"Mürtəce" Azərbaycan
romantikləri
Sosrealizm ədəbiyyatşünaslığı uzun
müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi
və mürtəcelərə bölərək ikinciləri
burjuaziya ilə bağlamış, adlarını çəkmiş,
lakin yaradıcılıqları haqqında geniş məlumat
verməmişdir.
Bu
romantiklərin içərisində Əbdülxalıq Cənnəti,
Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir
Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər
kimi şairlərin yaradıcılığının ideya və
forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri
iddia olunurdu. Lakin zaman keçdikcə bu
şairlərin hər biri öz fərdi üslubları,
mövzu və problematikaları baxımından ədəbiyyatımızın
faktlarından olduğu aydın oldu.
Ağadadaş
Müniri
XIX əsrin sonları XX əsrin əvvəllərində
Azərbaycan poeziyasının nümayəndələrindən
biri Ağadadaş Müniri Bakı ədəbi mühitində
yetişmiş şairlərdəndir. Yaradıcılığı
sovet ədəbiyyatşünaslığında mürtəce
romantiklər kontekstindən qiymətləndirilmişdir.
Doğrudur, bu qiymətləndirmə daha
çox ideoloji nöqteyi-nəzərdən baş vermiş,
konkret olaraq şairin yaradıcılığına müraciət
edilməmişdir. Lakin bütün hallarda
"mürtəce romantik" kimi tanıdılan şairin
yaradıcılığının ədəbiyyat tariximizdəki
yerini və mövqeyini yenidən nəzərdən
keçirmək lazım gəlir.
Mirzə
Ağadadaş Müniri (1863-1940) Bakının Hövsan kəndində
anadan olmuşdur. Həyatı və tərcümeyi-halı
haqqında geniş məlumatlar yoxdur. Yeddi yaşında
atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə
getmiş, on beş yaşınadək
orada oxuduğu ilə bağlı məlumatlar verilir. Şairin tərcümeyi-halını əks etdirən
olduqca maraqlı bir şeiri vardır. Şeir
"Tərcümeyi-hali-Ağadadaş Müniri"
adlanır. Bu
şeirdə şair özünün həyatı haqqında
bəzi məlumatlar verir. Buradan məlum
olur ki, şairin atası öz zəhməti ilə
dolanmış, Xəzər dənizində üç onluq maaşla
çalışmışdır. Məhəllə
dərzisi olan anası oxutdurmuşdur. Şeirdə
şairin rəssamlıqla məşğul olması, daha sonra
isə "Müniri" təxəllüsü ilə
şeir yazması da deyilir.
Əslimiz
olmuş əhli-Hövsandan,
Gəmi zəhmətkeşi olubdur atam.
Alıb
illik maaş üç onluq,
Güzaran etmişik oniylə müdam.
Gərqi-bəhri
Xəzər olub atamız,
İxtisarən, məni oxutdu anam.
Yeddillik
yetim on beşə tək,
Eylədim sevdigim ülumi tamam.
Anam oldu məhəlləyə
dərzi,
Özüm oldum çocuqlara rəssam.
(Müniri
A. Bahar ağlayışı, B. 2016, s 21)
Müniri şeirlərini qəzəl, məsnəvi,
rübai, qitə, qəsidə şəkillərində
yazmışdır. Bakı şairləri ədəbi
mühitində yazıb yaratmışdır. S.Ə.Şirvaninin "Bakı şairlərinin tərifi"
şeirində "Təbi Müniri şəmsü qəmərdən
münirdir, Baxdıqca şeirinə gözə nuri-bəsər
gəlir" misraları şairə verilən ən
yaxşı qiymətlərdən biridir. Şairin
müasirləri də onun yaradıcılığını
yüksək dəyərləndirmişlər. Tədqiqatçı
Sona Xəyal şairin təmsil olunduğu mühit haqqında
yazır: "Həmin dövrdə Azərbaycanın bir
çox bölgələrində ədəbi məclislər
fəaliyyət göstərirdi. Ağadadaş Müniri Məcməüş-şüəranın
o taylı-bu taylı Azərbaycanda tanınan və sevilən ən
fəal üzvləri olan Mirzə Əbdülxalqı Yusif,
Mizrə Əbdülxalq Cənnəti, Mikayıl Seydi, Seyyid Zərgər,
Mirmahmud Nuri və b. ilə səmimi dostluq əlaqələri
saxlamışdır ki, onun mənzum məktubları, xoş
günlərində şair dostlarına yazdığı təbriknamələr,
habelə dost ölümünə yazdığı mərsiyələr
bunu sübut edir" (Sona Xəyal "Mirzə Ağadadaş
Müniri-155"//Müniri A. Əsərlər. Bakı,
Ecoprint, 2018, s. 3).
"Müniri"
təxəllüsünü, "Münir" sözündən
(ərəb sözüdür, mənaca, "işıq"
deməkdir) götürən şairin yazıları çox
az hallarda çap olunmuşdur. Onun şeirləri XX əsrin əvvəllərində,
əsasən "Dirilik" jurnalında dərc edilmişdir.
Daha sonra "Türkcə qəzəllər" (1917)
kitabında işıq üzü görmüşdür. Sovet
dövründə şairin bir neçə qəzəli
"Ədəbi parçalar" (1926) kitabında
getmişdir. Bundan sonra şairin şeirləri
yalnız C.Rəmzinin tərtib etdiyi "Deyilən söz
yadigardır" kitabının birinci cildində dərc
edilib. Burada şairin "Əlində", "Olmayan
yerdə", "Özgədir", "Xali", "Sevər"
rədifli və "Gəh salıb rüsxari-zülfün, gəh
açıb zülfün tamam", "Elm etdi rövşən,
ey dil, Avropanı", "Könül quşin edüb, ol
şüxi-canşikar şikar" rədifsiz qəzəlləri,
eləcə də "Tərcümeyi-hali-Ağadadaş
Müniri" şeiri verilmişdir. Şairin
bir neçə qəzəli isə "Poetik məclislər"
toplusunda getmişdir. Lakin bütün bunlar şairin
yaradıcılığının çox az
bir hissəsidir. Doğrudur, "Azərbaycan ədəbiyyatı
tarixi" kitabında "Müniri sovet quruluşundan
ruhlandığını göstərən bir çox
şeirlər yazmışdır" fikri də yer
almışdır. Lakin bu günlərdə
şairin dərc edilən kitablarında bu cür nümunələrə
rast gəlmədik. Olsun ki, sovet ədəbiyyatşünasları
bu fikri şairin yaradıcılığını ideoloji təzyiqdən
qurtarmaq üçün işlətmişdir. Lakin hələ ki, Ağadadaş Münirinin əsərlərini
tərtib edənlər bu cür nümunəni ortaya
qoymamışlar.
A.Münirinin yaradıcılığı klassik poetik ənənə
üzərində qurulmuş və sonadək bu mövzu və
problematikaya sadiq qalmışdır. Müraciət etdiyi formalar da (qəzəl,
qəsidə, təxmis, müxəmməs, rübai və s.),
dil, ifadə vasitələri və bədii üslub da klassik ənənənin
davamıdır:
Nəsimi-sübh
yetirdi məşamə gül ətrin,
Vəleyk ətri-gülüstan bilinmədi, qaldı.
Meyin nə
olduğunu etdi piri-meykədə faş,
Vəli o nəşeyi-pünhan bilinmədi, qaldı.
Neyü nəva
bizə verdikdə nayinin xəbərin,
Əsasi- nayü neyistan bilinmədi, qaldı.
Təbiət
etdi müxalif qüvvələr ilə zühur,
Təbiəti qılan ünvan bilinmədi, qaldı.
Bilindi səltənəti-mur,
dövləti-zənbur,
Büsati-mülki-Süleyman bilinmədi, qaldı.
Oxundu
XosrovüŞirin hekayəti kəmü biş,
Vəleyk məxəzi-ünvan bilinmədi, qaldı.
(Müniri
A. Bahar ağlayışı, B. 2016, s 21)
Ağadadaş
Münirinin dili obrazlı və
poetikdir: "Lalə tək bağrına bir dağ qoyub
xalü-xətin", "Səbr qurtarmış, əcəl
yetməz verəm kuyində can", "Bağlıdır divanə
dil bir zülf zəncirində kim", "Dəhanın
varü yox bəhsində varü-yoxdan əl çəkdim",
"Səni həq tək yaradıb, ey büti-ziba,
özü tək", "Ləbin dəhanini, isbat edər kəlamə
gələndə", "Ruhsuz bir bədənik, nitqi-Məsiha
lazım", "Zülf ilə xalü xətin zikrin bilirmi zahid",
"Bir ahu gözlüyə seydəm ki, hər səyyadə
ram olmaz", "Rəqs ilə mövləvilər zikri ləbin tutarlar, Canan gələndə bəzmə məstanə, tar əlində" və s. kimi
poetik zənginlik onun orijinal şair olduğunu göstərir.
A.Münirinin ən məşhur əsərlərindən
biri "Ənar" qəsidəsidir. İmam
Əlinin və Həzrəti Fatimənin ailəsində
baş vermiş, əxlaqi bir hadisənin bədii tərənnümü
olan bu qəsidə klassik şeir şəklində
yazılmışdır. Şair burada
klassik ənənəyə sadiq qalaraq əsas mövzuya
keçməzdən əvvəl qəsidəni "Bahariyyə"
ilə başlayır. Əruzun rəməl
bəhrində qələmə alınmış qəsidənin
səciyyəvi xüsusiyyəti hər bir misranın cümlə
şəklində olub, beytin ümumi məzmun çərçivəsi
daxilində fikir bitkinliyi ifadə edə bilməsidir.
Şairin yaradıcılığında ürfani qəzəllər
də mühüm yer tutur. Şair bu qəzəllərində
mənəvi-əxlaqi dəyərləri, insani sifətləri,
ürfani eşq və məhəbbəti təsvir edir, mehr və
ülfəti obrazlı şəkildə tərənnüm
edir.
Zülfin
tutub dolannam, çün şanə yar əlində,
Söylər görən, nə tutmuş divanə mar əlində?
Məstanə
gözlərindən qıl nəşə hasil, ey dil!
Ta hər
nə qədr yarın peymanə var əlində.
Gül
ruyivün xəyalışeyda qılubdu könlüm,
Hərdəm gəlir çü bülbül əfğanə
xar əlində.
(Müniri
A. Bahar ağlayışı, B. 2016, s 13)
Ağadadaş Münirinin romantik şairlər
sırasına daxil edilməsinin, fikrimizcə, müəyyən
səbəbləri vardır. Məlumdur ki, onun
yaradıcılığı da sovet ədəbi tənqid və
ədəbiyyatşünaslığı tərəfindən
mürtəce romantizmin nümayəndəsi kimi dəyərləndirilmişdir.
Lakin A.Müniri yaradıcılığında
romantizm digər "mürtəce" romantiklərin
yaradıcılığından əsaslı şəkildə
fərqlənir. Yəni onun
yaradıcılığında romantizmin bütün parametrləri
digər şairlərdə olduğu kimi üzə
çıxmır. Həm forma, həm də
məzmun baxımından onun yaradıcılığında
romantizmin təşəkkül tapdığını
söyləmək olmaz. Bəs, nədən
şairin yaradıcılığı birdən-birə
romantizm cərəyanı kontekstində qiymətləndirilmişdir?
Məsələ burasındadır ki,
A.Münirinin yaradıcılığı sovet dövründə
geniş tədqiqat obyekti olmamış,
sağlığında ədəbi tənqiddə şeirləri
dəyərləndirilməmişdir.
Şairin yaradıcılığında digər
romantiklərdə olduğu kimi, vətən, millət,
azadlıq, hürriyyət faktorları demək olar ki, yoxdur. Bədii təsvir
və ifadə vasitələri, obrazlar baxımından da
A.Münirinin yaradıcılığı romantiklərin
yaradıcılığı ilə səsləşmir.
Əlbəttə, bununla şairin adının
bu cərəyanda səhvən hallandığını da demək
olmaz. Bir neçə səbəb
vardır ki, şairin adı məhz romantizm kontekstində
hallandırılmışdır. Aydın
görünür ki, mürtəce romantiklər
sırasında ən çox adı hallananlar klassik
üslubda və formada yazan Bakı şairləri
olmuşdur. A.Müniri də Bakı ədəbi
mühitində yazan şairlərdən olmuşdur. Onların yaradıcılığında ən
çox tənqid olunan amil yeni formaya keçə bilməmələri
və yeni həyatı yazmamaları olmuşdur. Lakin A.Münirinin romantizmə aid edilməsində bəzi
əsaslı faktorlar da olmuşdur. Onun
yaradıcılığındakı pessimizm, ürfanilik, zəif
də olsa türkçülük, islam
amilinə üstünlük verilməsi və s. amillər
onun adının romantizm, özü də mürtəce
romantizm kontekstində çəkilməsinə imkan
vermişdir. Xüsusilə, "Yerdə" rədifli qəzəlinin
1926-cı ildə nəşr edilən "Ədəbi
parçalar"da işıq üzü görməsi onun
adının bu siyahıda çəkilməsinə səbəb
ola bilərdi. Şeirdəki
ürfani görüşlər və pessimizm əhvali-ruhiyyəsi
dövrün "inqilabi" nikbin əhvali ruhiyyəsi ilə
ziddiyyət təşkil edirdi. Maraqlıdır
ki, bu şeir S.Mənsurun "Rəngidir" şeiri ilə
eyni vaxtda çap olunmuşdur. Hər iki şeir məna
cəhətdən biri-birilə yaxınlıq təşkil
edir:
Məhəbbət
töxmin əkməz mehrüülfət bilməyən
dehqan,
Əmanətpərvər olmaz nəfs, vicdan olmayan yerdə.
-----
Əmanət
tərk olunmaz açmasa üz şahidi-məqsəd,
Mürüvvət cilvələnməz ədlü mizan
olmayan yerdə.
-----
Məarif
şəklə düşməz etməsə gər ciddü
cəhd arif,
Nəmüvv asarı olmaz mehri-taban olmayan yerdə.
----
Dili-fulad
üçün həddadi-xoşkirdar lazımdır
Ki, ahən seyqəl almaz fikri-suhan olmayan yerdə.
----
Müniri,
murlər seyr eyləyür əflaki, qafilsən,
Süleymani büsat içrə, Süleyman olmayan yerdə.
(Ədəbi
parçalar, B. Azərnəşr,1926, s
46)
Tədqiqatçılar
Vərağa Almasov və Elnur Kazımovun şairin
yaradıcılığındakı bu ürfani
görüşlərlə bağlı qənaətləri
belədir: "XX yzilliyin başlanğıcında
yazıb-yaratmış bir şairdən orta əsrlərin
tutqun və dumanlı təsəvvüf ab-havasını ummaq
və ədəbi qanunauyğunluqlar baxımından, nə də
ictimai-mədəni mühitin diktə etdiyi sosial-mənəvi
şərtlər yönündə qətiyyən
özünü doğrultmazdı. Lakin belə bir cəhəti
görməmək olmaz ki, Müniri lirikasında ürfani
görüşlər Abbas Səhhət və Cəfər
Cabbarlı reallığı ilə Hüseyn Caid və Abdulla
Şaiq romantikliyinin üzvü uyarlığından doğan
orijinal bir məziyyətdir" (Almasov V., Kazımov E. Klassik
irsimizə yeni töhfə// Müniri A. Əsərlər,
Bakı, Ecoprint, 2018, s. 116).
Məlumdur ki, Ağadadaş Münirinin şeirlərinin
bir neçəsi "Dirilik" jurnalında dərc
olunmuşdur.
Bu da onu göstərirdi ki, şairin əməkdaşlıq
etdiyi əsas dərgilərdən biridir. Həmin
dərginin redaktorunun milliyyətçi Əliabbas Müznib
olduğunu və burada daha çox türkçülük,
islamçılıq problemlərinin geniş yer
aldığını nəzərə almış olsaq,
şairin də bu problematikadan yan keçmədiyini görmək
olar. Şairin "Türk" rədifli
şeiri milli poeziyada türk adını, onun
keçmişini tərənnüm edən ilk şeirlərdəndir.
Şair türk səltənətini dünyada yüksək
qiymətləndirərək yazır:
Gəldi livayi-səltənətilə cahanə türk.
Verdinişan hilalı qaşın asimanə türk.
Etdi rəvaqi-noh
fələki səltənətnişin,
Əsgərligə nücumi çəkib mahiranə
türk.
Etdi
Ütaridə qələmin bəs sərii-tiz,
Minşiligindəçəksin onu imtəhanə
türk.
(Müniri
A. Bahar ağlayışı, B. 2016, s 23)
A.Müniri
türkün keçdiyi sınaqları, imtahanları
xatırladır, səhrada "bir karvana yol göstərdiyini",
"tiri-şəhabı" qılınclara nazir etdiyini dilə
gətirir və onun vuruş meydanlarındakı şücaətini
poetik şəkildə təsvir edir:
Sübh
ulduzun qəravul içün etdi pişrov,
Yığdı piyadəəsgərini Kəhkəşanə
türk.
Dərya
kimi təlatüm edə hər zəman hərif,
Bürci-fələkdə xəndəq aça xanə-xanə türk.
Bir gün, Müniri, Əhriməni surə döndərir,
Təng eyləyir bu mülki-Süleymanı anə türk.
(Müniri
A. Bahar ağlayışı, B. 2016, s 23)
A.Münirinin yaradıcılığında romantiklərlə
səsləşən başqa bir mövzu isə məktəb,
maarif, elm haqqındakı şeirləridir. M.Hadinin, A.Səhhətin,
A.Şaiqin yaradıcılığında da bu mövzu
başlıca yer tutur. Bu cəhətdən
A.Münirinin bəzi şeirləri romantik poeziya ilə
üst-üstə düşür. O, elmi, məktəbi,
təhsili xalqın, millətin gələcəyi
üçün ən yaxşı yol hesab edir və
Avropanın tərəqqisində bu amilləri həlledici
hesab edirdi.
Mövhumə
allanıb dil, cəhl oldu əqlə qalib,
Əfkarımız pozuldu, məqsədlər oldu fani.
Varü
yoxu itirdik təhsili-kimiyadə,
Elm ilə hasil etdi Avropa kimiyani.
Təhqiqsiz
söz oldu əfkarımız cahanda,
Bir boş fəsanə bildik keyfiyyəti-cəhani.
Hər nə
dedi inandıq dərvişüsufi, zahid,
Sərbəstə qaldı yekca əsrari-asimani.
Tariklikdə
itdi əfkarımız, Müniri,
Əxlaqımız dəgişdi, bəlli olub ziyani.
(Müniri
A. Bahar ağlayışı, B. 2016, s 25)
Müstəqillik dövrü ədəbiyyatşünaslığında
vaxtilə öz qiymətini almamış şairlərin
yaradıcılığına maraq bir qədər
artmışdır. A.Münirinin
yaradıcılığının da öyrənilməsi bu
cəhətdən diqqətəlayiqdir. Lakin şairin əsərləri
yenidən nəşr edilsə də, haqqında geniş tədqiqat
əsərləri yazılmamışdır. Xüsusilə,
onun adı romantiklərlə bir yerdə çəkilsə də,
onlarla əlaqəsi, yaradıcılıq estetikası
arasındakı uyğunluluq və ya fərqlər geniş tədqiqat
obyekti olmamışdır. Buna görə də onun romantizm cərəyanına
hansı səbəbdən daxil olması yenidən
araşdırılmalıdır.
Timuçin
ƏFƏNDİYEV
Bakı
Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi,
professor
525-ci qəzet.- 2019.- 28 iyun.- S.10-11.