Moskvada Xalq rəssamı
Tahir Salahovun sərgisi
açılıb
Moskvada,
Rusiya Xarici İşlər Nazirliyinin
qəbul evində Azərbaycanın və Rusiyanın tanınmış
rəssamı, Rusiya Rəssamlıq Akademiyasının
vitse-prezidenti, SSRİ Xalq
rəssamı Tahir Salahovun sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərginin
açılış mərasimində
RF xarici işlər naziri Sergey Lavrov çıxış edib. Nazir qeyd
edib ki, Tahir Salahovun fəxri adları və təltifləri çoxdur, lakin onun ən böyük
mükafatı xalqın
sevgisidir. S.Lavrov
deyib: "Tahir Teymuroviç, öz işlərinizlə bizi sevindirməkdə davam etdiyinizə görə Sizə çox minnətdarıq. Əminəm ki, bu sərgi
bu gün burada iştirak edənlər arasında çox populyar olacaq. Ümidvarıq ki, bu gün buraya gələ bilməyən,
lakin bu işləri görmək
arzusunda olan insanların hamısı üçün bu ekspozisiyanı davam etdirəcəyik. Sizə yaradıcılıq
uğurları, cansağlığı
və həmişə
sənətkar kimi qalmağınızı arzu
edirəm".
Yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Tahir Salahov onun və qeyd edib ki, Bakıda "Expo Mərkəz"də keçirilən sərgi zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu RF XİN-in ordeni ilə təltif edib və Moskvada onun işlərinin sərgisinin keçirilməsini təklif edib.
Tahir Salahov deyib: "Sergey Viktoroviç sözünün üstündə durdu və Rusiyanın bu incəsənət və mədəniyyət məbədini, diplomatiya, həmrəylik və birlik məbədini, sülh, dostluq, səmimiyyət və həmrəylik məsələlərinin həll edilmiş olduğu və bu gün də həll edildiyi tarixi binanı mənim sərgim üçün təqdim edib".
Rəssam qeyd edib ki, RF XİN-in malikanəsində Qara Qarayev, Şostakoviç, Rıbak, Soljenitsın, Pikasso, Rauşenberq, Boris Yefimov, Salvador Dali kimi şəxsiyyətlərin portretləri, xalça texnikasında çəkilmiş rəsm əsərləri təqdim edilir.
Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova, RF XİN-in nümayəndələri, ictimai və siyasi xadimlər iştirak ediblər.
525-ci qəzet.- 2019.-22 iyun.- S.13.