Qələmsiz yazılanlar
sms-esselər
Fərqli
ovqatların əksi
Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın
adama, bəlkə, gələcək kitabımın
redaktoruna göndərilib.
Amma hansı niyyətlə?
Bəlkə, bir romanın
eskizləri, parçalarıdır
bunlar? Bəlkə,
bir az
bioqrafik, özümlə
bağlı düşüncələrdir?
Hər bir insanın düşüncələrini kiminləsə
bölüşmək ehtiyacı
olur. Ömrü boyu özünə
qapanıb yaşayan adamın da haçansa bir gün içindəkiləri
kiməsə açıb
danışmaq zərurəti
yaranır. Bölüşdüyün,
danışdığın adam yaxın
bildiyin, güvəndiyin
kəs olanda isə daha çox
açılırsan. Özündən, həyatından, yaşadıqlarından,
udub-uduzduqlarından, gücündən,
zəifliyindən - neçə
illərdən bəri
qəlbinin bir küncündə gizlədib
saxladığın hər
nə var - açıb danışmaq
istəyirsən. Bəzən,
hətta doğma adamdan giley-güzar da ola bilər. Təbii ki, özündən
gileyləndiyin məqamlar
da, özündən özünə yazdıqların
da var. Amma hər nədirsə, hamısı öz yaşantıların - özünün
yaşadıqlarındır, parça-parça olmuş,
hissə-hissə bölünmüş
həyatın əksi,
nişanələridir.
Ona görə
də "Qələmsiz
yazılanlar"ın ikinci
hissəsi kimi "Sms-esselər" adlandırdığım
həmin bu qeydləri də çap etdirməyi düşündüm. Ayrı-ayrı vaxtlarda, fərqli şəraitlərdə yazıb
göndərdiyim və
çoxusunu özümdə
saxlamadığım bu
mətinləri yığıb
toplamaq elə də asan başa
gəlmədi. Göndərdiyim doğma adamdan xahiş etdim, yardımçı oldu.
Amma içərisində yazıb
özümdə saxladığım,
gizlətdiklərim də
var idi. Onları da bura əlavə
elədim. Və beləcə,
qaçaraq, yüz yerə parçalanmış,
əlli yerə bölünmüş həyatımın
fərqli ovqatlarının
əksi, mənzərəsi
olan bu yazılar
ortaya çıxdı.
FƏDAKARLIQ
İki gündür, bir az asudə
vaxt tapan kimi beynim bir
yazının süjetinə
bənd olur. Yazmaq ehtirası ilə qorxunun mübarizəsi başlayır. Düşünürəm ki, gərək yazam. Amma içimdə bir
tərəddüd var. Bəlkə,
nəsə oxuyum deyə, kitab rəfinin qarşısına
keçirəm. Prosper Merime gözümə dəyir. Xatırlayıram ki, ondan nəsə oxumuşam və yadımda xoş aurası qalıb. Onun yanında O Henrini
görürəm, kitabı
götürüb "Son yarpaq"ı
axtarıram. "İncəsənəti
sevirsənsə" hekayəsi
gözümə sataşır,
tanış gəlir, yəqin nə vaxsa oxumuşam.
Yenidən oxumağa başlayıram.
Gənc oğlan rəssamdır, gənc qız pianoçu. Hərəsi bir bölgədəndir, Nyu-Yorkda rastlaşıblar, sevişiblər, evləniblər. Saatlarla incəsənətdən coşqulu söhbətlər edirlər. Birotaqlı evlərində xoşbəxtdirlər. Bir gün pulları tükənir, qız iş axtarır və axır ki, tapır: bir varlı ailənin qızına fortepiano dərsi deməyə başlayır. Oğlan isə çəkdiyi rəsmlərə müştəri tapdığını deyir. Sevinirlər ki, sənətlərinə uyğun iş tapa biliblər. Bir gün qız əlisarıqlı dönür evə. Deyir ki, dərs verdiyi qız evdə onu yeməyə qonaq edəndə isti yağ dağılıb, əlini yandırıb. Sonra məlum olur ki, qız indiyəcən fortepiano dərsi demirmiş, camaşırxanada işləyirmiş, paltar ütüləyirmiş. Oğlan da elə həmin camaşırxanada ocaqçı işləyirmiş. Oğlan deyir ki, incəsənəti sevirsənsə, hər çətinliyi keçmək olar. Qız onun sözünə düzəliş edir: Əgər sevirsənsə...
Hekayə xeyli düşündürür...
"Son yarpaq"ı ilk dəfə 14-15 yaşlarımda Şuşada oxumağım yadımdadır. Ən aydın yadımda qalan əsərlərdəndir. Ömrüm boyu tez-tez xatırlamışam onu. İndi oxuyuram, görürəm ki, yağışlı gündə divara yarpaq rəsmi çəkən kişi 2 gün sonra sətəlcəmdən ölür, amma son yarpağın düşmədiyini görən qıza həyat eşqi güc verir və sağalır. Düşünürəm, görəsən, niyə bu tipli əsərləri sevirəm - fədakarlıqdan bəhs edən, insanı uçurumdan qoruyan, yaşadan, ona ümid verən, işıqlı əsərləri? Xarakterimmi belədir deyə bu tipli əsərləri bəyənirəm, yoxsa əksinə, bu əsərlərin təsirindən xarakterim belə formalaşıb?!.
"SEVİNC"
Bu gün səhərdən Çexovun "Sevinc" hekayəsi yadıma düşüb. İnsan hisslərinin bu qədər sadə, adi, bir az da ironik şəkildə ifadəsi çox təsirlidir... Hekayə cəmisi bir səhifədir. Deməli, gecənin yarısı Mitya gəlir evə, çox xoşbəxtdir, coşub-daşır, sevinir... Başlayır valideynlərini qınamağa ki, dünyadan xəbəriniz yoxdur, qəzet oxumursuz, heç nə bilmirsiz, amma mən artıq məşhuram, bütün Moskva məndən danışır-filan... Bir az keçəndən sonra məlum olur ki, bunun haqqında yazı var qəzetdə və yazını oxumağa başlayırlar... Oxuduqca coşur, sevinir, şərh edir hər cümləni... Sən demə, bu adam sərxoş halda atın altına yıxılıbmış, bu haqda kiçik bir informasiya gedib qəzetdə, adını da qeyd ediblər... Bu isə həmin informasiyadan sevinib, ruhlanıb, coşub və bu xəbəri qabağına çıxan hamıya danışır... Mitya deyir, bu qəzeti saxlamaq lazımdır, amma hələlik aparım filankəslərə də göstərim...
Bir vaxtlar
ilk şeirlərim çıxanda uşaqların "Qonşumuz
Rəşad şair olub"
- deyə əllərində qəzet küçədə
qaçmaları yadımda düşdü.
Yazı yazan hamının xatirəsində,
heç olmasa, bir belə hadisə var... Amma Çexov sadəcə, yazıdan yox, adi informasiyadan
xoşbəxt olan adamı göstərir
və əslində, bununla hər
insanın içindəki tanınmaq, daha
çox görünmək arzusunu ifadə edir. 25 ildən
çoxdur, insanların görünmək
arzusunu yerinə yetirməyə
çalışırıq. Bəlkə də, bu, savab işdir.
Axı, heç kimə pislik
eləmir adam... Yazır, vəssalam... Şair demiş, "stadionda kiminsə başına butulka
atmır ki..." Sadəcə,
görünmək istəyir! İstəyir ki, onu görsünlər, adam saysınlar...
Olsun da, qoy olsun!
HƏR
ŞEY...
AzTV-də gənc rəssam
danışır: "Rəssamlıq
mənimçün hər
şeydir, səhər
duran kimi rəngləri fikirləşirəm,
nə çəkəcəyimi
düşünürəm".
15-20 yaşlarımda poeziya da mənimçün eləydi, yuxudan duranda da, yeriyəndə də, düşünəndə də şeir pıçıldayırdım. Sən demə, bu, gənclik ovqatı imiş. Poeziya, şeir çox şeydir insan üçün - hər halda mənim üçün - amma hər şey deyil. HƏR ŞEY bədənin bütün nöqtələrini dolduran, fiziki hiss elədiyin, çəkisini anladığın, fəqət həm də hava kimi ələ gəlməyən, dopdolu kütlədir. Bədənindən aşıb-daşdığını hiss edirsən. HƏR ŞEY təkcə yuxudan ayılanda yox, yuxuda da, gerçəklikdə də beynindən heç zaman çıxmayan, düşündükcə səni ən dərin musiqidən də uzaqlara, göyün yeddinci qatına qaldıra bilən, metafizik, ruhi, həm də real, ilahi obrazın və fiziki varlığın qovuşduğunu dərk edib yaşamaqdır. Və hamıdan yuxarıda olduğunu apaydın görməkdir.
"FREE ZONA"NIN SƏRÇƏLƏRİ
Hava limanında "free zona"da olmaq nənəmin alma bağının rahatlığı kimi gəlir mənə. Bütün yoxlamalardan keçəndən sonra, uçuşdan əvvəl, bir saat-para saat zamanın olur. Beyin rahat, qayğılardan azad. Özün də səfər üstdə. Yəqin, həm də buna görə "free zona" təkcə sözün hərfi mənasında yox, ümumiyyətlə, azadlıq anlamına gəlir mənim üçün. Sərçələri düşünürəm. Hansısa açıq şüşədən aeroportun içərisinə girib uçuşan sərçələr! Bəzən şəffaf şüşələri səma, ənginlik bilib, indicə azadlığa çıxacağını düşündüyü məqamda dimdikləri şüşəyə dəyib yumrulanan, qanadını bir anlıq unudub daş kimi aşağı yumalanan, sonra özünə gəlib yenidən qanadlanan "free zona" sərçələri! Azadlığın bir addımlıqda olduğunu düşünüb sevinəndə sərçələrin dimdiyinə dəyən şüşələr! Mavi səmanı əks etdirən aldadıcı şüşələr! Və nənəmin alma bağı...
LUMİNİSET LAMPA
Masazırdakı evin həyətində,
çardağın altında uzanmışam. Anam Yavər xanım ordan-burdan danışır. Öz aləmimdə
olsam da, hərdən qulaq verirəm. Şahin Sinariya ruhlar
barədə kitab tərcümə edib.
Birini də ona göndəriblər.
Anam arada bu kitabdan
danışsa da, söhbət bu luminiset lampaların işığına ilişir.
Bu lampa işığı
mənə Ağdamdakı
həyət evimizi xatırladır. Düşünürəm,
niyə Ağdamı xatırladır bu işıq?!
Deməli, 1975-ci ildə Ağdamda birinci katibi olan Telman Orucov
Məcidovu rayon bankının
müdir müavinliyindən
"Qorpo"ya sədr
təyin edir. Avqust ayında
ailəmiz "dördmərtəbədən"
“hamam məhəlləsindəki”
həyət evinə köçür. Mən
Turşsudayam. Ağdama
gələndə keçmiş
evə - "dördmərtəbəyə"
gedirik. Orada bizi - bacımla
məni qarşılayıb
təzə evə aparırlar. Bax, bu
700-800 metrlik yolu aydın xatırlayıram.
Təzə evi görmək marağı,
yeni ev,
yeni şərait - genişliklə, yeniliklə
tez tanış olmaq arzusu! "Dom
pioner"in, rayon milis
idarəsinin qabağından,
evlərin arasından
keçən yol və həmin andakı ovqatım indi də dipdiridir.
Və milis idarəsinin, şəxsi evlərin qabağında yanan luminiset lampaların xəfif, fərqli işığı. Görünür, Ağdamda o vaxt dəb idi - həyətləri, çardaqları,
qapının, darvazanın
çölünü luminiset
lampayla işıqlandırırdılar.
Bax, beləcə
"köhnə hamam"
məhəlləsindəki evimizə - Əli İbrahimov küçəsi,
döngə 1, ev 19-a çatırıq.
Evin içi və həmin an yaşadığım duyğularım elə də yadımda qalmayıb. Amma evə gedən
yolu, luminiset lampaların işıqlarını,
darvazanı, həyəti,
həyətdəki lüminıset
işığını lap yaxşı xatırlayıram.
Və indi Masazırda, Yavər xanımın söhbətlərinin və
sükutunun içində,
luminiset işığında
həmin ovqat məni buraxmaq bilmir!..
TORPAQDAN
DA BƏRƏKƏTLİ
Günəş də sevgi qədər
güc, enerji verə bilməz. Bahar da onun qədər ruhlandıra bilməz.
Torpaq da onun qədər səxavətli ola
bilməz. Ən üstünü sevgidir.
Bunları düşünə-düşünə
valideynlərimi ayrı-ayrılıqda öpdüm.
Atam həyətdə oturmuşdu.
Təəccübləndi. Çox həssas adamdır, əminəm ki, unutmayacaq bu halımı. Mən olmayanda
danışacaq, "Oturduğum yerdə oğlum gəlib öpdü
məni" - deyəcək. Xeyli
müzakirə edəcəklər bu hərəkətimi.
Axı, mən uşaq deyiləm. Amma sevgi insanı gör necə
uşaqlaşdırırmış. Çox
borcluyam bu hissimə -
Tanrının mənə
göndərdiyi ilahi möcüzəyə!
Mənə lütf elədiyi bu hala görə borcluyam... Sevgi - can verməkdir həm də...
Yaşamağın məğzi, mənasıdır! Sevgi - şeytan əməli
deyil, Allahın işidir,
onun özüdür,
bəlkə də! Bu ruha,
işığa, gücə səcdə etməliyəm!
Qorumalıyam!..
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2019.- 26 iyun.- S.11.