanların onlar
kimi düşünməyənlərlə
ən asan mübarizə üsulu
"dəli" adlandırıb
özlərindən kənarlaşdırmaqdır.
Ta Servantesin zamanından
bu tərəfə onları Don Kixot adlandırırlar. Ya da
"Don Kixotluq" sindromu.
Əhmədağa da "Don Kixotluq" sindromuna tutulub. Özünəinam problemi yaşayan, insanlarla qarşılıqlı
münasibətdə çətinlik
çəkən, sosiallaşma
və özünütəsdiq
problemləri yaşayan
bir çox insan kimi o da
olduğu şəxsdən
başqası kimi görünmək yolunu seçib. Abşeronun bir kəndində
müəllim işləyən
Əhmədağa qarşılaşdığı
haqsızlıqlardan heç
də məmnun deyil. Özü nə qədər
təmiz qalmağa çalışsa da, təmiz olmayan cəmiyyətdə xoşbəxtliyini
tapa bilmir. Çünki özü olduqca,
bu cəmiyyətin bir fərdi kimi qaldıqca o pisliyin içərisində
çabalamağa, o pisliyə
əllərini bulaşdırmağa
məcburdur. Amma o, hamı
kimi olmayacaq. Həqiqətlərə susmayacaq. Susmur da.
Bir gün əyninə kəfən geyinib müəllimlər
otağında yığılan
"süpürgə puluna",
"süfrə puluna",
"fond puluna" və
haqsız, gərəksiz
yerə yığılan
bütün pullara qarşı çıxır.
Əhmədağa müəllim həqiqətləri
hayqırırdı. Amma direktor
da daxil olmaqla hər kəs ona dəli
deyib dəlixanaya atır. Və başlayır Əhmədağanın
Don Kixotluq savaşı...
Bu Don Kixot uzaq İspaniyadan deyil, "qulağımızın dibindəki"
Abşerondan çıxıb. O da insanlar tərəfindən
təklənib, dəlixanaya
atılıb. Görünür, qəhrəmanımızın bundan
elə də şikayəti yoxdur.
Çünki o, burada özünə,
fikirlərinə yaxın
insanlar tapır.
Məsələn, özünü Sanço Panso zənn edən Məhərrəm İsrafiloviç.
Bu yerdə bir
fikri xatırladım.
Deyir: "Həyat dəlixanadır, xoşbəxt
olmaq üçün
sadəcə özün
kimi dəlilər olan palatanı tapmalısan".
Əsər boyunca bizim milli
Don Kixotun başına
gəlməyən macəralar
qalmır. Gah "silahdaşıyla" birgə qəsrdəki divlərlə döyüşür,
gah aşiq olur, gah dostlarıyla
maraqlı söhbətlərə
qoşulur. Xoşuna gələn
qızın əsl adı Gülnazdır.
Bizim Don Kixot isə onu Dulsineya adlandırır.
Amma nə dostu Məhərrəmin
Sanço, nə də sevdiyi Gülnazın Dulsineya çağırılması onu
millilikdən uzaqlaşdıra
bilmir. Bizim Don Kixot Əhmədağa
adından imtina etsə də, Əhmədağa ruhundan çıxa bilmir. Buna görədir ki, dünyaya ədalət, haqq, sevgi dərsi verərkən Azərbaycan
şairləri Nizamidən,
Füzulidən, Nəsimidən
nümunələr səsləndirir.
Onları əsl insanlıq
etalonu adlandırır.
***
Əhmədağa - Bizim Don Kixot rolunun ifaçısı İlham Namiq Kamal ilk dəfədir ki, Kukla Teatrı
səhnəsindədir. Yarım əsrdən
çox zaman müddətində fərqli
səhnələrdə qarşımıza
çıxan sənətkarın
bu dəfəki tərəf müqabilləri
kuklalardır. Ancaq
sənətkarın bu
fərqliliyi yadırğaması
hiss olunmur.
O, sanki illərdir səhnədə kuklalarla
işləyirmiş kimi
rahat və sərbəstdir. Çünki həmişəki kimi özüdür.
Görkəmli səhnə
ustası ilə eyni səhnəni bölüşən cavan
aktyorlar - Cavid Telman, Aygül Ağayeva, Araz Həsənov, Adil Dəmirov da əlləri və səsləriylə kuklalara
can verməyin öhdəsindən
məharətlə gəldilər.
Tragikomik tamaşada sırf gülüş yaratmaq üçün düşünülmüş
süni hərəkətlərə,
qondarma reprikalara rast gəlmirik. Qarşımızda tamamilə həyati səhnələrdən ibarət
Əhmədağanın faciəsi,
Don Kixotun komediyası
var. Bu faciə də,
komediya da ayrı-ayrılıqda həqiqətlərə
söykənib. Əslində, Əhmədağa nə qədər inkar etsə də, kimliyinin yaxşı fərqindədir. Ancaq o, öz
faciəsini də dərk edir. Çünki əgər Əhmədağa
olsa, zindana, Don Kixot olsa, dəlixanaya
salınacaq. Yəni bütün
hallarda onun azadlığı əlindən
alınacaq. Elə bu
dünyanın özü
də insanın azadlığına qənim
kəsilməyibmi? İnsan burada
nə qədər özüdür, ya da nə qədər
xoşbəxtdir? Bizim Don Kixot
da bunu deyir.
Onun sözlərinə görə,
dünya ona görə düzəlmir
ki, insanlar qondarma sürətlərin,
özü olmayan adların arxasında gizləniblər. Əslində, Sanço olan Məhərrəm, Dulsineya
olan Gülnaz, Don Kixot olan isə
Əhmədağanın arxasında
əriyib yoxa çıxıb. İnsan o zaman
xoşbəxt olacaq ki, bu yoxolmaya
"dur" deməyi
bacarsın. Dünyaya, insanlara
yalnız və yalnız sevgiylə yaxınlaşsın, məqsədsiz,
təmənnasız.
Əslində, hər kəs bunu arzulayır. Ancaq Don Kixotların
fərqi ondadır ki, onlar bunu
dilə gətirir, hətta uğrunda mübarizəyə də
atılırlar.
***
Səhnə əsərinin fərqli və
maraqlı quruluşu
tamaşaçını özünə cəlb edir. Quruluşçu rejissor Qurban Məsimov əsərə
özünəməxsus yozum verib. Bu yozumla
Əhmədağa həqiqi mənini itirmədən Don Kixotlaşır. Həqiqətləri dərk
edərkən isə çıxış yolunu
intiharda görür. Ancaq bu intihar
tamaşaçını narahat etmir, ümidsizliyə qapdırmır. Çünki hələ çox
Don Kixotlar doğulacaq, çox
Əhmədağalar Don Kixotlaşacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.-22 iyun.- S.18.