Ərtoğrol Cavid
taleyi və bir ailənin dramı
(əvvəli
ötən sayımızda)
1981-ci ildə "gənc yaşlarından çətin
sınaqlar qarşısında qalmış və bu
sınaqlardan şərəflə, ləyaqətlə
çıxmış" (Xalq yazıçısı Anar)
Ərtoğrol Cavidin xatirəsinə həsr olunan ilk televiziya
verilişi tamaşaçılara təqdim edildi. Xalq yazıçısı
Anarın təşəbbüsü və
aparıcılığı ilə araya-ərsəyə gələn
bu verilişdə vaxtilə Pedaqoji Universitetdə Ə.Cavidə
dərs demiş akademik Məmməd Cəfər Cəfərov,
Xalq artisti, bəstəkar Cahangir Cahangirov, Ərtoğrolun
bacısı Turan Cavid və sinif yoldaşı Ətaulla Qasımov
onun haqqında unudulmaz xatirələrini, bənzərsiz
istedadı barədə düşüncələrini dilə
gətiriblər. Həmin bu verilişdə son dərəcə
çətin və məşəqqətli həyat yolu
keçmiş Ərtoğrol Cavid haqqında söylənilən
dəyərli fikirlərin bəzilərini AMEA Hüseyn Cavidin
Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz
Babaxanlı 2009-cu ildə "Ədəbiyyat qəzeti"ndə
çap olunmuş "Ərtoğrul Cavid" adlı məqaləsində
ictimaiyyətə çatdırıb.
Ərtoğrol Cavidin dövrü, həyatı,
mühiti, bədii yaradıcılığı, ədəbi
və elmi fəaliyyət istiqamətləri Solmaz
Haşımova Ərturanın 2002-ci ildə nəşr
olunmuş "Ərtoğrol Cavid - şəxsiyyəti və
irsi" monoqrafiyasında ətraflı tədqiqata cəlb
olunmuşdur.
Giriş, iki fəsil və nəticədən
ibarət olan bu monoqrafiya "Ərtoğrol Cavidin ömür
yolunun inkişaf mərhələlərini
işıqlandırmağa təkan verən bütün
materiallar"ın diqqət önünə çəkilməsi
və bu mövzuda ilk sistemli elmi əsər olması
baxımından xüsusi əhəmiyyətə malikdir.
Ərtoğrolşünaslıq
tarixində önəmli xidmətləri olan "Hüseyn
Cavid" mükafatı laureatı, tənqidçi, publisist
Azər Turan 2005-ci ildə Ərtoğrol Cavidin şeirlərini,
nəsr və dram əsərlərini, bəstələrini, məktublarını
bir yerə toplayaraq "Ərtoğrol Cavid yazıları, rəsmləri,
bəstələri, məktubları" adıyla nəşr
etdirib. "Ərtoğrol bəy" adlı ön sözdən
sonra kitabda "Şair", "Yazıçı",
"Tələbə", "Dramaturq", "Tədqiqatçı",
"Müəllim", "Bəstəkar", "Rəssam"
kimi bölmələrdə müvafiq əsərləri yer
alıb, "Şəhid məktubları" bölməsində
isə Ərtoğrol Cavidin ailəsinə, Üzeyir Hacıbəyli
və başqalarına olan məktubları öz əksini tapıb.
Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Naxçıvan MR-in Əməkdar mədəniyyət
işçisi, filologiya üzrə fəlsəfə doktoru,
şair, dramaturq Həsənəli Eyvazlı 2004-2008-ci illərdə
həyatdan nakam getmiş istedadlı gəncin həyatı və
çoxşaxəli yaradıcılığından,
şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs
edən "Ərtoğrol Cavid, yaxud bir ailənin
dramı" mənzum faciəsini qələmə
almışdır. Əsərdən əvvəl verilmiş
"Müəllifdən" adlı qeydlərdən əsərin
yazılmasında müəllifin əsas məqsədinin
Hüseyn Cavid ailəsinə qarşı xalqımızın
qəlbində olan məhəbbəti bir az
da artırmaq olduğu aydın olur. Əsərdə
amansız repressiya dövrünün qurbanı olmuş
böyük mütəfəkkir, şair, dramaturq Hüseyn
Cavidin və onun ailə üzvlərinin faciəli taleyindən,
24 il qısa və mənalı ömür sürmüş
Ərtoğrol Cavidin şair, bəstəkar, rəssam kimi fəaliyyətindən
bəhs olunur. Müəllif həm də Cavidlər
ailəsinin həyatlarındakı önəmli hadisələrdə
aylar və rəqəmlər düzümünə də diqqəti
cəlb edir - 59, 3 və 13 rəqəmlərinin sirli təkrarı
və s. Əsərdə
böyük vətən aşiqi bir şairin övladı
kimi Ərtoğrol milli varlığımıza, xalq ədəbiyyatımıza,
xalq musiqisinə, ədəbiyyat və incəsənətə
qırılmaz tellərlə bağlı olan bir insandır.
İncəsənətin üç sahəsində
- rəsm, musiqi və ədəbiyyat sahələrində
orijinal istedada malik olan bu gənc həm də ən yüksək
insani hissləri, zəngin mənəviyyatı ilə ətrafındakıların
məhəbbətini qazanmışdır.
Böyük şairin Sibirə sürgünə göndərilərkən
ömür-gün yoldaşı Mişkinaz xanıma dediyi son
sözləri - "Nə qələmin susacaq, nə
gülüm solacaq" əsərə epiqraf olaraq verilib. Əsərdə
Hüseyn Cavidin və onun ailə üzvlərinin, Üzeyir bəy
Hacıbəyovun, böyük müğənni
Bülbülün yaddaqalan obrazları yaradılıb. Mənfi
planda işlənmiş obrazlar isə Hüseyn Cavidin
"İblis" mənzum faciəsinin xəyali
obrazlarından olan İblis və 3 nəfər DTK-nın
müstəntiqləri - Stepan
Yemelyanov, Ruben Markaryan və Xoren Qriqoryandır. Nigar
isə Ərtoğrolun tələbə yoldaşı, qəlbində
gizli saxladığı sevgilisidir. Əsərdə
"qəlbində gəzdirdiyi pünhan sevgisini özü ilə
əbədiyyət dünyasına" aparan Ərtoğrol
Cavid həm də böyük və saf məhəbbətlə
sevən, fədakar bir aşiq kimi diqqəti cəlb edir.
Birinci pərdənin birinci şəklindən gənc
Ərtoğrolun əlyazması şəklində olan
şeirlərindən və onun bu sahədəki istedadına
özünün və atası Hüseyn Cavidin inamından
danışılır. İlk qələm təcrübələrindən
olan "Ay" şeirini Turana oxuyan Ərtoğrolu təsadüfən
Hüseyn Cavid də dinləyir və həm valideyn və həm
də istedadlı bir şair kimi öz xeyir-duasını
verir. Lakin əsərdə təqdim olunan
bu şeir "Ərtoğrol Cavid yazıları, rəsmləri,
bəstələri, məktubları" kitabındakı
"Ay" şeirindən bir qədər fərqlənir.
Əsərdəki nümunəni təqdim edirik:
Buludlar
qarışmış parlayan aya,
Sakitlik çökmüşdü güllü
bağçaya.
Yaşıl
ormanlara, dənizə, çaya,
Fəqət bu səhnəyə uyan olmadı.
Suya
düşdüyündən ayın kölgəsi,
Bükülmüş ağaclar, qayalar həpsi.
Dinləmək
istərdi titrəyən səsi,
Əfsus, masal deyən hayan olmadı.
Küləkdən
bəyaz ay donmuş göründü,
Ulduzla bəzənmiş tülə büründü.
Süzgün
üfüqlərdə boğulub söndü,
Bu xoş mənzərəni duyan olmadı.
Adını
yuxarıda qeyd etdiyimiz kitabda isə şeir daha poetik, daha
mükəmməl variantdadır:
Buludlar
qarışmış parlayan aya,
Bayğınlıq çökmüşdü
güllü tarlaya.
Dərdimi
söylərkən inləyən çaya,
Yazıq, fəryadıma uyan olmadı.
Suda
gülümsərkən ayın şöləsi,
Aldımı üstünü bulud kölgəsi?!
Dinləmək
istərkən inləyən səsi,
Külək qopdu, buna imkan olmadı.
Çırpınıb,
titrəyib tülə büründü,
Buludlarda həzin-həzin süründü.
Süzgün
üfüqlərdə bayıldı, söndü,
Bu xoş mənzərəyi duyan olmadı.
Birinci şəkildə Üzeyir bəylə Cavidin
söhbətlərindən Ərtoğrolun tələbəliklə
yanaşı, bəstəkar kimi fəaliyyəti və bu sahədə
də misilsiz istedadının olduğu anlaşılır. Moskvadan yenicə
gəlmiş Üzeyir bəy Stalinin rəhbərliyi ilə
orada kütləvi repressiyaların, həbslərin
başlandığını xəbər verir və
dostlarını, həmkarlarını da ehtiyatlı olmağa
çağırır. İkinci şəkildə
Ərtoğrolun institut həyatı canlandırılır,
aşiq olduğu tələbə yoldaşı, Nigar adlı
bir qızın rəsmini çəkməsi, gənclərin
rəssamlıq barədə fikirlərini paylaşmaları
Ərtoğrol Cavidin incəsənətin bu sahəsində də
istedadının olduğunu və yaratdığı əsərləri
sadəcə baxıb təkrarlamaqla deyil, ruhunda yaşadıb
duyaraq hər adi cizgiyə bir məna verdiyini öyrənirik.
Müəllif
İblisin dilindən verilmiş parçaları Hüseyn
Cavidin "İblis" faciəsindən eynilə
götürərək əsərdə yer verib, bir çox
faktlara əsaslanmaq üçün ictimai xadim, akademik,
yazıçı və publisist Rafael Hüseynovun əsas qəhrəmanları
Müslüm Maqomayev, Hüseyn Cavid və Ərtoğrol Cavid
olan "Vaxtdan uca" əsərinə istinad edib. Cavidə
qarşı irəli sürülən ittihamlar, guya
günün nəbzini tuta bilməməsi ilə bağlı
haqsız tənqidlər və Cavidin öz məramından,
öz amalından dönməyərək kimsəyə boyun əyməyə
razı olmaması, onu DTK-da pantürkistlikdə ittiham edən
Yemelyanov, Markaryan, Qriqoryan üçlüyünə verdiyi
tutarlı cavablar, əyilməzliyi, dönməzliyi Cavidi tam
bir xarakter olaraq təsəvvür etməyə imkan verir. Əsərin birinci pərdəsi Cavidin mühakiməsi
və haqqında həbs hökmünün
çıxarılması ilə sona çatır.
İkinci pərdədə Ərtoğrol Cavidin xarakterinin
açılmasına xidmət edən məqamlar
vurğulanır: bəstəkarlıq fəaliyyəti, nota
köçürdüyü xalq mahnıları, Üzeyir bəy
vasitəsilə Bülbüllə
tanışlığı,
yaradıcılığının ən yüksək zirvəsini
yaşadığı vaxtda əsgərliyə
çağırılması, bu xəbəri mərdcəsinə,
gülərüzlə qarşılaması, bununla başlayan
həyatının ən çətin anları, lakin
heç nəyə baxmayaraq ümidini itirməməsi onu əsl
Cavid adına layiq bir övlad kimi oxucuların nəzərində
canlandırır. Əsərin ən təsirli hissələri
Ərtoğrolun ölümü, dəfn mərasimində
ümumiyyətlə, qorxudan çox az
insanın iştirak etməsi, anası və
bacısının iştirak edə bilməməsi,
Mişkinaz xanımın bu xəbərdən
sarsılması, Şahsənəm nənənin və
Mişkinaz xanımın dilindən deyilən
ağılardır. Əsər Hüseyn Cavidin
"Şeyx Sənan" mənzum faciəsinin sonluğuna bənzər
şəkildə tamamlanır. Ərtoğrolun
vəfatından uzun zaman keçmiş, Mişkinaz xanım və
Turan Cavid də haqq dünyasına qovuşmuşlar.
Bir-birindən ayrı düşərək qəriblikdə həyatlarını
tapşıran ailə üzvlərinin ruhları
Naxçıvanda Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevin böyük qayğısının nəticəsi
olaraq uzaq Sibirdən doğma vətəninə gətirilmiş
cənazəsinin üzərində qaldırılan möhtəşəm
məqbərədə bir-birinə qovuşmuş halda, son dərəcə
xoşbəxt şəkildə təsvir olunun. Bu misilsiz xidmətinə
görə böyük şairin və bütöv bir
xalqın Ulu Öndərə minnətdarlığı da əsərdə
öz bədii əksini tapıb:
Bizi el-obayla görüşdürənə,
Yurdu azadlığa qovuşdurana,
Min rəhmət dilərəm ulu Tanrıdan
Hifz etsin nəslini onun Yaradan.
Kəsdi bu torpaqdan qanı, qadanı,
Tanrı uca tutdu Böyük İnsanı.
Beləliklə, Ərtoğrol Cavid Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixində misilsiz istedadıyla, hərtərəfli və dərin biliyə malik bütöv şəxsiyyət kimi, xalq ruhuna, ədəbiyyatı və musiqisinə bağlı, müasir dünya ədəbiyyatını, musiqisini ən yüksək səviyyədə mənimsəmiş, həm milli, həm də bəşəri bir yaradıcılığa malik, vətənpərvər, son dərəcə qürurlu bir gənc olaraq əbədi yaşamaq haqqını qazanıb. Ərtoğrol Cavidin simasında Azərbaycan xalqı təkcə böyük Hüseyn Cavidin gənc yaşlı övladını deyil, şairini, nasirini, dramaturqunu, folklorçusunu, musiqişünasını, bəstəkarını, rəssamını, tərcüməçisini itirib. Lakin xain düşmən xalqımızın istedadlarını fiziki cəhətdən məhv etməklə öz məqsədinə nail olduğunu sanmasın. Məşhur şeirdə deyildiyi kimi:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Nə həbs, nə sürgün, nə işgəncələr, nə də məşəqqətli həyat qorxusu nə dahi şair Hüseyn Cavidi, nə də onun ideyalarının davamçısı Ərtoğrol Cavidi sındıra bilib. Onların adları bir xalqın hafizəsinə əbədi olaraq həkk olunub.
Aygün ORUCOVA
Filologiya üzrə fəlsəfə doktoru
(AMEA Naxçıvan Bölməsi)
525-ci qəzet.- 2019.- 28 iyun.- S.14.