Qayanın lovğalığı

 

Hekayə

 

 

 

Uca dağların, gen dərələrin ətəyində suyu bol, torpağı bərəkətli balaca bir kənd var idi.

Camaat ormanlarda, göz işlədikcə uzanıb gedən otlaqlarda mal-heyvan saxlayır, buz bulaqlardan su içib şad-xürrəm yaşayıb dərd nə olduğunu bilmirdi. Buna görə də hamı uzun ömür sürürdü. Adamlar yaşayıb-yaşayıb yaşlanar, sonra qocalardılar. Hamı bir-biri ilə yola getdiyindən heç vaxt dava-dalaş olmazdı. Cavanlar ağsaqqallara qulaq asar, məsləhətləri eşidərdilər. Ona görə də kənddə xeyir-bərəkət var idi. Tez-tez məhəllələrdən toy səsi gələrdi. Çox zəhmətkeş olan kənd adamları gün çıxandan şər qarışanadək çalışıb işləyər, bolluq içində yaşayardılar.

Gen dərədən kəndə uzanan dar cığırın üstündə böyük bir qaya var idi. Neçə illər idi ki, o, məğrurcasına gündüzlər Günəşi, gecələr isə Ay və ulduzları salamlayırdı. Diqqətlə baxanda bir az yumruğa da oxşayırdı. Deyirdin, bəs, elə indicə barmaqlarını açıb əlini yuxarı qaldırıb buradan keçənləri salamlayacaq. Qaya el-obanın igidlik simvoluna çevrilmişdi. Elə bil qürurla dayanıb kəndə keşik çəkir, camaatı xəstəlikdən, şər qüvvələrdən qoruyurdu. Qayanın iriliyi, gözəlliyi buradan keçənləri valeh edirdi. Xarici turistlər də tez-tez gəlib onun şəklini çəkirdilər. Onlar yalandanmı, yoxsa gerçəkdənmi gəzib dolaşdıqları ölkələrin heç birində belə gözəl, əzəmətli qaya görmədiklərini deyirdilər. Onun bənzərsiz quruluşu, əzəməti həm dərəyə, həm də kəndə yaraşıq verirdi.

Qayanı özlərinə arxa bilən balaca daşlar da onun ətrafında rahatca yaşayıb ömür sürürdülər. Qayanın qorxusundan heç kəs onlara toxuna bilmirdi. O da balaca daşların xətrinə dəyməz, onları kölgəsində saxlayardı. Gözəlliyinə baxanlar qayanın ünvanına həmişə xoş sözlər deyirdilər. Bəzən də əndazəni keçib onu həddən ziyadə tərifləyirdilər. Yaxşı deyiblər ki, hər gözəlin bir eybi olar. Qayanın bir pis xasiyyəti var idi: deyilənə tez inanırdı, tərifləri eşitdikcə çox razı halda sinəsini irəli verir, özünü daha da güclü göstərməyə çalışırdı. Günlər keçdikcə dünyanın ən gözəl qayası olması ilə öyünüb heç kəsi bəyənmirdi. Birgörürdün, heç nədən hirslənib aşağıdakı balaca daşların üstünə qışqırıb danlayırdı. Heç elə bil illərcə daşlarla bir yerdə mehriban yaşayan həmin qaya deyildi. Hələ hərdən onlara lağ da edirdi:

- Ey, siz, zəiflər, balacalar! Mən sizdən çox güclüyəm. Hərdən aşağıda möhkəm danışıb, qışqır-bağır salıb məni narahat edirsiniz. İstəsəm, elə bu dəqiqə sizi əzim-əzim edib tozunuzu göyə sovuraram.

Yazıq daşlar da qayanın qorxusundan səslərini çıxarmırdılar. Əslində, onlar heç möhkəm səs-küy salmır, elə həmişəki kimi asta-asta öz aralarında söhbət edirdilər. Sadəcə olaraq, qaya təriflərdən başı gicəlləndiyindən belə edirdi. Yalandan qışqırıb hirslənəndə çox möhkəm tərpənirdi. Belə olanda əsrlərdən bəri qayanı qolları üstə saxlayıb göylərə qaldıran torpaq da əzilirdi. Torpaq qayaya deyirdi ki, sən tez hirslənib özündən çıxma, axı o daşlar heç elə ağılsız-kamalsız deyillər, çox da ucadan danışmırlar, belə cılız hərəkətlər sənə yaraşmaz, sən uca zirvədən göylərə bax, günəşlə salamlaş, ayla, ulduzlara danış.

Qayanı tərifləyənlər isə onun avamlığından istifadə edib elə hey dil-boğaza qoymur, yalan uydurma sözlər deyib onun ağlını başından çıxarırdılar. O da bu sözlərə inanıb lovğalanırdı. Təriflərdən başı gicəllənən qaya son vaxtlar sadəliyini itirmiş, xeyli dəyişilmişdi. Yalnız onu yalandan tərifləyənlərə qulaq asır, doğru danışanlara məhəl qoymurdu. "Yer üzündə tayı-bərabərim yoxdur. Məndən əzəmətli, ucadahi qaya ola bilməz", - deyir, onu çiyinlərində saxlayan, güc-qüvvət verən torpağı da eşitmirdi. Təngə gələn torpaq bir gün ona dedi:

- Ay əzəmətli qaya, əsrlərdir səni bu zirvədə saxlayıram. Heç vaxt yaddan çıxarma ki, sən bu zirvəyə, ucalığa camaatın və mənim hesabıma yüksəlmisən. İndi birdən-birə sənə nə oldu ki, dəyişdin? Məni də, o balaca daşları da, heyranın olan insanları da bəyənmədin. Yalan sözlərə inanma, təriflərə uyma. O sözləri deyənlər səni yoldan çıxarıb ayağının altını qazırlar. Üzünə gülüb gecə-gündüz sənə tərif yağdıranlar, arxanca xoşagəlməz sözlər də deyirlər. Onlar səni buradan aşağı aşırmaq istəyirlər. Amma sən zirvələrə layiqsən. Gəl, hamıyla mehriban dolan. Yoxsa səbrim tükənər, səni zirvədə saxlamaram.

Qaya torpağın ağıllı məsləhətlərinə qulaq asmadı. Hələ bir gün acıqlanıb ona dedi: "Məni qolların üstündə saxlamaq sənin borcundur. Sən mənim bütün şıltaqlığıma dözüb, əmrlərimi yerinə yetirməlisən", - dedi. Torpaq hər gün qayadan belə bezdirici sözlər eşidirdi. Ətrafdakı daşlar, kol-koslar da onun əlindən təngə gəlmişdi. Acı sözlərdən qolları boşalan torpaq daha qayanı zirvədə saxlamaq istəmirdi. Balaca daşlar, çiçəklər, otlar da onun əlindən baş götürüb yavaş-yavaş başqa yerlərə köçürdülər. Torpaq görürdü ki, əgər onlar getsələr, dərə-təpələr cəhənnəmə dönəcək. Lovğa qayanın əlindən heç kim cığırdan keçməyəcək. Çətin də olsa, torpaq qayanın acı sözlərinə dözüb onu çiyinlərində saxlayırdı. İstəmirdi ki, bu yerlərin gözəlliyi itsin, camaatın zövqü korlansın. Amma daşlar, ot və gül-çiçəklərin acıq edib buralardan getməsi torpağı fikrindən döndərdi. Qaya isə məsləhətə qulaq asmır, köçənləri saxlamaq əvəzinə, hələ onlara lağ da edirdi:

- , tez olun, çıxın gedin! Buralar sizə yaraşan deyil, zirvələr mənim yerimdir.

Torpaq bildi ki, onlar gedəndən sonra bu yerlərdə həyat cansıxıcı olacaq. Lovğa qaya gününü göy əskiyə bükəcək. Buna görə onunla tək qalmaq istəmirdi. Çünki o, gül-çiçəklərlə, daşlarla nəfəs alırdı. Torpaq köçmək istəyən daşları, otları, çiçəkləri səsləyib dedi:

- Hələ getməyin, ayaq saxlayın. Siz bu yerlərin qədim sakinlərisiniz. Buralar sizə dədə-babalarınızdan qalıb. Lovğa qayaya görə doğma ocaqlarınızı tərk etməyin. İstəyirəm ki, sonuncu dəfə onu dilə tutum, fikrindən döndərməyə çalışım.

Köçənlər ayaq saxladılar. Torpaq qayaya xeyli yalvarıb-yaxarsa da, o, yola gəlmədi. "Yer üzündə tayı-bərabərim yoxdur. Qarşımda heç kəs dayana bilməz. Hamıdan ağıllıyam, müdrikəm, dahiyəm, uzaqgörənəm. Mən hələ uzun illər zirvədə dayanıb rəhbəriniz olacam", - söylədi. Torpaq isə: "Başımın üstündə sənin kimi lovğa, özündən zəifləri əzmək fikrində olan, insanları bəyənməyən qayanın dayanmasını istəmirəm", - dedi. Sonra da ana torpaq yavaş-yavaş qollarını aşağı saldı. Qaya özünü narahat hiss edib yerindən laxladı, əlini atıb möhkəm bir yerdən yapışmaq istədi. Amma əli göydən asılı qaldı. Böyrü üstə aşıb gözləri çəplənəndə bayaq dediyi yersiz sözlərindən peşman oldu. Tez dil töküb torpağa yalvardı ki, onu öz yerinə qaytarsın. Amma daha gec idi. Bayaqdan lovğa-lovğa danışan qaya qışqırıb kömək üçün torpağa, daşlara yalvara-yalvara böyrü üstə aşdı, nərilti-gurultu ilə bir göz qırpımında yerə sərildi. Hər yan toz-torpağa büründü. Yerə yıxılan qaya ha çalışsa da, özünü torpağın üstündə saxlaya bilməyib sürətlə üzüaşağı dığırlandı.

Lovğa qayanın uğultu ilə dərəyə aşması hər tərəfə səs saldı. Ətraf toz-dumana büründü. Balaca daşlar, otlar, çiçəklər onun arxasınca ötəri baxdılar. Qaya çevrildikcə ora-burası əzilib parçalanır, xırda daşları da qoparıb arxasınca dərənin dibinə aparırdı. Daşlar da sürətlə üzüaşağı dığırlanırdı. Sanki onlar lovğa qayanın arxasınca düşüb onu dərənin dərinliyinə qovur, qisas almaq istəyirdilər. Qaya aşağı dığırlandıqca qışqırıb nə isə deyirdi, amma sözlərini başa düşmək olmurdu. Həmişə uzun-uzadı tərif yağdıranlar bu dar ayaqda, heç ona yaxın da durmadılar, kömək etmədilər. Çünki onların məqsədi qayanı uca zirvədən aşırmaq idi. İndi həmin adamlar onun arxasınca baxıb sevinirdilər.

Qaya dığırlana-dığırlana dərənin dibinə çatıb sürətlə çaylağa çırpıldı. Çırpılan kimi də əvvəlcə iki-üç yerə bölündü, sonra da xırda hissələrə parçalandı. Arxasınca üzüaşağı dığırlanan daşlar gəlib ona çatdılar. Az vaxt ərzində onlar qayanın üstünə qalandılar. Bir topa iri daş yığını əmələ gəldi. Qayanın heç yeri görsənmədi. Həmişə gen dərələrə, kəndə yaraşıq verən qaya lovğalığından zirvədən yıxılıb dərənin dibinə dığırlanandan sonra torpaq da, yaxınlıqdakı daşlar da, gül-çiçəklər də rahat nəfəs aldılar. Üstünə qalanmış daşların arasından heç yeri görə bilməyən qaya hey əlləşib çalışırdı ki, ayağa qalxsın. Amma əl-ayağını, başını tapa bilmirdi. İstədi ki, həmişə vüqarla dayandığı yüksəkliyə heç olmasa son dəfə gözüdolusu baxsın. Ha çalışsa da, bacarmadı. Yavaş-yavaş can verib öldü.

Qayanın zirvədəki yeri boş qaldı. Dərə-təpələr əvvəlki görkəmini itirdi, təbiətin ahəngi pozuldu, torpağın rəngi dəyişdi. Çox keçmədi ki, kəndə xəstəlik yayıldı. Camaat ağır, sağalmaz dərdə düçar oldu. Qocalarla, yaşlılarla bərabər cavanlar da öldülər. Dünyagörmüş yaşlı kişilər bunu qayanın yıxılmasında, yerinin boş qalmasında gördülər. Bir müddətdən sonra kəndə başqa bəlalar da üz verdi. Yaşıl meşələr saraldı, otlaqlar, ormanlar daşlaşdı. Bulaqlar, çaylar qurudu. Əkin-biçin yerlərinin bərəkəti qaçdı, aclıq və susuzluq başlandı. Camaat düçar olduğu bu bəladan xilas olmaq üçün gecə-gündüz Allaha yalvarıb dualar etdi, qurban kəsdilər. Xəstəlik ayaq açıb bütün kəndə yayıldı. Ölümlərin qarşısı alınmasaydı, bir müddətdən sonra evlər boş və kimsəsiz qalacaqdı. Sonra insanları məhv edən bu xəstəlik başqa kəndlərə, başqa şəhərlərə də yayılacaq, yavaş-yavaş dünyanı ağzına alıb bütün canlı aləmi məhv edəcəkdi. Ağsaqqallar çox baş sındırıb düşünüb-daşınandan sonra belə qərara aldılar ki, dərənin üstünə başqa bir qaya tapıb qoysunlar. Özündə güc-qüvvət hiss edən, ayaqları yer tutan hər kəs qaya axtarmağa yollandı.

Çox keçmədi ki, gedənlər şad xəbərlə geri döndülər. Əvvəlki qayadan böyüyünü və gözəlini tapmışdılar. İndi onu gətirib boş qalmış dərin çalaya salmaq lazım idi. Camaat ümid edirdi ki, bundan sonra xəstəliklərin qarşısı alınacaqdı. Qaya bir az uzaqda olduğundan onu gətirmək xeyli vaxt aparacaqdı. O vaxta qədər kənddə xeyli adam öləcəkdi. Bu işi bir az tezləşdirmək üçün böyüklü-kiçikli hamı ayağa qalxdı. Amma nə qədər çalışsalar da, qayanı yerindən tərpədə bilmədilər. Sonra onu gətirmək üçün gecə-gündüz dayanmadan işləyib meşədən ağacları kəsib yondular, enli bir araba düzəltdilər. Çətin olsa da, qayanı arabanın üstünə aşırıb kəndirlə möhkəm-möhkəm sarıdılar. Sonra onu darta-darta irəli apardılar. Sakinlər düşdükləri bəladan qurtarmaq üçün ac-susuz qalsalar da, dayanmadan irəli gedir, qaranlıq düşəndə məşəllər yandırıb onun işığında arabanı kəndə tərəf çəkirdilər. Min bir əzabla üstünə qaya qoyulmuş arabanı beş gündən sonra dərənin ətəyinə gətirib çıxartdılar. Hamı birləşib yavaş-yavaş qayanı yuxarı qaldırdı. Ana torpaq camaatın bu yolda necə böyük əziyyət çəkdiyini görürdü. O da xalqa kömək etməyə çalışırdı. İnsanlar qayanı birtəhər zirvəyə çıxarıb əvvəlki qayanın yerinə aşırdılar. Torpağın ondan xoşu gəldi, tezcənə ağuşuna alıb qolları üstünə qaldırdı. Qaya da torpağı sevib az vaxt ərzində onunla dostlaşdı, ətrafdakı xırda daşları, otları, gül-çiçəkləri ehtiramla salamladı.

Təzə qaya zirvədə əzəmətlə dayanandan sonra təbiət əvvəlki ahənginə düşdü, torpaq öz rənginə qayıtdı. Kənddəki xəstəliklər də, camaatı üzən qəm-qüssə də qeybə çəkildi, hamının üzü güldü, ürəyi açıldı. Daha cavanlar xəstələnib dünyalarını dəyişmədilər. Əvvəlki kimi yaşadılar, qocaldılar-qocaldılar, sonra öldülər. Uca zirvədəki yeni qaya insanları ağır xəstəliklərdən qorudu. Kənddəki bulaqlar, çeşmələr yenidən çağladı, meşələr yaşıllaşdı. Ormanlar, otlaqlar daşlaşmadan qurtuldu, torpaq cana gəldi, həyat əvvəlki axarına düşdü. 

Kəndə tərəf uzanan dar cığırdan keçənlər göylərə ucalan bu yaraşıqlı qayaya heyranlıqla baxırdılar. Xarici turistlər yenə də qayanın şəkillərini çəkib tərifləyirdilər. Amma bu qaya yalançı sözlərə aldanıb özündən çıxmır, heç kimə yuxarıdan aşağı baxıb lovğalanmırdı. Torpaqdan güc aldıqca göylərə ucalırdı. Ayla, ulduzlarla danışır, buludlarla salamlaşırdı. Onun başının üstündə yalnız qartallar, şahinlər qanad çalır, rahat-rahat süzüb qıy vururdu. Adamlar isə əvvəlki kimi xoş, firavan yaşayırdılar...

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.21.