Pərvin: "Bütün
günahlar təbiətdədir"
Bugünlərdə "The MOST" dərgisinin növbəti sayı işıq üzü görüb. Dünyanın müxtəlif ölkələrində, rusca yayımlanan dərginin bu nömrəsi ədəbiyyata həsr olunub və səhifələrində müxtəlif sənət adamları haqqında məqalələr, onların müsahibələri yer alıb.
Yazıçı Pərvinin elə həmin nömrədə yayımlanmış müsahibəsini oxucularımıza təqdim edirik.
Qeyd edək ki, dərgi üçün fotoların müəllifi peşəkar fotoqraf Adil Yusifovdur...
- Kitablar aləminə aparan yolunuz necə başlayıb?
- Sualınızı iki cür cavablandırmaq olar. Əvvəlcə ümumiyyətlə kitablar aləmiylə tanışlığımdan, sonra
isə öz kitablarımdan danışa
bilərəm. Mən anadan
olanda artıq bizim evimizdə atamın böyük kitabxanası vardı.
Anam isə müəllimə idi. Ona görə evdə
hər gün mütaliə edən atamı və balacalara dərs deyən, məktəblə
bağlı olan anamı görürdüm.
Bu mənada bütün
həyatımız kitablarla,
oxumaqla bağlı idi. Mənim ən böyük
qazancım o oldu ki, təxminən 3 yaşımda yazıb oxumaq öyrəndim, tezliklə məktəbə
getdim və hətta mütaliyə etməyə başladım.
Ona görə yəqin dünyaya gəlməyimlə,
kitablar aləminə düşməyim eyni vaxta təsadüf edir. Özümün yazmağım və
çap olunmağım,
kitablar müəllifi
kimi tanınmağım
isə çox sonralar olub. Daha dəqiq desəm, uşaqlıqdan, yeniyetməlikdən
yazırdım, amma cızmaqaralarımı gizlədirdim.
- Yəni bu, özünə
inamsızlıqdan irəli
gəlirdi?
- Daha çox özümə qoyduğum
yüksək tələblərdən.
Yəni mənim düşüncəmdə
yaradıcılıq ilahi
hadisədi və buna hazır olmalısan, haqqın çatmalıdı.
- Bəs niyə məhz yazıçılıq?
- Bütün günahlar təbiətdədir... Əslində, yaradıcılıq həvəsi
hər adamın içində var. Amma təbiət bunu hansı kriterilərlə
bölüşdürür, o istedadı necə, nə üçün verir, bunu hələ
bilmirəm. Yazıçılığın
yalnız bir səbəbi ola
bilər məncə:
daxili ehtiyac. Yəni söz səni narahat edirsə, yazmaq, ürəyini boşaltmaq istəyirsənsə,
bu işlə məşğul olmağın
mənası var. Bir də zamanla yazmaq sadəcə həyat tərzinə çevrilir. Bəlkə də
ən yaxın dostuna, əzizinə belə etiraf edə bilməyəcəyin
fikirlər yazdıqca
açılır, kağız
üstündə yer edir özünə.
Ona görə yazıçılıq bəzən
əzablı, amma həmişə xoş bir işə çevrilir sənin üçün...
- Sizcə, sənətinizdə
ən xoş olan, amma həm
də ən çətin olan nədir?
- Nədənsə yazıçılığı
peşə hesab edə bilmirəm. Artıq söylədiyim kimi, bu, həyat tərzidi, yaşamaq qaydasıdır. Və yəqin
ki, bütün həyatın, sənətlərin
çətin tərəfləri
olduğu kimi, yazıçılığın da öz qəlizlikləri
var. Amma bunların da olmaması mənasız edər yazmaq prosesini. Məndən
ötrü çətin
olan ürəyin, ruhun israfıdır.
Çünki bəzən
bunu idarə edə bilmirsən və hər yeni yazıdan sonra müharibədən çıxmış kimi
hiss edirsən özünü.
Düzdü, əgər yazdığın
ürəyincə olursa,
qalib ədası ilə çıxırsan
mübarizədən. Və yəqin yaradıcılığın
ən xoş tərəfi də elə bu qalibiyyət
duyğusudur. Hər
yeni yazı ilə yaşamaq və onun çapını
öz növbəti doğum günün kimi qeyd etməkdi
xoş olan...
- Ən böyük
qələbənizi və
ən böyük, təsirli məğlubiyyətinizi
təsvir edə bilərsiz?
- Doğrusu, uğurlarımın
siyahısını tutmaq
və ümumiyyətlə
bu haqda düşünmək xoşlamıram.
Çünki, məncə,
yaradıcı adamın
ən böyük bəlası arxayınlaşmaq
ola bilər.
Sən sadəcə işinlə
məşğul olursan,
uğurlar da, uğursuzluqlar da düzgün nəticə
çıxarmaq üçündür.
Amma bununla belə yaradıcı adam üçün
mükafatlar, yaxud zövqünə inandığın
adamların xoş sözləri stimuldur. Bu mənada ölkə
rəhbərinin sərəncamı
ilə Gənclər üçün Prezident mükafatı almağımı
unutmuram və hesab edirəm ki, gənc yaşımda
bu hadisə məndə özünəinam
yaratdı. Uğursuzluğa gələndə isə çalışıram nəticəni
təqdim etməzdən
əvvəl yüz dəfə yoxlayım, dostlarımın, sənət
bilicilərinin fikirlərini
öyrənim, səhvlərimi
düzəldim, bitkin olmayanı dəqiqləşdirim.
Amma yenə də hər bir yaradıcı adamın həyatında bu ola bilər və bundan sadəcə düzgün nəticə
çıxarmağı bacarırsansa,
elə uğursuzluqların
özündə də
fayda var.
- Uğurlu yazıçı
kimi yetişmək üçün hansı keyfiyyətlərə malik
olmalısan?
- Ümumiyyətlə, istənilən
sahədə uğur qazanmağın yolu zəhmətsevərlikdən keçir.
Bəzən tələbələrim məndən uğurlarınızın
sirri nədədir deyə soruşurlar.
Deyirəm birinci şərt
tənbəlliyə qalib
gəlməkdir. Zəhmət çəkməmək və
bu günün işini sabaha qoymaq üçün yüzlərlə səbəb
var və insan təbiət etibariylə rahatlığa
meylli olduğu üçün işləməməkçün
bəhanə tapmaq çətin deyil. Amma tək bircə səbəbi tutub çalışmaq, işləmək
lazımdır. Ancaq
sadəcə zəhmətkeşliklə
iş bitmir, təbiətin verdiyi istedad, üstəgəl, müşahidə qabiliyyəti
və yaddaş olmalıdı yazıçıda.
Ancaq yenə də, bu söylədiklərim resept deyil, tarixdə
tənbəl, amma uğur qazanan, yaxud istedadlı, ancaq yaddaşı zəif olan çoxsaylı sənətkarlar
olub. Yəni hər kəsin
öz üsulları
var.
- Hansısa bir əsəri yazarkən hansı çətinliklər,
maneələr üzə
çıxır və
siz onların öhdəsindən necə
gəlirsiniz?
- Zamanla, təcrübə topladıqca baryerləri aşmaq bacarığını
itiləmiş olursan,
ona görə bəzi çətinliklər
sadələşir. Mənim üçün
ən çətini daxili senzuradan keçməkdir. Yaradıcı
proses maksimum azadlıq tələb edir, amma sən
bəzən hansısa
səbəbləri nəzərə
almalı, onlara əməl etməli olursan. Ancaq yenə də
söylədiyim kimi, yazmaq vərdişi itiləndikcə çətinliklər
də sadələşir.
- Sizcə, yazıçı
özünə hər
şeydən əvvəl
hansı sualı verməlidir?
- Başqa yazıçıları
deyə bilmərəm,
amma mənim özümə suallarım
daha çox tələblərimlə bağlı
olur. Hər şeydən əvvəl
yazdıqlarım oxucuya
nə verəcək?
Bu gün yazdığım
dünənkindən fərqlənirmi?
Çalışıram ki, hər yeni yazı ilə bu suallara
müsbət cavab verim.
- Sizin əsas tənqidçiniz kimdir? Ümumiyyətlə, hansı tənqidə inanırsız? Özünüz özünüzü tənqid edirsinizmi?
- Özünə tənqidi yanaşmaq və gördüyün işdə səhvləri axtarmaq çox mühüm məqamdı. Çünki yaradıcı adam öz səhvlərini hamıdan yaxşı bilir və inkişaf üçün, irəli addımlamaq üçün bu səhvləri görmək, onları düzəltmək çox vacibdir. Həm də mənim təhsilim də filologiya olduğu üçün, bu sahədə də ədəbiyyatşünas kimi tədqiqatlar apardığım üçün bir az da peşəkar yanaşmağa çalışıram. Ətrafımda sözünə inandığım ədəbiyyat tənqidçiləri də var, onların qeydlərinə çox həssas yanaşıram. Bir də sənət zövqünə arxalandığım dostlarım var ki, onların fikirləri çox önəmlidi və dedikləri qeydləri nəzərə almağa çalışıram həmişə. Bilirsiz, bəzən belə fikir yaranır ki, yaradıcı adamlar tərifi sevirlər, amma mən belə düşünmürəm. Hər halda mənim üçün ən doğma adamın sadə bir "yazın xoşuma gəldi" ifadəsi yüz cür pafoslu tərifdən xoşdur.
- Sizin yaradıcılıq deviziniz, kredonuz varmı?
- Sənət xilasdır, işləmək isə səadətdir. Bəzən bu ideyanı müxtəlif esselərimdə işlədəndə dostlar məgər başqa nədəsə xoşbəxtlik yoxdu? - deyə irad tuturlar. Əlbəttə var. Amma bizim işimiz həm də özünlə, öz fikirlərinlə təkbətək qalmaq deməkdi. Bu isə hər insanın ehtiyacı olan rahatlıqdı. Yaradıcı adamlara bu rahatlığı yalnız sənəti yaşada bilir.
- Yaradıcılıq ilhamını nədən alırsınız? Ümumiyyətlə, yaradıcı ovqatı, işləmək üçün əhval-ruhiyyəni necə yaradırsınız?
- Şübhəsiz ki, insanı ilhama gətirən müxtəlif səbəblər var və zamanla ilham mənbələri də dəyişir. Dünən səni təsirləndirən, yazmağa sövq edən musiqi bu gün adiləşir. Yaxud zaman keçdikcə oxuduğun əsərlər başqa cür təsir edir, ya da heç təsir etmir. Ona görə peşəkarlıq artdıqca yaradıcılığın hansısa kənar səbəblərdən asılılığını azaltmağa çalışırsan. Məncə, əsas sirr yaşaya-yaşaya yazmaqdadı. Yəni həyatını dolu yaşamağı bacarırsansa, ordan yaradıcılıq üçün impulsları mütləq alırsan.
- Yazıçılar dünyasında kumirləriniz?
- Azərbaycan yazıçılarından ən sevdiyim Mirzə Cəlil Məmmədquluzadədir. Onun yazdıqlarını özümə ruhən çox yaxın hiss edirəm. Həm də Mirzə Cəlilin xarakter ustalığı məni hər zaman təsirləndirir. Onun yaratdığı xarakterləri canlı görürəm, hiss edirəm. Rus ədəbiyyatından Tolstoyu, Çexovu çox sevirəm. Çexovun soyuq nəsrinin, dramaturgiyasının daşıdığı isti ideyalar, az sözlə dərin mətləbləri deməsi çox heyrətamizdir. Tolstoyun isə peşəkarlığı, qeyri-adi yanaşmaları, dərinliyi çox maraqlıdı mənim üçün. Yəni yazıçı kimi bu yazıçıların yazı manerasından nələrsə öyrənməyə çalışıram hər zaman. Amma sevdiyim şairlərin, yazıçıların adlarını sadalasam, uzun bir siyahı alınar. Həm də universitetdə dərs deyən adam kimi mütaliəyə peşəkar yanaşmağa, sistemli oxumağa çalışıram.
- Elə bir mövzu varmı ki, heç zaman yazmazsınız?
- Doğrusu, "heç zaman heç zaman demə" fikrinə çox inanıram. Çünki həyatı hədsiz gözlənilməz hesab edirəm. Ona görə heç zaman yazmayacağım mövzular haqqında danışmaq çətindi. Bircə mövzuda çox dəqiq cavab verə bilərəm ki, vətənimə xəyanət sayıla biləcək heç nə yazmaram.
- Yaxın gələcəyə aid planlarınızı bölüşərdiniz...
- Hal-hazırda bir neçə
pyes və bədii əsər üzərində
işləyirəm. Həm böyüklər, həm də uşaqlar üçün
yazdığım pyeslər var ki, onlara Gənc
Tamaşaçılar Teatrında quruluş
verilir. Eyni zamanda, televiziya tamaşaları
üçün də müxtəlif
ssenarilər yazmışam. Bir neçə
hekayə eskizlərim var ki,
onları yaxın gələcəkdə yazmaq
istəyirəm. Həm də uzun müddətdir
üzərində çalışdığım romanı
nəhayət bitirib oxucularıma təqdim
etmək istərdim. Amma şübhəsiz
ki, söhbət yaradıcılıqdan
gedirsə, nə isə planlaşdırmaq yersizdi.
Çünki yaradıcı prosessin öz diktələri
var...
525-ci qəzet.- 2019.-22 iyun.- S.15.