Fikirlərimiz - ünvanımız və qismətimiz kimi...

 

 

 

Ən yaxın qohumlarından biri ağır xəstələnmişdi. Son dərəcə savadlı, ensiklopedik biliyə malik olan bu adam daha çox türkəçarə bilicisi kimi tanınırdı.

 

Yazdığı kitablarda da bu malicə üsuluna çox önəm verdiyini qeyd edərək bir sıra xəstəliklərin bitkilərlə asan şəkildə sağaldılması yollarını göstərmişdi. Xəstəliyi qəribə idi mənim üçün... Sən demə, antibiotiklərin qəbulu insanın bağırsaqlarında həzmedici bakteriyaları məhv edə bilirmiş. Bu isə insanın bağırsaq florasını məhv edir, qidanın həzm prosesi pozulur onun həyatını cəhənnəmə döndərir. Bir neçə il müalicə etdirsək , heç bir irəliləyiş olmadı. Pəhrizlər, müayinələr, dərmanlar nəticəsində kişidə nevroz əlamətləri baş qaldırmışdı. Həkimlər deyirdi ki, bu bakteriyalar insan yarananda orqanizmində hazır şəkildə olur, bütün həyatı boyu qidanı həzm edir, amma yenilərini yaratmaq mümkün deyil. Kişi bizə deyirdi ki, əl çəkin məndən, özüm-özümü müalicə edəcəyəm, bu kimyəvi dərmanlar bir az da zəhərləyir orqanizmimi. Amma müalicə həkimləri hey dərmanlar yazır, tez-tez analizlər, müayinələr keçirərək vəziyyəti nəzarətdə saxlamağın zəruri olduğunu deyirdilər.

Əlqərəz, xəstə bir gün heç kəsə qulaq asmayıb bütün dərmanları tullayıb yaşadığı kəndə qayıtdı. Arada gedib baş çəkirdik ona. Evi doldurmuşdu otlarla, çiçəklərlə, ağac qabığı kökləri ilə. Yeməyi ən sadə, təbii şeylər idi. Qəribəsi bu idi ki, günbəgün irəliləyirdi. Çox təkidimizdən sonra dilə tutub 6 aydan sonra gətirdik müayinə üçün şəhərə. Heç yadımdan çıxmaz, həkim onu görən kimi dedi ki, deyəsən çoxlu "Ferrum" (dəmir tərkibli dərman) qəbul etmisən sifətindən ferrum tökülür. Kişi bic-bic gülüb, heç demədi. Sonra həkim soruşdu ki, axı sən arıqlamalı idin, amma bir az da kökəlmisən. Sonra kolondoskopla bağırsağına baxdı təəccübləndi: "Aaa... Yaralar sağalıb ki!.. Xaricdə müalicə olunmusan?" Ən qəribəsi isə o oldu ki, yeyə bildiyini soruşanda kişi dedi: "Ürəyim istəyirsə, onu!" Biz elə sevinmişdik ki, onun həkimə dediyi "mühazirə"ni yarımçıq kəsməli olduq onu çölə çıxardıq. Qəribə sözlər deyirdi... "Nəyə inansan, o da başına gələcək. Mən özümü sağlam təsəvvür edə bilirdim. Fikirlər, arzular maddiləşə bilir..."

Sonra o, yenidən şəhərdə yaşamağa başladı. Amma otlardan da əl çəkmədi. Daha hansı bitkinin nəyə dərman olduğunun fərqində deyildi. 5-6 cür bitkini bir həftə dəmləyir, o biri həftə ayrı dəmləmələr içir sapsağlamdır. Hətta bir neçə il əvvəl böyrəyində daş yarananda da "boş şeydir" dedi həkimlərin dərhal operasiya təyin etdiklərinə etina etmədi. elədi, etmədi. Bir səhər gülə-gülə xəbər verdi ki, daş getdi işinə. "Necə yəni?" "Elə belə . Hardan gəlmişdi, ora da getdi. Daş fikirdən yaranmışdı. Onu ardıcla saldım yerə. Daha bundan sonra "daşyaradan fikirlər" eləməyəcəyəm".

İndi onun mənə verdiyi kitabları oxuyanda çaş-baş qalıram. Sən demə, biz yatmışıq, dünyadan xəbərimiz yoxdur. Artıq neçə onilliklərdir ki, avropalılar psixoanaliz sahəsində elmi kəşflərini təbabətdə uğurla tətdiq edirlər. Luiza Xeyl, Sinelnikov sağalmaz xəstəlikləri bir neçə seansla sağaldırlar. Bunların əsasında isə bircə şey durur: öz fikirlərini, düşüncələrini idarə etməyi öyrənməlisən. Düzgün şeylər düşünməlisən. Özünü sağlam, uğurlu, imkanlı, güclü görə biləsən. Əgər orqanizmində xəstəlik yaranmışsa, deməli, fikirlərində, arzularında, dualarında, planlarında anormallıq olmuşdur. Hətta qəza nəticəsində yaralanmısansa da, yenə günah özündə olub. Öz mənfi fikirlərinlə həmin qəzanı həyatına çəkib gətirmisən. Elə inandırıcı dəlillərlə sübut edirlər ki, insanın inanmaqdan başqa yolu qalmır.

İnsanın düşündüyünə çevrildiyini sübut edən psixoloqlar ümumdünya cazibə qanunun təkcə maddi aləmdə yox, həm mənəviyyatda doğru olduğunu göstərirlər. Yəni kainatda mövcud olan sonsuz hadisələrdən hansını istəsən, onu da həyatına cəlb edə bilərsən. Yer kürəsində yaşayan əhalinin bircə faizi, bütün sərvətin 50 faizini əllərində cəm etmişdir. Məgər onlar yerdə qalan 99 faiz əhalidən çoxmu çalışıblar? Qətiyyən belə deyildir. Sadəcə, onlar bunu başqalarından daha şiddətlə arzu etmişlər, daha doğrusu, özlərini o cür görməyi bacaranlardır. Heç milyarder olmağı demirəm, bəs biz niyə kasıb olmalıyıq, işsiz olmalıyıq, xəstə olmalıyıq, uğursuz olmalıyıq, çirkin olmalıyıq? Dayanmadan fəaliyyətə keçək, dostlar! Fikirlərimizi dəyişək!

Mən artıq başa düşmüşəm ki, ailənin övladlarının hamısının uğurlu, yaxud uğursuz olmasının səbəbi nədir. Niyə bir adam neçə dəfə evlənirsə, eyni cür adamlar çıxır qarşısına! "Gəlin ocağa çəkər!" deməkdir? Niyə deyirlər ki, "ot kökü üstə bitər!" Əgər birisi deyirsə ki, "Çörəyimin duzu yoxdur, heç kəs elədiyim yaxşılığa qiymət vermir", deməli, günah onun öz düşüncəsindədir. O, öz fikirləri ilə ətrafdakı nankorları cəzb edir öz həyatına. Hətta, hadisələr insanın onu istəyib-istəməməsindən asılı olmadan daxil olur həyatına. Sadəcə, onun barəsində çoxlu düşünmək kifayət edir ki, reallaşsın. Məşhur yazıçı Ceyk Kenfild bu qanunu obrazlı şəkildə belə ifadə etmişdi: "Nəyi düşünsən ona köklənsən, onu da alacaqsan".

Dərindən baxanda, bunun kökləri lap keçmişə gedib çıxır. Atalar sözlərimizdə bunun izləri olsa da, biz onlara dərindən nüfuz etməmişik. "Gülmə işlərə, gələr başlara", "Qarğışın iki başı olar"... Deməli, insan başqasına qarşı bir fikir formalaşdıranda, onun barəsində xeyli düşünür, onu bu cür təsəvvür edir, nəticədə isə nəhəng enerjiyə malik olan həmin fikir müəllifin özünə qayıdır. Yoxsa, duanın, qarğışın bir mənası olardımı? Allah da deyir ki, istə verim. Amma istəməyin də formaları vardır, qaydaları vardır. Belə çıxır ki, nail ola biləcəyimiz sonsuz uğurlardüçar ola biləcəyimiz hər cür sonsuz bəlalar öz sahiblərini gözləyirlər. Kim hansını istəyirsə, onun həyatına daxil olurlar. Mən dinimizdə qismətə kor-koranə inanan fatalistlər qədər heç kəsə qəzəblənmirəm. Məgər bizi azad yaradan uca Allah razı olarmı ki, bəndəsi "Qədər"in qolubağlı qulu olsun? Bu belə olsaydı, onda "İstə, verim!" ayəsini necə başa düşmək lazımdır? Bəli, insan Allahın yaratdıqlarından ən alisidir. Çünki, onun maddi cisminə öz nurundan ruh üfürmüşdür. Çünki insanı özünə bənzər yaratmışdır. Özü isə sonsuz qüdrətə sahibdir, yəni nə istəsə olur. Bu "nə" isə sonsuz saydadır. Amma insan sonsuz şeylər istəmir ki! İnsanı azca şeylər xoşbəxt edə bilir. Sağlam bədən, ağıl, bilik, əqidə, kifayət qədər maddiyyat, ailə səadəti. Bunları ağılla, başla,  qavrasaq, bu düşüncə həyatımıza çevriləcək.

 

Şəhla ASLAN

 

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.16.