Hürufilərə qarşı iki
inkvizisiya məhkəməsi
NƏSİMİ
VƏ DAVAMÇILARI MƏMLUK SULTANLARININ VƏ ÜLƏMANIN
HƏDƏFİNDƏ
(Bu yazının qısa variantı 15-17 iyun 2019-cu il tarixdə Yaponiyanın Vaseda Universitetində keçirilən Beynəlxalq VI Məmluk Tədqiqatları konfransında elmi məruzə kimi təqdim edilib)
Hürufilik
təlimi müsəlman dünyasının Şərq əyalətlərində
yaranıb yayılsa da, teymurilərin təqibi hürufilərin
Anadoluya, oradan da Şama və Misirə yol
açmasına səbəb oldu. Nəticədə
Şamda, Misirdə fəaliyyət göstərən
hürufilər ərəb tarixçilərinin və ədiblərinin
nəzərini cəlb etdi. Bu hal Azərbaycanın
fikir tarixində mühüm yeri olan hürufilik təlimini,
xüsusilə Nəsiminin həyat və fəaliyyətini
öyrənmək üçün ərəb mənbələrinin
nə qədər mühüm əhəmiyyət kəsb etməsini
təsdiq edir. Həmin dövrdə Hələb
məmluk bəylərinin nəzarəti altında
olduğundan, hürufi hərəkatının yalnız Suriya
deyil, həm də Misirlə sıx bağlı olduğunu
görürük. Məmluklar
dövründə qələmə alınmış
aşağıdakı əsərlərdə bizi
maraqlandıran məlumatlara rast gəlirik. Həmin əsərləri
xronoloji ardıcıllıqla aşağıdakı şəkildə
sıralaya bilərik:
1) Taqiəddin
Əhməd ibn Əli əl-Maqrizi (v. 1442), Durar əl-uqud əl-fəridə
fi təracim əl-əyan əl-mufidə.
2) İbn
Həcər əl-Asqalanı (v.1449), İnbə əl-ğumr
bi-əbnə əl-umr.
3)
Sıbt ibn əl-Əcəmi əl-Hələbi (v. 1479), Kunuz
əz-zəhəb fi tərix Hələb.
4) Şəmsəddin
əs-Səxavi (v.1497), Əd-Dau əl-Ləmi li-əhli əl-qarn
ət-təsi.
5) Şəmsəddin
əs-Səxavi, əl-Qaul əl munbi an tərcəməti
ibn əl-Arabi.
6) Məhəmməd
İbn İyas əl-Əcəmi (v.1524), Bədəi əz-zuhur
fi vaqai əl-duhur.
7) Abd əl-Vahhab
əş-Şərani (v.1565), Əl-yavaqit va
l-cavahir fi bəyən aqaid əl-əkabir.
8) Katib
Çələbi (v.1609), Kəşf əz-zunun.
9) İbn
əl-İmad Şihab əd-Din Abd əl-Hayy əd-Dimaşqi əl-Hənbəli
(v.1678) Şəzərət əz-zəhəb fi əxbər
mən zəhəb
10) Kamil ibn Huseyn əl-Hələbi əl-Ğazzi (v.
1351/1932) Kitab nəhr əz-zəhəb fi tərix Hələb.
Bu yazıda Məmluklar dövründə baş
vermiş iki inkvizisiya məhkəməsindən bəhs ediləcək. Birinci məhkəmə
Nəsimiyə qarşı Hələbdə 1418-ci ildə
çağırılıb. İkinci isə
1435-ci ildə Nəsimi davamçılarından birinə
qarşı Qahirədə həyata keçirilib. Hər iki məhkəmə prosesi Orta əsr ərəb
tarixçiləri tərəfindən qələmə
alınıb. Nəsimiyə qarşı məhkəmə
prosesi Sibt ibn əl-Əcəminin "Kunuz əz-zəhəb
fi tərix Hələb" (Hələb tarixinə dair
qızıl xəzinələri) əsərində geniş əks
olunub. Sibt ibn əl-Əcəminin mətni
ilk dəfə Ziya Bünyadov tərəfindən aşkar
edilib. Ziya Bünyadov mətnin özü ilə deyil,
onun Muhamməd ət-Təbbaxın "İləm ən-nubəla
bi tərix Hələb əş-Şəhbə" (Bəyaz
Hələb tarixinin alicənab insanları barədə) əsərindəki
variantı ilə tanış olub. Ziya müəllimin xidmətini qiymətləndirməklə
bərabər, aşağıda görəcəyimiz kimi, onun
bəzi qənaətləri ilə razılaşmırıq.
İkinci
məhkəmə prosesi birincidən 18 il
sonra, 1435-ci ildə Qahirədə Nəsimi
davamçılarından birinə qarşı düzənlənib.
Bu proses ibn Həcər əl-Asqalaninin "İnbə əl-ğumr
fi əbnə əl-umr" (Müasirimiz olan insanlar barədə
topluma məlumat verilməsi) əsərində əks olunub.
Haqqında bəhs edəcəyimiz inkvizisiya məhkəmələrini
əks etdirən Sibt ibn əl-Əcəmi və ibn Həcər
əl-Asqalani Nəsimiyə tarixi baxımdan ən yaxın
müəlliflər olduğundan, verdikləri məlumat
şübhə doğurmur. Burada yalnız
onların hər ikisinin Məmluk sultanlarının rəsmi
ideologiyası olan ortodoks sünni məzhəbini təmsil etməsini
nəzərə almaq lazımdır. Məhz bu səbəbdən,
onların sufilərə və hürufilərə
qarşı işlətdiyi "kafir", "zindik",
"mülhid" kimi ifadələr başa düşüləndir.
Bu
yazıda yer alan bir sıra məlumatlar - Nəsiminin
davamçılarından birinin Qahirədəki məhkəməsi,
şairin həbsində və edamında əli olan Yəşbəkin
öldürülməsi və üz dərisinin soyulması,
Nəsiminin edamı ilə bağlı əl-Baqainin məlumatı,
Fəzlullah və hürufiliyin mahiyyəti ilə bağlı
ərəb mənbələrində yer alan bəzi məlumatlar,
ayrıca olaraq, həmin dövrlərdə digər dəri
soyulması halları, dərinin hürufilikdəki metafizik
mahiyyətinin əzablı edam növü ilə əlaqələndirilməsi
mənim tərəfimdən ilk dəfə olaraq Azərbaycanın
elmi gündəminə gətirilir.
Məmluklar kim idi?
Əsas
mövzuya keçməzdən öncə məmluklar barədə
qısa məlumat verək:
"Ərəb
ədəbiyyatı" (Bakı, 2019) kitabımda göstərdiyim
kimi, məmlukların böyük qismi vaxtilə əsir
alınmış və ya valideynləri tərəfindən
maddi və s. səbəblərdən kölə kimi
satılmış qıpçaq uşaqları idilər. Onlar müəyyən təlim və təhsildən
sonra orduya qəbul edilir, bəziləri saraylarda mühüm vəzifələr
tuturdu. Kölə oğlanların təhsili
adətən iki mərhələdən keçirdi. Birinci mərhələdə onlar ərəb dilini və
İslam dini ilə bağlı elmləri öyrənir, ikinci
mərhələdə sırf döyüş təcrübəsinə
yiyələnirdilər. Məmluk bəyləri
öz aralarında adətən türk dilində
danışırdılar; onların ərəbcəsi
çox da güclü deyildi. Amma Misir və
Şamda elm və ədəbiyyat dili ərəb dili idi.
Ərəbcədə güclü olmasalar da, məmluk
bəyləri İslama yiyələnməkdə israrlı
idilər.
XIII əsrdən İslam dünyasında ictimai-siyasi həyatda
türklərin hegemonluğu nəzərə çarpır. Türklər
ərəb xilafətində hələ xəlifə Mutəsim
Billahın dövründən (833-842) mühüm rol
oynayırdılar. Daim say və qüdrətcə artan
türklər Misirdə əvvəl Tulunilər, sonra isə
İxşidilər dövlətlərinin əsasını
qoyurlar. Nəbil Xalidin qeyd etdiyi kimi,
İxşidi dövlətinin banisi Məhəmməd ibn
Tuğcun qoşununda 480 min məmluk var idi. Eləcə də Fatimilər dövlətində
türk məmluklar böyük güc və nüfuz sahibi
idilər. (Əbu Əli Nəbil Xalid, əl-Ədəb
əl-arabi beynə l-asreyn əl-məmluki va
l-usmani)
Misirdə və Suriyada ağalıq edən Əyyubilərin
də inzibati və ordu sistemində əsas yeri türklər
tuturdu. XIII əsrdə Misirdə türk əsilli məmluk
bəyləri hakimiyyətə gəlir və uzun müddət
hakimiyyətdə qalır (1250-1517). Əyyubi
hökmdarı Salih Nəcm əd-Din Əyyubinin xanımı
Şəcərət əd-Dürr Misirdə Məmluklar
dövlətinin yaranmasında böyük rol oynayır.
Hətta bəzi tarixçilər onu ilk məmluk
hökmdarı sayırlar. Belə ki, Salih
Nəcm əd-Din Əyyubi vəfat edərkən, orduda və
cəmiyyətdə xaos yaranacağından ehtiyatlanan Şəcərət
əd-Dürr bir müddət ərinin ölümünü
gizli saxlayıb o vaxt hərbi yürüşdə olan
oğlu Turanşahın qayıtmasını gözləyir.
Amma Turanşahın hakimiyyəti bir ay belə
çəkmir; Turanşahın sərt
davranışını və qabalığını bəyənməyən
məmluk bəyləri onu qətlə yetirir (1251). Beləliklə, Şəcərət əd-Dürr
Misirdə məmluk bəylərinin
ağalığını təmsil edən hökmdar olur.
O, 80 gün Misiri idarə edir. Amma qadın
olduğu üçün Abbasi xəlifəsi Şəcərət
əd-Dürrün legitimliyini tanımaq istəmir. Şəcərət əd-Dürr məmluk bəyi
İzz əd-Din Aybəkə ərə gedir. Aybək dövləti Əyyubilər sülaləsi
adından azyaşlı Əyyubi şahzadəsinin qəyyumu
kimi idarə edir. Amma zaman-zaman Əyyubilərin
tarix səhnəsindən çıxması ilə Misirdə
məmluk bəyləri hakimiyyətə gəlir. Sonrakı hadisələr saray intriqaları çərçivəsində
davam edir; Aybəki başqa bir qadına qısqanan Şəcərət
əd-Dürr onu kənizlərinin köməyi ilə
öldürür. Aybəkin anası isə
Şəcərət əd-Dürrü öldürdür və
beləliklə, əyyubilər tarix səhnəsindən
çıxıb yerlərini məmluk bəylərinə təhvil
verir.
Misirdə məmlukların hakimiyyəti müsəlman
dünyasında elm və mədəniyyət mərkəzinin
Bağdaddan Qahirəyə keçməsi ilə xarakterik idi. Belə ki, məmluk
bəyləri monqol-tatar istilasına sinə gərməklə
öz ölkələrində nisbi sabitliyi, elm və mədəniyyətin
çiçəklənməsini təmin edə bilmişdilər.
Məmluk hökmdarı Məlik Müzəffər
Seyf əd-Dinin monqol-tatar ordusunu məğlub etməsi ədəbiyyatda
böyük əks-səda doğurur. Bu,
"türkü yalnız türk məğlub edər"
fikrini yaradır.
Məlumdur ki, tarix səhnəsində qələbə
və siyasi sabitlik adətən elm və mədəniyyətin
çiçəklənməsi ilə müşayiət
edilir. Misirdə və Şamda məmluk
ağalığı da mədəniyyətin inkişafı
ilə xarakterikdir. Burada tarix, coğrafiya,
təbiət elmləri, eləcə də ədəbiyyat və
poeziya inkişaf edir, bir sıra görkəmli alim, ədib və
şairlər yetişir. Bağdadın ədəbiyyat
sahəsində ulduzunun sönməkdə olduğu bir vaxtda məhz
Misir estafeti ələ alıb söz sənətini
yaşatmışdır.
Mühüm bir məsələni də qeyd etmək
lazımdır ki, məmluklar ağalığı özü
iki mərhələyə ayrılır. Birinci mərhələ
türk əsilli məmlukların, ikinci mərhələ isə
çərkəs əsilli məmlukların adı ilə
bağlıdır. "Bəhri məmluklar"
adlanan türk əsilli məmlukların ağalığı
1250-1382-ci illəri, çərkəs əsilli məmlukların
ağalığı isə 1382-ci ildən sonrakı
dövrü əhatə edir. Çərkəs
məmlukları tarixdə "Burci" məmluklar kimi
tanınır. 1517-ci ildə Osmanlılar məmluk
ağalığına son qoyur.
Nəsiminin həyatı çərkəs məmluklarının
ağalığı dövrünə təsadüf edir. O dövrlə bağlı
müraciət etdiyimiz ərəb mənbələrin
hamısı məmluk mənbəsi sayılır.
Birinci inkvizisiya məhkəməsi - Nəsimi müttəhim
kimi
Bu məhkəmə
prosesi xronoloji baxımdan Nəsimiyə yaxın mənbələrdən
sayılan Sibt ibn əl-Əcəminin "Kunuz əz-zəhəb
fi tərix Hələb" əsərində əks olunub.
Əsərdə Nəsiminin edamına ayrıca
fəsil həsr edilib. Məhz bu
baxımdan, Sibt ibn əl-Əcəminin əsəri
böyük əhəmiyyətə malikdir. Nəsimiyə
həsr olunan oçerkin adı: "Maqtal Əli ən-Nəsimi"dir.
Əsərin istifadə etdiyimiz nəşrinin qeyd hissəsində
göstərilir ki, əlyazmada "Matlab qatl ən-Nəsimi"
adlı haşiyə yazısı olub.
Qeyd edək ki, bu oçerkin tərcüməsi bir
sıra çətinliklər doğurur. Belə ki,
müəllif bəzi hallarda müəyyən fikirlərin kimə
mənsub olmasını aydın bildirmir. Bu
o dövr oxucusunun təqdim edilən məlumata yaxından bələd
olmasından doğur. Təəssüf ki,
ərəb mənbələrində bu hala tez-tez rast gəlinir.
Məlum hadisələri nəql edən müəlliflər
əsrlər keçəndən sonra mətnlərində
anlaşılmazlıq yarana biləcəyinin fərqinə
varmır, bəzi xəbərləri yetərincə
açıqlamırlar. Mətndə bəzi
əlyazma xətaları olması da qeyd edilir. Bütün bu səbəblərdən, mənim tərcüməmlə
Ziya Bünyadovun tərcüməsi arasında bəzi fərqlər
görsənir.
Əli Nəsiminin qətli
"Yəşbəkin (Hələb hakimi Yəşbək
əl-Yusifinin) dövründə zindiq Əli Nəsimi qətlə
yetirildi. Yəşbək Dər əl-Ədldə (Ədliyyə
evində) məhkəmə çağırdı. Buraya Şeyx Muzəyyəl (baş şafii qazisi ibn
Xatıb ən-Nasiri), baş hənəfi qazisi Şəms əd-Din
ibn Əmin əd-Dövlə (Şeyx İzzəddinin köməkçisi),
baş maliki qazisi Fəth əd-Din, baş hənbəli qazisi
Şihab əd-Din ibn Hilal və onun dəvət olunmuş
qardaşı ibn əl-Hazuq toplaşmışdı. O,
(Yəşbək və yaxud hənbəli qazisi ibn Hilal) dedi:
"Yə Rəbbim, yolumuzdan dönməkdən və fitnə-fəsada
uymaqdan sənə sığınırıq. (Nəsimi)
bəzi ağılsızları yoldan çıxarıb.
Onlar kafirlikdə, ilhad və zindiqlikdə Nəsiminin
ardınca gedirlər".
Nəsiminin əleyhinə hənəfi məzhəbindən olan ibn Şanaqşı (yəni Dulusçuoğlu) və şəhər üləması çıxış etdi. Naib (Hələb hakimi Yəşbək) dedi: "Dediyini sübut et, etməsən səni öldürtdürəcəm". Naib bu cür iddiaları çox eşitmişdi. Nəsimi isə ağzını daim kəlimeyi-şəhadətlə açırdı ("Lə iləhə illə Allah Muhammədun Rasulu Allah" deyirdi). O (Nəsimi) məhkəmədə özü barəsində deyilənləri rədd etdi. Məclisdə olan hənbəli baş qazisi Şeyx Şihabəddin ibn Hilal (əl-Hənbəli) Maliki qazisindən daha yuxarıda oturmuşdu. Bu da Maliki qazisinin xoşuna gəlmədi. (Çünki nüfuzca Maliki qaziləri daha üstün sayılırdı). O (Hənbəli qazisi ibn Hilal), həmin məclisdə Nəsiminin zindiq olması və qətli barədə fitva verdi. Ardınca ibn Hilal maliki qazisinə dedi:
- Nə üçün "Bu zindiq öldürülsün!" demirsən?
Maliki qazisi dedi:
- Sən bu fitvanı yazılı şəkildə verə bilərsənmi?
Dedi:
- Bəli, yazaram.
Fitva yazıldı və surəti Şeyx Muzəyyələ, qazilərə, oradakı üləmaya göstərildi. Onlar fitva ilə razılaşmadılar. Maliki qazisi dedi: Əgər qazilər və üləma razı deyilsə, mən Nəsimiyə bir sənin sözünə görə necə ölüm fitvası verə bilərəm?
(Hələb əmiri) Yəşbək dedi: "Mən Nəsimini öldürdə bilmərəm, çünki Sultan tapşırıb ki, hər iş barədə ona xəbər verim. Gözləyək, görək Sultan nə deyəcək.
Növbəti məclis Hələb əmirinin göstərişi ilə Ədliyyə evində toplaşdı. Bu müddətdə Nəsimi həbsdə qaldı və məhkəmənin nəticəsi barədə əl-Muəyyədə xəbər verildi. Bundan sonra əmir Yəşbək Nəsimini zirzəmidən çıxartdırıb qala həbsxanasına apartdırdı. Sonra Sultanın əmri gəldi. Əmrdə Nəsiminin dərisinin soyulması və yeddi gün cəsədinin şəhərdə car çəkilib nümayiş etdirilməsi, sonra bədəninin parça-parça edilib hissələrinin Əli bəy Dulqadirə, onun qardaşı Nasir əd-Dinə və Osman Qarayölükə göndərilməsi tapşırılırdı. Çünki Nəsimi həmin adamların əqidəsini korlamışdı.
Bu adam kafir və mülhid idi. Onun dediklərindən Allaha sığınırıq. Amma gözəl şeirləri var idi". (Sıbt ibn əl-Acəmi əl-Hələbi (v. 1479), Kunuz əz-zəhəb fi tərix Hələb, tahqiq Şauqi Şəs və Falih əl-Bəkkur, cild 2, Hələb: Dər əl-Qaləm əl-Arabi, 1997, s. 125-126.)
Bu parça həm Nəsiminin həyatını, həm də Orta əsrlərdə Məmluk məhkəmə sistemini öyrənmək üçün dəyərli mənbədir. İlk növbədə, burada şairin adının Əli olmasına diqqəti cəlb etmək istərdim. Nəsiminin şiəliyə, xüsusilə imamiliyə bağlılığı, özünün seyid sayılması bu adı məqbul edir. Nəsiminin başqa bir adı kimi Ömərin bəzi türk mənbələrində qeyd edilməsinə münasibət bildirən Kürkçüoğlu bildirir ki, imami və isnə aşariyyə şiə dairələrini təmsil edən şairin Ömər adlanması mühitə uyğun gəlmədiyindən zaman-zaman unudulmuş, onun məxləsi adını üstələmişdir. Ola bilsin ki, sünni məzhəbinin üstünlük təşkil etdiyi doğma Şamaxıda şair Ömər adlanmış, amma həyatının sonrakı dövrlərində şiə dairələrinə yaxınlığı səbəbindən, bu ad onun təxəllüsü tərəfindən üstələnmişdir. Şairin ələvilərə yaxınlığı səbəbindən özünü Əli kimi təqdim etməsi və Hələbdə bu cür adlanması da ağlabatandır. Məlumdur ki, Hələb tarixən şiə şəhəri kimi tanınmış, burada X əsrdə Seyf əd-Dövlənin şiə Həmdani sülaləsinin ağalığı bərqərar olmuşdur. Bu baxımdan, Nəsiminin də məhz bu şəhəri yaşayış üçün seçməsi təbii görsənir.
Nəsiminin mühakimə edildiyi bina
Nəsiminin məhkəməsi aparılan Ədliyyə evi barədə kiçik bir məlumat yerinə düşər:
Dər əl-Ədl (Ədliyyə
evi) adlanan binalar yarananadək Misir və Suriyada məhkəmə
prosesləri məscid və mədrəsələrdə
aparılırdı. (Jonathat P. Berkey,
"Mamluk Religious Policy) Ədliyyə evlərinin əsası
hələ məmluklardan əvvəl hakimiyyətdə olan
Əyyubilər dövründə qoyulmuşdu. Hələbdə
Nəsiminin mühakimə edildiyi Ədliyyə evi Əyyubi
hakimi Səlahəddinin (v. 1193) oğlu Zahir Ğazi (1186-1216) tərəfindən
inşa edilmişdi. Bu, məmluklar dövrünün beş əsas
ədliyyə evindən biri idi. Ədliyyə evi Hələb
hakiminin iqamətgahı olan qalanın
yaxınlığında üzü şəhərə tərəf
inşa edilmişdi. Hələb hakimi öz
inzibati komandası ilə qalada yaşayırdı. Hələb
əhalisi isə qaladan kənarda, Qərbə tərəf
olan ərazidə məskunlaşmışdı. Qala
yaxınlığında tikilmiş Ədliyyə evi bir
növ hakim dairələrinin şəhər əhalisi ilə
ünsiyyətdə olduğu yer idi. Ədliyyə evində Hələb hakimi
şəhərin ağası statusunu həyata keçirirdi.
(Nasser Rabbat, The Ideological Significance of the Dar al-Adl)
Məmluklar dövründə qazi əl-qüzat təsisatı
Yuxarıdakı məhkəmə səhnəsi Məmluklar
dövrünün şəriət məhkəmələrini
təsvir etmək baxımından maraqlıdır. Belə ki, məmluklar
dövründə dörd sünii məzhəbinin hər
birinin özünün baş qazisi (qazi əl-qüzat) var
idi. Amma nüfuz baxımından Şafii və
Hənəfi qaziləri daha üstün sayılırdı.
Bu səbəbdən, yuxarıdakı
parçada birinci şafii qazisi Şeyx Muzəyyəl kimi
tanınan ibn Xətib ən-Nasirinin adı çəkilir.
Şafii qazisindən sonra hənəfi, maliki və
hənbəli qaziləri gəlir. Mühüm
şəriət hökmləri bu qazilərin məclisində
qəbul edilirdi. Amma, göründüyü kimi, son
söz Sultanın yerlərdəki nümayəndəsinə, edam məsələlərində isə,
Sultanın özünə məxsus idi. Nəsiminin
ittihamı məsələsində cəmiyyətdə daha
böyük nüfuz sahibi olan şafii və hənəfi
qaziləri sanki şairi öldürməkdə çox da
maraqlı görsənmirlər. Daha az
nüfuzu olan hənbəli qazisi isə cidd-cəhd göstərir
və bu işə maliki qazisini təhrik edir.
Yəşbəkin belə bir məhkəmə
çağırması Nəsiminin Hələbdəki
nüfuzundan, ətrafına adamlar toplamasından irəli gəlirdi. Əl-Asqalaninin "İnbə
əl-ğumr" əsərində "Nəsimin ardınca
gedənlər çoxaldı, bidəti yayıldı" -
deməsinin şahidi olduq (cild 7,ss. 270-271).
Gördüyümüz kimi, məhkəmənin
çağırılması təşəbbüsü də
dünyəvi hakimdən, Yəşbəkdən gəlir.
Əslində, məmluk hökmdarları cüzi
istisnalarla dini məsələlərdə çox da həvəsli
deyildilər.
Onlar ərəb dilində də zəif idilər.
Bununla belə, onlar Orta əsr düşüncə
tərzinə müvafiq, hər bir hökmlərini dini cəhətdən
əsaslandırmağın vacibliyini bilirdilər. Bəzən də, toplumun ümumi mənəvi
durumunu nəzərə alıb kütləvi mərasimlərə
rəhbərlik edirdilər. Məsələn,
Qahirədə vəba xəstəliyi yayılarkən
(822/1419) Sultan Müəyyəd üç günlük oruc
tutulmasını elan edir. Üçüncü
günün sonunda başının dəstəsi ilə səhrada
bir mərasim keçirir. Ərəb
tarixçiləri (məs. ibn Tağribordi) bu mərasimdən
sonra vəbanın geriləməsini bildirir. (bax. Mustafa Banister, Naught Remains to the Caliph but his
Title).
Həmin dövrdə qazilərin nüfuz dərəcəsi
qazi əl-qüzat vəzifəsinə verilən rüşvətdə
də görünür. Baş hənəfi və şafii qazisi vəzifəsi
3000 dinara, baş maliki qazisi vəzifəsi 2000 dinara, baş hənbəli
qazisi vəzifəsi isə 1000 dinara satılırdı. Bu səbəbdən, axırıncı məmluk
sultanlarından olan Qansuh əl-Ğauri (1501-1516) dörd məzhəbin
baş qazisini bir gündə təyin edib heç birindən
rüşvət almadıqda Qahirə əhalisi həm məmnunluq,
həm də təəccüb içərisində qalır.
(Annemarie Schimmel, Some Glımpses of the Relıgıous Lıfe
ın Egypt).
Sultanlar, hürufilər və əcəmlər
Nəsiminin məhkəməsi Sultan Müəyyədin
şairə qarşı barışmaz ədavətini əks
etdirir. Amma bunu sultanın mistik yönümlü bidətçiliyi
qəbul etməməsi ilə əlaqələndirə bilmərik.
Təbii ki, sultanlar ortodoks sünni məzhəbini
təmsil edən üləma ilə sıx əməkdaşlıq
edir, özlərini onlara dinin qoruyucusu kimi göstərirdilər.
Bu hal hər iki tərəfi razı
salırdı. Nəsimi məhkəməsində
olduğu kimi, sultan özbaşına qərar qəbul etdikdə
belə, üləma bunu İslamın qorunması yolunda zəruri
addım kimi qəbul edirdi. Digər tərəfdən,
məmluklar cəmiyyətinin dini mənzərəsi rəngarəng
olduğundan, sultanlar, o cümlədən, Müəyyəd
müxtəlif istiqamətləri yaxınlaşdırmağa
can atır, yalnız ortodoks sünni məzhəbinə deyil,
hətta bidətçi cərəyanlara da diqqət yetirirdilər.
Cəmiyyətdə sufilərin də müəyyən
nüfuzu var idi. Sultan Müəyyədin bəzən
xirqə geyinib sufi səma məclislərinə
qatılması barədə məlumatlar var. Məs. o, Siryaqus
xanəgahına gedib sufilərin səma məclisinə
qatılar, xoşladığı mahnıları təkrar-təkrar
dinləyərdi. Bir dəfə "fəqir"
dərvişlərin məclisində Sultan Müəyyəd
özü də nəğmə oxumuş, bundan ruhlanan dərvişlər
həvəslənib rəqs etmişlər. Sultan dərvişlərə ziyafət vermiş və
onların xanəgahına yüz min dirhəm
bağışlamışdı (Annemarie Schimmel, Some
Glımpses).
Deməli, Sultan Müəyyədin
Nəsimi barədə amansız hökmü şairin
hürufiliyi və sultanın ortodoks təəssübkeşliyi
ilə deyil, bir çox nəsimişünasların qeyd etdiyi
kimi, siyasi səbəblərlə bağlı idi.
Sonradan biz başqa bir
məmluk sultanının, Qansuh əl-Ğaurinin Nəsiminin qəbri
üzərində məqbərə tikdirməsinin şahidi
oluruq. Bu barədə əl-Ğazzi kimi tanınan Kamil
ibn Huseyn əl-Hələbi (v.1932) deyir: Nəsimi 820-ci ildə
qətlə yetirilərkən, İsmailiyyənin qərbindəki
bir məhəllədə, köhnə bir məsciddə dəfn
edildi. Sonra 910-cu ildə (miladi 1504) Sultan Qansuh əl-Ğauri
oranı təmir etdirdi (Kitab nəhr əz-zəhəb fi tərix
Hələb)
Qeyd edək ki, Sultan Qansuh əl-Ğaurinin nədimləri
arasında azəri türkləri böyük hörmət
sahibi olub. Sultan özü isə hürufiliyə meylli olub.
Bu barədə Doris Behrensin müşahidələrini
təqdim etməyi lazım bilirik. Onun fikrincə, "əl-Ğaurinin
əcəmlərə (bu söz altında bütün qeyri-ərəblər
deyil, İran ərazisindən gələn türklər, yəni
azəri türkləri nəzərdə tutulurdu - A.Q.) olan
xoş münasibəti onun Nəsimiyyə orderinə
bağlılığından irəli gəlirdi. "Bu orderin əsası ezoterizmə
(batiniliyə) və okkult yönümlü hürufiliyə mənsub
sufi şairi İmad əd-Din Nəsimi tərəfindən
qoyulmuşdu. Əcəmlər sultanın saray
şairləri və şairləri arasında çox idilər.
Onlar Sultanı hər yerdə müşaiyət
edirdilər. Onun nədimlərindən və
ən yaxın adamlarından biri baş musiqiçi ibn
Qıjıq idi. Əl-Əcəmi əl-Şanaqşı
adlanan başqa bir nədimin də sultanın yanında
böyük hörməti və nüfuzu var idi. Sultan onu siyasi məsələlərlə
bağlı Dəməşqə və Hələbə
göndərirdi. O, Sultanın Səfəvi
hökmdarı Şah İsmail Xətainin yanına göndərdiyi
diplomatik heyətə rəhbərlik etmişdi" (Doris
Behrens-Abouseif, al-Ghawri and the Arts). Fikrimizcə,
bu axırıncı məlumat o vaxtlar "əcəm"
dedikdə, məhz azəri türklərinin nəzərdə
tutulması fikrinə bir daha haqq qazandırır. Təbii ki, Sultan al-Ğaurinin Şah
İsmayılın yanına məhz öz xalqının
nümayəndəsini göndərməsi daha
ağlabatandır.
Din, yoxsa siyasət?
Nəsiminin bu dərəcədə amansızlıqla qətlə
yetirilməsini məmluk sultanlarının İslam daxilindəki
bidətçiliyə qarşı mübarizəsi kimi təqdim
etmək sadəlövhlük olardı. Düzdür, məmluk
sultanları özlərini dinin qoruyucusu kimi göstərirdilər,
amma bəzən, yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdə
bidətçiliyi təmsil edən sufilərin səma məclislərinə
də qoşulur, bir sıra məsələlərdə
tolerantlıq nümayiş etdirirdilər.
Orta əsrlərdə
İslam dünyasında inkvizisiya məhkəmələri
tarixinə nəzər saldıqda, kafir kimi edam
edilənlərin əslində, hakim qüvvələrə
qarşı təhlükə törətdiyinin şahidi
oluruq. Nəsiminin dünyagörüşünə
böyük təsiri olmuş Mənsur Həllacın (v. 922)
görünməmiş bir vəhşiliklə edam
edilməsinin səbəbi yalnız onun "Ənə
l-Haqq" deməsi olmayıb, həm də ətrafına
adamlar yığması, Abbasi hakimiyyətinin zəiflədiyi
bir dövrdə siyasi gücə çevrilməsi idi. Bu səbəbdən, Karl Ernst yazır ki, bu cür
bidətçi məhkəmələrdə siyasi səbəblər
həmişə əsas yer tutub.
Bəzi
mistiklər bidətçi kimi edam edildiyi
halda, hülul və inkarnasiya məsələlərində
onlardan geri qalmayan ibn Ruzbihan əl-Baqliyə (v.1209) dəyib-dolaşan
olmamışdır (Carl Ernst, Words of Ecstasy). Sözə
qüvvət qeyd etmək istərdim ki, ərəb
dünyasında şəkkak kimi tanınan Əbu -l Əla əl-Məərinin
"Lüzumiyyat divanında və Risələt əl-Ğufran
əsərində bir sıra islam ehkamlarına skeptik, hətta
istehzalı münasibət görsənir. Bununla belə, Məərrət ən-Numanda tələbələrini
başına yığıb yarızahid həyatı
keçirən şairi dini inkvizisiya məhkəməsinə
çəkmək heç kəsin ağlına gəlməmişdir.
Şübhəsiz, Nəsiminin edamında da bir
çox müəlliflərin (Z. Bünyadov, K.Burrill, Q.
Paşayev, Gölpınarlı və başqaları) qeyd
etdiyi kimi, siyasi motivlər güclü olub. Şairin bədən hissələrinin kəsilib
göndərildiyi bəylərin kimliyinə nəzər
saldıqda bu, daha aydın görsənir. Dulqadir bəyləri
və Osman Qarayölük kim idi?
1337-1522-ci illər arasında hökm sürən bir
Türkmən bəyliyi olan Dulkadirlər bir zamanlar Məmluk bəyləri
ilə ittifaqda idilər. Məmluk sultanları bu kiçik bəyliyin
ərazisindən öz sərhədlərini qorumaq
üçün bufer zonası kimi istifadə edirdilər.
Xüsusilə Osmanlıların daim artan
qüdrəti müqabilində məmlukların belə
zonalara ehtiyacı böyük idi. Onlar
Dulqadir bəylərini daim nəzarətdə
saxlayırdılar. Amma Nəsiminin hədəfə
alındığı dövrdə Dulqadirlər itaətsizlik
göstərir, Məmluklara deyil, Osmanlılara meyl edirdilər.
Nasir əd-Dinöz qızını Osmanlı
şahzadələrindən biri ilə evləndirir (Shai Har El,
Struggle for Domination in the Middle East; Refet Yınanç,
"Dulkadiroğullar", İslam Ansiklopedisi).
Ağqoyunlu Osman Qarayölükə gəlincə, o, məmlukların
qatı düşməni sayılırdı. O, 1398-ci ildə məmluklarla
ittifaqda olan Sivas əmiri Qazi Bürhadəddini
öldürür və bundan sonra məmluklara qarşı
Əmir Teymurla yaxınlaşır, hətta onun hərbi səfərlərinə
bələdçilik edir. Bunun müqəbilində
Teymur Anadoludan ayrılarkən Diyarbəkri və bəzi ətraf
əraziləri ona verir (İbrahim Olgun, Nesimi üzərinə
notlar).
Nəsiminin əmir Teymur kimi bir düşmənlə
yaxın münasibətdə olan Osman Qarayülüklə
ittifaqda olması bizə şübhəli gəlir. Hürufilərin teymurilərlə
düşmənçiliyi, Teymurun oğlu Miranşahın Fəzlullahı
öldürməsi səbəbindən hürufilər tərəfindən
"Maranşah" (ilanlar şahı) adlanması, onların
hətta Teymurun digər oğlu Şahruxa sui-qəsd etmələri
və bundan sonra təqiblərə məruz qalması da bu
düşmənçiliyin dərin kök atmasına dəlalət
edir. Belə olan halda iliyinədək hürufi
olan, Fəzlullahı uca bir məqamda tutub ilahiləşdirən
şair Teymura yolçuluq etmiş Osman Qarayölüklə nə
səbəbdən yaxınlaşmalı idi? Həqiqətənmi, Nəsimi o qədər siyasiləşmişdi
ki, adi təəssübkeşlik anlamını da arxada
buraxmışdı? Yoxsa onun Osman
Qarayölüklə yaxınlaşması şairin
düşmənləri tərəfindən uydurulmuş bir
yalan, bir şər idi? Bu sualın
cavabı bizə hələ ki, qaranlıq qalıb.
Qeyd edək ki, Məmlukların Dulqadir oğulları ilə
münasibətləri sonradan
yaxşılaşmışdır. Amma buna səbəb Nəsiminin
qətli ilə onların "gözünün
qorxudulması" deyil, təbii ki, məmlukların uğurlu
hərbi yürüşləri, o cümlədən, Tarsusu fəth
etmələri olub. Məmluklar bu hadisələrdən
sonra tam bir əsr osmanlılar qarşısında duruş gətirə
bilir. Onlar Dulqadirləri yenidən nəzarət
altına alır. Ayşegül Kılıç bu
ilişgilər barədə yazır: "1417-ci ildə Məmlukların
Tarsus'u fəthindən sonra sultanın hüzuruna
çıxan Dulkadiroğlu Əmir Əli bəy, sultana hədiyələr
təqdim etmiş ve Dulqadirli Nasir əd-Dinin oğlu vasitəsi
ilə Darəndə qalasının açarlarını ona
göndərmiştir. Göstərmiş
olduğu itaəti nəticəsində isə Sultan Şeyh
(Muəyyəd), Dulqadiroğlu Əli bəyə Maraş ve
Elbistan naibliyini tapşırmışdır (Ayşegül
Kılıç, Bir Bozok-Üçok Hikayesi).
Nəsimi məhkəməsinin
başqa bir mənbədə əksi
Nəsimi məhkəməsi Azərbaycan oxucusuna Sibt ibn əl-Əcəminin
yuxarıdakı "Kunuz əz-zəhəb" əsərindən
məlumdur. Bu yaxınlarda mövzu ilə bağlı Nəsiminin
öz müasirinin dilindən söylənilən başqa bir
xəbər rastıma çıxdı. İbn Həcər
əl-Asqalaninin "İnbə əl-ğumr" əsərinin
Qahirə nüsxəsinin qeydi hissəsində belə bir məlumat
var:
"Əlyazma nüsxəsinin
haşıyəsində əl-Baqainin xətti ilə belə
bir yazı var. Yazıda deyilir:
Qazi əl-qüzat
Muhibb əd-Din ibn Şahnə mənə deyib ki, bu adam (Nəsimi) bəzi adamların əqidəsini
korlamışdı. Onlardan biri Nasir əd-Din Məhəmməd
ibn Zu l-Ğadirdir (Bu ad Sibt ibn əl-Əcəmidə Nasir əd-Din
Dulqadir kimi gedir.-A.Q.). Nəsimi onların
qulağını doldururdu ki, indiyədək əməl etdikləri
şəriət hökmləri (batildir) və onlarda həqiqət
yoxdur. Peyğəmbərlər isə aqil
insanlar olub. Onlar (dini hökmlərlə)
insanların bir-birinə əziyyət verməsinin
qarşısını alırdılar. Əslində,
Allah yoxdur və bu kimi açıq-aşkar insanları
yolundan azdıran fikirlər. Zu l-Ğadir
oğlunun yolundan azması o dərəcəyə
çatdı ki, öz qızına təcavüz etdi, onu
öz zövcələrindən biri etdi və ondan bir oğlu
oldu.
Nəsimi Hələbdən qaçmışdı. Müəyyəd
onun tapılmasını tapşırdı. Sultan onu
tutduqda haqqında iddia qaldırdılmasını və edam edilməsini əmr etdi. Müəyyəd
onun bidətçi olmağından xəbərdar idi. O,
bir müddət azad qaldı. Bu zaman o, Hələb əmirinə
yaxınlaşdı (bu hissə oxunmur), ona (nələri isə)
yaxşı qələmə verdi və
ağlını çaşdırdı.
Nəsiminin (məhkəməsinə) baş qazilər və
üləma toplaşmışdı. Mən də orada idim.
O zaman orduda qazi idim.
Bu zaman Hələbin
hörmətli əyanlarından biri onun əleyhinə iddia
qaldırıb dedi ki, o, Allaha və Onun
peyğəmbərinə qarşıdır. Hələb əmiri
dedi ki, əgər dediyini sübut edən dəlil gətirsən,
onda Nəsimini öldürərik. Gətirməsən,
sənin özünü öldürəcəyik. Bu sözlərdən sonra məclisə bir vahimə
düşdü. Sonra bir başqası ayağa qalxıb
dedi ki, Hələbin baş maliki qazisi Fəth əd-Dinin
yanında onun əleyhinə iddia qaldırıram. Ordakılar hamısı buna şahid oldu. Orda iştirak edənlərin bəzisi Nəsimi barədə
ölüm hökmünün verilməməsini istədi.
O, (Hələb hakimi) orada iştirak edənlərdən
soruşdu. Onun (Nəsiminin) əleyhinə deyiənlər
onun zindiqliyini sübut etmək üçün kifayətdirmi?
Onun haqqında iki şahidin sözü bir-birinə
uyğun gəlmir. Bəs mənaca necə,
bir-birinə uyğun gəlirmi? Onlar bu məsələdə
dayandılar. Hənbəli (mətndə
boşluq gedib) əd-din ibn əl-Xəzuruni
iddiaçıları onun yanında olub iddia qaldırmağa
çağırdı. Amma xəfiyyə
katibi ona göz etdi və hənbəli bundan sonra danışmağa
cürət etmədi. Hələb hakimi bu
işlərdə razı görsənirdi.
Məclis
uzandıqda Hələb hakimi dedi: "Bu işi uzatmayın. Siz qətlinə hökm versəniz belə, mən
onu öldürməyəcəm. Sultanın
fərmanı var ki, onun razılığı olmadan heç
kimi öldürməyim”.
Camaat qalxdı. Sultana məktub göndərildi. Qazilər xəfiyyə katibi Nasir ibn əl-Bəruziyə
Hələb hakimi barədə yazılı məlumat verdilər.
Nəsimi zindanda olarkən, Sultandan Hələb hakimi Yəşbəkə
məktub gəldi. Sultanın göndərdiyi adam bu
zindiqin onun hüzuruna gətirilməsini istədi. Əyanlar Sultanın adamına Nəsiminin məhbəsdə
öldürülməsinə şahidlik etdilər.
Çox keçmədi ki, Hələb hakiminin bir dəstə
adamı bu zindiqi gətirdi. Onun dərisi
soyulmuşdu. Başı (kəsildiyindən)
əmmaməsinin içinə saman doldurulmuşdu. Bir nəfər onu ayaq üstə tutduğundan diri
insan kimi görsənirdi. Məlum oldu ki,
Sultandan Yəşbəkə nə etmək barədə
göstəriş gəlib. Onun
başı adı çəkilən Zu l-Ğadirə
göndərildi. Əlləri də
başqa bir nəfərə göndərildi. Bir başqasına da başqa üzvü göndərildi.
Beləcə bədən üzvləri yoldan çıxardığı
türkmənlərin ölkəsinə
dağıdıldı.
Bəziləri hələ də Nəsiminin qətlə
yetirilməsinin mümkün olmasına inanmırdılar. Bu zaman
artıq Nəsrəddin tövbə etmişdi. Onun tövbəsi qəbul olunmuşdu. O, öz
hərəkətindən və qızına etdiyindən
çox peşman idi. Qıza bu barədə xəbər
verib onu uzaq bir yerdə ərə verdilər ki, nə Nəsrəddin
onu görsün, nə də qız Nəsrəddini.
Bəlkə də bu zindiq (Nəsimi) bu səbəbdən
həbs edilmişdi. Allah bu ölkəni ondan xilas edib Müəyyədin
tabeliyinə verdi. Allah ona
(Müəyyədə) rəhmət eləsin və
günahlarından keçsin. Müəyyəd
Məhəmməd dinində etiqadı düzgün, imanı
gözəl biri idi (Sonrakı hissələr
qarışıq olub oxunmur). Heç bir dəlil
bu kafirin günahını yüngülləşdirməz.
Gördüyümüz kimi, "İnbə əl-ğumr"dakı
məhkəmə prosesi "Kunuz əz-zəhəb"dən
bir qədər fərqlənir. Burada dörd qazi
l-qüzatdan yalnız maliki qazisi Fəth əd-Dinin adı
çəkilir. Nəsimi əleyhinə
üləmadan bir nəfər deyil, iki nəfər iddia
qaldırır. İddiaçıların
adı çəkilmir. Bu mətndə ən
vacib olanı böyük şairin cəsədinin ələ
salınması, əmmaməsinə saman doldurulub kəsilmiş
başının yerinə qoyulması, dərisi soyulmuş
halda sanki ayaq üstə imiş kimi tutulması və sairədir.
Bu mətn Sultan Müəyyədin və onun əlaltısı
olan üləmanın taxt-tac düşmənlərinə
qarşı nə qədər amansız olduğunu göstərir.
Bir çox ərəb mətnləri kimi bu mətn də
hadisələrdən xəbərdar olan insanlara yönəldiyindən
bəzi məsələlərdə təfsilata
varılmır, fail və məfullar aşkar bilinmir. Mətndə
"qızla yaxınlıq etdi, sonra onu öz zövcələrindən
etdi" ifadəsi birbaşa zəlalət, yoldan azma
sözündən sonra gəlir. Qız barədə
isə "onun qızı", "öz qızı" mənalarını
bildirən "ibnətəhu" sözü işlənir.
Burada söhbət qanuni evlilikdən getsəydi,
bu, zəlalət kimi verilməzdi. İstər-istəməz
burada böyük bir qəbahət olması duyulur. Sonra Nəsrəddin tövbə edir, peşman olur və
qızı onun heç bir zaman görməyəcəyi uzaq
bir yerə göndərirlər. Qəribədir
ki, buna görə Nəsrəddin cəzalanmır, tövbəsi
qəbul edilir. Nəsiminin isə, ola
bilsin ki, bu səbəbdən edam olunması qeyd edilir.
Digər
diqqəti cəlb edən məsələ Sultan Müəyyədin
sanki Yəşbəkə inanmaması, öz xüsusi
adamını Hələbə göndərməsi, Hələb
əyanlarının belə Nəsiminin həqiqətən
öldürülməsinə şahidlik etmələridir. Nəsiminin cəsədi belə bu məqsədlə
gətirilir və Sultan Müəyyədin xüsusi adamına
göstərilir.
Bütün bu məsələlər xeyli dolaşıq
olub ciddi araşdırmalar tələb edir.
Bu mətn əl-Asqalaninin kitabında verilsə də,
haşiyə yazısının müəllifi Burhanəddin əl-Baqaidir. Əl-Baqai əl-Asqalaninin
tələbəsi və Nəsiminin gənc müasiri olub
(1406-1480). Mətndən də
göründüyü kimi, məmluk sultanlarının təəssübkeşi
kimi taxt-tac düşmənlərinə qarşı hər
cür iftiralara hazır bir insan olub. Xüsusilə
ailədaxili evlilik məsələlərinə hürifilərlə
bağlı digər mənbələrdə rast gəlmədiyimdən,
onun məlumatları şər-böhtan xarakteri
daşıyır. Allahsız kimi ittiham edə
bilmədikləri şairi bu cür şər-böhtanla
şərləsələr də, xalqın sərraf
gözü Nəsimini göylərə qaldırır. Edamından illər keçsə də, şair bir
haqq aşiqi, bir əzabkeş kimi qəlblərdə
yaşayır.
Nəsiminin məhkəmə xəbərlərində qəribə
olsa da, Fəzlullah Astarabadinin adı çəkilmir,
hürufiliklə bağlı məlumat verilmir. Burada Nəsiminin
ittihamı ümumi zindiklik və kafirlik çərçivəsindən
çıxmır. Müəllif incəliklərə
meyl etmir. Bu mənada bu xəbərlər
Nəsiminin həyatını və məmluk məhkəmə
sistemini öyrənmək üçün dəyərli mənbə
sayılsa da, hürufilik təlimini və Nəsimi əqidəsini
o dövr ərəb üləmasının düşüncəsi
kontekstində araşdırmaq üçün çox da
yararlı deyil. Bundan fərqli olaraq, ikinci
inkivizisiya məhkəməsində hürufiliyin nəzəri
cəhətləri barədə məlumat verildiyindən, həmin
məhkəmə xəbərindən əvvəlki dövrdə
Fəzlullah və hürufiliklə bağlı xəbərləri
araşdırmağı münasib bilirik.
Əl-Maqrizi Fəzlullah barədə
Nəsimiyə və ümumiyyətlə hürufilik təliminin
yaranıb yayıldığı dövrə ən yaxın mənbələr
əl-Maqrizinin (1364-1442) və ibn Həcər əl-Asqilaninin
(1372-1449) əsərləridir. Hər iki müəllif Sibt ibn əl-Əcəmidən
30 il əvvəl yaşayıb. Onlar ortodoks sünni məzhəbini və məmluk
üsul-idarəsinin maraqlarını ifadə edirdi. Əl-Asqalani baş Şafii qazisi idi və məmluklar
dövrünün bir çox hadisələrini şəxsən
müşahidə etmişdi. Əl-Maqrizi
də hakim dairələrin maraqlarını ifadə edən
müəllif idi. O, əvvəl hənəfi, sonra
şafii məzhəbini təmsil edib. Əsərlərində
Nəsimiyə yer ayrılmasa da, onun "Durar əl-uqud" əsərində
Fəzlullah Astarabadiyə ayrıca bir oçerk həsr olunub.
Əl-Maqrizi yazır:
"Onun adı Abd ər-Rəhman, kunyəsi Əbu l-Fəzldir. O, Seyyid Fəzlullah Halalxor
kimi tanınır. Allah Təala yolundə təcrid
və zühd məsləkinə qədəm qoyub heç
kimin təamını dadmamışdır. O, papaq tikib
satır, bu yolla bir təhər dolanırdı. Kitablar
yazmışdı ki, onlardan "Ərş-namə" və
"Xab-namə" fars dilində nəzm əsərləridir.
Onun bir çox davamçıları var idi.
Ona bir çox deyimlər aid edilir. Onun Gilandakı məclisinə fəqihlər
yığışırdı. Səmərqənddə
də məclisi var idi. İş o yerə
gəlib çatdı ki, o, Əlincədə həbs edildi və
orada da (öldürülüb) dəfn edildi. Bu (tarixdə), 804-cü ilin Təbriz hadisəsi
sayılır. Onun Məşriq, Şam və Misirdəki
davamçıları saya gəlməz. Onlar ağ
baş örtüyü və ağ geyimləri ilə fərqlənirdilər.
Onlar insanları kafirliyə, haram işlərə
baş qoşmağa, fərz olan dini qaydalara əməl etməməyə
çağırırdılar. Bu yolla
onlar bir çox adamın əqidəsini korladılar.
Əmir Teymurun oğlu, İlxani sultanı Muinəddin
Şahrux onların ölkəsindən sürgün edilməsi
əmrini verdi. Bu zaman iki nəfər
ona hücum etdi; belə ki, cümə günü məsciddə
Şahruxa sui-qəsd edib onu bərk yaraladılar. Onlar hər
ikisi qətlə yetirildi, İlxan isə ayağa qalxa bildi,
amma bu yara ona ömrü boyu əziyyət verdi".
Gördüyümüz
kimi, əl-Maqrizi Fəzlullahı ilk növbədə bir sufi kimi təqdim edir; o, halal-haram məsələsində
(sufizmdə bu, vara adlanır) olduqca diqqətlidir. Bu səbəbdən, halal-xor kimi tanınır.
Fəzlullahın təcrid yolu tutması, yəni
bir növ xəlvətə çəkilməsi, tərkidünya
olub dünya malına göz dikməməsi də onu süfilərə
yaxınlaşdırır. Bu məlumat həm
də hürufilərin şəhər sənətkarlarını
təmsil etdiyini göstərir. İlk
sufilər haram yeməkdən uzaq olmaq üçün ya
çırpı, ya da su satırdılar; bununla onlar sadəcə
öz zəhmətlərini satıb gündəlik ruzilərini
qazanırdılar (bu barədə E.G.Bertelğs, Proisxojdenie
Sufizma i zarojdenie Sufiyskoy literaturı). Zaman-zaman
şəhərlərin inkişafı ilə sufizmin şəhər
sənətkarları arasında dayaqları yaranır. Bu baxımdan, hürufi Fəzlullahın da
papaqçılıq etməsi maraq doğurur (Shahzad Bashir,
Fazlallah Astarabadi).
Əl-Maqrizi Fəzlullahın davamçılarının
yalnız şərq əyalətlərində deyil, Şamda
və Misirdə də çox olmasını qeyd edir. Məlumdur ki,
bu ərazilərdə hürufiliyin yayılmasında Nəsiminin
böyük rolu olub. Əl-Maqrizi məlumatından
Fəzlullahın şeyxi, müridləri, xüsusi geyim tərzi,
doktrinaları olan bir təriqət yaratması
anlaşılır. Bu məlumat həm də
hürufilərin siyasi həyata müdaxilə səbəbindən
(Şahruxa sui-qəsd edilməsi) təqiblərə məruz
qalmasını bildirir. Ortodoks sünni məzhəbini
təmsil edən müəllif Fəzlullahın
davamçılarının insanların əqidəsini
korlamasını qeyd etməsini unutmur, amma hürufilik təliminin
adını çəkmir və Fəzlullahın təliminin
mahiyyətinə toxunmur.
Əl-Maqrizinin
məlumatından Misir və Şamda hürufilərin ağ geyimli olması anlaşılır. Halbuki Təbrizdə fəaliyyət zamanı
hürufilər yaşıl geyimə üstünlük
vermişlər (Shahzad Bashir, Fazlallah Astarabadi). Şam və Misir hürufiliyi Nəsiminin təsiri
altında olub. Görünür, ağ
geyim də hürufiliyə Nəsiminin gətirdiyi geyim tərzi
olub.
Əl-Maqrizi Fəzlullahın əsas əsəri
sayılan "Cavidan-namə"yə toxunmur. O, Fəzlullahın məşhur
əsərləri kimi "Ərş-namə" və
"Xab-namə"ni göstərir. Gölpınalı Əmir Qiyasəddinə istinadən
Fəzlullahın "Cavidan-namə", "Məhəbbət-namə"
və "Naum-namə" əsərləri olmasını
bildirir. "Xab-nəmə" isə Seyid
İshaqın əsəri kimi qeyd edilir (Abdülbaki Gölpınarlı , Hurüfilik Metinleri
Kataloğu). Həm "Xab-namə", həm də
"Naum-namə" "yuxu kitabı" anlamına gəldiyindən
əsərlərin adının qarışıq düşməsi
təbiidir. Gölpınarlı "Kataloq"da
"Cavidan-nameyi-sağır"ın da adını çəkir
və bu əsərin heç bir nüsxəsinin
qalmadığını qeyd edir. Halbuki bu əsər
Salman Mümtazın şəxsi kitabxanasında olmuşdur.
Salman Mümtaz həbs olunarkən, bu əsər də onun digər
qiymətli əlyazmaları ilə birlikdə bir yük
maşınında naməlum şəkildə yoxa çıxmışdır (bax Aida Gasimova, "Red Terror
against Islamic Manuscripts). Gölpınalı
"Cavidan-nameyi-sağır"ın Astarabad ləhcəsində
yazılmış "Cavidan-namə"nin Fəzlullah tərəfindən
fars dilinə tərcüməsi olmasını qeyd edir və
Dərviş Mustafanın təqdim etdiyi tərcümənin -
"Dürr-i Yetim"in "Cavidan-nameyi sağır"dan
edildiyini bildirir. Orxan Mir-Qasımov "Ərş-namə"nin Cavidan-namədə"ki doktrinaları izah
etmək baxımından əhəmiyyəti olmasını
qeyd edir. "Xab-namə" (və yaxud
"Navm-namə") isə Fəzlullahın bəzi əsərlərinə
əlavə edilən yuxu gündəliyidir (Orkhan Mir-Kasimov,
Astarabadi, Fadlallah, EI 3). Belə bir əsərin
meydana gəlməsinin səbəbi Fəzlullahın yuxu
yozumunda mahir olması, eləcə də özünün bir
sıra gerçək yuxular görməsi ilə
bağlıdır (Şahzad Bashir, Fazlallah Astarabadi).
Baş
Şafii qazisi əl-Asqalani Nəsimi və hürufilik barədə
Nəsimi və hürufilik barədə dəyərli mənbələrdən
biri də ibn Həcər əl-Asqalanının yuxarıda
adını çəkdiyimiz "İnbə əl-ğumr"
(Toplumların xəbərdar edilməsi) əsəridir. Bu əsərdə
müəllif Fəzlullah və Nəsimi barədə bioqrafik
məlumat verməklə kifayətlənməyib, onların təliminin
bəzi cəhətlərinə də toxunur. Bundan əlavə, əl-Asqalani Nəsimi təlimini
hürufilikdə "nəsimiyyə" adlanan ayrıca bir
istiqamət kimi təqdim edir və onun ideyalarının və
kitablarının edamından sonra da adamlar arasında
yayıldığını göstərir. Qeyd edək ki, Şəmsəddin əs-Səxavi
(v.1497), ibn İyas əl-Əcəmi (v.1524) və ibn İmad əl-Hənbəli
(v.1678) kimi müəlliflər cüzi əlavələrlə
əl-Asqalaninin məlumatını təkrarlayıblar.
Əl-Asqalaninin "İnbə əl-ğumr" əsərindən
müvafiq parçalarla tanış olaq.
Əsərdə Fəzlullaha həsr olunan oçerkdə
deyilir:
"Fəzlullah ibn Əbi Muhamməd ət-Təbrizi bidətçilərdən
olan tərkidünya insan idi. O, Allahın insanla vəhdətini
(ittihadiyyə) əsas götürənlərdən idi. Sonra o, hürufilik adlı təriqətin əsasını
qoydu. O, hərflərin insanın əsl mahiyyəti
olduğunu iddia edirdi ki, bundan da bir çox əsassız
xürafatlar doğurdu. O, Teymurləngi öz bidətçi
dininə dəvət etdi, Teymur isə onun qətlinə fərman
verib bu işi oğluna tapşırdı. Oğlu
onun yanına gələn Fəzlullahın boynunu öz əli
ilə vurdu və bu barədə atasına xəbər
göndərdi. Teymur ona Fəzlullahın
başını və cəsədini göndərməyi
tapşırdı. O, Fəzlullahın cəsədini
yandırtdı. Bu, həmin (804-cü) ildə baş verdi. Onun davamçılarından
Nəsim əd-Din ləqəbli biri məşhurlaşdı.
Sonra o, edam edildi; Müəyyədin hakimiyyəti
dövründə - 821-ci ildə Hələbdə dərisi
soyuldu".
Məlumdur ki, Fəzlullah Astarabad şəhərindən
olub və tarixdə də Fəzlullah Astarabadı kimi
tanınır.
Əl-Asqalaninin onu Təbrizi kimi təqdim etməsi
hürufilik liderinin ömrünün müəyyən hissəsini
Təbrizdə keçirib, təlimini burada yayması ilə
bağlı idi. Ərəb mənbələrində
o, həm Təbrizi, həm də Astarabadi kimi təqdim olunur.
Əl-Asqalaninin Nəsiminin özünə həsr etdiyi
oçerk də böyük maraq doğurur. O, hicri 821-ci ilin hadisələrində
Nəsimidən və onun bəzi davamçılarından bəhs
edib yazır:
"Həmin ildə (h. 820/821) Şeyx Nəsim əd-Din
Təbrizi qətlə yetirildi. O, Hələbdə məskən
salmışdı (burada gəlmə idi). O, hürufilik
şeyxi idi. 804-cü ilin hadisələri
zamanı onun şeyxi Fəzlullahdan bəhs etmişdik. Ona (Nəsimiyə) gəlincə, o, Hələbdə
məskən saldı və burada onun ardınca gedənlər
çoxaldı, bidəti yayıldı, xəbər gedib
Sultana çatdı, Sultan da onun edamını əmr etdi.
Boynu vuruldu və dərisi soyuldu və
çarmıxa çəkildi. Şərəfli
sultanların hakimiyyətində onun davamçılarından
bəzisinin başına işlər gəldi; onun
etiqadını əks etdirən kitablar yandırıldı və
(bu kitabı əldə edənlərin) islahına
çalışıldı. Həmin adam
and-aman etdi ki, bu kitabda nə yazılmasından xəbərsizdir;
həmin kitabı bir şəxsdə görüb
almış, orada maraqlı hekayələr olmasını zənn
etmişdir. Kitab sahibi həmin kitab barədə
günahsız olmasını bildirdikdən, kəlmey-i şəhadətini
söylədikdən, İslam ehkamlarına
bağlılığını bildirdikdən sonra onu azad
etdilər. Bu hadisənin baş verməsinə
səbəb Şamdan nüfuzlu bir şəxsin (Misirə) gəlib
hələ də bu adamların (hürufiləri) təqib
edilməli olduğunu bildirməsi idi. Bu
adama Şamda hürufilər əleyhinə fəaliyyətə
icazə verən yazılı fərman verildi. Sonra bir nəfər də Antakiyadan gəlib onlar
(hürufilər) barədə bir çox işlər söylədi.
Ona da Antakiyada hürufilər əleyhinə fəaliyyət
üçün yazılı sənəd verildi. Bu hadisə 841-ci ildə baş vermişdi".
Nəsiminin dərisi
diri-diri soyuldu
Əl-Asqalanidən
misal gətirilən bu hissədə şairin qətli barədə
dolaşıqlıq yaradan bir ifadə keçir: "Sultan
onun edamını əmr etdi. Və boynu vuruldu və
dərisi soyuldu və çarmıxa çəkildi".
Məhz bu parça Azərbaycan ərəbşünaslığında
Nəsiminin guya qətlə yetirilib sonra dərisinin
soyulması barədə yanlışlıq yaradıb. Həm Ziya Bünyadov, həm
də Qəzənfər Paşayev "və"
bağlayıcısının semantik çalarlarına diqqət
yetirmədən Nəsiminin guya əvvəl
öldürülüb sonra dərisinin soyulması iddiasını
etmiş, sonra bu xəbər digər
tədqiqatçılar tərəfindən təkrarlanmışdır.
Halbuki L.Massignon istisna olmaqla, nə Türkiyədə,
nə də Qərb şərqşünaslığında
belə bir fikrin səslənməsinin şahidi olmuruq.
Qəzənfər
Paşayev yazır: "Qeyd edək ki, Nəsiminin diri-diri dərisinin
soyulması fikri həqiqətdən uzaqdır. Nəsiminin
müasiri İbn Həcər Əsqəlani (1372-1449)
"İnba əl-ğumr biənba (bi-əbnə - A.Q.) əl-ümr"
- "Həyat oğulları haqqından dolğun bilgi" (və
yaxud Müasirlərimiz barədə topluma məlumat verilməsi
- A.Q.) əsərində yazmışdır: "Onun
başını kəsib dərisini soydular və cəsədini
çarmıxa çəkdilər" (sitat akad. Ziya Bünyadovun "Nəsiminin məhkəməsi
və qətli" məqaləsindən
götürülmüşdür). İbn
Həcər əl-Əsqəlanidən sonra yaşayan Şəmsəddin
Səxavi (1427-1497) və İbn əl-Həmbəli (Hənbəli
- A.Q.) də eyni fikirdə olmuşlar (Qəzənfər
Paşayev "Nəsimi haqqında araşdırmalar",
Bakı 2010, Qarabağ nəşriyyatı. s. 50). Q.Paşayevin qeyd etdiyi kimi, bu fikir ilk dəfə
Z.Bünyadov tərəfindən səsləndirilmişdir.
Teref.az
saytında Z.Bünyadovun məlum məqaləsi ilə tanış olduq. Burada da ərəb
mənbəsindəki bəzi məlumatların bizdən fərqli
təqdimini görürük. Məs.
akademik "İttiham ilə onun əleyhinə hənəfilərin
qazılar qazısı İbn əş-Şənqaşi
çıxış edib" - deyir. Həmin
mətndə hənəfilərin baş qazisinin Şəmsəddin
ibn Əmin əd-Dövlə olduğunu görürük.
Əş-Şənqaşı kimi təqdim
edilən əş-Şanaqşı (Çanaqçı,
Dulusçuoğlu) isə baş qazi deyil, hənəfi məzhəbindən
olan bir alimdir. Akademikin "Bundan sonra naib
(Yaşbək) çöllüyə getməli olur və Nəsimini
qala həbsxanasına salırlar" ifadəsini də fərqli
təqdim edirik. Mənim fikrimcə, burada
söhbət Yəşbəkə indiyədək Ədliyyə
evində saxlanılan Nəsiminin qala zirzəmisindəki
qazamata salınmasının tapşırılmasından
gedir. Bu cür fərqlər böyük əhəmiyyət
daşımasa da, kifayət qədərdir.
Ziya
Bünyadov kimi nüfuzlu bir alimin aşağıdakı
iddiası isə Azərbaycan nəsimişünaslığında
yanlış bir istiqamətin əsasını qoymuşdur:
"Bu mötəbər məxəzlərdən gətirilən
məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin
soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir
və geniş kütlənin ona olan hüsn-rəğbətinin
rəmzidir. Bu əfsanəyə isbat edilmiş
bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq
yanlışdır". Ziya Bünyadovun
bu fikrinin doğru sayılıb nəsimişünaslar
arasında geniş rəvac tapmasına ancaq təəssüf
etmək olar.
"Boynu
vuruldu və dərisi soyuldu və çarmıxa çəkildi"
ifadəsinə yenidən qayıdaq:
Məsələ
burasındadır ki, ərəb dilində "və"
bağlayıcısının bir çox mənaları var.
O, həm vergülü, həm "ilə"ni,
həm də "və"ni bildirir. Əgər
biz "Müşfiq öldürüldü, güllələndi"
desək, Müşfiqin öldürülüb sonra güllələndiyini
düşünmədiyimiz kimi, Nəsimi ilə bağlı
bu ifadədə də Nəsiminin əvvəl
öldürülüb sonra dərisinin soyulmasını nəzərdə
tutmamalıyıq. Yəni burada ərəb
dilində söz sıralanmasında "və"
bağlayıcısının qrammatik xüsusiyyəti nəzərə
alınmalıdır. "Və" ilə
gedən sıralanma hadisələrin zamanca
ardıcıllığına işarə etmir. Bu, xüsusi bir üslub kimi Quranda və Orta əsr mənbələrində
işlənir. Ən-Nisə surəsində 157-ci ayədə
İsa əl-Məsih barədə deyilir: "Onu öldürmədilər
və onu çarmıxa çəkmədilər". Burada çarmıxa çəkmək öldürməkdən
sonra gəlir, halbuki məntiqlə əvvəl
çarmıxa çəkilmə (mətndə çəkilməmə),
sonra öldürülmə gəlməli idi. Nəsimi ilə bağlı səslənən
cümlə heç bir vəchlə onun
öldürülüb sonra dərisinin soyulmasına dəlalət
etmir.
Bəziləri bu məsələyə o qədər
önəm verməsə də, burada söhbət Nəsiminin
ƏZABKEŞ statusundan gedir və bu statusu ondan almaq olmaz. Ərəb
qrammatikasına və burada VƏ
bağlayıcısının xüsusiyyətinə bir daha nəzər
salaq. "Və" bağlayıcısını "Fə"
bağlayıcısı ilə müqayisə edən
13-cü əsr leksikoqrafı İbn Mənzur "Lisan əl-arab"da
görkəmli dilçi alim əl-Fərraya istinadən deyir:
"Sən
"Abdullanı VƏ Zeydi ziyarət etdim" deyərkən, onların
hansını istəsən əvvəl ziyarət etmiş ola
bilərsən, amma sən "Abdullanı FƏ Zeydi ziyarət
etdim" deyərkən, əvvəl
birinci gələni, sonra da digərini ziyarət etmiş
olursan" (İbn Mənzur, Lisən əl-arab).
Qeyd etdiyim kimi, bu məsələ olduqca vacib olub Nəsiminin
əzabkeşliyi ilə bağlıdır. Məhz diri-diri dərisi
soyulmaqla qətlə yetirildiyindən, əzabkeş
olduğundan şairin şəxsiyyəti əfsanələrə
qərq olmuş, onun bu faciəli məqamda şeirlər
söyləməsi və s. kimi deyimlər xalq məhəbbətinin
nəticəsi olaraq uydurulmuşdır. Sonrakı sufi mənbələrində biz Nəsimini məhz
bu cür əzabkeş kimi görürük.
Təbrizli yoxsa Şamaxılı?
Ərəb mənbələrindəki digər
mühüm məsələ Nəsiminin Təbrizi (Təbrizli)
adlanmasıdır. Biz əslən Astarabaddan olan, əsərlərini də
fars dilinin Astarabad ləhcəsində yazan
Fəzlullah əl-Astarabadinin də bu adla adlanmasını
görürük. Təbriz Azərbaycanın mədəniyyət
mərkəzi olduğundan həmin ərazidən olan Fəzlullahın,
eləcə də Şama gəlib azəri
türkcəsində danışanların, o cümlədən,
Nəsiminin Təbrizi adlanması təbiidir.
Yuxarıdakı parçalarda Nəsimi "Nəsim əd-din"
kimi təqdim olunur, yəni Nəsim sözü şairin anadan
olduğu yer mənasını ifadə edə biləcək
nisbə (Nəsimi) kimi deyil, məxləs, ləqəb kimi
işlənir.
Bu kiçik ştrix Nəsiminin hansı isə
Nəsim adlı bir yerdən olması fikrini rədd edir.
Nəsimidən təxminən bir əsr sonra
yaşamış Lətifinin öz təzkirəsində bu
cür yanlış mülahizə yürütməsi sonradan ədəbiyyatşünaslıqda
Nəsiminin Bağdad yaxınlığında Nəsim
adlı bir yerdə anadan olması barədə səhv fikir
yaratdı (Latifi, Tezkere-i Latifi). Ərəb
coğrafi mənbələrində belə bir yer adı qeydə
alınmasa da, bu fikri qəbul edənlərdən biri Gibbdir.
Gibb Nəsimi barədə oçerkində ərəb
mənbələrinə əsaslanmadığından,
görünür, bu mənbələrin varlığından
xəbərdar olmadığından Lətifinin məlumatını
düzgün hesab etmişdir. Təəssüf ki, Qəzənfər
Paşayev də bu fikrə şərik çıxmışdır:
"Bizə qalırsa, şairin Nəsim kəndində anadan
olması və Nəsimi nisbəsini buradan götürməsi
ehtimalı daha inandırıcıdır" - demişdir (Qəzənfər
Paşayev "Nəsimi haqqında araşdırmalar",
Bakı 2010, Qarabağ nəşriyyatı. s. 43). Halbuki yuxarıdakı mətndən də
göründüyü kimi, Nəsimi şairin nisbəsi deyil,
məxləsidir.
Qeyd etmək lazımdır ki, Təbrizlə
yanaşı, Nəsiminin Şirvandan olması fikri də
ağlabatandır. Çünki Salman Mümtaz onun məhz
Şamaxıdan olmasını iddia etmiş, Şamaxı
yaxınlığındakı Şaxanda (Şah Xəndanın
təhrif olunmuş şəkli) qəbiristanlığının
Nəsiminin qardaşı, "Julidəmi" məxləsi
ilə şeirlər yazan Şah Xəndanın adından
alınmasını bildirmişdir. Salman
Mümtaz həmin qəbrin ziyarətgah olmasını qeyd edir
(Salman Mümtaz, Azərbaycan ədəbiyyatının
qaynaqları, Bakı, 2006, ss. 292, 298). Salman
Mümtazda Nəsiminin ən qədim, bəlkə də
avtoqraf əlyazması olub. Həmin əlyazmanın
əvvəlində şairin bir-neçə səhifəlik tərcümeyi-halı
da var imiş. Təəssüf ki, həmin
əlyazma da qırmızı terror illərində yoxa
çıxdığından, Nəsiminin şamaxılı
olması barədə Salman Mümtazın mülahizəsi
sanki təsdiqini tapa bilmir. Amma son vaxtlar
Firudin Qurbansoy şairin poeziyasının dil xüsusiyyətlərinə
əsaslanaraq onun Şirvan mühitini təmsil etməsi ilə
bağlı dəyərli mülahizələr söyləmişdir.
Bu tədqiqat şairin həqiqətən də
Şamaxıdan olması fikrini gücləndirir. (Firudin Qurbansoy, İmadəddin Nəsimi, Bakı:
Elm, 2019, ss.13-31).
İkinci
inkvizisiya məhkəməsi
Əl-Asqalaninin əsərində biz hürufilərə
qarşı ikinci inkvizisiya məhkəməsinin şahidi
oluruq. Bu dəfə
məhkəmə Nəsimi tərəfdarlarından birinə
qarşı Qahirədə aparılır (Əl-Asqalani,
İnbə əl-ğumr):
"Bu hadisələr Məmluk sultanı əl-Məlik
əl-Əşrəf Zahir əd-Din Barsbəyin (1422-1438)
zamanında baş verib. 1435-ci (hicri 838) ilin Ramazan ayında
Şamdan bir əyan Qahirəyə gəldi. O,
özü ilə Şeyx Əla əd-Din Buxarinin məktubunu
gətirmişdi. Məktubda Nəsimidən və
onun şeyxi Fəzlullahdan bəhs edilir və göstərilirdi
ki, Şam və Misirdə onun əqidəsində olan toplum
var. Daha sonra deyilirdi ki, o (yəni Şeyx Əla əd-Din
Buxari), bu adamların (əqidəsini) araşdırmış
və onların nöqsanlarını
açmışdır. Qahirədə də
onlardan olan var. Şeyx Əla əd-Dinin məktubu Sultana
oxundu. Sultan Qahirədəki həmin
adamın və onun evindəki kitabların gətirilməsini əmr
etdi. Onun əmri yerinə yetirildi. Haqqında söhbət gedən bu tayfa əvvəl
"hürufilik", sonra "nəsimilik" adlanan bidətçillər
idi. Şəvval ayının 4-də
Sultanın sarayında bu məsələ ilə bağlı
bir məclis çağırıldı. Məclisə
(hürufiliklə bağlı) kitablar gətirildi. Kitabların bəzisi hürufi şeyxinə (Fəzlullaha)
aid idi. Bu kitablar fars dilində idi. (Bir nəfər) onların birinin əvvəlindən
bəzi asan hissələri oxudu və ərəbcə mənasını
izah etdi. Bu muşəbbəhat
(antropomorfizm) və ittihadiyyət (inkarnasya) ilə
bağlı mürəkkəb bir təlim idi. Sonra Şafii qazisi şeyx Əla əd-Dininin məktubunu
oxudu. Məktubda (hürufiliklə
bağlı) deyilirdi ki, insanın simasında yeddi cərgə
tük - bir cərgə saç, dörd cərgə kiprik,
iki cərgə qaş var. İnsanın əl barmaqlarında
on dörd oynaq var. Bütün bunlar əlifbadakı hərflərin
sayına uyğun gəlir.)
Hürufiliyə görə, ilahilik Allahdan Adəmə
keçib, Adəmdən bir başqasına və nəhayət,
bir Söz olaraq gəlib Fəzlullaha çatıb. Bunun mənası
odur ki, Allah elə hərflərdə təzahür edir.
Sonra (kitabların sahibi olan) həmin kişi
gətirildi və sorğu-sual edildi. O bildirdi ki, bu kitabları
Keyfə qalasında 30 dirhəmə alıb və orada deyilənlərin
heç birinə inanmır. O, kəlimey-i şəhadətini
söylədi və İslama zidd olan etiqadlardan uzaq
olduğunu, eləcə də bu cür kitabları
yazanların, (hürufilik) şeyxinin və onlara inananların
küfr içində olduğunu bildirdi. Şafii şeyxi
dedi: "Əgər dediyin doğrudursa, onda bu kitabları
öz əlinlə yandır". Adam bir az
cavab verməyə tərəddüd etsə də, sonda
göstərişə tabe olub kitabları özü
yandırdı. Sonra Sultan soruşdu: "Bu adamları ölkədən
sürgün etsəm, günah sayılmaz ki?" (Şafii
şeyxi) "yox!" - dedi. Sonra car
çəkib dedilər ki, kim
NƏSİMİ məzhəbindən olan və yaxud evində
(bu məzhəbə dair kitablar olan) adam tanıyırsa, bu barədə
xəbər verib həmin adamı Sultanın hüzuruna gətirsə,
ona 100 dinar bəxşiş veriləcək. Sonra Sultanın əmri
barədə car çəkib dedilər ki, Qahirədə və
şəhər qalasında olan bütün əcəmlər
3 gün müddətinə şəhəri tərk etsinlər,
amma bu iş tamamlanmadı".
Bu parçanın əhəmiyyəti həm Nəsimi
ideyalarının özündən sonra da
yayılmasını əks etdirməsi, həm də
hürufilik təlimini əks etdirməsi ilə
bağlıdır.
Burada ərəb mənbəsində ilk dəfə
olaraq hürufiliyin mahiyyətindən bəhs edilir, müqəddəs
hərflərin sayının insan simasındakı tük cərgələrinə
uyğunluğu vurğulanır. Sultanın hüzuruna gətirilən
fars dilində olan kitablarda belə məlumatın
olması hürufilik təlimini əks etdirən əsərlərin
(çox güman ki, "Cavidan-namə"nin) Misirdə
yayılmasını düşünməyə əsas verir. İbn Həcər haqlı olaraq hürufilik təliminin
əsasında insanın ilahiləşdirilməsinin
dayandığını göstərir. Allaha
insana xas cəhətlərin aid edilməsi və insan
varlığında Allahın məzhəri hürufi
ideologiyasının ana xəttini təşkil edir. Bu məsələ, gördüyümüz kimi
şafii qazisi olan əl-Asqalaninin diqqətindən
yayınmır.
Burada digər diqqəti cəlb edən cəhət
kitablara qarşı həyata keçirilən terrordur. Misir üləması sufizmə
qarşı çox vaxt aqressiv olmuş, ibn Ərəbi
kitablarını da yandırmışdır (bax Alexander Knysh,
İbn Arabi in the Later İslamic Tradition) Ərəb mənbələrində,
əs-Səxavinin və əş-Şəraninin əsərlərində
ibn Ərəbi davamçısı kimi Nəsiminin də
terrora məruz qaldığını görürük.
Digər dərisi soyulanlar
Sibt ibn əl-Əcəminin "Kunuz əz-zəhəb"
əsərində Nəsiminin qətlində əli olan Hələb
hakimi Yəşbəkə aid hissədə göstərilir
ki, Nəsiminin dərisi soyulmaqla qətlinə fərman verən
Sultan Müəyyəd çox keçmir ki, vəfat edir. Bunun
ardınca Yəşbək özü də
öldürülür. Yəşbək
bir səfərə çıxarkən münəccimi ibn əl-Fələki
onu bu yoldan saxlamaq istəsə də, o, münəccimə
fikir verməyib yola çıxır və qətlə
yetirilir. Onun qətl səbəbi və kim
tərəfindən öldürülməsi bildirilmir. Amma Hələb əhlinə zülm etdiyi göstərilir.
Ola bilsin ki, Sultanın ölümüdən
ruhlanan hələblilər onun şəhərdəki
nümayəndəsindən qisas almışlar. Yəşbəkin başı Nəsiminin qətlə
yetirildiyi qala qapısından asılır. Səhərisi günü Yəşbəkin cəsədini
Bəb əl-Sirr adlanan yerdə dəfn edirlər. Əsərdə deyilir ki, Yəşbək dəfn
edilərkən başının dərisi yox idi. Dəri sonradan gətirilib onun qəbrinə qoyulur
(Sıbt ibn əl-Acəmi əl-Hələbi, Kunuz əz-zəhəb).
Deməli, hələblilər Sultanın
nümayəndəsini sadəcə qətlə yetirməyib,
həm də dərisini soyublar. İstər-istəməz
belə bir sual doğur: Bu qisas Nəsimi üçün
olmasın? Ya dəri soymaq çox geniş
yayılmış adət olub, ya da bu yolla Nəsiminin
qisasını alıblar.
İnkvizisiya
tarixinə nəzər salsaq, görərik ki, Hələb
şəhərinin yerləşdiyi Qədim Assuriyada dəri
soyma əsas edam növlərindən biri
olub. Arxeoloji tapıntılar bunun necə həyata
keçirilməsini nümayiş etdirir. Xorsabad
abidəsində əlləri və ayaqları taxtaya
mismarlanmış məhkumun kiçik yarıdairəvi
bıçaqla soyulması nümayiş etdirilir.
Tarix boyu istər dindar olsun, istər dinsiz, müxtəlif
toplumlar düşmənlərinə qarşı bu üsulu tətbiq
ediblər. Eramızın birinci əsrində İsa əl-Məsihin
apostollarından olan Varfolomey Bakıda xristianlığın
düşmənləri tərəfindən bu üsulla qətl
edilir. Məşhur rəssam Mikelancelo Qiyamət
günü əsərində Varfolomeyi dərisi çiyninə
atılmış təsvir edir. V əsrin əvvəlllərində
isə xristian rahibləri İskəndəriyyədə
Haypatiya adlı qadın filosofun dərisini
balıqqulağı ilə soyub öldürürlər.
Gördüyümüz kimi, bu əzablı edam
üsuluna Allah adından danışan monoteistlər də,
monoteizmdən uzaq politeistlər də müraciət ediblər.
Diri-diri soyulma halı, görünür, Nəsiminin
edamının əks-sədası kimi başqa bir üsyankar
hürufiyə də tətbiq edilib. İsfahanda Teymurilərə
qarşı qalxan Hacı Sorx adlı bir üsyançı
1431-ci ildə bu yolla qətl edilir (Hamid Algar, "Horufism",
Encyclopaedia Iranica). Osmanlı
sultanlarının da qatı düşmənlərinin əzabını
artırmaq bu üsula əl atdıqları bildirilir (Rudolf
Peters, Crime and Punishment in Islamic Law.)
XV əsrin
sonlarına doğru Sultan Nasir Muhammədin dövründə
də bu edam növü bir nəfər
oğruya qarşı tətbiq edilir. Adam qəbiristanlıq
oğrusu idi; o, ölülərin kəfənini
oğurlayıb satırdı. Sultanın əmri
ilə onun üzünün dərisi soyulur və dəri sinəsinə
düşmüş, üz sümükləri açıq
halda şəhərdə gəzdirilir, carçı car
çəkib onun əməllərini bildirir. Sonra onu, Bab əl-Sirrə aparılıb orada
asırlar (Carl F.Petry, "The Politics of Insult"). Bu hadisə də Hələbdə baş verib.
Bu halda
adamın nə üçün məhz dərisi soyulmaqla edam edilməsinin bir mənası var;
ölüləri çılpaq buraxan adamın dərisi bir
növ onun geyiminin simvolu idi. Bəs Nəsimi nə
üçün belə bir əzablı və alçaldıcı
ölümə məhkum edildi? Bu barədə
bir qədər sonra.
Əş-Şərani daha bir dəri əzabkeşi və
Nəsimi barədə
Nəsiminin
repressiyaya məruz qaldığını xüsusi
vurğulayan başqa bir müəllif sufi
mütəfəkkiri Abd əl-Vahhab əş-Şəranidir
(1493-1565). Onun "Əl-yavaqit va l-cavahir fi bəyən
aqaid əl-əkabir" (Kübar adamların əqidəsinin
bəyanında yaqutlar və çəvahirat) əsəri
sufilərin məruz qaldığı təqib və cəzaları
əks etdirir. Nəsimidən əvvəl əş-Şərani
görkəmli imam və sufilərin haqsız yerə məruz
qaldığı cəza və təqibləri əks etdirir.
Onların arasında imam Əhməd ibn Hənbəl, imam əş-Şafii,
görkəmli hədis alimi əl-Buxari, sufi
övliyalarından Zu n-Nun əl-Misri, Əbu Yəzid əl-Bistami,
Cuneyd əl-Bağdadi, Səhl ət-Tustəri və
başqalarını görürük.
Əsərdə Nəsimidən birbaşa əvvəldə
isə diri-diri dərisi soyulmuş başqa bir mömin yad
edilir. Burada dərisi soyulan Misir Fatimilərinin şiə-ismaili
hakimiyyətinə müxalifətdə olan sünni alimi, zahid
və mömin bir insan olan Əbu Bəkr ən-Nəbulisidir.
Sünni məzhəbindən olan ən-Nəbulisi
Fatimi xəlifəsi əl-Muizzin hüzuruna gətirilir.
Ən-Nəbulisini sorğu-sual edən xəlifə deyir:
"Mənə çatdırıblar ki, sən, "əlimdə
on ox olsa, onun doqquzunu əl-Muizzə ataram" demisən.
Ən-Nəbulisi deyir: "Əgər əlimdə on ox olsa,
onun doqquzunu sənə ataram, sonra onuncunu da elə sənə
ataram". Əl-Muizz səbəbini soruşduqda, ən-Nəbulisi
deyir: "Sən dini təhrif edirsən, möminləri
öldürtdürürsən". Əl-Muizzin
əmri ilə ən-Nəbulisi camaatın gözü
qarşısında qamçılanır, sonra onun diri-diri dərisi
soyulur. Ən-Nəbulisi dərisi soyularkən
ürəkləri parçalayan bir tərzdə Quran oxuyur,
insanları riqqətə gətirirdi. Dərisini soyan yəhudi
qəssab bildirmişdir ki, mən yuxarıdan dərini soya-soya
gəldim, ürəyinə çatanda bıçağı
ürəyinə sancdım ki, əzabına son qoyum (əş-Şərani,
Əl-yavaqit va l-cavahir; əl-Bidəyə
va n-nihəyə).
Əş-Şərani bildirir ki, Nəsiminin də Hələbdə
dərisini diri-diri soymuşdular. "Əvvəl Nəsiminin
dəlil-sübutları qarşısında onu heç
cürə ittiham edə bilmirdilər. Bu
zaman ona qarşı hiylə işlətdilər; bir çəkməçiyə
pul verib bir ayaqqabının içərisinə İxlas surəsi
yazılmış bir kağız qoydular. Çəkməçiyə,
"bu bir məhəbbət duasıdır" dedilər.
Sonra bir yolun tapıb həmin ayaqqabını Nəsimiyə
hədiyyə etdilər. Nəsimi də
işdən xəbərsiz olduğundan ayaqqabını
geyindi. Sonra Sultanın Hələbdəki əmirinin
yanına gedib dedilər ki, səhih bir məlumat
almışıq ki, Nəsimi "qulhuvallah"
yazılmış bir kağızı ayaqqabısının
içində saxlayır. İnanmırsan bir adam göndərib onun özünü
çağırtdır. Əmir Nəsimini
çağırtdırdı. Vərəqi
Nəsiminin ayaqqabısının içərisindən
çıxardılar. Nəsimi bildi ki,
(çıxış yolu yoxdur) və özünü Allaha təslim
etdi. Heç bir ittihama cavab vermədi,
çünki bilirdi ki, onsuz da qətlə yetiriləcək.
Onun bəzi şagirdlərinin şagirdi mənə
danışıb ki, dərisi soyularkən Nəsimi
gülümsəyir və tövhidə dair muvaşşahlar
söyləyirdi, beləliklə, beş yüz muvaşşah
şeiri söyləmişdir".
Bir sufi mütəfəkkirinin qələmində
canlanan Nəsimi faciəsi fərqli xarakter daşıyır. Sətirlər arasından müəllifin şairə
olan hüsn-rəğbəti görsənir. Əsərdəki Nəsimi barədə qısa məlumat
bir qədər daha əfsanəvi xarakter daşıyır.
Burada təsvir olunan əzabkeş şair həm
də cismani ağrılara mətanətlə dözən bir
haqq aşiqidir.
Nə üçün dəri?
Nəsiminin bu üsulla edamında bir məna gizlənibmi,
yoxsa bu adi bir işgəncə növüdür? Quranda, Fussilət surəsində
(ayə 21) deyilir ki, Allah dəriyə dil vermişdir və o,
Qiyamət günü insanın üzünə durub onun əleyhinə
şahidlik edəcək:
"Onlar
öz dərilərinə: "Nə üçün əleyhimizə
şahidlik edirsiniz?" - deyəcəklər.
(Dəriləri) deyəcək: "Hər şeyi
danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz
(axırda) Ona qaytarılacaqsınız" (tərc. Əlixan Musayev).
Hürufilikdə dərinin xüsusi önəmi var.
İnsan dərisi, xüsusilə üz ilk növbədə
üzərində ilahi hikmətlərin açarı olan hərfləri
gəzdirir; insanın xətt-i xalı, yeddi cərgə
anadangəlmə tük cərgəsi məhz dəridə əks
olunub. Qaş, göz, kiprik, ləb, zülf, xal, zənəxdan
kimi üz cizgiləri dəridə bərqərar olub (Fazlullah
Esterabadi, Cavidan-Name, Dürr-i Yetim). Bu mənada
dəri əslində, insan adlı müqəddəs
yazının əks olunduğu bir perqamentdir.
Digər tərəfdən, bir sıra şiə təlimləri
kimi hürufilik də batiniliyə meylli idi. Onların
söz altda söz, məna altda məna axtarmaları
Quranın zahiri anlamını rədd etmələrindən gəlirdi.
Əslində, dəri də zahirdir. "Taxt-tac oyunu" qəhrəmanlarından birinin
dediyi kimi, lüt insan özündə nə isə gizlədə
bilir, dərisi soyulmuş insan isə heç nə gizlədə
bilməz". Hər bir mistik zahirdən uzaqlaşıb
batinə can atır. Burada qəribə bir
müşahidəmizi də bölüşmək istərdik.
Fəzlullahdan bəhs edən ərəb mənbələri
onu "zahid", "asket" anlamına gələn
"mutəqaşşıf" sözü ilə
anırlar. Bu sözün alt qatlarında "dərisi
çat-çat olmuş adam" mənasını
da görürük. Deməli, ezoterizmə meyl özü bir
növ dərinin çatlaması, bir az da
irəli getsək, soyulması ilə bağlı assosiasiya
yaradır.
Yuxarıda "Cavidan-namey-i sağırın" tərcüməsi
kimi qeyd etdiyimiz "Dürr-i yetim"də biz Quran ayələrindən
birinin spesifik izahını görürük. Bu,
"Aşılanmış dəri üzərində
yazılmış kitaba and olsun!" (Q.
52:2-3), va-kitabin məsturin fi raqqin manşurin ayəsidir.
Hürufilərə görə, ayədə
anılan aşılanmış dəri insan siması,
yazılmış kitab isə onun üzündəki anadangəlmə
yeddi cərgə tükdür. Nəsimi şeirində
buna çoxsaylı işarələr görürük:
Üzündür
Turi-Sina, rəqq-i mənşur,
Bilindi
üştə gör nurun-alə-nur
Və
yaxud
Lövh-ü
Tövrat-ü Zəbur, Incil-ü Fürqan, həm sühuf,
Həm kəlam-i natiqəm, həm rəqqinin mənşuruyam.
Və
yaxud
Yeddi ayətdir
ki, yazmış dəst-i pak-i ləm yəzəl,
Xətt-i mişkin rəqq-i mənşur üstünə
məsturdur.
Və
yaxud
Üzündür
lövh-i Musa, qamətin Tur,
Xətin
Fürqan, üzündür rəqq-i mənşur.
Və
yaxud
Yəqin,
yarəb, üzündür rəqq-i mənşur,
Məhəmməd şər'i andan oldu məşhur.
Burada belə
bir sual meydana çıxır: Bir halda ki, hürufilikdə dəri
bu qədər önəmli idi, Nəsiminin qətli dəriyə
verilən bu metaforik, metafzik mənalarla əlaqəli ola bilərdimi? Əgər məmluk
sultanları mistik təcrübə və ezoterik bilgilər
tarixini bilsəydi, bəlkə də bu cür
düşünmək olardı. Amma
onların dini məsələlərdə biliyi dayaz idi.
Bu səbəbdən, Sultan Müəyyədin dərin
ezoterik təlimin mahiyyətinə varıb belə bir hökm
verməsini düşünməyimiz mübahisəli görsənir.
Bu cür amansız və işgəncəli qətl
sadəcə kütlələrə psixoloji təsir məqsədi
güdürdü.
Hürufi kitablarına qarşı terror
Əs-Səxavinin (v.1497) "əl-Qaul əl munbi an tərcəməti ibn əl-Arabi" əsəri Nəsimini ibn Ərəbinin davamçısı kimi yad edir. Əlyazma halında olan əsərin bir hissəsinin tənqidi mətni Umm əl-Qura universitetinin tələbəsi Xalid ibn əl-Arabi Mudrik tərəfindən hazırlanıb magistr dərəcəsi almaq üçün təqdim edilmişdir. Müəllif əsərin ikinci fəslində ibn Ərəbinin əl-Futuhat əl-Məkkiyyə və Fusus əl-Hikəm əsərlərinə qarşı aparılan hücumları təsvir edir. Məlum olur ki, ibn Ərəbinin əsərləri yandırılmış, ipə bağlanıb yerlə sürülmüşdür. Müəllif yazır ki, Misirdə və İskəndəriyyədə ibn Ərəbinin kitabları, demək olar ki, yoxdur. Heç kim cürət edib bu kitabları əldə edə bilməz, əgər kimdəsə bu kitablar tapılsa, dərhal əlindən alınıb yandırılırdı. Həmin adamın bu kitablarda yazılanlara etiqad etməsi məlum olardısa, ona əzab verər və öldürərdilər. Müəllif bir sıra hadisələr təsvir edib kitabların həqarətə məruz qalmasından danışır. O, yandırılan, yazısı yuyulan, hətta itin quyruğuna bağlanıb sürünən kitablardan bəhs edir. Kitablara qarşı terror müəllifə Nəsimi kitablarının yandırılmasını, bu kitabları əldə edənlərin məruz qaldığı repressiyanı xatırladır. Burada əs-Səxavi yeni bir məlumat verməyib, şeyxi əl-Asqalaninin təsvir etdiyi h. 841-ci il hadisələrini - bu yazıdakı ikinci inkvizisiya məhkəməsini yada salır. Bu hadisələr bizə əl-Asqalani əsərindən məlum olsa da, həmin hadisələrin ibn Ərəbi ideyalarına və kitablarına qarşı repressiya kontekstində xatırlanması öz-özlüyündə maraq doğurur.
Şəmsəddin əs-Səxavinin "əd-Dau əl-ləmi li-əhli əl-qarn ət-təsi" əsərində də Nəsimi və hürufiliklə bağlı məlumata rast gəlirik. Bu əsərdə Fəzlullah Astarabadi ilə bağlı iki oçerk yer alır. Nəsimi barədə məlumat Fəzlullaha dair 573-cü saylı oçekdə yer alır və müəllif əl-Asqalanini olduğu kimi təkrarlayır. Bu səbəbdən, həmin oçerki burada verməyi lazım bilmirik. Oçerkin sonunda əs-Səxavi belə bir cümlə işlədir. "Zənn edirəm ki, onun məlumatı iki bəhsdən sonra da gəlir". Həqiqətən də, kitabın 576 saylı oçerki də Fəzlullaha aiddir. Burada artıq o, Fəzlullahı Təbrizi deyil, Astarabadi adlandırır. Amma görünür, əs-Səxavi bu iki məlumatın eyni şəxslə bağlılığına əmin olmadığından, hər iki bəhsi əsərinə daxil edib. İkinci bəhsin sonunda əs-Səxavi məlumatın əl-Maqrizinin "Uqud" əsərində əks olunduğunu deyir. Həqiqətən də, bu hissə əl-Maqrizinin yuxarıda əks etdirdiyimiz oçerkini, demək olar ki, olduğu kimi təkrarlayır. Yeganə fərq, əs-Səxavinin Fəzlullah ideyalarının "Çaqanaylar və digər əcəm xalqları" arasında yayıldığını vurğulamasıdır. Ola bilsin ki, burada bir xəttat xətası olaraq "çaqatay" əsərdə "çaqanay" kimi yazılmışdır. Əl-Maqrizi, yuxarıda gördüyümüz kimi, Fəzlullahın bəzi əsərlərinin adını çəkir, əs-Səxavi isə sadəcə onun elmlərdə, nəsr və nəzmdə söz sahibi olduğunu bildirir.
Digər bir mənbə - Məhəmməd ibn İyas əl-Əcəminin (1448-1523) "Bədəi əz-zuhur" əsəri də Nəsimiyə aid oçerkdə əl-Asqalani təkrarlayıraq yeni bir söz demir. Həmin əsərin hicri 804-cü il hadisələrini təsvir edən hissəsində müəllif Fəzlullahdan bəhs edib deyir: "Həmin ildə xəbər yayıldı ki, Teymur Ləng qazi Təbrizini qətlə yetirdib. O, Nəsimi məzhəbindən idi. (cild 1, s. 658) İbn İyasın məlumatında maraqlı cəhət Nəsimin tərəfdarlarının arasında türklərin çoxluq təşkil etməsinin xüsusi vurğilanmasıdır.
Nəticə
Hürufiliyin və Nəsiminin həyat və fəaliyyətinin məmluk mənbələri kontekstində öyrənilməsindən aşağıdakı nəticələr hasil olur:
* Nəsiminin həyat və fəaliyyətini öyrənmək üçün şairə zaman baxımından ən yaxın əsərlər kimi məmluk mənbələri xüsusi önəm daşıyır.
* Təqiblədən qaçan hürufilərin məskunlaşıb öz ideyalarını yaydığı Suriya və Misirdə hürufilik Nəsiminin adı ilə bağlı olub "Nəsimiyyə" kimi tanınmışdır.Nəsiminin ideyaları burada türk əhali arasında daha geniş rəvac tapmışdır.
* Nəsimi bu ərazilərdə Təbrizdən gəlmiş Əli Nəsimi və ya Nəsim əd-Din kimi tanınıb.
* Nəsimi Misirdə ibn Ərəbi davamçılarından biri kimi tanınmış və ibn Ərəbi əleyhinə başlanan repressiyalar hürufilik kitablarını da əhatə etmişdir.
* Nəsiminin edamına Həllacsayağı "Ənə l-Haqq" deyimləri ilə yanaşı, həm də siyasi fəaliyyəti səbəb olub.
* Nəsimi Sultan Müəyyədin əmri ilə dərisi diri-diri soyulmaqla qətlə yetirilib.
* İslam dünyasında dəri soymaqla öldürmə əsas edam növü olmasa da, bu üsula ara-sıra müraciət edilib.
* Hürufilikdə dərinin xüsusi metafizik mənası
olsa da, ezoterik bilikləri dayaz olan Məmluk Sultanı bu metoda əzablı
bir işgəncə növü kimi müraciət edib.
Aida QASIMOVA
Professor
525-ci qəzet.- 2019.-29 iyun.- S. S.20-21;23