Balaca ağac
hekayəsi
- Baba, sən nə edirsən?
- Ağaca qulluq edirəm.
- Ağaca niyə qulluq edirsən?
- Zamanı gələndə
meyvələri olsun deyə. Sənlə qardaşların böyüyəndə toplasın,
yesin deyə.
- Niyə, dükanda var da... Niyə əziyyət
çəkirsən?
- Dükandakıyla bu, bir deyil, bala,
bunun ləzzəti bambaşqadır.
Nəvə güldü:
- Nəyi başqadır? Meyvə meyvədir də.
Baba gülümsündü:
- Bunda sevgi var,
əmək var, - dedi.
- Yaxşı bəs başqa niyə?
Baba yenə səbirlə:
- Kölgə versin deyə.
- Kölgə nəyə lazımdı ki?
- İstidə sərin
olsun deyə.
Nəvə yenə güldü.
- Bunun üçün kondisioner var da.
Baba təmkinlə işinə
davam etdi. Nəvənin marağı daha da artdı.
- Bəs başqa?
- Dinləməyi öyrənirsən,
danışmağı öyrənirsən.
Nəvə tamam çaşdı qaldı.
- Ağac adamdı ki?
Baba yenə gülümsündü. Suallar yağışı
güclənməyə başladı.
- Başqa niyə?
- Paylaşmağı öyrədir.
- Axı paylaşanda azalacaq.
- Düzdür, amma sənin ürəyin böyüyəcək
Nəvə çaşqın-çaşqın baxdı.
- Bəs başqa?
- Zəhmət çəkməyi
öyrənəcəksən?
- Niyə? Yorulacam axı.
- Ola bilər, amma sən bu yorğunluqdan
zövq alacaqsan.
Yox, deyəsən,
daş qayaya rast gəlmişdi. Nəvənin qaşları çatıldı.
Çıxıb getmək istəyəndə,
onu bayaqdan səbirlə, sevərək
izləyən babası
səslədi. Nəvə ayaq
saxladı. Baba əlindəki beli yerə qoydu. Daşın üstündə əyləşib
tərini əlinin arxasıyla sildi. Vedrəni nəvəsinə
göstərərək dedi:
- Get su gətir.
Nəvə həvəssiz, narazı halda getdi və
çox keçmədi
əyilə-dikələ, içindəki
suyun yarısını
dağıda-tökə əlində
vedrə ilə qayıtdı. Ağacı birlikdə suladılar.
Azacıq dincələndən sonra baba ilə nəvəsi
bazara getdilər. Bazardan bir
balaca bel, balaca vedrə, azacıq da günəbaxan toxumu aldılar.
Baba nəvəsinə bellə gücü çatan boyda balaca çalalar qazdırdı. İçinə günəbaxan toxumlarını
səpdirdi. Sonra kiçik
vedrəsiylə su tökdürdü. İşlərini bitirəndən sonra evə dincəlməyə
qalxdılar. Hər məktəbdən
gələndə baba
özünü yorğunluğa
vurub, nəvəni əkdikləri günəbaxan
toxumlarına qulluq etməyə yolladı.
Əslində isə nəvəsi
məktəbdə olanda
özü bağına
baş çəkirdi.
Bir gün baba, adəti üzrə dərsdən gələn
nəvəsini bağı
yoluxmağa göndərdi.
Çox keçmədi,
nəvə qaça-qaça
içəri girdi:
- Baba, əkdiyimiz günəbaxanın
yerində nə isə çıxıb.
Baba gülümsündü.
- Hə, yəqin əkdiyin günəbaxan cücərib.
- Cücərib, necə yəni? İndi onlardan günəbaxanlar
çıxacaq? - deyə təəccüb
və həyəcan dolu qara gözlərilə
babasına baxdı. Baba təbəssümünü
gizlətmədən, başı
ilə təsdiqlədi.
Ertəsi günü dərsdən gələndə babanın
onu bağa göndərməsinə ehtiyac
qalmadı. Nəvə özü hər
gün vedrəsini su ilə doldurub
bağa qaçırdı.
Günəbaxanlarını sulayırdı. Onlarla söhbət edirdi. Hallarını xəbər alırdı.
Hətta
gücü çatdıqca
o biri ağacları da sulayırdı.
Zaman gəldi. Günəbaxanlar tam yetişdi. Məhsulu yığmaq vaxtı
gəldi. Baba ilə nəvə bütün günəbaxanları
topladı. Nəvə evə
gələn hər qonağa, məhlədəki
bütün dostlarına
günəbaxanlarının çox hissəsini payladı. Bir gün ağacın
altında oturub çayını içən
babasına yaxınlaşdı.
Çox
məmnun halda yanında əyləşdi.
Baba gözünün altıyla
gülümsünərək nəvəsinə baxdı:
- Qonaq etdinmi dostlarını?
- Hə, baba.
- Bəs axı özünə çox az qaldı,
- deyə baba çayından bir qurtum aldı.
- Olsun. Onlar da yesinlər.
Bilirsən necə sevindilər.
- Adi günəbaxandı da, - deyə baba dodağının qırağı ilə gülümsədi.
- Nə danışırsan,
baba. Bu, elə-belə
günəbaxan deyil
e. Bunun dadı bambaşqadı. Bunda sevgi
var, əmək var.
- İstəyirsən get içəri.
İçəri daha sərindi.
Kondisioner yanır, - dedi babası.
- Yox, ağacımızın
kölgəsinin sərinliyinə
çatmaz, - deyə nəvə qalxıb babasının boynuna sarıldı.
Baba da
razılıq və sevgiylə onu
qucaqladı. Sevincinin
həddi-hüdudu yox idi. Çünki bu gün o balaca
bir ağac yetişdirmişdi. Bu balaca qələm böyüyüb çox
barlı-bərkərli bir
ağac olacaqdı.
Çox
dərinlərə kök
atan, torpağına, yerinə-yurduna bağlanan
bir ağac. Barıyla paylaşan, paylaşdıqca
da böyüyən fədakar, rəhimli bir ağac. Kölgəsiylə sevdiklərini sarıb-sarmalayan
ağac. Səbirlə, sevgiylə, zəhmətlə
məqsədinə çatan,
təmkinlə qarşısındakını
dinləməyi bacaran
bir ağac. Həyatda maddiyatdan da başqa dəyərlər
olduğunu anlayan bir ağac - bir həyat yetişdirmişdi.
Fidan
MALİK
525-ci qəzet.- 2019.- 28 iyun.- S.16