Şəxsiyyətin və sənətin kamilliyi

 

Yaxud "Şəhrizadın... Tarzən Ramiz Quliyev nağili"nda yazilanlar

 

Bu yaxınlarda "Ədalət" qəzetində tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" adlı bədii-sənədli portret-povestini silsilə halında oxudum.

Doğrusu, yazının başlığı ilk baxışdan məni tutdu. "Min bir gecə" hekayətlərinin üslubunu tətbiq edərək, Rafiq Hacıyev tarzən Ramiz Quliyevin bədii-sənədli portretini hərtərəfli yaratmışdır. Povestdə tarzən Ramiz Quliyevin ecazkar sənətindən, bu sənətin mənəvi psixoloji təsirindən, yüksək bədii zövqündən ilhamla bəhs olunur, ona olan el məhəbbətindən və qiymətindən danışılır. Bu yazıda müəllif elə bir üslub seçib ki, haqqında bəhs etdiyi qüdrətli tarzənin bütün şəxsi və yaradıcılıq keyfiyyətlərini asanlıqla təsvir edə bilsin və demək olar ki, o, buna böyük bir peşəkarlıqla və ustalıqla nail ola bilib.

Ramiz Quliyev Azərbaycanın dilbər guşəsi olan Qarabağda - Ağdamda doğulub, boya başa çatıb. Qarabağın əsas mənəvi geni olan elm, ədəb və musiqi geni Ramiz Quliyevə də keçib. Özündə olan fitri istedad isə onu başqalarından fərqləndirərək mükəmməl bir yaradıcı şəxsə çevirib. Müdriklərdən biri deyib ki, "Dünyanın ən mükəmməl məktəbi həyatdır, ondan öyrənilən əsas dərs isə zəhmət və çalışqanlıqdır". Həyatda bu böyük tarzəni yaxından tanıyanlar, hamısı yekdilliklə təsdiq edər ki, o, bütün bu nailiyyətlərə biliyi, bacarığı, istedadı ilə bərabər, həm də zəhməti və çalışqanlığı ilə gəlib çata bilmişdir. O, yolunu tez-tez dəyişən adamlardan olmayıb, əgər belə olsaydı, bu müvəffəqiyyətlər ona nəsib olmazdı. Hamıya məlumdur ki, xoşbəxtlik göydə uçmur, o, əməklə qazanılır. Belə məsələləri çox yaxşı bilən Ramiz Quliyev əvvəldən sənət seçimində qəti qərara gəlmişdir ki, bir işin ustası olmaq min işi yarımçıq bilməkdən yaxşıdır. O, qətiyyən səhv etməmişdir. İfaçılıq sahəsində elə bir əsrarəngiz sənət möcüzəsi yaratmışdır ki, özündən əvvəlki korifey tarzənlərə çata bilmiş, eyni zamanda, müasirlərinə nümunə, gələcək nəsillərə isə zəngin yaradıcılığı böyük məhəbbətlə öyrənilən müəllim olmuşdur. O, tar ifaçılığında yeni bir məktəb yaratmışdır desəm güman edirəm ki, yanılmaram. Azərbaycanın musiqi mədəniyyəti tarixində çox görkəmli və ustad tarzənlər olmuşdur. Onların hər biri öz ifa tərzi və improvizasiya xüsusiyyəti ilə bir-birindən fərqlənmişlər.

Hesab edirəm ki, Ramiz Quliyev özünəməxsus, zəngin tar ifaçılığı məktəbini yaradıb daha da inkişaf etdirmışdır. Onun sədəfli tarının ecazkar səsi həqiqətən digərlərindən fərqlənir. O, tarda solo ifasını elə möhtəşəm ifa edir ki, istər-istəməz ruhun dincəlir, duyğu və xəyal aləminə gedirsən. Belə zamanlarda Platonun "Musiqi əxlaq qanunudur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur" sözlərini böyük məmnuniyyətlə xatırlayırsan. Ramiz Quliyev Azərbaycan milli musiqi mədəniyyətinin tarixində özünə canlı heykəl qoymuş ustad, virtuoz sənətkardır. Hesab edirəm ki, o, təkcə böyük sənətkar yox, həm də böyük şəxsiyyət hərtərəfli bir ziyalıdır. Onun insanlarla sadə, mehriban rəftarı, imkanı daxilində hamıya yaxşılıq etməyə çalışması, qayğıkeşliyi, təvazökarlığı, həsəd hissindən uzaq olması, hər adamda görmədiyim nadir əxlaqi keyfiyyətlərdəndir.

Böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir, kiçik insanlar isə ilğım kimidir, yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır.

Ramiz Quliyev həqiqi bir ziyalıdır. O, tək musiqi ilə deyil, mədəniyyətin digər sahələri ilə də məlumatlı adamdır. Onun gözəl natiqlik qabiliyyəti, güclü yumor hissi, insanları dinləmək qabiliyyəti və bacarığı da onda olan istedadın bir hissəsidir. Xoşbəxt ailə başçısı və övladları ilə fəxr etməyə haqqı çatan bir valideyn kimi də Ramiz Quliyevin bəxti gətirib. Onun övladları cəmiyyətin ən dəyərli üzvlərindən olmaqla, atalarının adına layiq fəaliyyət göstərirlər. Mənim nəzərimdə Ramiz müəlim Vətəninə yüksək şərəf, şöhrət gətirən ünlü bir sənətkar, işıqlı, nurlu bir ziyalı, gərəkli, etibarlı bir dost, xoşbəxt və bəxtiyar ata, qürurlu və vətənpərvər bir insandır.

Virtuoz tarzən haqqında bütün ali keyfiyyətləri istedadlı yazıçı-jurnalist Rafiq Hacıyev "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" portret-povestində o qədər dolğun, hərtərəfli və poetik dillə yazıb göstərmişdir ki, ondan yaxşısını və doğrusunu söyləmək həqiqətən də çətindir.

Yazımın sonunu dahi O.Balzakın bu sözləri ilə tamamlamaq istəyirəm. Həmin sözlərin həm də Ramiz Quliyevə aidiyyatı vardır: "Krallar müəyyən vaxtlarda insanlar üzərində hökmranlıq etdikləri halda, sənətkarlar əsrlər boyu insanlar üzərində hökmranlıq edirlər".

 

Şahin RÜSTƏMOV

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.16.