Bölgələrdən paytaxta teatr çələngi   

 

 

 

Son illər teatr sahəsində bir canlanma olduğunu görməmək, danmaq mümkün deyil. Mədəniyyətin ayrı-ayrı sahələrində olduğu kimi, teatra da dövlət qayğısı, yaxşı mənada, göz qabağındadır. Ancaq adamı hərdən bir məsələ düşündürür, görəsən, bu canlanma təkcə paytaxt ərazisinə aiddir, yoxsa bütün ölkəni əhatə edir? Ayrı-ayrı bölgələrdə vəziyyət necədir? Konkret teatrla bağlı danışmalı olsaq, onda vəziyyətin hələ də tam istənilən səviyyədə olduğunu iddia edə bilmərik. Fəqət görülən işləri də gözardı etmək olmaz.

İyunun 23-24 tarixlərini Azərbaycan teatr sənətində önəmli günlər adlandıra bilərik. Həmin gün bütün incəsənət aləminin diqqəti rayonlardan Bakıya qonaq gələn teatr fədailərində idi. Belə ki, bir-birindən maraqlı tamaşaları ilə Bakının qonağı olan III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilirdi. İki gün ərzində müxtəlif bölgələrimizdən gələn teatrların tamaşalarını izlədik, çoxu həvəskarlardan ibarət olan heyətlərilə tanış olduq, onların sənətə və teatra baxışlarını, bölgələrdə bu qədim incəsənət növünün hazırki vəziyyətini özlərindən öyrəndik.

Bölgələrdən gələn xalq teatrlarının yaradıcı kollektivləri ilə ilk tanışlığımız festivalın final mərhələsində - 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşdi. Səhəri gün - 24 iyunda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yenidən tanış olmaq şansı qazandıq. "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı"na müvafiq olaraq gerçəkləşən festivalın baxış-seçim mərhələsi bu ilin aprelində həyata keçirilmişdi. Əməkdar artist Loğman Kərimovun rəhbərliyi ilə, Əməkdar artist Azad Şükürov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, tənqidçi, sənətşünas Atababa İsmayılov və başqalarının daxil olduğu münsiflər heyəti bölgə-bölgə gəzib onların hazırladıqları tamaşaları izləyərək, ən yaxşılarını bizlərə təqdim etmək üçün repertuara salmışdılar.

Ölkəmizdə ümumilikdə 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Onların arasından 13 kollektiv həlledici mərhələyə dəvət qazanmışdı. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları idi. Xalq teatrlarının vəziyyətini nəzərə alsaq, bu insanların orada çalışmasını əsl fədakarlıq nümunəsi hesab edə bilərik. Etiraf edək ki, indiki zamanda heç bir gəlirin olmayan işə vaxtını, enerjini, ürəyini həsr etmək hər insanın bacaracağı missiya deyil. Ona görə də bu siyahı insanı daha çox sevindirir və qürurlandırır.

İyunun 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz kollektiv hazırladıqları səhnə əsərlərini təqdim etdi. Əlbəttə, xalq teatrları olduğu üçün onlardan peşəkar səhnə performansı gözləmək ən azından sadəlövhlük olardı. Ancaq etiraf etmək lazımdır ki, özfəaliyyət səviyyəsində də deyildi. Final mərhələsində səhnəyə ilk çıxan İsmayıllı rayon Xalq Teatrı oldu. Onlar vətənpərvərlik, milli mücadilə ruhunda hazırlanmış "Əsgər papağı" (əsərin müəllifi Elnurə Abdullayevadır) tamaşası ilə paytaxtımızın qonağı idilər. Hər tamaşa sonrası münsiflər tamaşanın həllini, aktyor oyununu, səhnə manevrlərini, rejissor yozumunu qiymətləndirir, heyətə öz tövsiyələrindən də qalmırdılar.

Qəbələ Xalq Teatrı ilə Beyləqan rayon Xalq Teatrı "Göyçək Fatma" tamaşası ilə çıxış etdilər. Şabran rayon Xalq Teatrının təqdimatında Qarabağ xanlığının tarixindən bəhs edən "Hökmdar və qızı" (İlyas Əfəndiyev) tamaşası nümayiş olundu. Tamaşaya rejissor yozumu, aktyorların peşəkarlardan geri qalmayan ifası, səhnə texnikası, dekorasiya və geyimləri növbəti gündə belə haqqında söz açdırdı. Ardınca Zaqatala Xalq Teatrının "Beş manatlıq gəlin" (Məmməd Səid Ordubadi), Masallı rayon Xalq Teatrının ifasında isə "Qaçqın gəlin" (İbadulla Hüseynzadə) adlı səhnə əsərləri nümayiş olundu.

Şərur Xalq Teatrının təqdimatında A.Puşkinin "Motsart və Salyeri" birpərdəli dramını izlədik. Füzuli Xalq Teatrı festivala "Xocalı harayı" tamaşası ilə qatılmışdı. 23 iyun Yevlax Xalq Teatrının tamaşası ilə yekunlaşdı. Onlar festivala yazıçı Pərvinin "Qadınlar" birpərdəli pyesi ilə qatılmışdılar. Son dərəcə maraqlı və həyatın içindən götürülmüş komik situasiyalarla zəngin səhnə əsəri və təqdirəlayiq aktyor oyunu günün yorğunluğunu üstümüzdən atmaq üçün ən yaxşı seçim idi.

İlk gündə təkcə tamaşaları izləməklə yetinmir, həm münsiflər heyətinin, həm də bölgələrdən gələn qonaq rejissorların festival haqqındakı düşüncələrini öyrənirdik. Münsif Gülnar Hacıyeva xalq teatrlarının işini yüksək dəyərləndirdi: "Onlara minnətdarıq ki, bölgələrdə teatr sənətini yaşadırlar. Tarix boyunca bizim xalq teatrlarımızdan görkəmli sənətkarlarımız çıxıb. Yəqin ki, bugünki xalq teatrlarından da sabahın hansısa sənətkarları yetişə bilər. 2017-ci ildəki festivalın da münsiflər heyətinin üzvü idim. O gündən bu günə çox irəliləyiş olub. Ən xoşuma gələn hal isə məktəbli uşaqların, gənclərin xalq teatrlarına cəlb olunmasıdır".

Müsahibimiz olan Rza Təhmasib adına Şərur rayon Xalq teatrının rejissoru Nəsimi Məmmədzadə, Beyləqan rayon Gənclik Xalq Teatrının rejissoru Rəqsanə Babayeva, Kürdəmir regional Mədəniyyət İdarəsinin Füzuli rayon üzrə nümayəndəsi Elşad Cəfərov keçirilən festivalla bağlı xoş düşüncələrini bölüşdülər, xalq teatrlarına göstərilən qayğıdan məmnunluqlarını ifadə etdilər. Sevindirici haldır ki, müsahiblər heç bir çətinliyi dilə gətirmək istəmir, ancaq işlərindən danışırdlar, özü də böyük məhəbbətlə.

İlk gün sonuncu səhnəyə çıxan Yevlax Xalq teatrı böyük kollektivlə festivala qatılmışdı. Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev yerlərdə teatrlara münasibəti, xalq teatrlarının fəaliyyətini yüksək qiymətləndirdi: "Hazırda Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Şəhər Yaradıcılıq evində iki xalq teatrı fəaliyyət göstərir: Bəşir Səfəroğlu adına Xalq teatrı və Kukla Xalq teatrı. Hər ikisinin tamaşaçısı çoxdur. Bizim bütün Aran rayonlarına qastrol səfərlərimiz olub. Festivalın 13 mayda Kürdəmir şəhərində keçirilən birinci turuna biz üç tamaşayla getdik: Kukla teatrı Pərvin xanımın əsəri "Dəcəl keçi", dram teatrında isə yenə də Pərvin xanımın əsəri "Qadınlar" və Lev Qraçın "Cırtqoz" əsəri. Tamaşalar münsiflər heyəti tərəfindən yüksək dəyərləndirildi və Bakıya dəvət olunduq”.

Yevlaxdakı yaradıcı mühitdən və tamaşaçı marağından razılıq edən Əməkdar Mədəniyyət işçisi, Yevlax Şəhər Yaradıcılıq evinin rəhbəri Zöhrə Adıgözəlova qeyd etdi ki, hər il ən azı 2-3 yeni tamaşa hazırlayıb, premyerasını keçirirlər: "Kukla xalq teatrımız tez-tez məktəblərdə, bağçalarda azyaşlılarla görüşlər təşkil edir. Xalq teatrımız tez-tez cəbhə bölgələrində, rayonətrafındakı hərbi hissələrdə də olur. Çalışırıq ki, hər zaman yeni əsərlərə müraciət edək. Sevindirici haldır ki, bu gün Yevlaxda hər iki teatr yaşayır”.

Yevlax Xalq Teatrının özüylə gətirdiyi "Qadınlar" pyesinin müəllifi Pərvin xanım da tamaşaçılar arasında idi. Tamaşa sonrası söhbətimizdə onun həm əsərinə verilən quruluşdan, həm də aktyor oyunundan məmnun qaldığı görünürdü: "Öncə onu deyim ki, Mədəniyyət Nazirliyinin bu cür festival təşkil etməsi xalq teatrlarımız üçün böyük stimuldur. Çünki artıq onlar öz işlərini təkcə  bölgələrdə deyil, eləcə də paytaxtda, daha geniş auditoriyaya təqdim etmək şansı qazanırlar. Bu, xalq teatrları arasında hansısa yaradıcılıq əlaqəsinin yaranması üçün də gözəl fürsətdir. Budəfəki festival mənimçün ikiqat önəmlidir. Çünki mənim iki pyesim: "Dəcəl keçi" və "Qadınlar" festivalda göstərilib. Mənimçün çox maraqlı idi. Təəssüf ki, Kürdəmirdəki mərhələyə qatıla bilməmişdim. Amma çox sevindim ki, pyesim Bakıya-final mərhələsinə seçildi. Əsərlər səhnələşdirilərkən Zöhrə Adıgözəlova ilə mütəmadi ünsiyyətdə oldum və gördüm ki, burada həvəskar deyil, peşəkar yanaşma var. Bu gün tamaşaya baxarkən də eyni yanaşmanın şahidi oldum. Hesab edirəm ki, zamanla bu xalq teatrlarına dövlət teatrı statusu verilməsi şansı məsələsi də gündəmə gəlməlidir. Bu mənada, zənnimcə, Yevlax Xalq teatrı ilk nəzərə alınacaq kollektivlərdən biridir. Dramaturq üçün onun sözünün hərəkətə çevrilməsi, əsərinin səhnəyə transfer olunması hər zaman bayramdır. Zöhrə xanım başda olmaqla, bütün yaradıcı kollektivə təşəkkür edirəm". 

Final mərhələsinin ikinci günü - iyunun 24-də daha 4 kollektiv məharətini göstərdi. Mərdəkan Xalq Teatrının "Dadaşbala əməliyyatı" (Rəhman Əlizadə) tamaşasında bir məhəllədə baş verən hadisələr nümayiş olunurdu. Qax rayon Xalq Teatrı isə "Məhəbbət bir bəladır" (Əhməd Orucoğlu) tamaşası ilə çıxış etdi. Bərdəlilər "Çimnaz xanım yuxudadır" tamaşası ilə maraqlı anlar yaşatdı. "Əsgər papağı" tamaşası ilə vətənpərvər ruhda başlayan festivalı eyni ab-havada Cəlilabad Xalq Teatrı bitirdi. Onlar son dərəcə maraqlı və fərqli hazırlanmış "Biz qayıdacağıq, Xocalı!" tamaşası ilə iki günün yekununu vurdular.

Həmin gün də rejissorlar öz təəssüratlarını bizimlə bölüşdülər. Mərdəkan Xalq Teatrının rejissoru Aysel Tağıyeva, Qax Xalq teatrının rejissoru Gülşad Paşayeva da festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.

Cəlilabad rayon Xalq Teatrının rejissoru Buludxan Umudov xalq teatlarından başlayan gənclərin böyük səhnələrdə də təmsil olunduğunu dedi: "Bu, artıq Azərbaycanda Üçüncü Xalq teatrları Festivalıdır. Biz İman Abdullanın "Əsrlər" poeması üzrə mənim hazırladığım "Biz qayıdacağıq, Xocalı!" birpərdəli faciəsini gətirmişik. Baş rollarda Xeyrulla Şahbazlı, mən və kiçik həvəskar aktyor kollektivimiz iştirak edirik. Biz mütəmadi festivallarda iştirak etmişik, nəaliyyətlər qazanmışıq. Mən iki dəfə Xalq teatrları festivallarının laureatı olmuşam. Bizim kollektivdən çıxıb hazırda böyük səhnələrdə iştirak edənlər, Mədəniyyət və İncəsənət Universitetində təhsil alanlar da var. Bütün bunlar bizi çox sevindirir".

13 tamaşanın nümayişindən sonra zaman gəlib çatdı mükafatlandırma mərasiminə. Yekun mərhələdə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən fərqləndirilənlər, o cümlədən, müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər mükafatlandırıldı. Komediya janrında uğurlu tamaşaya görə Qax, Bərdə, vətənpərvərlik mövzusunda uğurlu tamaşaya görə İsmayıllı, Masallı, Füzuli xalq teatrları diploma layiq görüldülər. Uşaq tamaşalarının quruluşuna görə Qəbələ, Beyləqan, uğurlu kukla tamaşasına görə Yevlax teatrları mükafatlandırıldı. Əsas mərhələ isə qaliblərin açıqlandığı an idi. Beləliklə,  Birinci yerə Şabran rayon Xalq Teatrı, ikinci yerə Cəlilabad və Şərur xalq teatrları, üçüncü yerə isə Mərdəkan, Zaqatala və Yevlax xalq teatrları layiq görüldülər.

Yüksək səviyyədə hazırlanmış festivalın təəssüf doğuran tək məqamı tamaşaçı  marağının azlığı idi. İki gün boyunca zalda boş qalan yerlər aktyordan oyun, rejissordan əsər tələb edən bizlərin hələ də teatra, mədəniyyətə qarşı laqeydliyimizi bir daha sübut etdi. Halbuki, təbliğat da getmişdi, günlərlə dəvətlər də olunmuşdu. Gəlmək lazım idi, ən azından bu fədakarlara mənəvi dəstək göstərmək üçün...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.18.