Karolun bağı
Rəşad Məcid "Karolun bağına gəl, səni gözləyirik"
deyəndə, çox
sorğu-sual etmədən
yola çıxmışdım. Fikirləşmişdim ki, hər halda
"Karolun bağı"
restoran adıdır, Novxanı dairəsinə gedib, sağa dönən kimi tapa biləcəm.
Sahilə qədər gəldim, sağa-sola baxdım, gözümə otellərdən
və çimərlikdən
başqa nəsə dəymədi. Hardan biləydim ki,
dənizin qucağında
belə yaşıl cənnət gizlənib?!
Gözümüz o qədər
sementə, betona, mərmər döşəmələrə,
süni ot
örtüklərinə alışıb
ki, Bakıda bu cür yerlərin
ola biləcəyinə
bir növ yadırğamışıq. Deməli, bütün
hallarda önyarğılı
davranmaq lazım deyilmiş. Əsrarəngiz bağın girişi
yolun kənarından başlayır. Ağacların arası ilə sağa, üzü qapıya doğru addımlayırsan. Bir də
baxırsan, bənövşə,
alisiya, nilufər, yasəmən, lilya, zanbaq, jasmin, qızılgül, tülpan,
günəbaxan və
adını yaddaşımda
saxlamağa çətinlik
çəkdiyim onlarla
ekzotik çiçəklərin
arasındasan. Hər tərəf
yaşıllıqdır. Sevinc içərisində
balaca uşaq kimi gah o ağacın
üstünə qaçırsan,
gah bu çiçəyin
ləçəyinə əyilirsən,
bir tərəfdə gülü sığallayırsan,
o biri yanda ilk dəfə gördüyün
Amerika pamlemosunu, Çinin kinkanını,
evrika limonunu maraqla seyr edirsən.
Bura əslən
Masallıdan olan Rauf Rəhimovun ya da ləqəbi
ilə desək, Karolun Novxanı sahilində yerləşən
bağıdır. İxtisasca əczaçıdır
və biri biologiya olmaqla iki təhsil alıb. Özünün
dediyinə görə,
şəxsi aptekində
30 il əczaçılıqla
məşğul olub.
Bitkilərdən müxtəlif
dərmanlar hazırlayıb:
"Dərman hazırlamağın
şərtləri çox
ağırdır. Onun xüsusi
vaxtlarda yığırsan
- bəzisi səhər,
bəzisi günorta, bir çoxu da axşam yığılır.
Təbii
ki, burada hava şəraitinin necə olmağı da şərtdir. Xüsusi saxlama qutularında quruduram. Bir dərman əldə
eləmək böyük
əziyyətə və
məbləğə başa
gəlir. Ona görə
də məcbursan ki, baha qiymətə
satasan. Amma həmin qiymətə onu kimdir alan? Sərfəli olmur deyə,
dərman hazırlayanda
daha çox tozlardan, süni məhlullardan istifadə edirlər".
Karol deyir ki, 28 ildir
bu bağı qurub yaratmaqla məşğuldur və bu hələ də davam edir:
"Buranı 1990-cı ildə
gördüm. Gördüyünüz bu ərazi zibilxana
idi. Yanından keçmək mümkün
deyildi. Adamın nəfəsi kəsilirdi.
Hətta
o vaxtkı bələdiyyə
sədri buradan keçəndə hirslənirdi.
Çünki buranı yığıb-yığışdırmaq
olmurdu. Dövlət rüsumunu ödəyib
bu ərazini aldım. Sonra başladım əkib
becərməyə. Bundan əvvəl
Masallıda belə bağ salmışdım.
O vaxt hamı mənə deyirdi ki, elə səfalı
yerdə belə gözəllik yaratmağa
nə var ki?! Rayonun təmiz havası,
münbit şəraiti,
əlverişli imkanları
var. Bu mənə toxundu.
Gəldim Abşeronun bağrında
ondan daha da gözəlini yaratdım. Mən mümkün olmayanı
mümkün eləmişəm.
Bir gün bələdiyyə
sədri buradan keçəndə gördüyü
mənzərədən donub
qalmışdı. O dönəmlərdə
quşlar burada köç edirdi. Bir də görürdün ki, nə qədər
quş uçub gəlir".
Bağın ərsəyə gəlməyinin
ən başlıca səbəbi daşa dəyən məhəbbət
olub: "Çox sevdiyim bir qız
var idi. Həmişə istəyirdim ki,
ona qeyri-adi güllər verim. Ancaq həmin dönəmlərdə
bu cür gülləri tapmaq asan deyildi. Buna görə də
qərara gəldim ki, həmin qız üçün özüm öz əllərimlə gül
əkim ki, zəhmətimlə, alın
tərimlə hazırlanan
gül-çiçək olsun.
Bax, gördüyünüz güllü-çiçəkli,
qeyri-adi bağımın
tarixçəsi belə
başlayıb. Əczaçıydım, sevdiyim qız məni gülçü elədi. Bilirsiniz, adam aşiq
olanda yarından ötrü canından da keçməyə hazır olur. Fərhad Şirindən ötrü
o boyda Bisütun dağını yardı,
mən də bu bağı becərdim. Fərhadın çiyninə böyük
yük düşmüşdü,
mənimki ona baxanda asandır, gül əkib-becərirəm.
Güllərdə heç kimin
becərmədiyi, görmədiyi,
hətta xəyalına
gətirmədiyi rəng
almaq istəyirdim.
Buna isə əməlli-başlı
zaman lazım olurdu. Bir qızılgülün rəngini
dəyişmək üçün
7 il vaxt
lazımdır ki, sən bu vaxt
ərzində yeni bir gül alasan...
Mən bu bağı hazırlayıb qurtaranda həmin qız artıq mənim yarım deyildi. Onu başqasına ərə
verdilər. Bu hadisə ürəyimə
çox toxundu.
Yarım
var idi, gülüm yox,
Gül bəslədim,
yarım yox.
Sonra bunu qəbul etdim ki, mənim yarım ancaq bağımda əkdiyim əsrarəngiz güllər ola bilər. Mən o xanımdan otrü bu cənnəti qazanmışam. İndi artıq yaradanla bitkinin arasında vasitəçiyəm. Doğrudur, güllərin də ömrü az olur. Ancaq nəticədə 5 gün yaşasa da, gül kimi yaşayır. İnsan öləndə onu dəfn etdikdən sonra oğul, qız, digər doğmaları hamısı qayıdıb evə gəlir. Qəbir üstə kim qalır? Güllər, çiçəklər qalır. Bu baxımdan güllər insanlardan sədaqətlidir".
Karol deyir ki, cənnətdən fərqlənməyən bu bağın elə cənnət kimi də qonaqları olub. Ramiz Rövşən, Musa Yaqub kimi... Onlar arasında xaricdən gələn tanınmış şəxslər də az olmayıb: "Mənim üçün fərqi yoxdur, bu adam generaldır və ya sıravi vətəndaş. Əgər gülü-çiçəyi sevirlərsə, mənə görə xüsusi adamlardır. Amerikanın Azərbaycandakı səfiri, Oksford Unversitetinin direktoru Flipp burada olublar. Direktor bu bağa gələndə mən onu tanımırdım. Bağ onu özünə yaman çəkmişdi, heç cür təsəvvür edə bilmirdi ki, belə bir cənnəti necə yaratmışam. Hansısa amerikalıya, ya ingilisə mən heç cür başa sala bilməzdim ki, bura mənim ürəyimdəki sevginin cənnətidir. Bu bağla bağlı o qədər insanları tanımışam - akademiklər, professorlar, şairlər, yazıçılar. Hətta heç unutmuram, Flippə sual verdilər ki, bağa nə qiymət verirsən? Dedi, mən şokdayam, bu insan landşaft ilə arxitekturanı o qədər gözəlləşdirib ki, bağın hansı guşəsinə qədəm basırsansa, həmin guşə səni düşünməyə vadar edir. Sonra özünə gəlib, daha aydın münasibət bildirəcəyini demişdi. Sonra bildirmişdi ki, bu cür gözəlliyi yaratmağın üç əsas şərti var: hövsələ, bilik, məhəbbət. Flipp doğru deyirdi".
Rauf Rəhimov tikdiyi evin içi-çölü mərcanlardan ibarətdir. Dediyinə görə, noyabr ayında Dənizin sahilində dayanır, dalğa mərcanları vurub qumsala atanda onu toplayır. Bütün mərcanları bu cür yığıb gətirdiyini deyir. Gördüyü bütün işlərin sevgidən yarandığını, bunu dillə deyil, əməllə göstərməyin lazım olduğunu söyləyir.
Karolun dediyində böyük həqiqət var
- sevgini dillə deyil,
əməllə göstərmək lazımdır.
Türkan
TURAN
525-ci qəzet.- 2019.-22 iyun.- S.10