Qəhrəmanlıq dastanı - insan faciəsinin təsviri

 

 

 

Bu dəfə Lesli Blanşın "Cənnətin qılıncları" tarixi romanını oxudum. Əvvəlcə bir az çətin oldu, lakin getdikcə dramatizm, tarixi hadisələrin ardıcıllığı bir oxucu kimi məni çəkib apardı. Düzdür, çətinliyim olsa da, az yatdım, az dincəldim, vaxtdan bir az oğurlayıb kitabı bitirə bildim. Həcmli romandır, ona görə gərginlik yarandı.

Kitabın özü haqqında sözümüzü deməzdən öncə bir qeydimizi diqqətə çatdıraq. Bu kitabı oxumağı deputat İlham Məmmədov tövsiyə etmişdi. Bir müddət öncə onunla birlikdə maraqlı bir tədbirə dəvət edilmişdik. Tədbir öncəsi söhbət eləmək imkanımız oldu. Söz sözü çəkdi, kitab oxumağın üzərində diqqət kəsildik. Hörmətli deputat sözü gedən kitabı oxuduğunu, hələ təsiri altında olduğunu deyincə maraq məni götürdü, mütləq oxumaq qərarına gəldim. İki gün sonra isə artıq kitabı almışdım.

"Cənnətin qılıncları"nın əsas qəhrəmanı Qafqaz qartalı, 30 ildən çox çar Rusiyasının işğalçılıq siyasətinə - hərbi təcavüzünə sinə gərmiş, minlərlə müridlərini, öz doğmalarını bu yolda qurban vermiş Şeyx Şamildir. Onun bir Sufi mürşidi kimi yetişməsi, böyüyüb boya-başa çatdığı mühit, ümumilikdə Qafqaz coğrafiyasında baş verənlər geniş şəkildə, bəzən epizodik olaraq təqdim edilir. Paralel olaraq Sankt- Peterburq, Moskva ümumilikdə Rusiya da əsərin əsas mövzusudur. Başqa cür mümkün deyil. Çünki Şeyx Şamil Rusiyaya qarşı vuruşub. Bu işdə ona az da olsa Böyük Britaniya Osmanlı Türkiyəsi yardım edib. Ancaq bu yardımlar yetərli olmadığı üçün sonda Şamil məğlub olur.

Şamilin məğlubiyyətə qədər keçən yolu faciələrlə doludur. Bunların arasında 8 yaşlı oğlu Camaləddini Rusiya çarına girov verməsi olduqca kədərli hadisədir. Çünki bu 8 yaşlı avar balası Rusiya çarının himayəsində nəinki Qafqazlılıqdan, hətta demək olar ki, Şamilin oğlu olmaqdan belə çıxır. Sankt-Peterburqda onu elə yetişdirirlər ki, öz dilini unudur, mənsub olduğu xalqın adət-ənənələrini yadırğayır. Lakin əməlli-başlı savadlı bir gənc kimi yetişməsi diqqətçəkəndir. Bununla belə Şamilin illər sonra Tiflis knyazlarının ailə üzvlərini girov götürüb oğlu Camaləddinlə dəyişməsi bu gəncin faciəsi olur. Şamil onu artıq vətən bildiyi, sədaqət andı içdiyi Rusiyaya qarşı savaşdırmır, gözdən uzaq bir yerdə tutur. Gənc Camaləddin burada dərin xiffətə qapılır, xəstələnir ölür... Bu, Şamilin ən böyük faciəsidir bəlkə . Öz doğma oğlunu girovluqdan geri alıb tez bir zamanda itirmək hər ata üçün böyük faciə olardı.

Camaləddin uşaqlıqdan rusların təsiri altında olduğu üçün manqurtlaşmışdı. Şamilin əsl faciəsi həm bunda idi...

Kitabda Rusiya imperiyasının Qafqaz xalqlarına qarşı zülmü açıq-aşkar hiss edilir. Düzdür, müəllif bu halları ayrıntılarıyla təsvir etməyə həvəsli görünmür. Lakin hadisələrin gedişindən anlaşılır ki, çar Rusiyası Qafqazı sadəcə işğal etməyib. Həm burada soyqırımlar törədib, yerli xalqlara olmazın zülmlər edib...

Bütövlükdə diqqətçəkən məqamlarla zəngin əsərdə bizim üçün çox önəmli olan bir məqam təkrar-təkrar qarşımıza çıxır. Müəllif yazır ki, Şamil bütün müridlərinin onu anlaması üçün müraciətlərini türk-tatar dilində edirdi. Əgər hansısa şəraitdə geniş kütləyə müraciət etmək, nitq söyləmək zərurəti yaranırdısa, Şamil öz doğma avar dilinə deyil, Qafqazın ortaq ünsiyyət vasitəsi olan türk-tatar dilinə üz tuturdu. Çünki onun müridləri arasında avarlarla bərabər ləzgilər, çeçenlər, inquşlar başqa Qafqaz xalqlarının təmsilçiləri vardı ki, onların da anladığı ortaq dil türkcə idi.

Romanda qeyd edilir ki, Şamil Böyük Britaniya sarayına göndərdiyi məktubları da türk-tatar dilində yazırdı.

Şamilin bu 30 illik mücadiləsi, əlbəttə ki, qəhrəmanlıqlarla zəngindir. Üstəlik, möcüzə deyilə biləcək olaylar da yaşanıb. Onun özünün dəfələrlə gerçək ölümün ağzından qurtulması elə möcüzə sayıla bilər. Lakin bütün bunlarla bərabər, bu böyük Qafqaz övladının həyatı faciədir. Bəli, faciə.

Şamil hər cür silaha texnologiyaya sahib olan nəhəng bir imperiyaya qarşı əlində, demək olar, yeni heç bir silah olmadan vuruşurdu. O, qılıncla, xəncərlə qafqazlıların fanatik vətənpərvərliyi hesabına dünyanın ən qüdrətli dövlətinə qarşı bu qədər duruş gətirməklə, üstəlik, minlərlə imperiya əsgərini, zabitini - generallarını məhv etməklə hər saniyə tarix yazmağı bacarmışdı. Lakin günün birində bu azman cəngavər, böyük fədai demək olar ki, bütün ömrünü həsr etdiyi savaşdan vaz keçib çara təslim olmuşdu. Başqa yolu da qalmamışdı. Çünki onsuz da azsaylı olan Qafqaz xaqlarının sayı tükənmiş, Rusiyanın bitib-tükənməyən resursları qarşısında duruş gətirməz olmuşdu. Ona görə Şamil Qunib aulundakı son təmasdan sonra silahı yerə qoyaraq təslim olmağa məcbur qalmışdı.

Lakin əsl faciə Şamilin təslim olması deyildi. Əsl faciə onun sonradan rus mühitinə alışması, yeni dünyaya uyğunlaşması sonda çara sədaqət andı içməsi idi. Düzdür, onu buna məcbur edən yox idi...

Şamil ömrünü Mədinədə başa vurur. Davamlı müraciətlər sonucu çardan izn alıb müqəddəs torpaqlara yollanır. Sonra da Mədinə şəhərində qalıb yaşayır. Ömrünün son günlərində Məkkəyə yola düşür. Lakin yolda əcələ təslim olur onu geri qaytarıb Mədinədə dəfn edirlər...

Şamilin ailə üzvlərinin bir hissəsi sonrakı mərhələdə Rusiyadan çıxıb Osmanlı torpaqlarına yerləşir. Müəllifin kitabı yazdığı dövrə qədər orada Şamilin nəslindən olanlar yaşamaqdaydı. Kitab ilk dəfə 1960-cı ildə işıq üzü görüb.

... Bu kitabı oxuduqca insanın gözünün qarşısında sıldırımlarıyla insanı qorxuya salan Qafqaz dağlarında rəşadətlə vuruşan igidlər canlanır. Lakin eyni zamanda, dünyadan təcrid edilmiş bu coğrafiyada öz ideallarına fanatikcəsinə sadiq olan Şamil müridlərinin faciələri bir-birini sıralayır.

Əsərdə bəzən ardıcıllıq pozulur, yaxud da yersiz ekskurslar olur. Lakin Şamil, onun mücadiləsi faciəsi duyğuları yerində olan heç kimi biganə qoya bilmir. O cümlədən, bizi .

Lesli Blanşın "Cənnətin qılıncları" romanı bir qəhrəmanlıq dastanı olmaqla bərabər, həm insan faciəsinin təsviridir. Bu insan, mərkəzdə Şeyx Şamil olmaqla bütün Qafqaz xalqları, o cümlədən, müəllifin türk-tatar dediyi biz azərbaycanlılarıq. Faciəni yaşadansa tarixin bütün mərhələlərində öz amansızlığıyla seçilən Rusiya, onun manqurtlaşdırma siyasətidir...

Son söz: Bu kitabı oxumağı hər kəsə tövsiyə edərdim. Düzdür, tənqid edilə biləcək yönləri yox deyil. Amma ümumilikdə Şamil hərəkatına işıq tuta bilib. Yeri gəlmişkən, belə bir kitabı Azərbaycan oxucusuna qazandırmış “TEAS Press” nəşriyyatına ayrıca təşəkkür etmək istərdim. Deputat İlham Məmmədova isə təkrar təşəkkür edirəm ki, "Cənnətin qılıncları" oxumağıma səbəbkar oldu.

21 iyun 2019, Dədəli

 

 

Azər HƏSRƏT

 

525-ci qəzet.- 2019.-22 iyun.- S.9.