Üsyankar tələbənin
düşündürən esseləri
Bu yaxınlarda "Qanun"
Nəşrlər Evində
gənc yazıçı
Türkan Turanın
"O" esselər kitabı
çapdan çıxıb. Kitabda müəllifin son bir il ərzində
"525-ci qəzet"də dərc olunan esseləri toplanıb. Azərbaycan Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid kitaba ön söz yazıb.
Xatırladaq ki, iyunun
24-ü, saat 12:00-da Azərbaycan
Yazıçılar Birliyinin
"Natəvan" klubunda
kitabın imza günü və təqdimat mərasimi keçiriləcək.
Rəşad Məcidin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik.
Təxminən 10 il əvvəl Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsindən
15-20 nəfərlik tələbə
heyəti "525-ci qəzet"ə
təcrübə keçməyə
gəlmişdi. Türkanla tanışlığımın
tarixçəsi də
elə həmin dövrə təsadüf
edir.
Gözüm həmişə fərqli
düşüncəli, istedad
işartıları olan,
zəhmətdən, çalışmaqdan
qorxmayan tələbələri,
jurnalistikaya həvəsi
olan gəncləri axtarıb. Bu əlamətlər
Türkanda da vardı. Amma ilk günlərdən o, həm də üsyankarlığı, barışmamağı,
mübahisə etməsi
ilə diqqətimi cəlb etdi. Elə ilk görüş zamanı xeyli deyişməyimiz yadımda qalıb. Baş redaktorla mübahisə edəcək dərəcəsində
cəsarətli idi.
Türkan sonralar müxtəlif media
orqanlarında - televiziya,
qəzet və saytlarda çalışdı,
məndən müsahibə
də götürdü. Onun ayağının
ilk dəydiyi, praktika keçdiyi "525"ə və
şəxsən mənə
münasibəti həmişə
fərqli olub və bu da
çoxlarını təəccübləndirib.
Ədəbiyyat və sənət barədə onunla tez-tez söhbətlərimiz
olurdu. Türk yazıçıları - Orxan Pamuk və
Elif Şəfəqdən
də danışırdıq,
bizim Ramiz Rövşəndən də.
Hiss edirdim ki, ədəbiyyata marağı
dərindir, gizlindədir.
Sonralar vaxtaşırı sosial şəbəkələrdə həm türk şairlərindən, həm
digər yazıçılardan
fərqli paylaşımlarına
rast gəlirdim. Hərdən
yazıları rastıma
çıxsa da, hiss edirdim ki, Türkan
özünü hələ
tapmayıb. Bir dəfə
ona Orxan Pamukun "Məsumiyyət
muzeyi" əsərindən
danışdım, əsərin
"Eşq acısının
anatomik yerləşimi"
hissəsi barədə
fikirlərimi bildirdim.
Türkan həmişə mənim sevdiyim, bəyəndiyim, adını
çəkdiyim əsərləri
tapıb, oxuyub, təbliğ edib. Bir dəfə saytlardan birində Türkanın eşq acısından yazısını gördüm
və "Məsumiyyət
muzeyi" barədə
söhbətimizi xatırladım.
Esseni bəyəndim və sosial şəbəkədə paylaşıb
təriflədim: "Türkan
Turan eşq acısından lap Orxan Pamuk kimi yazıb".
Türkan Turan son vaxtlar yazdığı esselərində
insanın ağrı
və əzablarını,
daxili təbəddüladlarını,
işgəncələrini, mənəvi ağrıların
fiziki ağrılara çevrilməsini və insan orqanizminin müxtəlif yerlərindəki
fəsadlarını qələmə
alır. Bəzən hətta heyrətamiz, az qala,
kəşf səviyyəsində
fikirlər söyləyir,
tapıntılar edir. Onun yazılarından bəzi fikirləri sizinlə də bölüşürəm:
"İnsanın heç
dırnağı ağrıyar,
dərisi sızıldayar? Ayrılıq bu cür anormal
ağrıları qabardır.
Bütün xəstəliklər baş qaldırır.
Güc tükənir, iştah kəsilir. Elə bil, boğazında
yumruq boyda nəsə qalıb.
Udquna bilmirsən. Yediyinin, içdiyinin
dadı olmur. Mədəyə pis xəbər
almış kimi ağrı dolur. Ürək döyüntülərin də
yavaşıyır sanki.
Qamətin şuxluğunu itirir"
("Günəş yenə
doğacaq").
"Nəfəs alırsan,
udduğun hava şüşə qırıntıları
kimi içinə dolur. Çiliklənmiş parçalar udlağını
didik-didik edərək,
qırtlağından keçib,
ağ ciyərinə
yeriyir. Öz gözündə o qədər eybəcərləşirsən
ki, birindən iltifat eşidəndə heyrətdən ağzın
açıla qalır,
davranışını itirirsən,
ani bir istilik
keçir bədənindən.
"Görəsən, bu sözlər mənə aiddir? Həqiqətən, mən buna
layiqəm? Onda niyə o, bunu görmədi?" deyə,
söylənirsən içində!
("Udduğum şüşə qırıntıları").
"Bir gün şirin
nağıl sona çatır, göydən
alma əvəzinə daş-qaya tökülür.
Baxırsan ki, qurduğun
qalanın bünövrəsi
torpaq yox, gürzə yığınının
üstündə ucalıb.
Özü isə qarşında
dayanır, gözlərindən
əqrəb kinini üstünə ələyir.
Təəccüblənirsən! Yenidən şahə qalxacağına
inanır, səbir edirsən. Sevginin gücündən doğulub, elə sevginlə bəslənib böyüyən narsisti qəbul etmək istəmirsən. Səbəbi özündə axtarır,
harada səhv addım atmağınla bağlı xırdalıqları
ələk-vələk edirsən.
Ağrıyan əzələn kimi olur - nə
kəsib ata bilirsən, nə ağrılara dözməyə
gücün çatır
("Göydən yerə
çırpılmaq").
"Onsuzluğa bir
dəfə alışdığınız
üçün ikincidən
də çəkinməyib,
təhdidlər edəcəksiniz,
"ayrılıram, gedirəm"
deyərək. Daha onun üçün ölməyəcəksiniz, çünki
bir dəfə onun sizin "qanınıza" bulaşmış
əlini görmüsünüz!
("Gedənin qayıtması").
Türkan 2018-ci ilin aprel ayından
"525-ci qəzet"ə mütəmadi esselər yazır. Hər essesində
də insanın hiss və duyğuları, ağrı və əzabları, müxtəlif
çalarları üzə
çıxır və
o yazılarda elə abzaslar, elə cümlələr olur ki, içəridən aşıb-daşan hədsiz
şövqü, böyük
enerjini hiss edirsən.
Mən həmişə fikirləşmişəm
ki, Türkanda fitri yazıçılıq
qabiliyyəti var və o, böyük əsərlər yazmağa
qadirdir.
Türkanın esseləri maraqla qarşılanır. Bu esseləri
gözləyən, öz
fikirlərini bildirən
xeyli insan var. Azərbaycanın tanınmış
ziyalıları da Türkanın yazılarına
maraq göstərirlər.
Yadımdadır, Ramiz Rövşən
bir neçə dəfə Türkanın
esselərini bəyəndiyini
bildirib və bu haqda fikirlərini
onun özünə də deyib. Bu mənada, inanıram
ki, bu kitab
oxucular üçün
də çox maraqlı olacaq.
Hər bir insanın
içərisində mənəvi ağrıları,
hansısa kədərli, yaxud sevincli ovqatları olur. Belə ovqatlarda nəsə oxumaq, təsəlli tapmaq
istəyirsən. Əminəm ki, bu kitab da
seviləcək və bir çox
oxucunun çarpayısının
yanında yer tutacaq, bəzən
hiss və ya
duyğuların onlara əzab verdiyi məqamda Türkanın esselərindən
hansısa abzası açıb oxuyanda
sakitləşəcək, rahatlaşacaq,
suallarına cavab tapacaqlar.
Mən kitabı oxuculara məmnuniyyətlə
təqdim etməklə onu da
demək istəyirəm ki, Türkanın
artıq ədəbi bilikləri xeyli zənginləşir.
Son vaxtlar Türkan böyük türk yazıçısı Zülfü Livaneli ilə
"525-ci qəzet" üçün
silsilə müsahibələr edib. O, Livanelinin yaradıcılığına
yaxşı bələddir. Təklif etmişəm
ki, kitabı "Livanelinin
gözü ilə" adlandırsın.
Əminəm ki, o kitab da çox
maraq doğuracaq, Azərbaycanda
və Türkiyədə xeyli oxucu qazanacaq.
İnanıram ki, Türkan
maraqlı romanları, musiqiləri, fərqli, çoxşaxəli
yaradıcılığı ilə sevilən Livanelinin
gözü ilə dünyanı,
Türkiyəni, Ankaranı, Azərbaycanı, İstanbulu, siyasəti, məhəbbəti... oxuculara tanıda biləcək.
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2019.-22 iyun.- S.14.