Xosrov Natil yeni kitabını imzaladı

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Xosrov Natilin "Ovcumun içində buğda dənəsi" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış qələm əhli, oxucularmedia nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid X.Natil ilə tanışlığından danışıb, onun yaradıcılığı haqqında fikirlərini bölüşüb: "Mən Xosrov Natili 20 ildən çoxdur ki, tanıyıram. Onunla birgə çalışdığımız vaxtlar da olub. "525-ci qəzet"də zaman-zaman şeirlərini çap edirik. Xosrov Natil çox təvazökar insandır. Sakit, təmkinli şəkildə yaradıcılığını davam etdirir. Düşünürəm ki, bu kitabı ona yeni uğurlar gətirəcək".

Kitabın redaktoru, yazıçı və, tərcüməçi Əyyub Qiyas bu işi zövqlə gördüyünü önə çəkib: "İsti yay günündə Xosrov Natilin kitabının işığına toplaşmaq əhəmiyyətli hadisədir. Bu kitabı redaktə etdiyim 10-15 gün ərzində gözüm dəyərli şeirlər gördü, ruhum dincəldi. Xosrov Natilin şeirləri diqqətə və məhəbbətə layiqdir".

Hacan Hacısoy çıxışında X.Natili fikir şairi adlandırıb: "O, həqiqətən də gözəl şairdir. Düşüncələri dərin, sözləri həyatidir. Xosrov Natilin kitaba yazdığı izahat xarakterli ön sözü şeirlərini oxumaqanlamaq baxımından çox əhəmiyyətlidir. Kitabın adı özü böyük bir kitabdır. "Ovcumun içində buğda dənəsi" ifadəsi olduqca poetik səslənir".

Müəllifi yeni kitabı münasibətilə təbrik edən şair Maarif Soltan onun şeirlərinin bədii tutumundan danışıb: "Ən yaxşı şeirlər qatlardan ibarətdir. Xosrov Natilin şeirləri çoxqatlıdır. O, sözə səxavətli deyil. Sözləri zərgər dəqiqliyi ilə seçir, israf etmir. Ona görə də uzun illərin yaradıcılığına rəğmən şeirləri azdır. O, şair kimi də, insan kimi də maraqlıdır. Sözdən necə istifadə etmək lazım olduğunu yaxşı bilir".

X.Natili imzası və şeirləri ilə çoxdan tanıdığını deyən şair Oqtay Rza bu təqdimat sayəsində şəxsən də tanış olduğunu deyib. Onun şeirlərinin milli şeir üslubuna yaxınlığını xüsusi qeyd edən O.Rza hazırda belə şairlərin azlığına diqqət çəkib.

Şair Fərqanə Mehdiyeva çıxışında deyib ki, X.Natilin poeziyasında bir nisgil, qəriblik var.

Yazıçı Fəxri Uğurlu müəllifin şeirlərinin həyatı ilə bağlılığını vurğulayıb: "Mən artıq otuz ildən çoxdur ki, onun şəxsiyyətinə də, yaradıcılığına da bələdəm. O, çox yazan deyil, çünki sözə qənaətlə yanaşır. Poeziyası həyatından, taleyindən qidalanır. Bir misrası belə bioqrafiyasından kənar deyil. Ona görə də səmimidir, doğmadır".

Daha sonra çıxış edənlərdən İbrahim İlyaslı, Akif Quliyev, Qulu Ağsəs, Narıngül Nadir, Adil Həsənoğlu, Ehtiram İlham və başqaları Xosrov Natil poeziyası haqqında fikirlərini söyləyib, şairi yeni kitabı münasibətilə təbrik ediblər.

Sonda müəllif tədbirdə iştirak edənlərə, çıxışçılara öz təşəkkürünü bildirib. "Ovcumun içində buğda dənəsi" kitabına daxil olan şeirlərindən səsləndirib və kitablarını qonaqlar üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.13.