İtaliyada İkinci Azərbaycan Film Festivalı
başlayıb
İyunun
20-də Romanın "Villa Borghese" parkındakı tarixi
"Casa del Cinema" kino
evində İtaliyada İkinci Azərbaycan Film Festivalının rəsmi
açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının
İtaliyadakı səfirliyi,
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi,
Roma şəhər Meriyası,
"Casa del Cinema", "Zetema",
"RAI Cinema" kimi qurumların
təşkilatçılığı ilə keçirilən festivalın media tərəfdaşları
"Askanews" xəbər
agentliyi, AZƏRTAC, AzTV,
və "AzerbaijanNews"
xəbər portalıdır.
Festivalın rəsmi açılışında
İtaliyanın dövlət
rəsmiləri, parlament
üzvləri, mədəniyyət,
incəsənət aləminin
tanınmış nümayəndələri,
ölkədə akkreditə
olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin
təmsilçiləri, kinosevərlər
iştirak ediblər.
"Casa
del Cinema" kino evinin
"Teatro all'aperto Ettore Scola" açıq səma altında teatrında keçirilən rəsmi açılışda qonaqları
salamlayan Azərbaycanın
İtaliyadakı səfiri
Məmməd Əhmədzadə
ölkəmizin kino sənəti tarixindən danışıb, 2017-ci ildə
İtaliyada Birinci Azərbaycan Kino Festivalının
uğurunu nəzərə
alaraq, festivalın yenidən keçirilməsi
barədə qərar
verildiyini deyib, festivalın keçirilməsinə
göstərdiyi dəstəyə
görə bütün
təşkilatçılara və media tərəfdaşlara
təşəkkürünü bildirib.
Tarixi dostluğa və möhkəm əsaslara söykənən Azərbaycan-İtaliya
münasibətlərinin strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəldiyini, mədəniyyət
sahəsinin əməkdaşlığımızda
xüsusi yerinin olduğunu, bu kimi mədəni tədbirlərin xalqlarımızı
bir-birinə daha sıx bağladığını
deyən diplomat Azərbaycan
mədəniyyətinin İtaliyada
tanınmasında və
iki ölkə arasında mədəni mübadilələrdə Heydər
Əliyev Fondunun əhəmiyyətli rolundan
danışıb, festivalın
uğurla keçəcəyindən
və İtaliyada ölkəmizin tarixi, mədəniyyəti, həqiqətlərinin
çatıdırlmasına əlavə töhfə verəcəyindən əmin
olduğunu bildirib.
İtaliya Parlamentində Azərbaycanla
Parlamentlərarası Dostluq
Assosiasiyasının sədri
deputat Rossana Boldi Azərbaycanın zəngin mədəni ənənələrə malik
olduğunu, ölkəmizdəki
multikultural mühitin dünya üçün nümunə olduğunu bildirib. İtaliya və Azərbaycan
arasında yaxın tərəfdaşlıq əlaqələrinin
mövcudluğunu deyən
deputat, mədəniyyət
sahəsinin əlaqələrdəki
əhəmiyyətindən danışıb və
festival çərçivəsində nümayiş etdiriləcək
filmlərin italyanların
Azərbaycanı daha yaxından tanımasına
xidmət edəcəyini
deyib.
Roma şəhər Meriyasının
mədəni fəaliyyətə
məsul qurumu olan "Zetema"nın nümayəndəsi Patrizia
Bracci Azərbaycanın
Romada belə bir tədbir təşkil etdiyinə görə təşəkkür
edib, 2017-ci ildə uğurla keçirilmiş
Birinci Film Festivalı
çərçivəsində təqdim olunmuş filmlər vasitəsilə
italyanların Azərbaycanın
zəngin mədəniyyəti
və kino sənəti ilə ilk dəfə tanış olduğunu, İkinci Film Festivalının da uğurla keçəcəyinə
əminliyini bildirib.
Roma şəhərinin və
"Casa del Cinema" kino
evinin Azərbaycan mədəniyyətinin təqdim
edilməsinə hər
zaman şad olduğunu və bu xüsusda gələcəkdə digər
təşəbbüsləri də dəstəkləməyə
hazır olduğunu bildirib.
Festivalın rəsmi açılışından
sonra Azərbaycan kinematoqrafiyasının incilərindən
olan "Arşın
mal alan" (1945-ci il istehsalı) filmi nümayiş olunub.
İyunun
22-dək davam edəcək
İtaliyada İkinci Azərbaycan Film Festivalı
çərçivəsində, Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş,
baş prodüseri Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyeva olan "Son iclas" bədii-sənədli
filmi, "Nar Bağı",
"Üçüncü Günün Adamı",
"Təhminə" kimi
bədii filmlər nümayiş etdiriləcək.
Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və festivalın başlanmasından bir neçə gün
öncə çoxsaylı kütləvi informasiya
vasitələrində, o cümlədən,
"İl Messaggero",
"Askanews", "Romatoday",
"Agenzia Nova",
"Fashion News Magazine", "Funweek",
"Agenzia Stampa Italia", "Estate Romana", "Notizie Yahoo", "Notizie Tiscali", "Giornale Diplmatico", "Notizie
Geopolitiche", "Consul
Press", "Artista News" və sair kimi populyar qəzet, xəbər
agentlikləri və portallarda yazılar dərc
olunub.
525-ci qəzet.- 2019.-22 iyun.- S.13.