"Arif Məlikov" kapriççiosu   

 

 

 

"Arif Məlikov daha Yer adamı deyil, bizləri tərk edib əbədiyyətə uçdu, uçdu ki, orada Üzeyir bəyin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Xəyyam Mirzəzadənin... ruhları ilə görüşsün, o ruhların sırasına daha bir dahinin ruhu qatılsın...

Yeni məkanın, ölməzliyin mübarək, ustad!

Siz Azərbaycanı, öz xalqınızı çox sevirdiniz və həmişə, hər yerdə başucalığı gətirdiyin bu xalq da sizi heç vaxt unutmayacaq! Siz bu xalqın ruhunu yaşatdiğınız kimi bu xalq da sizi yaşadacaq, böyük insan!"

Mən bu sətirləri mayın 9-da əllərim əsə-əsə, klaviaturanı görməyimə mane olan göz yaşlarımı cib dəsmalıma hopdura-hopdura yazmışdım - ustadın ruhuna onun sənətinin pərəstişkarının dediyi ağı - rekviyem kimi.

Amma Arıf Məlikov kimi əbədiyaşar sənətkarları, fenomenal şəxsiyyətləri yalnız rekviyemlə yad etmək günahdır; onların həyatı, yaradıcılığı, şəxsiyyətinin miqyası bizlərə zəngin səs qammalarının dili ilə nikbin ovqat aşılayan kapriççio janrının ölçülərinə, ab-havasına daha uyğun gəlir, çünki dahilər yalnız bir dəfə qeybə çəkilsələr də, dəfələrlə yenidən doğulan xoşbəxt insanlardır.  Və mən 1998-ci ildə ustaddan aldığım müsahibəni  bəzi ixtisarlar və müəyyən səbəblər üzündən həmin müsahibənin çap variantında getməyən  əlavələrlə oxuculara təqdim edib Arif müəllimi yenidən qədirbilən oxucularla həmsöhbət etmək istəyirəm.

Ruhun şad olsun, ustad!

***

İş elə gətirdi ki, həmin gün mən Arif Məlikovla bir də görüşdüm. Opera və Balet Teatrında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaqdı və Ariv müəllimin dəvəti ilə mən də o konsertə getmişdim. Konsertin başlanmasına az qalmış biz salona daxil olduq, keçib qabaq cərgələrdən birində əyləşmək istədik və bu vaxt hündürboylu, dolu bir oğlan qollarını yana açıb bizim yolumuzu kəsdi - "Mümkünsə siz arxa sıralarda əyləşin, burada xüsusi adamlar əyləşəcəklər" - dedi.

Bu sözlər birbaşa mənə, yaxud hansısa ayrı bir dinləyiciyə deyilsə idi, qətiyyən inciməzdim. Amma məsələ burasındadır ki, qollarını şlaqbaum kimi  yolumuzun üstünə endirən o oğlan bu sözləri həm də Arif müəllimə deyirdi - o adama ki,  adı bu gün Azərbaycanın qeyri-rəsmi simvoluna çevrilən 5-6 şəxsiyyətdən biridir; o bəstəkara ki, bircə əsərinin ifası şərəfinə möhtəşəm bir konsert salonu ucaldılıb; o sənətkara ki,  dünyanın ən məşhur konsert salonlarında minlərlə insan ayağa qalxıb onu dəqiqələrlə alqışlayıb, onu çoxlarına rəva görmədikləri ən hündür kürsülərdə, ən ön sıralarda əyləşdiriblər,  biliyindən, təcrübəsindən qətrə-qətrə "oğurlamağı" qənimət biliblər,  məsləhətlərinə, söhbətlərinə heyran-heyran qulaq kəsiliblər...

Arif müəllimin doğma Vətənində - Azərbaycanda da çox sevirlər - buna söz yox və həmin axşam ustad təbii ki, layiq olduğu yerdə də əyləşdi, mən də,  Arif müəllim də tezliklə o incikliyi unutduq, çünki az sonra bahar  nəsimi kimi salona, oradan da içimizə axan musiqi bizi öz ağuşuna aldı..  o anlar məni musiqinin apardığı o gözəl, əsrarəngiz dünyadan ayırıb opera və balet teatrına qaytaran, olsa-olsa, iki şey idi: yerlərində  bizim əyləşməyimiz rəva bilinməyən "xüsusi" personalardan hansınınsa cib telefonundan çıxan əcaib səslər, bir də lap qabağımızda əyləşmiş cavan bir qızla oğlanın tez-tez nə barədəsə pıçıldaşmaları.

Lənət şeytana! Bunu niyə xatırladım axı?

- Arif müəllim, məni sizin musiqiyə vurğun kəsən - onun dərin nüfuzedici qüvvəsidir. Bu musiqi insan qəlbinin ən dərin qatlarına qədər gedib çıxa bilir, onun duyğularının ən gizlin, ən mübhəm çalarlarını aça bilir. Buna necə nail olursunuz?

- İnsanların duyğularına, şüuruna təsir göstərən musiqi yazmaq yəqin ki, hər bir bəstəkarın arzusudur. Lakin mən buna həm də mənəvi bir borc kimi baxıram. Bu borcu yerinə yetirmək üçün isə klassik irsi, müasir musiqi sənətinin aparıcı istiqamətlərini öyrənmək, Azərbaycan xalq musiqisinin  hələ də tam istifadə olunmamış imkanlarına nüfuz etmək, bir də ki, iş, zəhmət, düşünmək lazımdır. Elə əsərlərim var ki, onların mövzusu üzərində mən on illərlə düşünmüşəm.

- Bir fikrə münasibətinizi bilmək istəyirəm. Mənə görə, musiqinin gözəlliyi bir də ondadır ki,  o, təsvirinə yalnız səslərin gücü çatan, səslərlə daha yaxşı ifadə oluna bilən həqiqətlərdən söz açır. Necə bilirsiniz, mən düzmü fikirləşirəm?

- Mən məsələni mütləq şəkildə belə qoymazdım. Həyat həqiqətlərini əks etdirməyin müxtəlif yolları və formaları var: bədii ədəbiyyat, rəssamlıq, kino və s. Bu sənət sahələrinin hamısının predmeti eynidir - həyat və insan. Fərq yalnız ifadə formalarının, təsvir dilinin özünəməxsus keyfiyyətlərindədir. Məsələn, musiqi həyatı tutaq ki, bədii ədəbiyyatdan fərqli tərzdə əks etdirir, amma heç vaxt demək olmaz ki, bu prosesdə üstünlük musiqinin tərəfindədir, yəni musiqi sözdən üstündür, sözdən qüvvətlidir, sözün gücü çatmayan işi görür. Həyatı əksetdirmə formalarını qarşı-qarşıya qoymaq - düzgün yol deyil.

- Ustad, mən heç vaxt bu fikirdə olmamışam. Demək istəyirəm ki, yaxşı musiqini dinləyəndə keçirdiyi hissləri sözlə təsvir etməyə insan həmişə çətinlik çəkir. Məsələn, sizin "Sehirli xalat" filminə yazdığınız musiqini eşidəndə nəyə görəsə kövrəlirəm, uşaqlaşıram, amma mayasına nikbinlik qarışmış həmin o ovqatı sözlə ifadə etmək son dərəcə müşkül bir işdir. 6-cı simfoniyanızın doğurduğu təəssürat da eləcə.

- Musiqinin dediyini sözə çevirmək olar, amma alınan mətn ayrı dilə, ifadə imkanlarına malik mətn olacaq. Q.Qarayev "Don Kixot" romanı əsasında məşhur "Don Kixot" simfonik qravürlərini, ənənəvi məhəbbət mövzusunda "Leyli və Məcnun" simfonik poemasını yazıb. Bu o demək deyil ki, Qara müəllim Servantesin, yaxud Şərq şairlərinin gücü çatmayan işi görüb. O, tanış ədəbi qəhrəmanın ənənəvi mövzusunun musiqi dili ilə ifadə olunan obrazını yaradıb.

6-cı simfoniya həyatın təzadları, ziddiyyətli proseslərinin mənim düşüncəmdə yaratdığı  əks-sədadır - mən onu musiqinin dili ilə vermişəm. İstedadlı bir yazıçının, yaxud filosofun həmin problemləri sözlə ifadə edib yaxşı bir roman, fəlsəfi əsər yazması tamamilə təbii və qanunauyğun bir haldır.

- Məncə, siz 2-ci, 4-cü simfoniyalarınızda da dediyiniz mövzudan yan keçməzsiniz.

- Düzgün müşahidədir, lakin onların arasında yalnız mövzunun yaxınlığı baxımından müqayisə aparmaq olar. Mövzunun texniki həlli planında isə bunlar bir-birindən fərqli əsərlərdir. Ümumiyyətlə, cüt saylı simfoniyalarım mənim yaradıcılığımda xüsusi yer tutur. Mən bu simfoniyalarla yaradıcılıq axtarışlarımın konkret mərhələlərinə bir növ yekun vurmuşam.

- Sizin hələ gənclik illərində yazdığınız "Məhəbbət əfsanəsi" baleti xeroqrafiya sənətində yeni bir mərhələnin başlanğıcı, yeni bir hadisə idi. Amma mənim bildiyimə görə, siz simfoniyalarınıza daha çox üstünlük verirsiniz.

- Hər janrın öz dili, öz ifadə imkanları var. Simfoniya janrı musiqi yaradıcılığında, bəstə sənətində polifonizmin ən yüksək formasıdır. Bu janr istər texniki planda, istərsə də qarşıya qoyulmuş yaradıcılıq vəzifələrinin ölçüsü  baxımından son dərəcə geniş imkanlar verir. Bəstəkar həyatın mənası, sonsuz zaman və məkan hüdudlarında insanları həmişə məşqul etmiş bəşəri problemlərlə bağlı fikirlərini məhz bu janrda əhatəli və ümumiləşdirilmiş şəkildə verə bilər. Yeri gəlmişkən, bir faktı diqqətinizə çatdırım. 4-cü simfoniyanın Ümumittifaq radiosu ilə səsləndirilməsi planlaşdırılmışdı. Hələ məşq prosesində aləm bir-birinə dəydi. Çünki simfoniyanın partiturası sənətə də məmur  təfəkkürü, plakatçılıq ölçüləri ilə yanaşanların istəyinə əks olaraq faciəvi motivlərlə aşılanmışdı. Və o vaxt mən bununla bağlı həmin o məmur təfəkkürü ilə yaşayanlara sənətkarın hər hansı bir mövzuya sonsuz zaman və məkan hüdudlarında baxmaq, öz duyğularını, düşüncələrini təkcə bu günün yox, həm də keçmişin və gələcəyin ovqatına kökləmək hüququna malik olduğunu şərh etməli oldum. Lakin bu da kifayət etmədi; studiyaya musiqişünas çağırdılar və o da konsertdən əvvəl bu əsərin dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslərlə bağlılığı barədə çıxış etdi.

Mən simfoniyalarımı bəstələyəndə qarşıma qoyduğum vəzifələrdən biri də xalq musiqisinin, muğamlarımızın ən dərin qatlarındakı polifonik ifadə imkanlarını müasir dünya tərəfindən qəbul olunmuş simfoniya ənənələri, musiqi dili ilə əlaqələndirmək idi. Buna nə dərəcə nail olmuşam, onu dinləyicilər deyə bilər.

- Sizin cüt saylı simfoniyalarınızla dramatik, faciəvi ovqat hakimdir. Bu əsərləri dinləyəndə adamın əsəbləri sim kimi gərilir. Musiqinin insanların onsuz da gərilmiş əsəblərini sığallamaq zərurəti, həyatın, insan duyğularının işıqlı  cəhətlərinin əks etdirmək lüzumu barədə fikirlərinizi bilmək maraqlı olardı?

- Musiqidə mütləq nikbin pafos axtarmaq həyatın mənasını təhrif etmək kimi bir şeydir. Əgər həyatda sevinc varsa, deməli, ona bərabər kədər də var. Amma insan dünyası yalnız sevincdən və kədərdən ibarət deyil - bu iki duyğu arasında görün  hisslərin nə qədər rəngarəng, əlvan qamması var. Musiqi də öz mənbəyini təzadlarla, ziddiyyətlərlə dolu insan duyğularından - onun sevincindən, kədərindən, sarsıntılarından, şübhələrindən götürür. Musiqi insanın görünməyən ruhunun duyulan obrazıdır. O, insanı kəşf edir, onu özünə daha dərindən tanıdır.

Şekspir insanları həyatın mürəkkəb labirintlərində təsvir edən faciələri ilə dünya mədəniyyətinə böyük təsir göstərib və heç kimin ağlına da gəlməyib ki, onu gözəl faciələr yazdığına görə qınasın. Çünki  Şekspirin faciələrinə baxanda adam bədbinləşmir, əksinə, içində işıqlı duyğular daha da çoxalır.  Faciəni duyan, dərk edən, ondan nəticə çıxarmağı bacaran adam, heç şübhəsiz ki, düşünən adamdır...

Kiçik bir sözardı

SSRİ Ali Sovetinin deputatı olduğu illərdə öz xalqının, Vətəninin haqqının qorunması və xüsusilə də 20 Yanvar faciəsinin əsl səbəbkarlarının ifşa edilməsi yönündə Arif müəllimin çox vaxt öz sağlamlığını riskə qoyaraq necə böyük bir enerji ilə fəaliyyət göstərməsi, Azərbaycanı özünün siyasi eksperimentlərinin meydanına çevirən Qorbaçov və onun böyür-başındakılarla  necə dəyişməsi çoxlarının yadındadır. Yəqin o da çoxlarının yadındadır ki, həmin o əsəbi, gərgin görüşlərin birində Qorbaçov Arif müəllimə baş verən hadisələrə öz sənətinin dili ilə münasibət göstərməyi, konkret olaraq simfoniya yazmağı "tövsiyə etmişdi" (yəni get öz işinlə məşğul ol). Və marşal Yazovun düz gözlərinin içinə baxa-baxa "Siz mənim xalqımın qatilisiniz" deyən Arif müəllim Qorbaçovun da cavabını layiqincə verdi, simfoniya yox, imperiya rəhbərlərini, şəxsən Qorbaçovun özünü ifşa edən  "Mən ittiham edirəm" adlı son dərəcə qiymətli bir kitab yazdı. Bu, Vətənini, xalqını həddən çox sevən Arif müəllimin vətəndaşlıq borcu idi, o bu borcu vicdanla yerinə yetirdi. Amma...  sonrasına inanmaq çətindir. 15 min tirajla çap olunan bu kitabı başqa dillərə də tərcümə edib dünyaya yaymaq əvəzinə, tezliklə kitab mağazalarından yığışdırıb gözdən-könüldən uzaq bir ambarda üst-üstə qalaqladılar...

Və Arif müəllim o kitabları öz pulu ilə alıb evinə gətirmiş, ürək qızdırdığı adamlara, öz xalqını Arif Məlikov kimi sevən adamlara bağışlayırmış...

Belə-belə işlər...

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.20.