Kamal Abdulla: "Heç bir tələbəni
müəllimin, heç bir müəllimi də tələbənin
ayağına verməyəcəm"
AZƏRBAYCAN
DİLLƏR UNİVERSİTETİNİN REKTORU, XALQ
YAZIÇISI, AKADEMİK KAMAL ABDULLANIN "BBC
AZƏRBAYCAN"A MÜSAHİBƏSİNİ TƏQDİM
EDİRİK
- Kamal
müəllim, bu günlərdə sosial şəbəkələrdəki
səhifələrdən biri sorğu keçirmişdi və
səsvermə nəticəsində Azərbaycandakı
rektorların arasında ən yaxşı nəticəni siz
toplayaraq "İlin rektoru" seçilmisiniz. Öyrənmək istəyirəm ki, müəllimlərə
və tələbələrə yönələn hansı fəaliyyətlərinizə
görə sizə "İlin rektoru" adı verilib?
- Demək
çətindir, hansı məqama görə. Hər
halda, tələbənin gözü tərəzi
gözüdür. O, atdığı addımın
istiqamətini və mahiyyətini dəqiq bilir. Bir az çətin sualdır. Yəqin
ki, tələbə ilə ünsiyyətin formasına görə,
mahiyyətinə görə. Bu, universitetimizdə gedən
bir çox proseslərin demokratikləşməsi və şəffaflaşmasının
nəticəsi ola bilər. Mənim
bir devizim var. Bunu tələbələr də, müəllimlər
də çox sevir. Demişəm ki, mən
heç zaman heç bir tələbəni müəllimin
ayağına verməyəcəyəm, amma eyni zamanda,
heç bir müəllimi də heç bir tələbənin
ayağına verməyəcəyəm. Görünür,
bu iki bir-birinə əks qütbləri çətinliklə
də olsa, birləşdirmək təşəbbüsü və
cəhdi tələbələrin nəzərindən
qaçmır.
- Fasilələri
nəzərə almasaq, uzun müddətdir rektor olaraq
çalışırsınız. Əvvəl
Bakı Slavyan Universitetinin rektoru vəzifəsində
çalışırdınız, indi isə Azərbaycan
Dillər Universitetinin rəhbərisiniz. Ali
təhsilin keyfiyyətində, keyfiyyətinin
artırılmasında rektorun fəaliyyətini nədə
görürsünüz? Ali təhsilin
keyfiyyətinin artırılmasına konkret necə təsir
edirsiniz?
- Ali təhsilin
keyfiyyəti dedikdə, auditoriyalardakı dərsləri, tələbələrin
dərsdənkənar çalışmaları, məşğuliyyəti,
tələbələrin və müəllimlərin bir-biri ilə
auditoriyadan kənardakı ünsiyyətini nəzərdə
tutmaq olar. Biz çalışırıq ki,
bunları küll halında həyata keçirək. Müəllimlə tələbənin ünsiyyətini
təkcə dərs otağı ilə məhdudlaşdırmayaq.
Dərsdən də əlavə tələbənin
universitetdə kifayət qədər qalmaq səbəbi var və
müəllimin də dərsindən əlavə tələbələrlə
məşğul olmaq öhdəliyi var. Bunları bir-biri ilə
uzlaşdırmaq asan da deyil. Amma bu
uzlaşma baş tutanda görürsən ki, bu, müəllimin
də, tələbənin də daxili tələbatına
uyğundur, yəni bunu onlar özləri sanki istəyirmişlər.
Bizdə tələbələr var ki, dərsdən
sonra universitetdən getməyə tələsmirlər. Universitet çərçivəsində müxtəlif
şəkildə, həm azərbaycançılıq
ideologiyası, həm də peşəkar mütəxəssis
kimi yetişmələri istiqamətində qurulan elə
maraqlı məqamlar var ki, tələbə dərsini
qurtarandan sonra universitetdən getməyə tələsmir.
Müəllim də iş vaxtı qurtarandan sonra getməyə
tələsməməlidir. Biz buna
çalışırıq nail olaq. Yəni
üzvi surətdə bu məsələlər - tələbə-müəllim
münasibətləri, müəllimlərin başqa ölkələrə
və universitetlərə staj artırmağa getmələri
və qayıtmaları, universitetlərin bir-biri ilə əlaqəsi
təmin olunur. Təbii ki, bu gün
universitetlər hər biri öz qazanında bişən
universitetlər deyil. Onlardan çox
şey götürmək mümkündür.
- Son qeyd
etdiyiniz amil - universitetlərdə müəllimlərin və
tələbələrin, universitet işçilərinin
xarici ölkələrə təcrübə proqramlarına
getməsi sizin universitetdə nə dərəcədə
reallaşır, belə imkanlar varmı?
- Mən
sizə deyim, bu, çoxdan yaddan çıxmış,
unudulmuş məqam idi. Mənim yadıma gəlir,
hələ sovet dövründə müəllimlər staj
artırmağa başqa universitetlərə göndərilirdi.
Mən vaxtilə Dillər Universitetində
çalışmışam. Slavyan Universitetindən əvvəl
bu universitetdə fasilələrlə 16 il
kafedra müdiri vəzifəsində olmuşam. Yadıma
gəlir ki, o zamanlar SSRİ-nin müxtəlif şəhərlərinə,
müxtəlif respublikalara vaxtaşırı olaraq hər 5
ildən bir müəllimlər staj artırmağa gedirdilər.
Sizə deyim ki, onun çox güclü effekti
olurdu. Qayıdanda, əlbəttə, həmin
universitetin ən azı ab-havasını gətirirsən, onun
intellektual səviyyəsindən yeniliklər gələ bilir.
Bütün bunlar, mənə elə gəlir
ki, universitetin tam şəkildə bir universitet olaraq
bütün ciyərləri ilə nəfəs almağına
imkan verirdi. Bu, son zamanlar ona görə unudulmuşdu
ki, artıq imkanlar elə deyil, özümüz öz
gücümüzə nələrisə etməliyik. Buna baxmayaraq, artıq ikinci ildir ki, Belarus, Ukrayna,
Rusiyanın Linqvistik Universitetləri ilə əlaqələri
elə qururuq ki, müəllimlərimiz oraya
stajartırmağa gedə bilsinlər. Ən
maraqlısı odur ki, artıq biz o universitetlərdən staj
artırmağa gələnləri də qəbul etməyə
başlamışıq. Bu yaxınlarda bu
məqsədlə universitetə Kiyev Milli Linqvistik Universitetindən
iki kafedra müdiri gəldilər. Bu,
özü də siz dediyiniz əlaqələrin dərinləşməsinə,
möhkəmlənməsinə kömək edir.
- Bəs,
inkişaf etmiş dövlətlərin universitetlərinə,
Qərb universitetlərinə necə, getmək mümkün
olur?
-
Bilirsiniz, bunlar maliyyə məsələləri ilə
bağlıdır. Onların şərtlərinə
həmişə cavab verə bilmirik. Bununla
yanaşı, elə beynəlxalq proqramlar var ki, orada
iştirak bizi həmin universitetlərlə bir sırada müəyyən
məsələləri həll etməyə gətirib
çıxarır. Tədris məsələlərini,
elmi məsələləri, tələbələrin
mübadiləsini, onların başqa universitetlərə getməsi
və geri dönməsini. İspaniya, İngiltərə,
Rusiya, Fransa universitetləri, xüsusilə Strasburq universiteti,
Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialı, Ukrayna, Belarus,
Gürcüstan, İndoneziya və digər dövlətlərin
universitetləri ilə bizim yaxşı əlaqələrimiz
var.
- Slavyan Universitetində rektor olarkən
Yaradıcılıq fakültəsi
yaratmışdınız və o sahənin peşəkarları
müxtəlif fənləri hazırlayırdılar, tələbələrin
hazırlıqlarını yerinə yetirirdilər. Siz oradan
uzaqlaşandan sonra o fakültə fəaliyyətini
dayandırdı. Rektorlar ali təhsilin
idarəedilməsində nə qədər azaddırlar?
-
Universitet çərçivəsində mütləq
azadlığa malikdirlər. Mənim universitet rəhbəri
kimi azadlığımı heç nə məhdudlaşdırmır.
Nazirlik işimizi perspektiv və strateji istiqamətdə
qurmağımıza kömək edir. Köməyə
ehtiyacımız olan zaman öz köməyini əsirgəmir.
Cənab Prezidentin Sərəncamı ilə
bizim universitet Azərbaycanda dördüncü universitetdir ki,
publik-hüquqi şəxs statusuna layiq görülüb.
Bu, bizim müstəqilliyimizi bir qədər də
genişləndirir. Yaradıcılıq
fakültəsi ilə bağlı onu demək istərdim ki, bəli,
belə fakültə o vaxt yaradılmışdı. Məqsəd bizim yaradıcı gənclərin
intellektual səviyyəsinin artırılmasına xidmət
göstərmək idi. Mən ədəbiyyat
adamı olduğum üçün baxıb
görürdüm ki, bəzi gənclərimiz gözəl
şeir yaza bilir, ahəngdar, qafiyəsi, ritmi, hər şeyi
öz yerində, amma bu şeirin hansısa intellektual nəfəsi
çatışmır. Görürsən
ki, gəncin həvəsi var, amma o həvəsin arxasında
duran intellektual güc zəifdir, ya da yoxdur. Ona görə
də bizim məqsədimiz həmin gəncləri bir yerə
toplayıb onlardakı kulturologiya, dünya ədəbiyyatı
tarixi, qədim yunan mifləri, müasir Azərbaycan ədəbi
prosesi, ingilis dili, rus dili istiqamətində biliklərin dərinləşməsini
təmin etmək idi. Çox sevinirəm ki,
onların arasında elə gənclər var idi ki, bu gün
Azərbaycan ədəbiyyatında tanınmış
adlardır. Həmin ənənəni Dillər
Universitetində həyata keçirmək niyyətindəyəm.
Həmkarlarımla danışmışam, gənc
yaradıcı qüvvələrin həmin istiqamətlər
üzrə bizim köməyimizə ehtiyacı olduğunu
düşünürəm. Yəqin ki, dərslərə
sentyabr ayından başlayacağıq.
-
Prezidentin fərmanı ilə artıq rektorlar 5 il müddətinə təyin olunur. İctimaiyyətdə bəzi müzakirələr
var ki, rektorluq seçimlə olmalıdır. Sabiq təhsil naziri Firudin Cəlilov da BBC-yə
müsahibəsində demişdi ki, 1992-ci ildə Təhsil
haqqında Qanun hazırlayarkən rektorluğun seçim vasitəsilə
aparılmasını nəzərdə tutublar. Sizcə, niyə rektor seçki ilə deyil, təyinatla
olmalıdır?
- Öz
fikrimi izah edim. Rektorların seçilməsi
universitet kollektivi arasında ikiləşmə və ya
üçləşməyə gətirib çıxara bilər.
Bu, çox təhlükəli məqamdır.
Universitetdə çalışan rektor və ya
başqa şəxs öz namizədliyini verəcəksə,
ikitirəlik yarana bilər. Universitet mənəviyyat
nöqteyi-nəzərdən parçalana bilər. Bu da təhsilə son dərəcə pis təsir
göstərər. Azərbaycan universitetləri
arasında olan yeganə hal kimi, səhv etmirəmsə, 1987-ci
ildə Bakı Dövlət Universitetində rektor seçkiləri
yadıma düşür. O zaman universitetin
rektorluğuna iki nəfərin namizədliyi var idi. Rəhmətlik
Yəhya Məmmədov, Azərbaycanın görkəmli
riyaziyyatçı alimi və universitetdə uzun illər elmi
işlər üzrə prorektor kimi çalışan,
Azadlıq hərəkatında xüsusi xidməti olan insan və
digər görkəmli riyaziyyatçı, rəhmətlik
Mirabbas Qasımov. Heç kim inkar edə
bilməz ki, universitet kollektivi iki qütbə
bölünmüşdü. Yəhya müəllim
böyük fərqlə rektor seçildi və onun rektor kimi
böyüklüyü onda oldu ki, seçiləndən sonra
qütbləşməni dərinləşməyə
qoymadı. O, rektor seçildikdən sonra hamının
rektoru oldu, hamıya eyni dərəcədə, eyni obyektivliklə
münasibət bəslədi. Başqa halda
qütbləşmə kimyəvi reaksiya kimi davam edə bilər
və çox ciddi ixtilaflara gətirə bilər. Mən ona görə hesab edirəm ki, rektorların
təyin olunması daha məqsədəuyğundur.
- Dediyiniz
kimi, bu, parçalanma yaratmadı. Ola bilər ki, başqa
seçkilərdə...
- Ola bilər,
amma olmaya da bilər.
- Amma
görünür, siz böyük ehtimal hesab edirsiniz ki, bu,
olmaz...
- Cəmiyyət
bütövlükdə daxilən belə bir vəziyyətə
hazır olmalıdır. Seçki, ümumiyyətlə
subyektiv anlayışdır. Seçki,
müsabiqəson dərəcə obyektiv olunduğu deyilsə
də, subyektivlik məqamı hökmən özünü
göstərməlidir. O subyektivlik başqa bir
subyektivliklə qarşılaşdıqda nə doğura bilər,
bunu özünüz təsəvvür edin.
-
Bildiyiniz kimi, indi internet əsridir və internet vasitəsilə
azərbaycanlı tələbələr amerikalı,
avropalı, türkiyəli və digər tələbələrin
də təhsil prosesini izləyə bilir. Eyni
zamanda, onlar da azərbaycanlı tələblərin təhsil
prosesini izləyə bilirlər. Siz də,
yəqin, izləyirsiniz və müşahidə edirsiniz.
Sizcə, Azərbaycan ali təhsili,
ümumilikdə nələrdən geri qalır?
-
Çox maraqlı sualdır. Biz
yavaş-yavaş dünya kontekstinə daxil olmağa
başlamışıq. Yadıma gəlir,
sovet dövründə Yaponiyada səfərdəydim, Azərbaycan
mədəniyyət günləri keçirilirdi. Geri qayıdanda jurnalistlər mənə çoxlu
suallar verirdilər. Sual verdilər ki, biz
onlardan nə qədər geri qalırıq? Mənim
cavabım indiyə kimi yadımdadır: "Biz onlardan qətiyyən
geri qalmırıq, çünki biz başqa-başqa
qalaktikalardayıq". Bu gün artıq həmin
qalaktikalar birləşib və biz dünya kontekstinə daxil
olmağa başlamışıq. Bu
gün hansı universitetlə münasibətdə nəyin
çatışıb-çatışmadığını
saymaq olar, tələbə mübadiləsi var, tələbələr
oradakı ab-havanı görürlər, duyurlar, onun
aurasına düşürlər, o həyatı
yaşayırlar. Bir dəfə mühazirə
demək üçün Amerikanın Kolumbiya Universitetinə
dəvət olunmuşdum. Bu, qısa müddət baş
verdi. Geri qayıtdıqdan
sonra uzun müddət həmin təəssüratla
yaşamağa davam etdim. Əlbəttə ki,
görüb-götürməli çox şeyimiz var. Amma
bizim də verəcək az şeyimiz
yoxdur. Elə bu gün bizim universitetə
Amerikadan 10 tələbə gəlib. Soruşa
bilərsiniz, niyə gəliblər? Azərbaycan
dilini öyrənməyə. "Azərbaycan dilini
bunlar niyə öyrənirlər?" sualını mənə
versəniz, mən sizə deyərəm, bu gün Azərbaycanın
dünya miqyasında artan hörməti, şöhrəti, Azərbaycanın
regionda tutduğu önəmli və əsas, aparıcı
rolu onlara bu dili öyrənməməyə heç bir imkan
vermir. Yadınıza gəlirsə, o zamanlar rus
ziyalısı Bestujev-Marlinski demişdi ki, XIX əsrdə Azərbaycan
dilinin Qafqazdakı rolu fransız dilinin Avropadakı roluna bənzəyir.
Bu, çox doğru müşahidədir. Dağıstan xalqları bir-biri ilə hansı dildə
danışırdılar? Azərbaycan
dilində. Azərbaycan dilinin belə bir
mövqeyi və avtoriteti var idi. Bu gün
o, bərpa olunmağa başlayır. Amerikadan
gəlirlər öyrənməyə. Hələ
başqa ölkələri demirəm.
- Növbəti
sualım isə bu sualın davamıdır. Azərbaycanda
verilən ali təhsil bilikləri
müasir dünyada verilən ali təhsil biliklərindən nə
ilə fərqlənir?
- Mən
də sizə eyni sualın eyni cavabını verə bilərəm.
Elə sahələr var ki, biz onlarda
özümüzü balıq sudakı kimi hiss edirik. Çox rahatıq. Bu, Azərbaycan
ədəbiyyatı, dili, humanitar elmlərə daha çox
aiddir. Yəni "Azərbaycandan kənarda
bu səviyyədə bu bilikləri daha harada vermək
olar?" sualına cavabı tapmaq çətindir.
- Dillər Universitetini bu gün bitirən bir tələbə
ona verilən biliklərlə nə qədər uzağa gedə
bilir?
- Dillər Universitetini bu gün bitirən tələbə
öz imtiyazlarına görə Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə qədər
gedə bilir.
Bu gün bizim Baş nazirimiz cənab Novruz Məmmədov
Dillər Universitetinin həm məzunudur, həm də uzun illər
burada çalışıb. Hələ mən
nazirlərimizi, yüksək rütbəli məmurlarımızı,
səfirlərimizi demirəm.
- Tələbələrlə
münasibətdə onlara yaratdığınız şəraitdən,
tələbələrlə fərdi ünsiyyətə
üstünlük verdiyinizdən, onları müəllimlər
və idarəçilikdəki digər şəxslərdən
qoruduğunuzdan danışdınız. Soruşmaq
istəyirəm ki, Azərbaycanda və sizin universitetdə tələbələr
ictimai-siyasi hadisələrdə iştiraklarında, hər
hansı prosesə öz mövqelərini bildirməkdə,
universitetdən kənarlaşdırılmaq qorxusu olmadan sərbəst
şəkildə özlərini ifadə etməklərində
nə qədər azaddırlar?
- Tam sərbəst şəkildə bizim tələbələrimiz özlərini hər yerdə ifadə edə bilirlər, öz siyasi şüurlarını formalaşdırmaq imkanları var. Biz bunun üçün xüsusi çalışırıq ki, onlar cəmiyyətdə gedən proseslərdən, internet səhifələrindən kənarda qalmasınlar. Dünya ilə təmasın mümkün olan bütün effektiv yollarından istifadə etsinlər. Bunun üçün biz də əlimizdən gələni edirik. Bir layihəmizi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Universitetdə çox maraqlı layihə həyata keçirilir. Universitetdə bütün birinci kurs tələbələri - təəssüf ki, imkanımız ancaq birinci kurs tələbələrinə çatır - kitab dükanından aldığı kitabların qəbzini verib pulunu geri qaytara bilirlər. Yəni universitet birinci kurs tələbələrinin öz evində şəxsi kitabxanasını formalaşdırmağın əsasını qoyur və bu istiqamətdə ona kömək etməyə çalışır. Bu da həmin müəllim-tələbə münasibətlərinin bir hissəsidir.
- Universiteti bitirən tələbələr sonradan magistratura pilləsinə qəbul olmaq üçün hazırlıq kurslarına gedirlər. Əksər hallarda bu kurslar akademik sahənin kursları olmur, universitetə bağlı olmayan, fərdi şəxslər və ya təşkilatlar tərəfindən göstərilən xidmətlər olur. Siz necə düşünürsünüz, bakalavr pilləsinin tələbələrinin aldığı təhsil kifayət etmir ki, onlar yenidən hazırlığa gedirlər?
- Bu da maraqlı sualdır və təhsil
sisteminə içindən baxmağa sövq edir. Söhbət
ondan gedir ki, magistratura sisteminə daxil olmaq tələbləri
yüksəlib. Bu tələblərlə bakalavriat tələbləri
bəlkə də mütənasib uyuşmaya gəlib
çıxmayıb. Bu da ola bilər.
Əslində, "ola bilərlər"in
hamısından daha vacib kriteriya var. Universitet tələbəyə
mütəxəssis kimi formalaşması üçün
lazım olan biliyin 70-80 faizini verə bilir. Yerdə qalan isə gəncin özündən
asılıdır. "Mənim universitetlərim"
adlı anlayış var. Hər bir gəncin həyatında
oxuduğu universitetdən əlavə, öz universiteti də
olmalıdır. Bu zaman, məncə,
magistratura problemi də olmaz. Təəssüf
ki, bizdə həmin tələbələr ehtiyacları
olduqları qədər təhsil almır. Amma tələbənin
özü də əlavə təhsil almağa ehtiyacı
olduğunu hiss edirsə, bunun özü də balaca şey
deyil.
- Yəqin, müşahidə edirsiniz, beynəlxalq təşkilatlar dünya universitetlərinin reytinq cədvəllərini dərc edirlər. Biz adətən, Azərbaycanı ya bu siyahılarda heç görmürük, ya da çox aşağı mövqelərdə görürük. Sizcə, bunun səbəbi nədir?
- Reytinq cədvəlləri son dərəcə
subyektiv istiqamətlərdən düşünülüb
ortaya çıxarılan cədvəllərdir. Yəni
reytinqin özünün məqsədindən asılı
olaraq, mən elə bir reytinq cədvəli düzəldə
bilərəm ki, bizim universitet dünyada birinci olar. Azərbaycanda
xarici dillərin öyrənilməsi. Bu, Harvardda var? Yoxdur. Yəni
reytinqi elə quraram. Beynəlxalq səviyyədə qəbul
olunmuşdursa, o zaman niyə müxtəlif reytinq cədvəllərində
müxtəlif universitetlər çıxır? Burada cəmiyyətin
bütövlükdə inkişafı vacibdir. Reytinq cədvəllərinin
qurulmasında əsas məsələlərdən biri, məsələn,
həmin universitetdə neçə nəfər Nobel
mükafatçısının
çalışmasıdır. Bu, çox vacib prinsipdir. Gərək
cəmiyyət Nobel mükafatçısına malik olsun,
düzdür? Elə məsələlər var ki, universitetin
özündən asılı deyil. Cəmiyyət gərək
o məqama hazır olsun. Azərbaycan cəmiyyəti bu gün
inkişaf edir, bugünkü Azərbaycan dünənki Azərbaycan
deyil. Biz baxırıq və çox zaman bunun fərqinə
varmırıq. Bu gün kəndlərimiz, şəhərlərimiz,
küçələrimiz, binalarımız,
bağlarımız, bağçalarımız dəyişir.
Bununla yanaşı, bu gün Azərbaycan insanı mənən
dəyişir, daxilən dəyişir. O, artıq dünənki
insan deyil. Bugünkü Azərbaycan insanı, prinsip etibarilə,
öz şəxsi mənafeyini ictimai mənafedən yüksək
tutmayan insandır. Şəxsi mənafeyini saxlayıb, ictimai
mənafeyini irəli buraxan insandır. Vətən, ölkə,
himn, bayraq, Prezidentini hər şeydən yüksək tutan
insandır. Təmayül, meyl bu istiqamətdədir. Bu,
çox vacib göstəricidir. Bu göstərici
bütövlükdə həyata keçdikcə, mən hesab
edirəm ki, hər şey zamana bağlıdır və o
dediyiniz məsələlərin də bir çoxu
zamanında həll olunacaq.
525-ci qəzet.- 2019.-22 iyun.- S.8-9.