"Anar - 80... Şəxsiyyətin
tarixi"ndən oxunan həqiqətlər
Keçmiş Sovet dönəmində çəkilən
filmlərin əksəriyyəti çox dəyərli və
baxımlı idi. Onların içərisində "Qruzinfilm" studiyasının təqdim
etdiyi nümunələrin geniş tamaşaçı
auditoriyasında xüsusi hörməti və yeri var idi. Filmlərdəki rejissor ustalığı adamı
valeh edirdi.
Bu
yaxınlarda o
vaxtdan qalma jurnalları vərəqləyəndə
adını unutduğum bir gürcü rejissoru ilə
müsahibə diqqətimi çəkdi. Jurnalist
soruşur ki, niyə indiyədək dünyaca məşhur
Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"
poemasına film çəkilməmişdir? Rejissor cavab
verir: "Gürcü kinematoqrafiyası o əsərə film
çəkə biləcək qədər inkişaf etməmişdir!.."
Nə
yaxşı ki, oğuz türklərinin dünyaca məşhur
"Kitabi-Dədə Qorqud" əsərini peşəkarcasına
ekranlaşdırmağa qadir olan Anarı varmış!..
Anar mənim babamla yaşıddır. Gözümü ədəbiyyat
adlı sehirli aləmə açandan babamın və
atamın ev kitabxanalarında onun əsərlərini
görmüşəm və bir oxucu kimi xoşbəxtəm
ki, Anar yaradıcılığını əvvəldən-axıradək
xronoloji ardıcıllıqla oxumaq imkanım olub. Təvazökarlıqdan uzaq olsa da, özümü
onun indi yazdığı müasir mövzular və elmi məqalələrini
anlayacaq bir oxucu hiss edirəm. Bu isə Anarı öz müasirim, həmyaşıdım
hesab etməyimə səbəb olub. "Sizsiz", "Molla
Nəsrəddin - 66", "Beşmərtəbəli evin
altıncı mərtəbəsi" və digər
kitabları mənim üçün həmişə təzə,
aktualdır. Oradakı deyimləri daim
babamın, atamın, əmilərimin dilindən məişət
və ailə mühitində eşitmişəm. Məsələn,
qırmızıyanaq bir adam haqqında
danışanda babam Anarsayağı deyərdi: "Bir turp
ordan, bir turp burdan". Yaxud atam başının
qarışıq olması mənasında: "Vallah, bir macal
eləyə bilmirəm, gedim özümü asım" və
s.
Ailə albomumuzda bir şəkil var. Orada atam Anarın
"Molla Nəsrəddin - 66" kitabını sinəsi bərabərinə
qaldırıb obyektivə xoşbəxt təbəssümlə
baxır, sanki oxucu dostlarına bu kitabın dəyəri barədə
mesaj göndərirdi. Hətta lap gənc
vaxtlarında "Kitabi-Dədə Qorqud"u daim oxuyan atam
tez-tez deyərdi ki, bu kitabda orijinaldakı fikirlərin xeyli
hissəsi təhrif olunmuşdur. Mənim təkidimlə
bu barədəki mülahizələrini yazdı. İlk kitabı çapdan çıxanda nə qədər
elədimsə, onları kitaba salmadı. "Akademik
Samət Əlizadə kimi nəhəngin işinə kölgə
salmaq yaxşı deyil. Yəqin tezliklə təzə nəşrlərdə
düzəlişlər olacaq" - dedi. Amma təəssüf
ki, geniş oxucu kütləsinin əlindəki, hələ
indiyədək "Kitabi-Dədə Qorqud"un həmin sadələşdirilmiş
mətnidir. Bu yaxınlarda Anarla Kamal
Abdullanın "Dədə Qorqud"la bağlı kitabı
barədə mükalimələrini dinlədik birlikdə.
Hər ikimiz bu adamların mətnin mahiyyətinə
nə qədər dərindən nüfuz etdiklərinə
heyran olduq. Sonda atam yenə dedi ki, görürsən,
qızım, biz hamımız hələ çox şeyləri
belə alimlərdən öyrənməliyik. Yoxsa,
diletantcasına "mən də varam!"
qışqırmaqla gəncləri düz yoldan sapdırmaq nəyə
gərəkdir? Mən ondan-Dədə
Qorqud barədəki işlərini çap etdirəcəyikmi?
- soruşanda isə
sakitcə, " Görürsən də, Anarın, Kamal
Abdullanın danışdıqları elə kitabdır. Belə
məsuliyyətli işə ancaq bu cür peşəkarlıq
lazımdır" - dedi.
Biz üç oxucu nəsli - mən, atam və babamda
Anar və onun məsləkdaşlarına olan belə sevgi
haradan yaranmışdı?! Bəlkə də onların səssiz-səmirsiz,
başlarını aşağı salaraq özünütəsdiqin
ən düzgün yolunu-yaradıcılıq yolunu, qadir
olduqlarını ortaya qoymaq yolunu tutduqlarına görədir
bu sevgi!
Bu
yaxınlarda "Anar - 80... Şəxsiyyətin
tarixi" kitabını oxudum. Burada
Ümummilli lider Heydər Əliyev və Prezident İlham
Əliyevdən gənc yazarlara qədər hamının Anar
barədə dedikləri xoş sözlərlə
razılaşmamaq olmur.
Akademik İsa Həbibbəyli yazır ki, Anarın
"Yaxşı padşahın nağılı" hekayəsində
romana sığa biləcək ictimai mətləblər ifadə
olunmuşdur.
Bu cəmiyyətin roman miqyasındakı
alleqoriyasıdır.
Yazıçı
Elçinin "Anar qanıyla, canıyla öz xalqına
bağlı, genetik yaddaşa, zövqə və təəssübkeşliyə
malik qələm sahibi olan vətəndaşdır. O, azərbaycanlı
xarakterinin, indi dəbdə olan sözlə desək,
mentalitetinin koloritini duyan az adamlardan biridir" qeydləri
Anarın bir yazıçı və vətəndaş kimi
xarakterini dəqiq müəyyənləşdirir.
Kitabda
professor Asif Rüstəmli Ulu öndərin sözlərini
misal gətirərək Anarın 60-70-ci illərdə göstərdiyi
ictimai fikrə təsirindən bəhs edir: "Anar da
dissidentlərdən biri idi. Məsələn,
"Qobustan" jurnalının yaranması və jurnalın
səhifələrində yayılan əsərləri
şübhəsiz ki, dissident xarakteri
daşıyırdı".
Əlbəttə ki, Anar yaradıcılığına,
şəxsiyyətinə ölkəmizin istedadlı və dəyərli
şəxslərinin verdiyi qiymətlər hamı
üçün örnəkdir. Professor Qəzənfər Paşayev
onu "Anar fenomeni" kimi qiymətləndirərək
yazır ki, istedad, ağıl, müdriklik heç nə ilə
müqayisə
edilməyən, ilahi tərəfindən bəxş
edilən paydır. Bu əvəzolunmaz paya sahib
olan seçilmişlər zülmət gecədə yol
göstərən parlaq ulduza bənzəyir, xalqın
qürur mənbəyinə çevrilirlər. Tədqirəlayiqdir ki, "Kitabi-Dədə Qorqud
Ensiklopediyası”nın yaranma ideyası da məhz Anara məxsusdur.
Anarın "Beşmərtəbəli evin
altıncı mərtəbəsi" əsərindəki Zaur
və Təhminə obrazları, onların arasındakı qəribə
bağlılıq Azərbaycan yazarları və dünya ədəbiyyatı
korifeylərinin qələmində bol-bol işlənmiş
mövzudur. Milli və etik nöqteyi nəzərincə çox
da məqbul hesab edilməyən belə sevgi macəraları
fakt kimi daim göz önündədir, belə hallar olub, var və
olacaq. Zaman-zaman özünə güvənən
filosof yazıçıların dönə-dönə bu
mövzuya müraciət etmələrinin səbəbi, bəlkə
də, problemin kökünə qədər
çözülməməsidir. Anar da bu
mövzuda qələm işlədəndə hadisələrin
xronikasının təsvirindən qaçaraq Təhminənin
seçiminin mahiyyətini oxucunun özünün tapmasına
şərait yaradır. Yaraşıqlı,
güclü, imkanlı Spartakdan kasıb, aciz Zauru üstün
hesab edən Təhminənin dilemmasını oxucu öz fəhmi
ilə həll edə bilir. İsfəndiyar Vahabzadənin
kitabda yer alan yazısındakı sözlərlə
desək, hər dövrün, hər yaşın öz Təhminəsi
vardır. Hər kişinin də öz Təhminəsi
vardır. Zaur olmağa nə var ki...Təhminə
olmaq isə çətindir. Çünki o, çoxlu
müsbət cəhətlərə malik olan, lakin dəyişkən
xarakterli Spartakı, elə bir üstünlüyü olmasa da,
sabit xarakterli Zaurdan aşağı hesab etməyə qadir olan
qadındır...
Kitabdakı
yazılardan birinin üzərində dayanmaq istəyirəm. Kitabın sonunda Anarın mərhum türkoloqumuz
Aydın Məmmədovla söhbəti verilib. Məmnuniyyətlə "söhbət" dediyim
bu danışığa "ustad dərsi" adını
verərdim. Burda hər ikisinin öz fikirlərinin
sübutu üçün dönməz xarakterinin,
razılaşmadığı məqamlara qarşı
alternativ misallarla oppenentinə "sarsıdıcı zərbələr"in,
bir-birinin dəyərini dərk edərək əl-ələ
verib ümumi rəyə can atdıqlarının... və başqa qəlb titrədən
məqamların şahidi oluruq!
Anar tənqid sözünün bu gün ehtiva etdiyi tənqid
etmək, pisləmək, yaxud da tərif etmək,
"şişirtmək" mənalarına etiraz edir. Doğrudan da,
çox yaxın keçmişimizdə tənqidçilərə
"münəqqid" deyirdilər. Yəni
olanları olduğu kimi araşdıran şəxs.
Alimin intuisiyasına yalnız heyran olursan...
Anar Aydın Məmmədovun "Ulduz"
jurnalındakı müsahibəsində dediyi "mən
"yeni nəsr" anlayışını qəbul etmirəm"
fikrinə etiraz edir. Əlbəttə ki, söhbətin
gedişində onlar ortaq məxrəcə gəlirlər və
aydın olur ki, Aydın Məmmədov bu istilahı qəbul
etmir. Yeni nəsil hələ "yeni nəsr" yarada
bilməyib, yalnız Anarın, Elçinin, Əkrəm
Əylislinin və başqa yazıçılarımızın
yaratdığı "yeni nəsr"in tənqidi ilə məşğuldur.
Anarın səbrinə, dəyanətinə heyran qalırsan! Bu çaşqınlığıma bu günlərdə
qələminə hörmət bəslədiyim Murad Köhnəqalanın
bir kitab təqdimatında söylədiyi fikirdən
aydınlıq hasil etdim. "Füzuli nə yazıb
ee... Nəyə lazımdır onun qəzəlləri?
"Leyli Məcnun" poeması kimə
lazımdır? Biri bu yandan deyir ki, Leyli, Leyli! O biri cavab
verir ki, nədi Məcnun? Bu da deyir ki, İbn Səlam
elçi gəlir..." və s.
Doğrudanmı, bu "yeni nəsil" nümayəndələri
belə düşünür? Onlar doğrudanmı
Füzulini faydasız hesab edir? Axı
danışıqlarından da hiss olunur ki, onlar heç
Füzulini oxumayıblar. "Leyli və Məcnun"da belə
şeylər yoxdur axı! Bu sözlər isə
ədəbiyyatımızda olduğu kimi musiqimizdə də
boy atan faydasız zoğlar kimi, ətrafı bürüyən
toyxana müğənnisi, şair, bəstəkarlardan birinin,
özləri demişkən, "bozbaş"
mahnısının sözləridir. Füzulinin
nə günahı var ki, indi nihilistlər onun əsərini
oxumadan "Leyli və Məcnun"u bəyənmirlər.
Füzuli isə susur. ...Eşitdiyimə
görə, otuzuncu illərin repressiya dövründə Cəfər
Cabbarlı Cavidi bəyənmir və bəzən də onu tənqid
edirmiş. Cavid onun
tamaşalarına baxmağa gələndə Cəfər
yayınıb gizlənir, sonra yoldaşlarından
soruşurmuş ki, Cavid əfəndi bəyəndimi əsərimi
görəsən?..
Anarı yazıçı kimi bəyənməyənləri
heç olmasa Cəfər Cabbarlı kimi görmək istərdim. Əgər Aydın Məmmədov
kimi nəhəng alim-tənqidçi onların hələ
"yeni nəsr" yaratmadıqlarını deyirsə, gərəkdir
ki, vaxtlarını bihudə işlərə sərf etməkdənsə,
ədəbi nümunələr yaratsınlar. Əlbəttə,
buna qadir ola biləcək gənc yazarlar
çoxdur Azərbaycanda. Özləri də
dünya ədəbiyyatını orijinaldan oxuya bilirlər.
Anarı öz müdafiəçiləri kimi
görməkdənsə, onu öz qarşılarında əngəl
görmək ədəbiyyatın ziyanınadır. Düzgün həyat tərzi, sağlam şəxsi
nümunə, istedadın cilalanması və uğur gətirəcək
ədəbi prosesə qoşularaq ortaya daha qüvvətli əsərlər
qoymaq lazımdır. Yoxsa,
60-ıncıların gətirdiyi "yeni nəsr"in üzərində
yaranacaq daha "yeni nəsri" hələ çox gözləyəcəyik.
Nə yaxşı ki, Anar və onun nəslinin
yaratdığı "yeni nəsr" bizim üçün
örnəkdir (əslinə qalsa, lap onlardan tutmuş Həsənoğluya
qədər hamısı daim örnək olacaqdır).
Tərtibçisi
və ön söz müəllifi Gülxani Pənah, elmi
redaktoru professor Jalə Əliyeva olan bu kitabda çox
maraqlı bir məqam da vardır: Aydın Məmmədov inkarçılardan
bəhs edəndə Erenburqun sözlərindən sitat gətirərək
deyir ki, Allahı inkar edən filosof-yazıçılar
insanı Allah hesab etsələr də, unudurlar ki, bu insanlar
adicə "insan əcəli" deyilən səbəblərdən
ölürlər. Deməli, bu insanlar çox
böyük səhv edirmiş.
Anar
özü çox kitablar yazıb, onun haqqında da
çoxlu kitablar yazılıb və hələ yazılacaq
da! Mənim mənsub olduğum ailədə üç nəsil
bu kitabları oxuyuruq və oxuyacağıq da! Və
eyni zamanda düşünürəm ki, Anarın kifayət qədər
oxucuları var və getdikcə də sıralarına yeniləri
əlavə olunacaq.
Anar kitab oxumayanlar üçün də ciddi işlər
görüb.
Məsələn, götürək "Dədə
Qorqud" filmini. "Dədə Qorqud” kimi nəhəng
bir iş onun dünya şöhrətli valideynlərinin
ruhları qarşısında verdiyi qiymətli hesabatı,
çox savaba malik işidir, məncə. İndi
"Kitabi-Dədə Qorqud"u oxumayanlar, oxuya bilməyənlər
belə oğuz qəhrəmanlarını adbaad
tanıyır, oğuz elinin varlığı
üçün göstərdiyi igidliklərindən xəbərdardır.
Təbii ki, bu abidə təkcə bir filmə
sığan xəzinə deyildir. Təəssüf
ki, çox qədim abidəmizin gec tapılması səbəbindən
bu əsər hələ də hərtərəfli
araşdırılmamışdır. Füzulini, Nəsimini,
Cavidi, Mirzə Cəlili, Babəki, Xətaini, Koroğlunu,
muğamatı, sazı, bayatını... bəyənməzlik
dalğasında, indiki biganəlik havasında belə abidələrimizin
elmi şəkildə araşdırılacağına
ümidim azdır.
Fikrimcə,
"Kitabi-Dədə Qorqud"a yeni yanaşmanı
özündə əks etdirən və çoxlu
"ilk"liyə imza atmış tədqiqatçıların
zəhmətlərinə yüksək qiymət verməklə
yanaşı, daha dəqiq elmi yanaşmanı özündə
əks etdirən yeni sadələşdirilmiş mətnə
ehtiyac vardır. Əlbəttə ki, bu iş də Anarsız
baş tuta bilməz və oxucular qorqudşünas Anarın bu
işə də əncam çəkəcəyini gözləyirlər.
Yoxsa, "Uruz keyiki qovub gətirib
atasının önündə yayla tutmaq" əvəzində
"keyiki qovub atasının önündə acıqlandıracaq".
Yoxsa, Uruz "Tülək tərlan
balası" yox, "Tüklü quşun balası"
adlandırılacaq. Yoxsa, yağı "oğuzun yenidən
doğulanını öldürək" əvəzində
"yenidən oğuzun şahinini öldürək" deyəcək...
Şəhla
ASLAN
525-ci qəzet.-
2019.- 28 iyun.- S.8.