Görkəmli türkoloq
Fərhad Zeynalov elmi seminarla anılıb
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin təsisçisi
olduğu "Türkologiya"
jurnalının nəzdində
"Azərbaycan türkologiyasının
Bayraqdarı-Fərhad Zeynalov"
adlı növbəti
seminar keçirilib.
Seminar iyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub. "Türkologiya" jurnalının
elmi seminarlar silsiləsinin davam olan bu seminar görkəmli türkoloq alim Fərhad Zeynalovun anadan olmasının 90 illiyinə
həsr olunub.
"Türkologiya" jurnalının
baş redaktoru, akademik Kamal Abdullanın moderatorluğu
ilə keçirilən
seminarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun, "Türkologiya"
jurnalının əməkdaşları,
seminarın üzvü
olan Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan akademik K.Abdulla bildirib
ki, "Türkologiya"
jurnalının nəzdində
yaradılan bu seminarın əsas məqsədi türkologiya
elminin nailiyyətlərini
və problemlərini türkoloq alimlərin birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin görkəmli sələf və xələfləri, onların
elmi irsi ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə
kömək etməkdir.
Fərhad Zeynalovun Azərbaycan türkologiya elminin bayraqdarı olduğunu vurğulayan K.Abdulla qeyd edib ki, o, Azərbaycanda
türkoloji araşdırmaların
canlanmasında, ölkəmizin
Sovet məkanında türkoloji mərkəzə
çevrilməsində mühüm
rol oynayıb, elmi fəaliyyətləri
ilə "Türkologiya"
jurnalının məhz
Bakıda çap edilməsinə zəmin hazırlayıb. Akademik K.Abdulla həmçinin
qeyd edib ki, bu seminar jurnalın görkəmli alimlərimizin yubileyinə
həsr edilmiş ilk tədbiridir. Bu yeni ənənə davam etdiriləcək və növbəti seminarlar görkəmli alimlərimizin elmi irsinin müzakirəsinə
həsr ediləcək.
O, eyni zamanda bildirib ki, jurnal
bu seminarla F.Zeynalovun 90 illik yubileyinə həsr olunacaq tədbirlərin açılışını edib.
Daha sonra çıxış edən
F.Zeynalovun tələbəsi,
Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq
onun yetişməsində
böyük əməyi
olan müəllimini xoş xatirələrlə
anıb. O qeyd edib ki, F.Zeynalov
türkoloji araşdırmalara
imkan verilmədiyi bir dövrdə türkologiya kafedrasını
qurmaqla, türkoloji sahədə tədqiqatlara
böyük əmək
sərf etməklə,
bu sahəyə gənc tədqiqatçıları
cəlb etməklə
Azərbaycan türkologiyasına
misilsiz töhfələr
verib.
Seminarda,
həmçinin, AMEA Dilçilik
İnstititunun direktoru,
akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professor Aydın
Ələkbərov, BDU-nun professorları
Rüfət Rüstəmov,
Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli,
Tofiq Hacıyev, dosent Qızılgül Abdullayeva, Dilçilik İnstitutunun Elmi İşlər üzrə
direktor müavini dosent Baba Məhərrəmli,
professor Roza Eyvazova çıxış edərək
F.Zeynalovun Azərbaycan
türkologiyasının inkişafında
xidmətlərindən danışıb,
görkəmli alimin universitetdə dərs dediyi dövrə aid xatirələri seminar iştirakçıları
ilə bölüşüblər.
Daha sonra çıxış edən
F.Zeynalovun övladı
Vüqar Zeynallı bu seminarın yüksək səviyyədə
təşkil edilməsinə
görə jurnalın
baş redaktoru akademik Kamal Abdullaya, çıxış
edənlərə və
seminar iştirakçılarına dərin minnətdarlığını
bildirib.
Sonda çıxış edən
"Türkologiya" jurnalının
məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov F.Zeynalovun Azərbaycan və dünya türkologiyasına verdiyi
dəyərli əsərlərin
bu gün də dünyanın müxtəlif türkoloji
mərkəzlərində maraqla
oxunduğunu, türkologiya
sahəsindəki tədqiqatlara
yol göstərdiyini,
özü aramızda
olmasa da, qiymətli fikir və ideyalarının daima yaşayacağını
qeyd edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 26 iyun.- S.13.