Gənclər səhnədə "Ənəlhəqq"
dedilər...
NƏSİMİNİN
650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ
TƏDBİR-TAMAŞA MARAQLA QARŞILANDI
2019-cu il gələndən bəri ölkəmizdə
İmadəddin Nəsimi havası yaşanır. Hər təşkilat, hər qurum “Nəsimi ili”nə
öz töhfəsini vermək üçün
çalışır.
Şairlər şeirlərində, bəstəkarlar
musiqilərində, rəssamlar tablolarında Nəsimi nəfəsini
yaşadır, tədqiqatçılar dahi şair-filosofun
irsini yenidən toplamaqla, açılmayan mətləbləri
araşdırmaqla məşğul olurlar. Xarici ölkələrdə
Nəsiminin qəzəllərindən ibarət kitablar nəşr
olunur, haqq şairimizin adı, həqiqətləri
bütün dünyada layiqincə təbliğ olunur.
Dahi Azərbaycan şairinin 650 illik yubileyinə həsr
olunmuş silsilə tədbirlərin növbətisi iyunun 20-də
"Aktyor Evi"ndə təşkil olunmuşdu.
Yeni Azərbaycan
Partiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan
Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə keçirilən tədbir YAP ilə Mədəniyyət
Nazirliyinin "Azərbaycanın dövlətçilik ənənələrinin
yaşadılması məqsədilə vətənpərvərlik
və mədəni dəyərlərə hörmət hisslərinin
gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə
birgə Fəaliyyət Planı" və “Nəsimi ili”
çərçivəsində gerçəkləşdi. Zal tamam dolmuşdu. Millət vəkilləri,
tanınmış sənət nümayəndələri, gənclər,
jurnalistlər, bir sözlə hamımız Nəsimi
işığına toplanmışdıq. Əlbəttə, "Ənəlhəqq" gecəsindən
hamımızın gözləntiləri yüksək idi.
Təyin
olunan vaxtdan az keçmiş səhnədə
Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq
artisti, tədbirin aparıcısı Hacı İsmayılov
göründü. O, məclisi açaraq Şərqin zəngin
mədəni-mənəvi sərvətləri üzərində
ucalmış və bədii söz sənətinin son dərəcə
qiymətli incilərini yaratmış Nəsimi
yaradıcılığından danışdı.
Ondan sonra
bir-birinin ardınca səhnəyə çıxan Milli Məclisin
deputatı, YAP Səbail rayon təşkilatının sədri,
professor Şəmsəddin Hacıyev, Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə görkəmli
Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin
ölkəmizdə “Nəsimi ili” elan edilməsini mədəniyyətə,
şeirə, sənətə göstərilən dövlət
qayğısı kimi qiymətləndirdilər.
İmadəddin
Nəsiminin Azərbaycan xalqının ümumbəşər
mədəniyyətinə bəxş etdiyi qüdrətli
söz ustalarından biri olduğunu söyləyən natiqlər
2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında
şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
Bakıda və Şamaxı şəhərlərində,
habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat
Festivalının keçirilməsi və hazırda Prezident
İlham Əliyevin müvafiq Sərəncamına əsasən,
bu ilin “Nəsimi ili” elan edilməsini şairin
yaradıcılığına göstərilən
ehtiramın nəticəsi kimi dəyərləndirdilər.
Nəsimi irsinin təsir dairəsindən söz
açan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov
tarixə nəzər salaraq sovet dövründə Nəsiminin
600 illik yubileyi ərəfəsində görülən
işlərdən danışdı. Azərbaycan ədəbiyyatşünaslarının
tədqiqatlarını qeyd edən akademik həmin dövrdə
Nəsimi yaradıcılığı ilə bağlı
ölkəmizin mədəni mühitində bir çox
işlərin görüldüyünü, şairin sözlərinə
mahnılar bəstələndiyini xatırlatdı. Onun sözlərinə görə, Nəsimini sadə
Azərbaycan insanına "Nəsimi" filmi tanıdıb.
Akademikin elmi məruzəni xatırladan geniş
çıxışı sanki Nəsimi dünyasına səyahət
təsiri bağışlayırdı. Bu
səyahətimizi daha maraqlı və təsirli edən isə
akademikin Nəsimi qəzəllərindən söylədiyi
nümunələr və şairin tədqiqatçısı
olmuş alimlərdən gətirdiyi sitatlar idi. O, dahi
şair haqqındakı az qala hər
fikrini bir qəzəllə, ya da hansısa sitatla əsaslandırırdı.
Nəsimi yaradıcılığı nə qədər zəngindirsə,
Rafael müəllimin
yaddaşı da bir o qədər itidir.
***
Tədbirdə şairin obrazını ilk dəfə və
çox böyük məharətlə canlandırmış
Xalq artisti Rasim Balayev də iştirak edirdi. Söz onun
idi. O da öz növbəsində ona böyük
populyarlıq qazandıran "Nəsimi" filmindəki məşhur
rolundan danışdı, böyük mütəfəkkir barədə
öz fikirlərini bölüşdü. O
danışdıqca, ta 1973-cü ildən bəri Rasim Balayevi
elə Nəsimi, Nəsimini isə Rasim Balayevin simasında qəbul
etdiyimizi düşünürəm. Bir aktyorun
yaradıcılığı boyunca qazana biləcəyi ən
böyük mükafat bəlkə də elə budur -
oynadığı obrazla xatırlanmaq.
Rasim Balayevdən sonra Xalq artisti Alim Qasımova söz
verildi. Alim müəllim isə hər zamanki kimi təvazökarlıqla
söz deməkdən imtina etdi. Onda əlbəttə,
bir xanəndənin verəcəyi töhfəni sənətkardan
istədilər. Özü də bunu yumorla
vurğuladı: "Mən də hara gedirəm,
oxumağımı istəyirlər".
Yan-yana oturan iki Xalq artistinin kiçik improvizəsi
bütün zalı səssizliyə bürüyür. Eşidilən
isə Nəsiminin ilahi sözləridir. Öncə
R.Balayev beytləri səsləndirir, ardınca A.Qasımov onu
muğam kimi oxuyur:
Allahü
əkbər, ey sənəm, hüsnünə heyran
olmuşam,
Qövsi-qüzehdir qaşların, yayına qurban
olmuşam.
Kövnü
məkandan keçmişəm, məna şərabın
içmişəm,
Cananın
üzün görmüşəm, başdan ayaq can olmuşam.
Sərrafi-bəhri-qüdrətəm,
yaquti-kani-vəhdətəm,
Şimdi gərçi Nəsimiyəm, Haqq ilə yeksan
olmuşam.
***
Daha sonra
YAP Səbail rayon Könüllülər Birliyinin incəsənət
qrupu tərəfindən nəzmlə hazırlanan və Azərbaycan
xalqının ədəbi və fəlsəfi fikir tarixində
dərin iz qoymuş mütəfəkkir şair İmadəddin
Nəsiminin həyatı, yaradıcılığı və
ictimai-siyasi fəaliyyətinə həsr olunan "Ənəlhəqq"
teatr tamaşası nümayiş olundu. Nəsimi fəlsəfəsi,
onun ideologiyasının dünyəviliyi, o vaxtkı qəddar
rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən
çıxıb vəhşiyə dönməsinə
qarşı Nəsiminin üsyankarlığının əsas
götürüldüyü, mürid və mürşid,
despot şah və həqiqət tələb edən şair, xeyir
və şər, aşiq və məşuq münasibətlərinin
ifadə olunduğu "Ənəlhəqq" tamaşası
Nəsiminin keşməkeşlərlə dolu qısa həyatından
epizodları özündə cəmləmişdi. Səhnə əsərinin əsasında
böyük mütəfəkkirin "Ənəlhəqq"
ideyası dayanırdı. Öz dövründə
tamamilə yalnış anlaşılan və Mənsur Həllacdan
başlamış hürufilərin ölümünə səbəb
olan "Ənəlhəqq" fikrini deyəndə Nəsimi
özünü Allah yox, İlahi varlıqda
yaradıcının nişanəsi kimi görür. "Ənəlhəqq" məfhumunu başa
düşməyənləri Nəsimi qəflətdə
olduqlarına görə qınayır, onların yəqin əhli
olmadıqlarından, həmişə güman əhli
olduqlarından bu məsələdə çaşıb
qaldıqlarını bildirir. Həzrət Əlidən(ə) belə bir hədis var.
"Özünü tanıyan Allahı tanıyar". Nəsimi
insanın, aləmin İlahi bir nişanə olduğunu məharətlə
şeirlərində tərənnüm etmişdi:
Qeyb və
gümandan özgə ey zahid urma dəm ki,
Həqqülyəqin buldum, tərk eylədim
gümanı.
Mənsur
ənəlhəqq aydır, yəni ki, həqq mənəm, həqq,
Həqq
çun əyanmış, gör, kim
görmüyə əyanı.
Onun
ustadı Nəimi, qızı Fatma, Şeyx Əzəmin
övladı Şəms, İbrahimxəlil Xan və Əmir
Teymurla söhbətləri, öz fəlsəfi
ideyalarını həyatının sonuna kimi mərdliklə
müdafiə etməsi, üsyankarlığı kiçik səhnə
əsərində lazımınca əks olunmuşdu. Onsuz da nəzmlə
olan səhnələrdə Nəsimidən gətirilən
nümunələr də yaradılan ahənglə uyğunluq
təşkil edir, şeir kimi deyil, baş verən hadisələrə
bir mütəfəkkirin haqlı etirazı kimi səslənirdi:
Ey müsəlmanlar,
mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım
neyləyim, çün gövdədən can ayrılır.
və
ya:
Səndən
iraq, ey sənəm, şamü-səhər
yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Tamaşada gənclərin Nəsimiyə və onun
ideyalarına sevgisi, sayğısı da xüsusi hiss olunurdu. Onlar sanki hər sözü
qəlblərinin dərinliyində hiss edir, böyük
şairi sonsuz hörmətlə yad edirdilər. Xüsusən, baş rolun ifaçısı
Hüseyn Cabbarlının oyununu vurğulamaq yerinə
düşər. XXI əsrin gənci olaraq
özündən yeddi əsr öncə yaşamış bir
üsyankar ruhlu şairi canlandırmaq heç də asan məsələ
deyildi. Ancaq Hüseynin istedadından əlavə,
qəlbindəki sevgi bu rolun öhdəsindən məharətlə
gəlməyinə yardımçı oldu. Xüsusən Şəmsin ölümü və Nəsiminin
edamı səhnəsində gənc aktyor
tamaşaçıları həyəcanlandırmağı,
o iztirabı bizə də hiss etdirməyi bacardı. Onun
"Sığmazam" hayqırışı sanki Nəsiminin
əbədiyyət himni kimi səslənirdi:
Məndə
sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan
mənəm, kövnü məkana sığmazam!
Ərş
ilə fərşü kafu-nun, məndə bulundu cümlə
çun,
Kəs sözünü və əbsəm ol, şərhü
bəyanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şanə sığmazam.
***
Belə bir rolu insanlarla dolu böyük zalın səhnəsində ifa etmək onsuz da həyəcanlı olacaqdı. Amma Hüseyn Cabbarlıya əlavə həyəcan və məsuliyyət yaradan bir başqa səbəb də 50 ilə yaxındır Nəsimi kimi Azərbaycan səhnəsində öz möhürünü vurmuş sənətkarın - Rasim Balayevin qarşısında bu rolu oynamaq idi. Sanki yaşlı Nəsimi səhnədəki cavan Nəsimiyə tamaşa edirdi. Məncə, o boyda zalda Hüseynin nələr hiss etdiyini bütün dərinliyiylə anlayan yeganə insan da məhz Rasim Balayev idi.
Tamaşa sonrası gənc Nəsiminin təəssüratlarını öyrəndik: "Belə bir şairi, mütəfəkkiri canlandırmaq əlbəttə, böyük qürur idi. Həm də Nəsimini ilk dəfə mənə tanıdan, ilham verib sevdirən məşhur kinoda həmin rolun ifaçısı da indi zalda, tamaşaçılar arasında idi və məni izləyirdi. Bunun özü də məni həm həyəcanlandırır, həm də rolumun öhdəsindən layiqincə gəlməyim üçün əlavə məsuliyyət hiss etdirirdi. Rasim Balayev, Alim Qasımov kimi sənətkarları görmək əvvəlcə həyəcan yaratsa da, səhnədə bu həyəcanımın öhdəsindən gəlib əlimdən gələn qədər rolumu ifa etməyə çalışdım. Ümid edirəm ki, bacardım".
"Ənəlhəqq" tamaşasının layihə rəhbəri Rəşad İmanov, ssenari müəllifləri Rəhman Mirzəlizadə və Fehruz Rzayev, quruluşçu rejissoru Cavidan Kəsəmənlidir. Əsas rolları Hüseyn Cabbarlı, Şəbnəm Bağırova, Fərid Hüseynquliyev və başqaları canlandırırdılar. Rejissor C.Kəsəmənlinin tamaşa ilə bağlı fikirləri də maraqlıdır:
"Biz klassik Nəsimi tamaşalarından fərqli olaraq burada daha çox Qərb ornamentlərindən, mahnılarından istifadə etdik. Burada bütün dialoqlar nəzm üzərində qurulmuşdu. Səhnə əsəri bir növ Nəsiminin həyatındakı ən önəmli hadisələrin xülasəsi idi. Həmçinin, bizim bir məqsədimiz də cəmiyyətdəki bir sıra problemlərin pantomim olaraq göstərilməsi idi. Bu problemlər təkcə Nəsimi dövrünün, həmin cəmiyyətin deyil, elə indiki dövrümüzün də ortaq problemləridir Bu da "Ənəlhəqq" tamaşasında Nəsiminin həyatı və qəzəlləri vasitəsilə tamaşaçıya çatdırılırdı. İkinci pantomimdə mövhumatın, dinə aludəçiliyin insan üzərindəki basqısı əks olunmuşdu".
Nəsimiyə həsr olunmuş növbəti tədbir-tamaşa da beləcə yekunlaşdı. Hər dəfə o sirli-sehrli, ecazkar dünyaya bir addım da yaxınlaşdığımızı hiss edirik. Amma Nəsimi dünyasına bütünlüklə vaqif ola biləcəyikmi?!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.-22 iyun.- S.17.