“Dünya ədəbiyyatı”nın
“Türkiyə: hekayə” sayı təqdim olundu
İyunun
24-də Azərbaycan Yazıçılar
Birliyinin
(AYB) “Natəvan” klubunda
AYB Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
nəşri olan “Dünya ədəbiyyatı”
dərgisinin yeni – “Türkiyə: hekayə” xüsusi sayının təqdimat mərasimi keçirilib.
Tədbirdə AYB rəhbərliyi, jurnalda tərcümələri çap
olunan müəlliflər,
ziyalılar və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AYB Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
sədri, şair, tərcüməçi Səlim
Babullaoğlu dərgi
haqqında ümumi məlumat verib: “Artıq 5 ildir ki, “Dünya ədəbiyyatı” dərgisinin
hər sayı bir xalqın ədəbiyyatına, və ya bir janra,
yaxud bir ədibin tərcümə
yaradıcılığına həsr olunur. Bu sayda Türkiyə
hekayəçiliyi öz
əksini tapıb.
Bu sayın hazırlanması
prosesində Bakı Yunus Əmrə İnstitutuyla sıx əməkdaşlıq quraraq,
onların köməyini
və dəstəyini
gördük. Bunun üçün
onlara təşəkkürümüzü
bildiririk. Düşünürük ki, jurnalın bu sayı ədəbi
mühit üçün
dəyərli töhfə
olacaq”.
AYB-nin sədri, Xalq yazıçısı
Anar “Dünya ədəbiyyatı” dərgisini,
xüsusən Türkiyə
hekayəçilyinə həsr
olunmuş yeni sayını vacib və müsbət nəticəsi olacaq bir təşəbbüs kimi dəyərləndirib:
“Görülən bütün
işlərə baxmayaraq,
hələ də hər iki ölkə
arasındaki ədəbi
əlaqələrdə çatışmazlıqlar
var. Belə ki, bu ölkənin oxucuları hələ də bir-birinin ədəbiyyatlarını yaxşı
tanımırlar. Bu baxımdan dərginin bu sayı çox
vacib işdir. Türkiyə ədəbiyyatı dünya ədəbiyyatına
çox mühüm hekayəçilər, ədiblər
bəxş edib.
Onları oxucularımız da yaxından tanımalıdırlar. Bu işdə əməyi olanların hər birinə təşəkkür
edirəm”.
Bakı
Yunus Əmrə İnstitutunun müdiri Cahan Özdəmir çıxışına Ümumilli
lider Heydər Əliyevin “Bir millət iki dövlət” sözlərini
xatırladaraq başlayıb:
“Bu, həqiqətən də
dəyərli sözdür.
Ancaq onun həqiqi dəyərini göstərən
görülən işlərdir.
Bu dərgi bu
sözü təsdiq edən, iki millət arasında ədəbi körpü yaradan dəyərli işlərdən biridir.
Bənzər çalışmaların, hər iki ölkədə
davam etdiriləcəyinə
inanıram”.
Tədbirdə C.Özdəmirə iki qardaş ölkə arasında ədəbi-mədəni
əlaqələrin inkişafında
səmərəli xidmətlərinə
görə Azərbaycan
Mədəniyyət Nazirliyinin
fəxri fərmanı
təqdim olunub. Mükafatı təqdim edən AYB-nin katibi Rəşad
Məcid C.ÖZdəmiri
yaxından tanıdığını,
onun Azərbaycan ədəbiyyatına dərindən
bələd olduğunu
vurğulayıb, ədəbi
əlaqələrimizin inkişafındakı
xidmətlərindən söz
açıb. Dərginin
yeni sayını əlamətdar hadisə hesab edən R.Məcid Mərkəzin sədri Səlim Babullaoğlu və dərginin baş redaktoru Seyfəddin Hüseynlinin hər zaman dəyərli işlərə imza atdıqlarını, onların
birgə işlərinin
öz sanbalı, yüksək səviyyəsi
ilə seçildiyini
vurğulayıb.
Baş redaktor Seyfəddin Hüseynli çıxışında
dərginin bu sayının əlamətdar
hadisələrin qovuşağında
çap olunmasından
xüsusi məmnunluq duyduğunu ifadə edib: “Əlamətdar cəhətdir ki, “Dünya ədəbiyyatı”nın
bu sayı Azərbaycan Yazıçılar
Birliyinin 85, Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin 30, dərginin
isə 15 illiyi ərəfəsində işıq
üzü görür.
Dərginin yeni sayının məhz qardaş Türkiyənin ədəbiyyatına
həsr olunması isə bir başqa
yubileylə – parlaq tarixi hadisə ilə əlaqədardır.
İki qurumun sıx əməkdaşlığı
və dərgi kollektivinin fəaliyyəti
nəticəsində 55 müəllifin
hekayə yaradıcılığından
seçmələri bir
dərgidə oxuculara
təqdim olunur. Bildiyim qədəriylə
bu qədər müəllifi birləşdirən
antologiya son illərdə
olmayıb.
Türkiyə hekayəçiliyi çox
genişdir. Biz də
qərara gəldik ki, yüz illik
bir ədəbiyyat tarixini mümkün qədər optimal şəkildə
əhatə edək.
Şübhəsiz ki, istər
yazıçıların, istərsə də, əsərlərin seçimi
nisbidir. Amma bu yüz il ərzindəki hekayə məktəbini götürəndə, düşünürəm
ki, kifayət qədər əhatə edə bilmişik. Biz yox, başqa kimlərsə də seçsəydi, ola
bilsin, başqa-başqa
hekayələri daxil edərdi, amma buradakı müəlliflərin,
xüsusən də klassik sayılanların çox böyük bir qismini seçərdi.
Son otuz-qırx ilin müəlliflərində isə
müəyyən mübahisələr,
müzakirələr ola bilər. Amma bgu bizim seçimimiz
idi və bu seçimi mütəxəssislərlə müzakirəli şəkildə
həyata keçirmişik.
Əsərlərin tərcüməsinə gəldikdə, deyə bilərik ki, hər bir tərcümə
bir növ həmin dilin imtahanıdır. Azərbaycan və
Türkiyə türkcələri
qohum da yox, qardaş dillərdir. Amma son iki
əsrlik proseslər nəticəsində ciddi fərqlər də yaranıb. Redaktə prosesində də
gördük ki, nə qədər ciddi fərqlər var. Dərgidəki müəlliflər
fərqli üslublara,
fərqli dil zənginliyinə sahibdirlər.
Biz çalışdıq ki, mümkün dərəcədə əsərləri
Azərbaycan dilinin üslub xüsusiyyətlərinə
uyğunlaşdıraq. Son zamanlar belə
bir xoş olmayan fikir yaranıb
ki, Türkiyə türkcsindən Azərbaycan
dilinə yaxşı
tərcümələr olmur.
Amma bizim tərcüməçilər sağ
olsunlar ki, elə bir iş
ortaya qoydular, redaktə prosesindən də sonra bu
mətnlər əsasən
Azərbaycan türkcəsinin
materialına çevrildi.
Bu işdə bizə dəstək olan hər kəsə,
tərcüməçilərimizə, texniki işçilərə
dərin təşəkkürümü
bildirirəm”.
Şair, tərcüməçi Azad Yaşar
çıxışında qeyd edib ki,
“Dünya ədəbiyyat”ı
dərgisinin Türkiyə
hekayəçiliyi ilə
bağlı xüsusi
sayına olduqca dəyərli və maraqlı, əksəriyyəti
indiyə qədər
dilimizə çevrilməyən
nümunələr daxil
edilib. O, dərgidə
təkcə tərcümələrlə
kifayətlənilməyib, Türkiyə
hekayəçiliyi ilə
bağlı nəzəri
materiallar, eləcə
də müəlliflər,
onların əsərlərini
Azərbaycan dilinə
çevirən tərcüməçilər
haqqında məlumatlar
verilməsini mühüm
cəhət kimi vurğulayıb.
Tanınmış ədəbiyyatşünas və tərcüməçi
Cavanşir Yusifli dərginin önəmindən,
yeni sayda yer alan
materialların ədəbi
dəyərindən bəhs
edib, zəhməti olan hər kəsə
təşəkkürünü bildirib.
Sonda “Dünya ədəbiyyatı”
dərgisinin “Türkiyə:
hekayə” xüsusi sayı qonaqlara hədiyyə olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 26 iyun.- S.13.