Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Azərbaycan xalqı dünyanın ən qədim
dövlətçilik ənənələrinə malik olan
xalqlarındandır.
Təqribən 5 min illik dövlətçilik tarixinə
malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin,
adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın
tərəqqisinə səbəb olub. Azərbaycan xalqı
dövlətçilik tarixinə, ənənələrinə
bağlı bir xalq olaraq o təməllər üzərində
böyük mədəniyyət hadisələri yaradıb.
Dövlətimizin qədim tarixə malik olduğunu
üzərində izlər qalmış abidələr də
sübut edir.
Hər bir milləti tanıdan və onu digər xalqlardan
fərqləndirən ən önəmli xüsusiyyətlərindən
biri onun adət və ənənələri və bu müstəvidə
yüksək mənəvi dəyərlər sisteminə malik
olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli
adət və ənənələr və onun əsasında
formalaşdırılan yüksək mənəvi dəyərlər
sistemi hər bir millətin mənəvi, mədəni
simasını göstərir.
Dünyanın
ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin
milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə
bəşər sivilizasiyasına əvəzsiz töhfələr
verərək özünəbənzər adət və ənənələri,
yüksək mənəviyyatı ilə diqqəti cəlb
edib. Min illər boyu formalaşan və Azərbaycan
xalqının yüksək mənəvi dəyərlərə
malik olduğunu göstərən təkraredilməz adət və
ənənələr millətimizin keçmişi ilə bu
günü və gələcəyi arasında sarsılmaz bir
mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi
deyil ki, adət və ənənələrin hər bir millətin
həyatında oynadığı əvəzsiz rolunu yüksək
qiymətləndirən Ümummilli lider Heydər Əliyev
"Milli adət və ənənələr hər bir
xalqın milli mədəniyyətinin zənginliyindən, qədim
tarixi kökə malik olmasından xəbər verir", -
deyib.
Təbii ki, bütün dövrlərdə mütərəqqi
adət və ənənələrin yaradıcısı,
eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək
nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri,
toy, yas mərasimləri, islam dininin bəşəri
hissləri təbliğ edən dəyərləri
xalqımızın milli-mənəvi simasının
aynası hesab edilir. Bu müstəvidə də
zəngin adət-ənənələrimizi özündə cəmləşdirən
milli mənəvi dəyərlər sistemində Novruz
bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin
zənginliyini göstərir. Belə ki,
çərşənbələrdə, istərsə də
Novruz axşamında süfrədə milli xörəklərimiz,
ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər
çörəyi və digər şirniyyatlar, kişmiş,
püstə, badam, boyanmış yumurtalar süfrələrimizi
bəzəyir. Çərşənbələrdə
olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə
ailə üzvlərinin hər birinin adına
şam yandırılır.
Azərbaycanda toy şənlikləri də qədim və
zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin
kökləri vardır.
Yas mərasimləri ilə bağlı da azərbaycanlıların
bir maraqlı adət və ənənələri var.
Qadınlar zinət əşyaları taxmır, qara paltar
geyinir, qara yaylıq bağlayırlar. Bu günlər ərzində
qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində
çalmamalıdırlar.
Nəhayət, adət və ənənələrin milli
mənəvi dəyərlər sistemində
oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin
müəyyən əxlaqi məna daşıması ilə
bağlıdır. Belə ki, adət və ənənələrimiz
hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri
qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi
çıxış edir.
MİLLİ
ADƏT-ƏNƏNƏLƏRİMİZ VƏ GÜCLÜ
DÖVLƏTÇİLİK
Adət-ənənələrimiz
və onların formalaşdırdığı milli dəyərlər
sistemi ilə güclü dövlətçilik quruculuğu
arasında sıx vəhdət var. Belə ki, hər bir
dövlətin gücü, ilk növbədə, adət və
ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik
baxımından
düzgün istiqamətə
yönəltməsindən, onları saf təməllər
üzərində tərbiyə etməsindən
asılıdır. Bu baxımdan bütün dövrlərdə
adət və ənənələr hər bir dövlətin
qüdrətli və uzunömürlü olmasında on minlərlə
əsgərin görə bilmədiyi əvəzsiz bir iş
görür. Bir sözlə, adət və ənənələr
insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi
funksiyasını yerinə yetirərək, öz lideri ətrafında
möhkəm birləşən güclü və qüdrətli
dövlətin meydana çıxmasında önəmli rol
oynayır. Məsələnin bu tərəfinə diqqəti
cəlb edən Heydər Əliyev deyib: "Azərbaycan
xalqının milli mənəvi dəyərlərinin ən əsası
bizim müqəddəs kitabımız Qurani-Kərmdə
öz əksini tapıbdır. Ancaq bununla
yanaşı, Azərbaycanın mütəfəkkir
insanları, mütərəqqi insanları Azərbaycanın
böyük şəxsiyyətləri, Azərbaycanın
hörmətli siyasi və dövlət xadimləri,
böyük elm, mədəniyyət xadimləri Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini
yaradıblar. Bu, bizim adət və ənənələrimizdir".
Bütün
bunlar da ulu öndərin adət və ənənələrimizi,
mənəvi dəyərlərimizi təkcə milli
varlığımızın yox, həm də siyasi
varlığımızın - dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bir daha sübut edir.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni
irsinə və mənəvi dəyərlər sisteminə
qayğı ilə yanaşan görkəmli dövlət
xadimi yaxşı başa düşürdü ki, milli
dövlətçilik və milli-mənəvi dəyərlər
sistemi ilə sıx daxili vəhdətdədir. O, bu çərçivədə
də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin
dövlətimiz qarşısında ən zəruri vəzifələrdən
biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr
yetişməkdə olan gənc nəsildə güclü təsir
buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə
olunmasında əsl həyat məktəbi rolunu oynayır.
Bu adət və ənənələr mənəvi
baxımdan nə qədər zəngin olsa, həmin gənclər
də o qədər cəmiyyət üçün xeyirli
şəxs kimi yetişir və dövlətin daha da
güclü olmasına öz töhfəsini verir.
SƏNƏTİ,
MƏDƏNİYYƏTİ, İNCƏSƏNƏTİ
İLƏ HEYRƏT DOĞURAN AZƏRBAYCAN
Ümummilli lider Heydər Əliyev siyasi kursunun
davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti
nəticəsində dövlətçilik ənənələri,
milli ənənələri nəzərə alaraq
ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın
bütün sahələrində ciddi dəyişikliklər
edildi və uğurlar qazanıldı. Azərbaycan bu gün
dünyada ən sürətlə inkişaf edən, iqtisadi
sahədə dünyada ən böyük nailiyyətləri əldə
edən ölkə olaraq dünyada söz sahibinə
çevrilib, etibarlı tərəfdaş kimi də
özünü təsdiq edib. Dünyaya
inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri,
sənəti, mədəniyyəti, incəsənəti ilə
heyrət doğura bilib. Bu dəyərlərin
əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini,
qəhrəmanlığını, məişətini, sosial
həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan
xalqın qürürla səhifələdiyi vərəqlər
zənginləşir, Azərbaycanın dünyaya töhfələr
verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən
milli düşüncənin məhsulu olaraq ortaya qoyulur.
İlham Əliyev tərəfindən
ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini
bir daha tapır. Prezidentin sərəncamı ilə
Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi,
Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi
məktəblərinin yaradılması və s. qədim və
zəngin mədəni irsə olan diqqətdir. Eləcə
də ölkə başçısının Azərbaycanın
dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən,
milli-mənəvi dəyərlərin keşiyində duran və
onun inkişafına ömrünü həsr edən
ziyalıların yubiley mərasimlərinin keçirilməsi,
fəxri ad və mükafatların verilməsi ilə
bağlı imzaladığı sərəncamlar milli dəyərlərimizə
verilən qiymətin bariz nümunəsidir.
AZƏRBAYCAN
MUĞAMI, AŞIQ SƏNƏTİ, XALÇAÇILIQ
...
Qloballaşan
dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə
daim aşılaması, dövlətin mədəni tərəqqisi,
sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət
yetirilir. Azərbaycanın tərəqqisi və
xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin
irsindən bəhrələnərək və onun Azərbaycançılıq
məfkurəsini təbliği istiqamətində Heydər
Əliyev Fondu böyük layihələr həyata
keçirir.
Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti
Fondu təsis edilərkən Mehriban Əliyeva milli-mənəvi
dəyərlərimizin qorunmasını, incəsənətimizin
inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin
ümumbəşəri mədəni dəyərlər
sisteminə inteqrasiyasını fəaliyyətinin
başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin
əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ
etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa
etdiyi zamanlarda Mehriban Əliyevanın belə bir müqəddəs
missiyanı öz üzərinə götürməsi onun zəngin
mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi.
Fondun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün təqdimidir.
AZƏRBAYCANIN MİLLİ DƏYƏRLƏRİNİ, TARİXİ İRSİNİ DÜNYADA TƏBLİĞ EDƏN HEYDƏR ƏLİYEV FONDU
Fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri" adlı sərgisi, Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və başqa məkanlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və s. Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində əhəmiyyətlidir.
2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır.
Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkədə son 11 il ərzində 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bu sırada Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı kimi məscidləri vurğulamaq yerinə düşər. Bu yaxınlarda isə Qafqazın ən böyük məscidi olan möhtəşəm, əzəmətli Heydər Məscidinin tikilməsi Azərbaycanda dini ənənələrə sadiqliyinin göstəricisidir.
Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edirlər. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi təsadüfi deyil. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Prezidentin Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2019.- 28 iyun.- S.6.