Firəngiz Əlizadənin "Nəsimi Passionu"nun yeni beynəlxalq uğuru

 

 

 

Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edən isdedadlı bəstəkar, virtuoz piano ifaçısı, tələbkar pedaqoq, geniş düşüncəli musiqişünas alim, yorulmaz ictimai xadim, eyni zamanda, gözəl insan, nəcib və zərif xanım kimi tanınır. Onun adı təkcə öz vətənində deyil, ondan çox-çox uzaqlarda da eyni dərəcədə böyük iftixar və hörmətlə çəkilir.

Bu da təsadüfi deyil, belə ki, Firəngiz xanımın müxtəlif janrlarda yazdığı əsərləri dünyanın müxtəlif ölkələrində səslənərək yüksək zirvələr qazanmış ifaçıların repertuarını bəzəyir. Onun ən aktual mövzulara həsr olunan opera və baletləri dünyanın ən mötəbər teatr səhnələrində, müxtəlif instrumental tərkibli orijinal əsərləri isə ən tanınmış və məşhur kollektivlərin ifasında səslənərək  Azərbaycanın musiqi mədəni nailiyyətlərini şərəflə təmsil edir.

Bəstəkarin belə əsərlərindən biri də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin çəkdiyi iztirabların tərənnümünə həsr olunan "Nəsimi Passionu"dur.

Sözsüz ki, Firəngiz xanımın əldə etdiyi uğurları və nailiyyətləri haqqında  saatlarla danışmaq olar, danışdıqca da tükənməz. Lakin biz qarşımıza bu məqsədi qoymuruq. Təkcə onu qeyd etmək istərdik ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda "Aga Khan Foundation" Beynəlxalq fondunun ilk dəfə olaraq musiqi sahəsində təsis etdiyi "Aga Khan Music Award" mükafatının ilk laureatı kimi Firəngiz Əlizadənin seçilməsi həm Azərbaycanın, həm də bütövlükdə dünya musiqi mədəni həyatında olduqca əlamətdar hadisəyə çevrilib.

Diqqətəlayiq haldır ki, 2019-cu il laureatlarının təltif etmə mərasimində Firəngiz Əlizadəyə "Nəsimi Passionu"na görə mükafatı şəxsən Portuqaliyanın Prezidenti Marsel Rebelu di Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin tərəfindən böyük iftixar hissilə təqdim edilib. Bu mükafatın təsisçisi olan Əlahəzrət Ağa Xan IV (13.12.1936) dünyanın bir çox ölkələrində həyata keçirilən çoxsaylı xeyriyyə layihələrinin rəhbəri və sponsoru kimi, daxilində bir sıra sosial-iqtisadi, təhsil və mədəni idarələrin fəaliyyət göstərdiyi Beynəlxalq Xeyriyyə İnkişaf Təşkilatının (Aga Khan Development Network), Ağa-Xan Universitetinin (Karaçi, Pakistan, 1983), Qlobal Plüralizm Mərkəzinin (Ottava, Kanada, 2006), Mərkəzi Asiya Universitetinin (2001), Ağa-Xan Muzeyinin (Toronto, Kanada, 2014), Ağa-Xan Mərkəzinin (Böyük Britaniya, London, 2018) yaradıcısıdır. Onun 1977-ci ildən memarlıq üzrə təsis etdiyi mükafata bu ildən musiqi sahəsi də əlavə edilmişdir. Musiqi sahəsində bəstəkarlıq üzrə Ağa-Xan mükafatının Firəngiz Əlizadəyə "Nəsimi Passionu"na görə təqdim edilməsi təsadüfi deyil.

Əsərin maraqlı yaranma tarixçəsi vardır. Belə ki, Avropanın nüfuzlu  mədəniyyət təşkilatlarından olan "Amsterdam Royal Concertgebouw" müxtəlif dini baxışları olan görkəmli dünya bəstəkarlarına "Passion" janrında əsər yazmaq sifariş edir və təqdimolunan əsərləri səsləndirir. Belə bir sifariş Firəngiz xanıma da olunmuş və nəticədə 2017-ci ildə "Nəsimi Passionu" ilk dəfə Amsterdamda məşhur ingilis dirijoru Martins Brabbinsin rəhbərliyi ilə Hollandiyanın Kral Simfonik orkestri və Klos Ştokun xor kollektivi, vokal isə  Almaniyanın Manheym Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasınının Xalq artisti Əvəz Abdulla tərəfindən ifa edilib. Əsər böyük rəğbətlə qarşılanıb, bəstəkarın şöhrətini bir daha artırıb.

Bildiyimiz kimi, Passion dünya musiqisi tarixində çox dərin və zəngin ənənəyə malikdir. Janrın inkişaf tarixi boyunca (V əsrdən bu günədək)  müxtəlif dövrlərdə gözəl nümunələr yaranıb. Lakin XXI əsrdə passion janrına maraq daha da artmışdır. Müasir dövrdə bu janr təkcə sırf musiqili hadisə kimi deyil, həm də bir konseptual kulturoloji və fəlsəfi hadisə kimi dərk olunur.

İsa Məsihin İztirabları süjetinin bəşəri əhəmiyyəti müasir bəstəkarlara öz əsərlərinin müəllif konsepsiyasına çox sayda müxtəlif ideyaların - həm sırf dini, həm də sosial-siyasi əhəmiyyət daşıyan ideyaların daxil edilməsinə imkan verir.

Artıq 2000-ci ildən passion bəstəkar marağının mərkəzinə çevrilir. Görkəmli dirijor, İ.S.Bax yaradıcılığının məşhur təbliğçisi Q.Rellinqin təşəbbüsü ilə müxtəlif dünyagörüşlü və müxtəlif mədəniyyətləri təmsil edən  nümayəndələrin mövqeyindən janrın yenidən dərk olunmasına cəhd göstərilir. Beləliklə, Baxın ölümünün 250 illiyi ilə əlaqədar Ştutqartda "Passion-2000" layihəsi Avropa musiqi festivalının əsas mövzusunu müəyyənləşdirir. Bu zaman layihədə müxtəlif dinə (buddizm, iudaizm, katolisizm və pravoslav) itaət edən, müxtəlif mədəniyyətləri təmsil edən və müxtəlif dildə danışan dörd bəstəkarın əsəri seçilir. Bunlar: Tan Dunun (Çin-ABŞ) ingilis dilində "Water Passion After St Matthew", Osvaldo Qoliyovun (Argentina) ispan dilində "Passion segun Marcos", Volfqanq Rimin (Almaniya) alman dilində "Deus Passus", Sofiya Qubaydulinanın (Rusiya) rus dilində "Strasti po İoannu" idi.

2015-ci ildən etibarən islam dininə aid olan passionların bəstələnməsi gündəmə gəlmişdir. Bu missiyanın yerinə yetirilməsi Firəngiz Əlizadəyə həvalə olumuşdur. Bu da təsadüfi deyil, belə ki, Firəngiz xanım "Qərbdə klassik musiqi sahəsində böyük uğurlar qazanan müsəlman aləminin yeganə nümayəndəsi" (H.Sikorski) hesab olunur.

Passion janrında yazılan əsərlərdə hər bir bəstəkarın milli-mədəni özünəməxsusluğu, musiqi ənənələri və İsa Məsihin iztirabları haqqında fərdi  düşüncəsi layihəyə verdiyi əsas töhfə olmalıdır. Məhz belə bir yanaşmada müasir dövrün bütün ictimai-siyasi ziddiyyətlərinin aradan qaldırma vasitəsi kimi "mədəniyyətlərin dialoqu" ideyası çıxış edir. Bu da passion janrında yaranan yeni əsərlərin əhəmiyyətini təkcə musiqişünaslıq deyil, həm də kulturoloji nöqteyi-nəzərdən qiymətləndirməyə imkan verir.

Son zamanlar dini mövzulara müraciət müasir Azərbaycan bəstəkarları üçün prioritet olub. Belə ki, dini mövzu vasitəsilə bəstəkarlar bir çox qlobal, tarixi-siyasi və ictimai problemlərin həllinə çalışırlar. Xüsusi olaraq, ilahi məhəbbətin, humanizmin, ruhi təmizliyin, ümumbəşəri kədərin və iztirab hissinin ifadəsi üçün dini musiqi janrlarına müraciət olunması aktuallaşmışdır. Bu baxımdan F.Əlizadənin yaradıcılığında dini mövzunun təzahürü həm islam, həm də xristian dininə aid forma və janrların timsalında özünü göstərir. Dini mövzulara müraciət edərək bəstəkar bir tərəfdən dünyada, cəmiyyətdə baş verən hadisələrə öz fərdi, özünəməxsus münasibətini bildirir, digər tərəfdən "dinlərarası dialoqun" genişlənməsinə və daha da möhkəmlənməsinə xidmət edir. Məsələn, xanəndə, solo violonçel və ansambl üçün "Dərviş" septeti, Avropa, Asiya və Cənubi Qafqaz xalqlarının musiqi alətlərindən ibarət "Alas" orkestri üçün "Zikr" kompozisiyası, "Al Kamandjaty" balet-misteriyası bu qəbildəndir.

Bu baxımdan Firəngiz Əlizadənin "Nəsimi passionu" orijinal bir əsərdir. Əsərin süjetini janr üçün ənənəvi olan İsa Məsihin iztirab və ölümü haqda mətn təşkil etmir. Burada janrın daşıdığı rəmzi funksiya milli məzmunla dolğunlaşmışdır. Məhz belə bir yanaşmada müasir passion janrında "mədəniyyətlərin dialoqu" ideyası parlaq ifadə olunur.

Müəllif öz əsərini milli-mədəni ənənlərə aid olan qeyri-adi ideya  məzmunla zənginləşdirmişdir. Nəsiminin iztirabları süjetinin şərhinə bəstəkar  sosial-mənəvi aspektdən yanaşır, onun iztirabları ilə müasir faciəvi hadisələr arasında paralellər axtarır. F.Əlizadənin verdiyi müsahibələrin birində qeyd etdiyi kimi, "Nəsimi bütün həyatı və yaradıcılığı boyu müqəddəs amalların uğrunda  cəmiyyətlə mübarizə aparıb... Nəsimi humanist ideyalar uğrunda apardığı mübarizəsi ilə əbədilik qazanmağa və qəlblərdə yaşamağa nail olub". Dahi mütəfəkkür və filososf şairin yaradıcılığına və şəxsiyyətinə dərin ehtiram bəstəkarın Nəsimi haqqında üç əsərin yazmasına səbəb olub.

F.Əlizadə ilk dəfə 1994-cü ildə özünün "Zikr"ində Nəsimi ilə bağlı sənətkar düşüncələrini əsərə çevirib. Sonra 2000-ci ildə Nəsimi ilə bağlı "Dərviş" septeti Şərq və Qərb musiqisinin sintezi prinsipi üzrə yaranıb. Dahi şair İ.Nəsiminin "Mən ki dərvişəm" şeirinin əhval-ruhiyyəsini və ahəngdarlığını, çılğınlığını və  daxili hisslərini əks etdirən bu əsərin vokal partiyası görkəmli muğam ifaçısı Alim Qasımovun və ney - tütək, qoşanağara, kanon, skripka, viola və violonçeldən ibarət ansamblın ifasında səslənərək avanqard musiqi ilə milli musiqi avazlarının qovuşuğunu parlaq əks etdirir. Bu silsilədən olan "Nəsimi passionu"nda müəllifin qeyd etdiyi kimi, həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi yanaşı işlənib.

Bəstəkar tərəfindən qarşıya qoyulan bədii məqsədə nail olmaq üçün əsərdə dilin seçimi böyük rol oynayır. F.Əlizadənin bu əsəri ilk passiondur ki, Azərbaycan dilində səsləndirilir. Bu, həm müasir passion janrının, həm də bütövlükdə  müasir dövrün  əsas tendensiyalarından biridir: "İnsanlarla onların dilində danışmaq".

Bəstəkarın sözlərinə görə, onu bu mövzuya cəlb edən Nəsiminin yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzi olmuşdur. F.Əlizadə Nəsimi poeziyası vasitəsilə ümumbəşəri humanist ideyaları müasir musiqi ifadə vasitələri ilə dinləyiciyə çatdıra bilmişdir.

"Nəsimi passionu" vokal-simfonik əsərdir. Burada Şərq və Qərbin dialoqu, sintezi əsərin musiqi dili səviyyəsində parlaq ifadə olunmuşdur. 150 nəfərlik orkestrin, 85 nəfərlik xorun möhtəşəm səslənməsi Nəsimi obrazını peyğəmbər səviyyəsinə qaldırır. Bununla yanaşı, partiturada milli alətlərdən ibarət  qeyri-ənənəvi ansambl da çıxış edir: ney, tütək, kanon, qoşanağara. Bunlar əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərindən ibarətdir və tembr fərqinə baxmayaraq, klassik Avropa orkestri alətləri ilə ideal uzlaşdırılır ki, bu da rəngarəng səs palitrası yaradır.

Əsərin əsas prinsipial xüsusiyyəti milli mədəniyyətə xas olan tembr səsdən istifadə olunmasıdır. Adətən klassik passionlarda mətnin intonasiya edilməsi ilə bağlı xüsusi tembri olan insan səsinin (İsa Məsihin səsini ifa edən) seçilməsi mühüm amildir.

Beynəlxalq səviyyədə yüksək mükafata layiq görülən "Nəsimi passionu" ilə Firəngiz Əlizadənin Azərbaycan musiqisini, mədəniyyətini bütün dünyada tanıtmaq və təbliğ etmək kimi məsuliyyətli missiyasını uğurla davam etdirməsi onun bu yolda fədakar fəaliyyətinin nəticəsidir. Onun xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərləri saysız-hesabsızdır. Ona görə də təsadüfi deyil ki, Firəngiz Əlizadə beynəlxalq miqyasda tanınan və seçilən qadın bəstəkar kimi bir çox titulları şərəflə daşıyır. Onu haqlı olaraq "dünyanın ən yaxşı bəstəkarlarından biri" adlandırırlar. Bunu  bəstəkarın 2007-ci ildə YUNESKO-nun qərarı ilə "Sülh artisti" fəxri adına layiq görülməsi, onun adının İngiltərənin Kembric Bioqrafik Mərkəzi tərəfindən "XXI əsrin 2000 görkəmli intellektualları" sırasına daxil edilməsi də təsdiqləyir.

Qarşısına qoyduğu bu şərəfli yaradıcılıq fəaliyyətini yorulmadan davam etdirən sənətkar ilə Azərbaycan xalqı haqlı olaraq fəxr edir və fərəhlənir.

 

Akif QULİYEV

Azərbaycan Milli Konservatoriyasının "Musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.10.