Uzaq və yaxın Meksika
Əvvəli ötən şənbə
saylarımızda
1821-1824-cü illərdə İturbudanın başçılığı
altında Mərkəzi
Amerikanın daxil olduğu imperiya yaradıldı. Aqustin İturbuda yıxıldıqdan
sonra Meksika siyasətçiləri müəmmalı
şəxsiyyət olan
Antonio de Santa Annanın ətrafında
birləşdilər. O, xarizmatik bir general idi. Federalistlərlə ittifaqa girib,
1833-cü ildə prezident
seçilmişdi. O, prezident
kürsüsünə əyləşdikdən
sonra antiklerikal qanunvericiliyi ləğv etdi. Onun prezidentliyi dövründə
Texas üzərində çətinliklər
başlandı. Əlverişli şərtlər altında
30 min nəfər Birləşmiş
Ştatlar mühaciri bu səhra ərazisini
məskunlaşdırmışdı.
Onların sayının daha
da artması təhlükəsindən qorxan
Meksika hökuməti
1830-cu ildə sonrakı
mühacirləri sərhəddə
dayandırdı və
texaslılar üzərinə
ağır məhdudiyyətlər
qoydu ki, bu da Meksika
konstitusiyasına zidd idi. 1836-cı ilin martında Texas özünü müstəqil
respublika elan etdi və Santa Anna həmin günlərin aparıcı hərbi şəxsiyyəti olmaqla,
qiyamı yatırtmaq istədi. Ordu toplandı, lakin
1836-cı ilin aprelində
Texas qüvvələri tərəfindən
o, məğlub edilib,
əsir götürüldü.
Sonra isə nəticədə azad olundu. Texası yenidən zəbt etmək üçün Meksika sonra heç
bir cəhd etmədi, yalnız onun müstəqilliyini tanımaqdan imtina etdi.
1836-cı ildəki və 1846-1848-ci illərdəki Meksika müharibəsindən sonra
Meksika öz ərazisinin böyük bir hissəsini ABŞ-ın xeyrinə itirdi. 1858-1861-ci illərdə kilsəni və dövləti bir-birindən ayırmaq üçün vətəndaş
müharibəsi getdi.
Vətəndaş müharibəsində
Benito Xuaresin başçılığı
altında qalib gələnlər modern dövlət
qurmağa nail oldular. 1863-cü ildə fransız qüvvələri
Mexiko şəhərini
işğal etdilər.
Avstriya ers-hersoqu I Maksimilian Habsburq, Meksikaya 1861-ci ildə başlanan ingilis-fransız hərbi müdaxiləsi nəticəsində
1864-cü ildə özünü
imperator elan etdi. Lakin onun hakimiyyəti yalnız fransızların
işğalı olan ərazilərlə məhdudlaşırdı.
Fransızlar sonra geri çəkiləndə marionet
prezidentin dayaqları da uçdu. 1861-72-ci illərdə ölkənin prezidenti olan, Meksikanın milli qəhrəmanı
Benito Xuaresin göstərişi
ilə Maksimilian meksikalılar tərəfindən
güllələndi.
1910-1917-ci illər inqilabından
sonra Porfirio Diasın diktatorluğu quruldu. 1938-ci ildə prezident Lasaro Kardenas neft sənayesini
milliləşdirdi.
Ölkə 6 illiyə seçilən prezident tərəfindən
idarə olunur və 500 nəfərlik Deputat palatasından ibarət iki palatalıq Konqressi vardır.
Toltek şəhəri Tula
Bizi vaxtilə
Meksikadakı Tolteklərin
qədim paytaxtı olan Tulaya apardılar. Bu şəhər 900-cü ildən
1200-cü ilə qədər
mühüm yaşayış
məntəqəsi olmuşdu,
indiki İdalqo əyalətində yerləşir.
Bəzi alimlər isə onu Mexikonun yerində
vaxtilə mövcud olmuş Tenoçtitlan şəhərinin kənarı
hesab edirlər. Ən azı, üç kvadrat mil ərazini tutan şəhərdə,
güman ki, bir neçə min əhali yaşayırdı.
Başlıca mülki mərkəzdə,
iri meydanın qonşuluğunda məbəd-piramida
yerləşirdi və
məbəd Toltek allahına həsr olunmuşdu. Başqa tikililər Saray
Kompleksi də daxil olmaqla, digər iki məbəd - piramidadan ibarət idi. Meydanın mərkəzində platforma
üzərində mehrab
var idi.
Əsas məbəd - piramida Tula arxitekturası üslubunda
idi. Kiçik olmasına baxmayaraq,
piramida yüksək dərəcədə bəzədilmişdi.
Terrasın tərəfləri rəsmlərlə, pişik
ailəsindən olan gəzişən heyvanların
və itlərin təsvirləri ilə, ilanın udmağa çalışdığı, onun çənələrindən
bayıra çıxan
insan sifətini əks etdirən heykəltəraşlıq frizləri
ilə örtülmüşdü.
Cənuba gedən yolun
üstündəki məbədin
otaqlarının qapısı
özünü nümayiş
etdirən döyüşçü
formasındakı dörd
sütun üzərində
dayanmışdı. Bu
döyüşçulərin hər biri 15 fut hündürlüyündə
idi, bədənə
aid yüksək spesifik
ornamentlərlə və
Tula üslubundakı şəxsi
ləvazimatlarla bəzədilmişdi.
Biz geniş estakada
meydançasında ucaldılan
bu döyüşçü
heykəl fiqurlarına
böyük maraqla tamaşa etdik. Onların baş
geyimləri, paltarı
müasir kosmonavtların
kosmosa səfər edərkən geyindikləri
qoruyucu kostyumu və onun üstündəki
ləvazimatı xatırladırdı.
Baş geyimi skafandra, daha çox kosmonavtların dəbilqəsinə
bənzəyir. Bu beş metrlik fiqurların yanında adam çox kiçik görünür.
Adama elə gəlir ki, toltek heykəltəraşları
kosmosdan yerə enmiş digər planetlərin nümayəndələrinin
portretlərini yaratmışlar.
Bu döyüşçü
heykəlləri hündür
daş meydanda bir-birindən aralı dayansa da, elə
bil ki, sıraya
düzülmüşdür. Onların kürəyini qalxan örtür, döşlüyünü
isə abstrakt kəpənək təsvirləri
bəzəyir. Baş geyimi
lələklərdən ibarətdir.
Həmin
döyüşçulərin başlarında telekommunikasiya
cihazlarına bənzər
ləvazimat, həmçinin,
geyimlərinin müasir
kosmonavt kostyumlarına
bənzəməsi, onları
vizual qaydada təkrar etməsi bu döyüşçülərin
başqa planetlərdən
Yerə səfər etmiş sakinlər təsirini bağışlayır.
Fiqurası Yer adamına
oxşasa da, geyimi, əlbəsələri
tam fərqlidir, elə
bil ki, qədim
yunan mifologiyasındakı
atlantlardan bir neçəsi ayrılıb
burada qalmışdır.
Biz geniş estakada
meydançasına qalxdıq,
bu döyüşçü-atlant
heykəllərini hər
tərəfdən seyr
etməyə müvəffəq
olduq. Bəzi alimlər güman
edirlər ki, Günəş allahının
döyüşçü-keşişi barədəki asteklərin
konsepsiyası da birbaşa Tula xalqından əxz edilmişdir.
Meksikalılar özlərinin məlum üç irqə deyil, dördüncü irqə aid olduqlarını iddia edirlər və əcdadlarının kosmosdan gəlməsi versiyasına müəyyən inamla yanaşırlar. Mexikonu bəzəyən heykəltəraşlıq əsərlərindən biri də oturmuş kişini təsvir edən "İrq" heykəlidir. Bəzi xalqlar öz əcdadlarını totemlər ilə eyniləşdirirlər, məsələn, türklər öz başlanğıclarının boz qurddan əmələ gəldiyi ideyasına böyük ehtiramla yanaşır, onun xüsusiyyətlərini öz davranışlarında təkrar etmələri ilə öyünürlər, totemi, az qala, müqəddəsləşdirirlər. Totemizm qəbilə cəmiyyətinin inanc və mərasimlər kompleksi olmaqla, insan qrupları və totemlər - heyvan və bitki növləri arasında olan qohumluq anlayışı ilə əlaqədərdır. Hər qəbilə öz toteminin adını daşıyırdı.
Türkiyədə totemə hörmət əsasında Alparslan Türkeşin liderliyi dövründə Milliyətçi Hərəkat Partiyasının üzvləri özlərini boz qurdlar adlandırırdılar. Onların bəziləri millətçiliyə uyğun gəlməyən hərəkətlərə də yol verirdilər. Avropa ölkələrində yaşayan türklər maddi təmanna üstündə onların zorakılığından narazılıq edirdilər. 40 il əvvəl Amsterdamda tanış olduğumuz kiçik xırdavat mağazasının sahibi bu barədə nifrət hissini gizlədə bilmədən danışırdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanda da radikal cəbhəçilər özlərini boz qurd hesab edir, türk silahdaşlarında olan kimi salam jestini sağ yumulmuş əlin şəhadət və kiçik barmaqlarını canavar qulaqlarına bənzər qaydada nümayişkaranə surətdə qaldırmaqla icra edirdilər. Şəmkir rayonundan keçən beynəlxalq yolun üstündə hətta boz qurda heykəl də qoyulmuşdu. Dünya şəhərlərində dəbdə olan şir heykəlləri əvəzinə bizdə totemə hörmət əlaməti olaraq canavara üstünlük verilmişdi. Bu sahədə biz özümüzü hindular kimi aparmışdıq, axı onlar da quş totemlərinə xüsusi ehtiram bəsləyirlər. Lakin hindu totem dirəklərində təsvir olunanlardan fərqli olaraq, boz qurdun heykəl variantının ömrü qısa oldu, həmin totemə aludəçilik də tədricən azaldı.
ABŞ-ın və Kanadanın şimali-qərb sahillərində hindular öz yaşayış məntəqələrində gözəl sənət əsərləri təsəvvürü yaradan totem dirəkləri ucaldırdılar. Ağacda yonulan, əslində, nəqş edilən mücərrəd şəkildəki insan, quş və heyvan başları, dirəyi bir neçə səviyyədə bəzəyir. Bu dirəklər tayfanın qüdrətini nümayiş etdirirdi. Təsvir edilən həmin fiqurlar Meksika hindularının mücərrəd heykəltəraşlıq və rəsm nümunələrini yada salırlar.
Hər bir xalq öz tarixinin başlanğıcında hansısa heyvan və ya bitki növünü özünə totem kimi seçir. Niyə onda bəs meksikalılar öz mənşələrini kosmosla, digər planetlə əlaqələndirməsinlər. Axı burada qəbahətli bir şey yoxdur, başqaları heyvan və bitki növü ilə qohum olmalarını seçirlərsə, meksikalılar da özlərinin mənşəyini daha uca varlıqda görürlər. Xalqlar özlərinin meydana gəlməsi barədə bəzən hətta ağılasığmayan rəvayətlər yaradır və sonrakı nəsillər də onu təkzib etmək istəməyib, qədim ənənələrə sədaqət göstərmək xüsusiyyətini vacib hesab edirlər. Ona görə də xalqlar ailəsində keçmişin irsi kimi totem təsəvvürü də qalmaqdadır və heç kəsə mane olmadığına görə onlara yalnız hörmətlə yanaşmaq lazımdır.
Nəhayət, Meksika ilə vidalaşmaq anı gəlib çatdı. Axşamüstü hərəkətin daha da intensivləşməsinə görə maşını tıxaca düşdüyündən SSRİ səfiri xanımı ilə birlikdə bizi yola salmağa gecikmişdi və biz yerlərimizdə oturub uçuşu gözləyəndə onlar təyyarə salonuna girdilər və bizə çox mehribanlıqla "yaxşı yol" arzuladılar. Nümayəndə heyətinin üzvləri səfirin bu ehtiram nümayişinə təəccüblənmişdilər və bunu özlərinə rəhbərlik edən adamın diplomatik bacarığı kimi qiymətləndirirdilər. Mən isə bunu səfirə xas olan alicənablığın təzahürü hesab edirdim. Yenə də uzun yolla qayıtdıq, əvvəlcə Havana, sonra isə Şennon təyyarə limanında qısa müddətə dayanmalı olduq.
Meksika ecazkar bir ölkədir, onun hər qarışında bir sirr, həm də sehr vardır. Təbiəti də, səmimiyyəti və sadəlikləri ilə seçilən adamları da xoş təəssüratları ilə yaddaşlara həkk olunduğundan, bu xatirələr itmir, yoxa çıxmır. Biz ona görə də bu gözəl ölkəyə "Adies, Mexico!" - "Əlvida, Meksika!" demədik, "Muchas qrasias, Mexico!" - "Çox sağ ol, Meksika!" dedik və bu, heç şübhəsiz, ürəkdən gələn sözlər idi.
SON
Sentyabr 2018-ci il
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 29 iyun.- S.22