Türkan Turan "O"nu gətirdi
Neçə vaxtdır qulağımız
səsdə, gözümüz
yoldadır. Deyirdilər ki, "O" gəlir.
Jurnalist,
esseist Türkan Turanın həyəcanı
yerə-göyə sığmırdı.
Öz sevgilisini gözləyən
aşiq, balasını
gözləyən ana
kimi həsrətlə,
intizarla, sonsuz sevgiylə gözləyirdi
"O"nu.
Əslində, hamımız çoxdan az-çox tanıyırdıq
"O"nu. Bilirdik nələrə qadir olduğunu, amma ilk dəfə görəcəkdik. Gördük də.
***
İyunun 24-ü Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan"
klubu bizim "O" ilə görüş məkanımız idi. Təyin
olunan vaxta az qalmış
artıq insanlar "O"nun işığına
toplaşırdılar. Mən zala
ilk girəndə gözüm
Türkanı axtardı.
Gördüm başda "O" ilə birgədir, ətrafında isə fotoqraf dostumuz İlqam Cəbiyev dolanır, bu iki "aşiq"i fotoaparatın bircə düyməsiylə tarixə
köçürür. Oralarda çox yubanmayıb Türkana tələsdim.
Onu bir anlıq həm fotodan, həm də "O"dan ayırmağı
bacardım. Türkanı uzun müddətdir həsrətini çəkdiyi
vüsal münasibətilə
təbrik etdim. Ayaqüstü bir-iki kəlmədən
başımız ayılanda
gördük bizim bu təbrikləşmə
səhnəmiz də artıq çoxdan İlqamın fotoaparatının
yaddaşına köçüb.
Biz də aparata
bir-iki gülümsəmədən
sonra yerlərimizi aldıq.
Yəqin "O"nun Türkan Turanın ilk kitabı olduğunu vurğulamağıma
ehtiyac qalmadı. Bir ildən
artıq müddətdir
"525-ci qəzet"ə mütəmadi esselər yazan Türkan həmin esseləri toplayıb gün üzünə çıxartmaq,
oxuculara bir də kitab şəklində
təqdim etmək istədi. Nə yaxşı ki
də istədi.
"Qanun" nəşriyyatında
nəfis tərtibatda hazırlanan kitabı insan hiss və duyğularının məcmusu
da adlandıra bilərik.
***
Nəhayət, məclis başladı. AYB-nin Gənclərlə iş üzrə katibi, "O"nun ön söz müəllifi Rəşad Məcid Azərbaycan publisistikasında
qadın yazarların yeri və xüsusən
Türkan Turan yaradıcılığı barədə
danışdı: "Türkanı
on ildən çoxdur
ki, tanıyıram. Onun kitabına "Üsyankar
tələbənin düşündürən
esseləri" adlı
ön söz də yazmışam.
Təxminən 10 il öncə Türkan "525-ci qəzet"ə
praktikaya gəlmişdi.
İlk tanışlığımız vaxtında onunla 20-30 tələbənin içərisində
balaca bir mübahisəmiz də düşdü. Mənə hər
zaman üsyankar gənclər maraqlı olub. Dili var, görüm
dilçəyi də
varmı? Sonra Türkanla
müsahibələrimiz oldu,
o, müxtəlif mətbuat
orqanlarında, televiziyada
işlədi. Hər
zaman hiss edirdim ki, Türkan həm diqqətlə adamı dinləyir, həm də bəzən danışanda
elə bir coşquya qapılır ki, sözlər ona axın-axın gəlir. Hərdən bu axının
qarşısında Türkan
fikrini çatdıra
da bilmir. Sonra bir neçə yerdə onun esselərini oxudum. Yadımdadır ki, bir dəfə onunla Orxan Pamukun "Məsumiyyət muzeyi"
əsərindən danışmışdıq.
Əsərin "Eşq acısının
anatomik yerləşimi"
hissəsi barədə
fikirlərimi bildirmişdim.
Sonra Türkan bir esse yazmışdı
və mən o esseni çox bəyəndim və
sosial şəbəkədə
paylaşdım ki, Türkan Turan eşq acısından lap Orxan Pamuk kimi
yazıb. Təxminən
bir il
öncə onunla danışdıq ki,
"525-ci qəzet" üçün
esselər yazsın. Onun xarakterində təzadlı
məqamlar var, hərdən ruhdan düşməyi, yazmaq istəməməyi var. Amma
ötən ilin aprel ayından etibarən, demək olar ki, mütəmadi
şəkildə hər
şənbə esselər
yazdı və bu esselər böyük maraq doğurdu. Bunu da deyim ki, Xalq şairi
Ramiz Rövşən
bir neçə dəfə onun esselərini tərifləyib.
Deyib, Türkan bəzən insan hisslərinin elə məqamlarına toxunur, hərdən özü də bilmədən elə böyük sirləri faş edir ki,
insanı heyrətləndirir.
Ramiz müəllim Türkanın kitabını
alıb, tədbirə
gələ bilmədi
bu gün, amma kitab haqqında
düşüncələrini yazacağını dedi.
Bizim Azərbaycan ədəbiyyatında, publisistikasında çox sanballı qadın yazarlarımız var. Çox keçmişə getmədən, elə son illərdən danışsaq, bəzilərinin adlarını çəkə bilərik. Bu günlərdə Xalq yazıçısı adını almış Afaq Məsudun "Duyğular imperiyası" silsiləsi var ki, insan hissləri barədə çox qiymətli yazılardır. Deyərdim ki, dünya səviyyəli bədii publisistikadır. İradə Tuncayın adını çəkə bilərəm. İradə xanım çox geniş masştablı publisistdir. Onun yazılarında dərin ağıl, təhlil, hədsiz məlumat və emosional qatlar olur. Belə publisistlərimiz Azərbaycanda deyil, dünyanın daha böyük ölkələrində olsaydılar, əsərləri yüzminlərlə tirajla satılardı, daha məşhur və varlı olardılar. Təəssüflə, xüsusən, İradə xanım üçün deyirəm ki, doğulanda ölkəsini düzgün seçməyib (gülürük). Bu da kiçik bir zarafatdır. Bundan sonra xeyli nöqtələr qoyuram. Bu nöqtələrdə mənim güvəndiyim xanım publisist yazarlar var ki, adlarını çəkmədən qayıdıram Türkanın yaradıcılığına.
Türkan həqiqətən də insan hiss və duyğularının çox dərin qatlarını, heyrətamiz məqamlarını üzə çıxarır. O, əsasən sevgidən yazır. Türkiyədə Əhməd Batman adlı yazıçı var. Kitabları bestsellerdir. Onun "Soyuq qəhvə" kitabını çox tərifləyirlər. Mən o kitabı aldım, vərəqlədim və sizə əminliklə deyirəm ki, Türkan Turan o mövzularda Əhməd Batmandan yaxşı yazır. Sadəcə olaraq, o, hansısa orta xətti tutub və bir az məşhurluq qazanıb. Ona görə deyirəm ki, bizim ölkədə oxucular azdır, bu cür publisistlərimizin məşhurluğu üçün şəraitimiz yetərsizdir. Amma mən inanıram ki, hələ bir neçə imza günü də keçiriləcək və bu kitabın uğuru çox olacaq.
Türkanla böyük türk yazıçısı Zülfü Livanelinin əsərləri barədə çox danışmışdıq. Son vaxtlar Türkan Zülfü Livaneli ilə "525-ci qəzet" üçün silsilə müsahibələr etdi. O müsahibələrin də bir çoxu Azərbaycanda çox böyük marağa səbəb oldu. Oliqarx Telman İsmayılovla bağlı müsahibəni az qala bütün saytlar yayımladılar. Təklif etmişəm ki, bu müsahibələri, yazıları da bir kitab kimi toplasın və kitabı "Livanelinin gözü ilə" adlandırsın. Əminəm ki, o kitab da çox maraq doğuracaq, Azərbaycanda və Türkiyədə xeyli oxucu qazanacaq. İnanıram ki, Türkan maraqlı romanları, musiqiləri, fərqli, çoxşaxəli yaradıcılığı ilə sevilən Livanelinin gözü ilə dünyanı, Türkiyəni, Ankaranı, Azərbaycanı, İstanbulu, siyasəti, məhəbbəti... oxuculara tanıda biləcək. Və bu, bizim Türkandan yaxın vaxtlarda gözlədiyimiz uğurlardan biri olacaq.
Bir sirri də Türkandan öncə açım ki, o, hazırda bir roman üzərində işləyir. Mətbuata yeni başlayanda müxtəlif araşdırmaları, yazıları olmuşdu. Onların əsasında bir az dedektiv, bir az macəra janrında bir roman yazır. O roman isə Azərbaycandan öncə Türkiyədə çap olunacaq.
Türkan bir neçə ildir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, gənc yazıçılar üçün Prezident təqaüdünə layiq görülüb.
Kitabın çapına görə Azərbaycan Yazıçılar Birliyinə, şəxsən Anar müəllimə təşəkkürümü bildirirəm. Eyni zamanda, "Qanun" nəşriyyatı və Şahbaz Xuduoğluya minnətdaram.
Sonda bir daha Türkanı təbrik edirəm və daha böyük yaradıcılıq uğurları arzulayıram".
Tədbirdə "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həzi çıxış edərək gənc yazarın esselerini bəyəndiyini dedi: "Türkan xanımı sosial şəbəkələr vasitəsilə mütəmadi izləyirəm. Onun "O" adlı kitabını da oxuyacam. Ümid edirəm ki, kitab populyarlıq qazanacaq".
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli bildirdi ki, Türkan Turan bu əsərləri real həyat hekayələrindən bəhrələnərək yazıb: "Türkan yaxşı yazıçı olmaqdan öncə yaxşı dinləyicidir. O, özündən çox qarşısındakını düşünən, ona çıxış yolu göstərən şəxsdir. "O"dakı esseler də onun dinlədiyi insanlara həsr olunub. Çox istərdim ki, bu əsəri hər bir kişi oxusun, çünki bu esseler onların həyatı haqdadır. Özümüzü "O"da tapa bilərik. Mən çox istərdim ki, Türkan kimi yazıçıların əsərləri başqa ölkələrdə də çap olunsun, orada da oxunsun".
Tədbirdə jurnalist Məqsəd Nur, yazıçılar Kənan Hacı, Kəramət Böyükçöl, Rəvan Cavid, Leyla Namazova da T.Turanın yaradıcılığı haqqında fikirlərini bölüşdülər, uğurlar arzuladılar.
Sonda çıxış edən Türkan Turan ona dəstək olan şəxslərə təşəkkürünü bildirdi: "Bir ildən çoxdur ki, "O" deyirəm. Mən ilk növbədə Rəşad Məcidə təşəkkür etmək istəyirəm. İnsan yetişdirmək çox çətin məsələdir. Öncə mənim yetişməyimdə, tək yazıçı kimi mətnə deyil, insan kimi dünyaya və insanlara baxışımın formalaşmasında rolu böyük olub. O, ilk gündən etibarən mənə dəstək oldu, bu kitabın ortaya çıxması onun misilsiz əməyidir. Çünki mən illərlə bir yerdə sabit dayanmırdım. Fərqli-fərqli işlərdə çalışırdım. Mənim yeganə sabit qaldığım yer "525-ci qəzet" oldu. Orada bir ildən artıqdır ki, esselərim yayımlanır. Həmin esselər bu gün kitab halında çap olundu. Azərbaycan Yazıçılar Birliyinə, Anar müəllimə, "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluya təşəkkürümü bildirirəm.
Rəşad müəllimin dediyi kimi, hazırda yeni roman üzərində çalışıram və həmin əsər Türkiyədə çap olunacaq. Ümid edirəm ki, Türkiyə kitab evlərində mənim əsərlərimə də rast gələcəksiz".
***
Tədbirdən sonra Türkan kitablarını qonaqlar
üçün imzalarkən mən
çıxışımda söylədiklərimi bir daha xatırlayırdım:
"Təqdimatda çıxış edən hər kəs
Türkanın sevgidən yazdığını dedi. Mənsə, belə
düşünmürəm. Türkan sevginin arxasında gizlənərək
insanın bütün hiss
və düşüncələrinə toxunur,
onları sözün yaddaşına
köçürə bilir. Ədəbiyyat
həyatdadır, həyat ədəbiyyatdır, məncə.
Və ədəbiyyat həyatın ən xırda
detallarında gizlənib. Türkan
Turanın peşəkarlığı o
xırda detalları görə bilməsindədir. Biz onun istedadına güvənirik
və inanırıq ki, onun
səsi təkcə Azərbaycanda deyil, qardaş Türkiyə və digər ölkələrdən
də eşidiləcək. Çünki harda insan varsa,
orada Türkanın esselərinə də
ehtiyac var. Bir daha dostumuzu
təbrik edir, uğurlar
arzulayırıq!"
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 26 iyun.- S.15.