Müdrik ziyalı, xeyirxah insan və kamil
müəllim
AMEA-nın
müxbir üzvü, əməkdar elm xadimi, professor Əli
Nuriyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin
55 ili tamam olur.
Əli Nuriyev respublikamızda geniş profilli görkəmli
iqtisadçı alim kimi tanınıb. Onun 270-dən çox müxtəlif həcmli
və məzmunlu əsərlərində ifadə olunan
yaradıcılığı bir qayda olaraq regional siyasət və idarəetmənin,
dövlət idarəetməsi, iqtisadi rayonlaşdırma və
inzibati-ərazi bölgüsü, məhsuldar qüvvələrin
ərazi təşkilinin təkmilləşməsinin aktual
problemlərinə həsr edilib. Onun
yaradıcılığında dövlət, elm, təhsil,
müəllim, ailə, milli-mənəvi dəyərlər,
iqtidar, din haqqında müəllif baxışlarının bədii-fəlsəfi
təhlili də mühüm yer tutur.
Əli Nuriyevin çox cəhətli elmi fəaliyyəti
və yaradıcılığı haqqında kifayət qədər
yazılıb, yenə yazılacaqdır. Biz müxtəlif
dövrlərdə Əli Nuriyevin tələbələri, həmkarı
olmaqla onun müəllimlik fəaliyyəti haqqında bizə
məlum olanları qeyd etməyi özümüzə borc
bildik.
Əli
Nuriyev 1939-cu il iyun ayının 26-da
Füzuli rayonunun Horadiz kəndində doğulub. Körpə
yaşında atası
Böyük Vətən müharibəsinə gedib
və orada da həlak olub. Anasının himayəsində
böyüyüb, orta və ali təhsil
alıb.
Əli
Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetini
maliyyə-kredit ixtisası üzrə fərqlənmə
diplomu ilə bitirdiyinə görə, ali
məktəbdə qalıb işləmək imkanı olsa da,
o, Maliyyə Nazirliyinə müraciət edərək
özünün xahişilə Naxçıvan MR-a təyinat
almışdı. Bir neçə ay
Naxçıvan şəhər maliyyə şöbəsində
böyük iqtisadçı vəzifəsində işlədikdən
sonra o zaman iqtisad fakültəsinin dekanı, həm də
siyasi iqtisad kafedrasının müdiri işləyən
professor Həsən Dadaşovun məsləhətilə siyasi
iqtisad kafedrasına baş labarant vəzifəsinə dəvət
olunmuşdu. Professor Əli Nuriyevi tələbəlik
illərindən yaxşı tanıyırdı. Əli Nuriyev onun məsləhətilə iqtisad
fakültəsində tələbə elmi cəmiyyətinin
siyasi iqtisad bölməsinin sədri olmuşdu. İşə qəbul etdikdən sonra professor Həsən
Dadaşov öz üzərində müntəzəm işləməsini,
siyasi iqtisadi dərindən öyrənməsi və mənəvi
cəhətdən sağlam olmasını onun
qarşısına qəti bir tələb kimi qoymuşdu.
Eyni zamanda, 1964-cü ilin fevral ayında Həsən
Dadaşov ona yanvar ayında siyasi iqtisad fənnindən
qeyri-kafi qiymət almış tələbələrlə məşğul
olmağı, onları təkrar imtahan verməyə
hazırlamağı tapşırmışdı. Bununla
da Əli Nuriyevin ali məktəblərdə
siyasi iqtisad fənnindən müəllimlik fəaliyyəti
başlamışdı.
Siyasi
iqtisadı mükəmməl öyrənən Əli Nuriyev
1965-ci ildə və 1966-cı ilin əvvəllərində Həsən
Dadaşovun rəhbərliyi altında siyasi iqtisadın
kapitalizm və sosializm bölmələrindən əla qiymətlə
namizədlik minimumlarını verdi. Eyni zamanda, özünü birinci növbədə
elmə həsr etmək məqsədilə Azərbaycan Elmlər
Akademiyasının iqtisadiyyat İnstitutuna "İctimai
istehsalın yerləşdirilməsi" şöbəsinə
kiçik elmi işçi vəzifəsinə qəbul edildi.
Həsən Dadaşov vəfat etdikdən sonra Əli Nuriyev
işlədiyi şöbənin elmi istiqamətini nəzərə
alaraq həmin il məhsuldar qüvvələrin yerləşməsi
və SSRİ rayonlarının iqtisadiyyatı ixtisası
üzrə aspiranturaya daxil oldu və 1969-cu ildə professor Asəf Nadirovun rəhbərliyi altında
dissertasiya müdafiə edərək müvafiq ixtisas üzrə
iqtisad elmləri namizədi alimlik dərəcəsi aldı.
O, eyni
zamanda, müəllimlik fəaliyyətini davam etdirdi. 1965-ci ildə
o, texniki peşə məktəbində, 1966-cı ilin fevral
ayından başlayaraq müxtəlif illərdə Azərbaycan
Dövlət Tibb Universitetində, Azərbaycan Neft
Akademiyasında, Azərbaycan Pedaqoji Universitetində və Azərbaycan
Texniki Universitetdə Siyasi İqtisad fənnini tədris
etmişdir.
Əli müəllimin müəllimlik fəaliyyətində
1982-1989-cu illər xüsusi yer tutur. Həmin illərdə
o, özünün elmi və pedaqoji fəaliyyətini tamamilə
Sumqayıt Ali Texniki məktəbilə (sonralar Azərbaycan Sənaye
Universiteti, hazırda Sumqayıt Dövlət Universiteti)
bağlayıb. Bu ali məktəbdə
energetikanın iqtisadiyyatı, energetika müəssisələrinin
təşkili, planlaşdırılması və idarə
olunması və digər fənləri tədris edib.
O zaman
energetika ixtisasları üzrə diplom layihələrini
texniki-iqtisadi cəhətdən əsaslandırarkən tələbələr
böyük çətinliklərlə
qarşılaşırdılar. Mövcud
metodiki göstəriş ümumi energetik hesablamaları əhatə
edirdi və düsturların sayı həddən artıq
çox olduğuna görə mürəkkəb və
çox saylı bəzən heç buna ehtiyac olmayan
hesablamalar aparmaq lazım gəlirdi.
Əli müəllim Moskva Energetika İnstitutu ilə
ümumi məsləhətləşmələr əsasında
bu metodik vəsaiti yenidən işləmək qərarına
gəldi və bu istəyini reallaşdırdı. Onun Azərbaycan SSR Ali və
Orta İxtisas Təhsili Nazirliyinin 19 mart 1986-cı il 275
saylı əmrilə təsdiq və nəşr olunmuş
diplom layihələrinin texniki-iqtisadi əsaslandırılması
(1986-cı il, M.Əliməmmədovla həm müəllif)
metodik göstərişi (0302, 0303 ixtisaslı tələbələr
üçün)
bu gün də tədris prosesində istifadə
olunur.
Bu metodik
göstəriş energetika müəssisələrinin təşkili,
planlaşdırılması və idarə olunması fənninin
tələblərinə uyğunlaşdırılmış,
istifadə olunan hesabat
düsturlarının sayı əhəmiyyətli
dərəcədə (2-3 dəfə) azaldılıb.
Azərbaycan
Sənaye İnstitutunda müvafiq fənləri yüksək səviyyədə
tədris etməklə yanaşı, elmi seminarlarda, o dövrlərdə
mütəmadi olaraq keçirilən
V.İ.Lenin cümə günlərində maraqlı məruzələrlə
çıxış edərək, Əli müəllim
özünün hərtərəfli biliyi, yüksək insani
keyfiyyətləri, qayğıkeşliyi və mənəvi təmizliyilə
tələbə və müəllimlərin böyük
hörmətini qazanmışdı. İnstitutu
bitirib Azərbaycan rayonlarına, Rusiyanın şəhər və
rayonlarına təyinat almış keçmiş tələbələrdən
Əli müəllimə məktub yazıb ondan məsləhət
alanlar da olurdu. O zamankı rəhbərlik Əli müəllimin
Azərbaycan Sənaye İnstitutundakı xidmətlərini nəzərə
alaraq ona yaradıcılıq məzuniyyəti verdi.
Əli müəllimə tamamilə başqa elm
sahəsinə aid olan doktorluq dissertasiyası üzərində
işləmək imkanı yaratdı.
Əli Nuriyev 1989-cu ilin noyabr ayında Azərbaycan Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutuna tam ştata
keçdi.
Lakin o, Sumqayıtın yeganə ali məktəbində
müəllimlik fəaliyyətini davam etdirdi. Bu
universitetə aspirantlara rəhbərlik etmək, elmi
seminarın sədri, üzvü olmaqla elmi dərəcəsi
olan kadr hazırlığına da öz köməyini
göstərdi.
Hazırda respublikanın müxtəlif elm, təhsil və
dövlət idarələrində yüksək vəzifələrdə
çalışan çox saylı sumqayıtlı kadrlar məhz
Əli müəllimə, onun müəllimlik və zəngin
insani keyfiyyətlərinə, qayğıkeşliyinə
borcludurlar. Onun tələbələri Həzrət Əliyə
məxsus "Mənə bir hərf öyrədənin
köləsi olaram" deyimini heç vaxt unutmayaraq Əli
müəllimin onların üzərində olan müəllimlik
əməyini yüksək dəyərləndirir və
böyük minnətdarlıq hissi ilə xatırlayırlar.
Əli
Nuriyev 2000-ci ilin sentyabr ayında Azərbaycan
Respublikasının prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının "Dövlət İdarəetməsi və
menecment kafedrası"na professor əvəzi
vəzifəsinə dəvət olunmuşdur. Burada
yaxşı işini, ustad müəllim olduğunu biləndən
sonra Akademiyanın rektoru, professor, əməkdar elm xadimi Seyfəddin
Qəndilov onu 2002-ci il oktyabr ayında tam
ştata dəvət edir və Akademiyada "Geostrateji
Araşdırmalar mərkəzinin müdiri" vəzifəsinə
təyin edir. Əli Nuriyev Akademiyada geniş
elmi-təşkilatı işi aparmaqla yanaşı, öz
pedaqoji fəaliyyətini də davam etdirir. "Dövlət İdarəetməsi və
menecment" kafedrasında "Dövlət İdarəetməsi;
Regional siyasət və idarəetmə" fənlərini
yüksək səviyyədə tədris edir. İxtisas artırma kurslarında, ikinci təhsil
sistemində günün aktual mövzularına aid mühazirələr
oxuyur. Akademiyada tədris-metodiki vəsaitlərin,
dərsliklərin, dərs proqramlarının
hazırlanmasında da onun danılmaz xidmətləri var.
Əli Nuriyev Respublikamızda Regional siyasət və İdarəetmə
elminin əsaslarını yaratmış bir alim kimi
tanınıb. Dövlət İdarəçilik
Akademiyasında "Dövlət İdarəçiliyi nəzəriyyəsi"
dərsliyinin (2010-cu il)
hazırlanmasında onun xüsusi xidməti var. Akademiyada və
digər tədris müəssisələrində
çoxsaylı dərslik və dərs vəsaitinin redaktoru
olub. Müxtəlif və çoxsaylı imtahan
komissiyalarının üzvü və sədri olmaqla da ali təhsilli kadr hazırlığında fəal
iştirak edib. Əli Nuriyev 2012-ci ildən Dövlət
İdarəçilik Akademiyasında "Regional İqtisadi və
Sosial Araşdırmalar İnstitutu"nun 0,5 ştat direktoru və
"İqtisadiyyatın dövlət tənzimlənməsi"
kafedrasının 0,5 ştat professorudur. İqtisadiyyatın
Dövlət tənzimlənməsi, regional sosial-iqtisadi
inkişafın dövlət tənzimlənməsi,
"Büdcənin idarə olunması və
proqnozlaşdırılması", "Təbiətdən
istifadənin iqtisadiyyatı" fənlərini təhsilin
magistratura pilləsində yüksək səviyyədə
tədris edir. Azərbaycanda
iqtisadi sahədə keçid dövrünün başa
çatması ideyası alimlərimiz arasında ilk dəfə
Əli Nuriyev tərəfindən irəli
sürülmüş və elmi cəhətdən əsaslandırılıb.
Əli Nuriyevin əsərlərindən, xüsusilə
regional siyasət və idarəetmə sahəsində dərsliklərindən
respublikanın əksər ali məktəblərində
müvəffəqiyyətlə istifadə olunur. Onun təşəbbüsü və fəal
iştirakı ilə 1969-1970-ci illərdə
hazırlanmış müvvəqqəti rayonlaşdırma
şəbəkəsi və 1995-ci ildə qəbul edilmiş
rayonlaşdırma şəbəkəsi tədris prosesində
müvəffəqiyyətlə istifadə olunur.
Əli Nuriyev öz əsərlərində elmə, müəllimin, alimin fəaliyyətinin təşkilinə, onların əməyinin səmərəli təşkili məsələlərinə geniş yer ayırıb. O, müəllim, alim əməyinin cəmiyyət üçün çox vacib və faydalı olduğunu göstərir. Eyni zamanda, müəllimlik sənəti qarşısına çox böyük tələblər qoyur. Onun fikrincə, müəllim öz predmetini dərindən bilməli və sevməlidir. Lakin o, dinləyicilərinə yalnız öz biliyi, predmetin yaxşı tədrisi və aydın nitqi ilə deyil, həm də davranışı, nəzakətilə təsir göstərir. Müəllim heç vaxt tələbə ilə ciddi mübahisəyə girişməməli, özünü tələbənin yerində hiss edərək nəticə çıxarmalıdır. Əli Nuriyev müəllimi rol oynamağa hazırlaşan məşhur aktyora, yarışa hazırlaşan məşhur idmançıya bənzədir. Lakin aktyor roldan-rola, idmançı yarışdan yarışa formada olduğu halda, müəllim həmişə formada, hazırlıqlı olmalı, öz sahəsində insanları düşündürən suallara cavab verməyi bacarmalıdır. Bütün bunları yazan Əli Nuriyev bütün müəllimlik fəaliyyəti dövründə bu prinsiplərə əməl edərək tələbə və müəllimlərin böyük hörmətini qazanıb. Biz Əli müəllimi ömrünün 80-ci və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə tələbələri, yetişdirmələri adından səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı, ən başlıcası onu tanıyanların heç vaxt tükənməyən hörmət və sevgisini arzulayırıq.
Roza
ƏLİYEVA
Şakir
BƏDƏLOV
Hüseynqulu
QULİYEV
525-ci qəzet.- 2019.- 28 iyun.- S.13.