"Yad planetli"nin gəlişi

 

Tural anaroğlunun yeni kitabi təqdim olundu

 

 

 

Təsadüfdənmi, yoxsa nədənsə, Xalq yazıçısı Anarın övladlarını bir yazıçı kimi ilk dəfə elə onun əsərləri vasitəsilə tanımışam.

Xatırlayıram, Günel Anarqızı imzasını məktəbin son siniflərində oxuyarkən bir gün ədəbiyyat müəllimimin əlindəki kitabda görmüşdüm. Kitabın üz qabığında yuxarı tərəfdə "Anar: liman, Beşmərtəbəli evin altıncı mərtəbəsi" sözləri yazılmışdı. Hər iki əsəri o vaxta qədər iki dəfə oxumuşdum. Hələ əsasında çəkilən "Təhminə Zaur" filminə baxmışdım. Müəllimimlə birgə düz üç dərs əsərin müzakirəsini aparmışdıq. Amma aşağıda yazılan adlar mənimçün yeni idi: "Günel Anarqızı: Altıncı". Gələcəyim üçün ta uşaqlığımdan seçdiyim ədəbiyyat yolumu, eləcə Anar yaradıcılığına sevgimi bilən müəllimim kitabı məxsusi mənimçün gətiribmiş. Elə həmin gündən başlayıb Anarın iki əsərini üçüncü dəfə, davamında isə Günel xanımın "Altıncı"sını oxudum. İlk dəfə tanıdığım müəllifin yazı üslubu, hadisələrə yanaşma tərzi, atası belə olsa, başqa bir müəllifin əsərinə bir növ açıqlama tipli sonluq yazmaq cəsarəti xoşuma gəlmişdi. Təhminə kimi çətin, qarışıq, təzadlı obrazın gündəliyini yazmaq elə asan məsələ deyildi.

Rzayevlər ailəsi bir əsrdən çox zamandır ki, Azərbaycan ədəbiyyatına dəyərli imzalar bəxş edir. Həmin nəslin hazırki davamçılarından olan Tural Anaroğlunu isə bir neçə il öncə çap olunan "Evləri köndələn yar" - "Evləri göydələn yar" kitabı ilə tanıdım. Kitaba Anarın "Evləri köndələn yar" telekomediyası, T.Anaroğlunun "O da olsun, bu da olsun!" əsəri, "Xəstəxana" televiziya tamaşası "Evləri göydələn yar" telepyesi daxildir. Yenə Anarın başqa bir övladının onun əsərlərindən qidalanan yaradıcılıq nümunələrini oxuyurdum. Bu, artıq tamam fərqli imza, fərqli yanaşma, fərqli baxış idi. Bu dəfə Xalq yazıçısının oğlu onun vaxtilə böyük əks-səda yaradan "Evləri köndələn yar" teletamaşasının ardı kimi "Evləri göydələn yar" telepyesini qələmə alıb. Bu əsərdə Anarın qəhrəmanları yenidən yaradılıb. Müəllif həmin personajların təxminən 25 il sonrakı taleyi yeni nəslin, cütlüyün timsalında təzə bir eşq hekayəsi canlandırıb. Tural Anaroğlunun incə yumoru, satirik üslubu bəlli cəhətlərilə Mirzə Cəlil məktəbini xatırladırdı.

***

Bugünlərdə onun yeni kitabı çap olundu. "Yad planetli" adlanan kitabında yazdığı hekayələri çəkdiyi şəkilləri toplanıb. , Tural Anaroğlu həm rəssamdır axı. Hələ təqdimatı olmayan kitabı bir neçə günün içərisində oxuyub tamamladım. Müəllif bu dəfə də həm nəsri, həm də çəkdiyi şəkilləriylə təəccübləndirməyi bacardı.

Kitabın Ön sözündə Xalq yazıçısı Kamal Abdulla onun nəsrində mənəvi sələfləri Bulqakov, Mirzə Cəlil, Haqverdiyev, Mir Cəlal, Əziz Nesin, Seyfəddin Dağlı, elə Anarın özünün də izlərinə rast gəlir, oxucunun da o izlərlə qarşılaşacağına əmindir. Yanılmır Kamal müəllim. Həqiqətən də Tural Anaroğlu nəsri bizə az qala bütün bu nasirlərin yaradıcılığından bir çiçək təqdim edir. Ancaq maraqlıdır ki, bu çiçəklərin görünüşləri özündən əvvəlkilərə oxşasa da, qoxuları spesifikdir, nadirdir. Çünki orda Tural Anaroğlu qələminin mürəkkəbi var.

Adətən, hekayə kitablarını əvvəldə başlayıb sonda bitirmirəm. Öncə adı cəlb edənlərdən başlayıram. Bu kitabda ilk oxuduğum "Türkiyədən məktub" hekayəsi oldu. Kiçik həcmli əsərdə cəmi iki il öncə oxumağa getdiyi Türkiyədən ailəsinə məktub yazan bir gəncin faciəsi yumoristik hadisə ilə anladılır. Az qala bütün dünyayla, ən yaxınlıqdakı şəhərlə belə əlaqəsi olmayan kiçik kəndinə məktub göndərən oğlan məktubunu bir az Türkiyə, bir az da Azərbaycan türkcəsində yazır. Motiv bizə çoxdan tanışdır. Mirzə Cəlili xatırlatmışdıq yuxarıdakı abzasda. Burada isə konkret "Anamın kitabı" əsərini sizyada saldınız, deyilmi? Oradakı qardaşların düşdükləri yanlışa bir əsrə yaxın zaman sonra bizim qəhrəmanımız Eldar da düşür. Deməli, qiyafəmiz dəyişsə də, özümüz dəyişə bilməmişik.

"Yüksək qonaq" hekayəsi, "Qorxduğuma görə xoşbəxtəm" essesində qarşımızda ordan-burdan, müəllif təxəyyülündən gələn obraz yox, birbaşa müəllifin özü var. O müəllif ki, uşaqlığından ətrafda baş verənlərə qarşı diqqətcildir. Bəlkə uşaq ağlı ilə həmin dövrdə (SSRİ zamanında) baş verənləri tam anlamırdı. Amma yenə də bilirdi, görürdü, hiss edirdi ki, nəsə doğru deyil, yerində deyil. Və o uşaqlıq hissi uzun zamandan sonra yetkin bir insanın olduqca maraqlı və komik hekayəsi kimi vərəqlərə səpildi.

"Qorxduğuma görə xoşbəxtəm" essesində ilk dəfə olaraq, qorxuya fərqli yanaşma gördüm. Uzun illərdir onun canını bürümüş ən müxtəlif qorxulardan bəhs edən müəllif, onların varlığından rahatlıq duyur, xoşbəxt olur. Çünki canındakı qorxular, əslində, o qorxulanların hələ olmadığını sübut edir. Bunun xətrinə sevinməyə və qorxularını sevməyə dəyər.

Kitabdakı digər hekayələr ("Sinifkom seçkiləri", "İclas", "Tənha mələk", "Viza problemi", "Nəbatat", "Yad planetli", "Həyəcan", "Aliluya" və sair) də oxucuya hər biri ayrı-ayrılıqda mühüm sosial və mənəvi mesajlar ötürür. Burada həm də bir diplomatın cəsarəti var. O, cəmiyyətdəki müxtəlif problemlərə gülərək oxucunu düşündürür, "fikir ver, mən nəyə gülürəm?"-deyir sanki. Eləcə də Tural Anaroğlu insanları öz çevrələrinə baxmağa məcbur edir, bu hadislərin müəllif uydurması deyil, real həyatdan səhnələr olduğuna inandırmağı bacarır.

***

İyunun 22-də sözügedən kitabın təqdimatı keçirildi. “AzərKitab”da baş tutan mərasimdə millət vəkilləri, ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, müəllifin ailə üzvləri, oxucularmedia nümayəndələri toplaşmışdılar.

Tədbiri giriş sözü ilə açan mərkəzin layihə rəhbəri Sabir Həsənov belə tədbirlərin keçirilməsinin gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıdığını bildirdi. Və tədbirin idarəçiliyini öz öhdəsinə götürüb ilk sözü Çingiz Abdullayevə verdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev uzun illərdir dostluq etdiyibütün fəaliyyətinə, yaradıcılığına dərindən bələd olduğu T.Anaroğlu haqqında fikirlərini bölüşdü: "Hər şey gedir, kitab qalır. Anar müəllimin özü kimi ailəsi də kitabın keşiyində durur, onu təbliğ edirlər. Tural böyük bir nəslin davamçısıdır. Nə yaxşı ki, o, bu məsuliyyəti dərk edir və hər zaman ona layiqli şəkildə davranır".

Xalq şairi Sabir Rüstəmxanlı Anarın övladlarının da ədəbiyyat, yazıçılıq seçiminin təsadüf olmadığını dedi: "Anarın oğlunun da, qızının da boyuna biçilib yazıçı olmaq. Turalda bədii nəsrlə publisistik nəsrin sıx vəhdəti var. O, həm də zəngin mütaliəlidir. Bir hekayədə müxtəlif dünya filosof və yazıçılarından sitatlar gətirir. Onun təhkiyəsində bu sitatlar quru, yersiz alınmır. Tural bu yaşına kimi işiylə, tutduğu vəzifələrlə əlaqədar az qala bütün dünyanı gəzib. Onun həm hekayələrində, həm də şəkillərində keçdiyi yolun coğrafiyası var".

AYB-nin Hərbi-vətənpərvərlik komisiyasının sədri şair Şahin Musaoğlu çıxışında hazırkı zamanda Tural Anaroğluonun ailəsi kimi insanların kitaba fədakarcasına xidmətini yüksək dəyərləndirdi: "Kitab hər bir millətin tarixi, yaddaşıdır. Nə yazıq ki, dünyada kitabsızlar çoxdur. Amma nə yaxşı ki, kitabsızların çox olduğu dünyada Tural kimi yazıb-yaradan, kitabı sevən və təbliğ edənlər var. Bu kitab həm də Turalın builki yubileyinə özünün hədiyyəsi, töhfəsidir".

Müəllifi yeni kitabı münasibətilə təbrik edən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babulloğlu nəşrdə yer alan hekayələr və ümumilikdə T.Anaroğlunun yazı üslubu haqqında öz düşüncələrini bölüşdü. O da nasirin dilindəki sadəliyə və yumora diqqət çəkdi.

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs isə T.Anaroğlunun nəsrinin ən əvvəl atası Anarın yaradıcılığından bəhrələnsə də, sonralar özünəxas bir üslub formalaşdırdığını vurğuladı. Q.Ağsəs, həmçinin, diqqəti bəzi hekayələrə çəkdi. O qeyd etdi ki, hekayələrin hamısını birləşdirən bir xüsusiyyət var: yazıçının həyata, dünyaya, insanlara qarşı həssaslığı və güclü müşahidə qabiliyyəti.

"Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlı da çıxışına yazıçını yeni kitabı münasibətilə təbrik etdi, ona yeni-yeni yaradıcılıq uğurları dilədi. Bildirdi ki, T.Anaroğlunun hekayələri istər nəzəri, istər bədii cəhətdən çox maraqlı və dəyərlidir.

Tədbirin sonlarına doğru söz alan AYB-nin sədri, Xalq yazıçısı Anar bu kitabı oğlunun 55 illik yubileyinə hədiyyə etdiklərini dedi: "Nə mən, nə də həyat yoldaşım Zemfira xanım heç zaman uşaqlarımızın sənət seçiminə müdaxilə etməmişik. Nə mən onları ədəbiyyata yönləndirməyə çalışmışam, nə də o, musiqiyə. Ancaq sonralar gördük ki, həm Tural, həm də Günel yazırlar. Özü də yaxşı yazırlar. Amma onların üslubu bir-birinə heç bənzəmir, hərəsi ayrı-ayrı səpkidə yazırlar. Mərhum şair dostum Vaqif Səmədoğlu deyirdi ki, Günelin hekayələri mənim şeirlərimə bənzəyir. Turalın hekayələri isə pyeslərimə oxşayır, çünki gülməlidir.

Həyat yoldaşımla birgə bu il oğlumuzun 55 illik yubileyinə nə hədiyyə edə bilərik deyə düşündük və qərara aldıq ki, elə onun öz kitabını özünə hədiyyə edək. Tural, həmçinin, rəssamdır. Biz bir kitabda onun həm hekayələrini, həm də rəsmlərini topladıq. Mən hər iki övladımın həm yaradıcılığından, həm də ki ədəbiyyatdakı duruşundan razıyam. Onlar elə tərbiyə almayıblar ki, özlərindən öncəkiləri sayğısızca inkar etsinlər. Həm Turala, həm də Günelə deyirəm ki, dayanmayın, yazın. Çünki siz yaxşı yazırsınız".

Bu, həm Xalq yazıçısının, həm də bir atanın xeyir-duası idi. Amma Anar müəllim orada öncə ata idi. Övladı ilə fəxr edən, onun uğuruna sevinən bundan kövrələn ata...

T.Anaroğlunun anası, akademik Zemfira Səfərova da oğlunu həm yubileyi, həm yeni kitabı münasibətilə təbrik etdi, təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Hamıdan sonra çıxış edən müəllif hekayələrinin yaranma tarixçəsindən danışdı. Dedi ki, bu hekayələrin hamısının bir həqiqət mənbəyi var.

Bu gözəl hədiyyəyə görə ailəsinə tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirən T.Anaroğlu sonda kitablarını qonaqlar üçün imzaladı.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.14.