Qədərincə saf, gərəyincə düşüncəli...   

 

Esse

 

... Nəhayət, masa arxasına keçib nədən yazacağınızı düşünəndə, əlbəttə, bu yazının həyatınızın bir fraqmenti olub-olmayacağı həmin an ağlınıza gəlmir.

 

Daha doğrusu, bu, intuisiya hadisəsidir. Şüuraltı məlumatların oyanması, təxəyyülümüzün metafizik qatları, məntiqimizin İQ səviyyəsi sairlər. Yazı qədər həyatdan gəlməlidir? qədər yaşadıqlarımızın içindən olmalıdır? Hər kəs öz taleyinin mətnini yazır. Bu dövr üçün ən çox söylənmiş fikir olsa da, yazının tarixinə baxanda, əslində, başqa bir mənzərə ilə qarşılaşırıq.

Bütün mətnlərin dayandığı ilk nöqtə, ilk mərkəz mifologiyadır. Mifologiya deyəndə, istəyərdim ki, hətta Şərqin dastanlarını da o siyahıya əlavə edəsiniz. Niyəsi başqa bir yazının mövzusudur. Mifoloji struktur metafizik situasiya ilə bağlıdır. İrrasionaldır. Bu mətnlərin həyatdan gəlməsi qədər ağlasığmaz olsa da, sonrakı dövrlərdə daha rasional inancların - dinlərin məhz miflər üzərində qurulduğunu, təməl kitab dediyimiz dini mətnlərin bu ya başqa səbəbdən yenə özündən uzaq coğrafiyanın miflərinə əsaslandığının şahidi olacaqdıq. Xülasə, ilk mətnlər həyatın içindən olmasa da, onların bütün fellərinə insanların yaşantılarında rast gəlirdik. Bu günün unikal mətnləri kimi. Bu cür nüansların səbəbi həm tarixlə bağlıdır. İnsan yaşamışdı ki, yazsın, ? Qətiyyən ritorik sual deyil. Bir az tarixi ştrixlərlə baxsaq mövzuya, görərik ki, qəbilələrin formalaşdığı, dillərin ilkin detallarının yarandığı, savaşların başladığı dövrlərdən etibarən mətnlər daha real faktlara, daha inandırıcı rənglərə büründü. Cəngavərlik hekayələrindən tutmuş, qızıl balıq tutmaq arzusunda olan məişət nağıllarına, sevgi dastanlarına qədər hamısı. Yazı sistemi reallıqla harmoniya qurduqca dəyərlər sistemi formalaşırdı. Bu dəyərlər sistemi yenidən mətnlərə xüsusi atmosfer qazandırsa da, hər halda öz əvvəlki nağılvari təhkiyəsindən uzaq idi. Sonra bu dəyərlər sistemi dediyimiz konturlar özləri cərəyanları bədii düşüncənin stiuativ şəklini yaratdı.

Belə olan halda yazının həm texniki tərəfləri ortaya çıxdı günümüzdə təsadüfi deyil ki, ədəbiyyat həm qurğu məsələsinə çevrilib. Eksperimental ədəbiyyat yazının məhz bu yönünə xidmət edir. Ədəbiyyatın əsas meyar daşıyıcısı olan dil faktı da bu halda geridə qalır. Şillerin şeir, Orhan Pamukun roman haqqında işlətdiyi ifadənin məğzindən danışaq. Saf düşüncəli olmaq nədir?

Müasir dövrün sənət estetikasının tərifini Borxes verib:

"Sənət, bu günün reallıqlarını simvolikləşdirib, kodlaşdırıb gələcəyə ötürməkdir, yeni nəslə çatdırmaqdır".

Bu ifadə çox düşünməyimizə imkan vermir ki, cavabı tapırıq. Deməli, yazdıqlarımız bu günün reallıqlarıdır. Yəni həyatımızdan, şəhərin qələbəliyindən, kitabxana rəflərindən, pablardan, restoranlardan, siyasətdən, mədəni hadisələrdən, ölkə gündəmindən, tarixindən gəlməlidir. Ancaq bu kodlar şəklində, bir növ, başqa qabıq altında yazılmalıdır. Həmin o başqa qabıq təxəyyülümüzün imkanlarıdır. Mətni qədər qura bilirik, ona hansı atmosferi verə bilirik, nələri ifadə edə bilir sair kimi bütün şeylər sonsuz təxəyyül gücünün hesabına olur.

Əslində, diqqətlə analiz edəndə görürük ki, cərəyan dediyimiz müxtəlif qəliblər elə təxəyyülün ifadə vasitələrinə görə yaranıb. Məsələn, absurd situasiyada düşünən beyin absurd hadisələr yazacaq. Sürreal ab-havada olan təxəyyül Dali kimi düşünəcək. Bütün cərəyanlar situasiya hadisəsidir, ancaq bütün situasiyalar cərəyan deyil (məsələn, postmodernizm). Bu da başqa bir mövzudu. Qayıdaq yazdıqlarımızın içində nə qədər biz varıq, nə qədər yoxuq, onu danışaq. Bütün gördüyümüz hadisələri yazmaq, bizə təsir edən sentimental zaman fasilələrindən yola çıxıb onu bədii mətn konteksinə gətirmək bu gün (və mənə elə gəlir həmişə) yersizdir. Bu yazıçılıq yox, hekayəçilik yox, əhvalatçılıq olar. Yazıçı bütün baş verənlərə tanrı kimi - üçüncü gözlə baxsa da, hətta bəzən özünü belə obraza çevirsə də, yəni öz yaşanmışlıqlarını yazsa da, bu hadisələrin klassik qəliblərini qırmalı, texniki tərəfi düşünməli, zamanın nəbzini tuta biləcək, həm də zamanın nəbzi ola biləcək əsərə çevirməlidir. Əks halda gecikmiş müəllif kimi ədəbiyyatın rəflərinə yol tapa, yol tapsa da, yer tapa bilməyəcək. Bütün böyük əsərlərə diqqət edəndə görürük ki, məllif öz keçmişinə qayıdıb, özünün aid olduğu yeri tapıb, xatırlayıb, şüuraltı bütün informasiyaları mumiya bədənindən çıxarıb və onu bu gün yaşayırmış kimi sehirli (bədii mətn kimi) əhvalata çevirib. Məlum-məşhur məsələlərdi hamısı. Yazıçı həmişə mətnin içində olur. O, haradasa oralardadı. Oxuduğunuz hansısa hadisəni o yaşayıb. Bəzilərini təhrif edəcək, bəziləri, ümumiyyətlə, olmayıb, bəziləri də necə varsa elədir. Roman oxuyanda bu romanın mütləq real hadisələrə söykənməsini düşünmək sənət anlayışını tam qavramamaqdan irəli gəlir. Sənət xilas etmək üçün var. Sizin gözlərinizi qırpmadan gözlədiyiniz o reallıqdan xilas yoludur sənət. Obyektivliyimi pozub digər "izm"lərdən daha çox absurdizmi bu missiyanın ən fərqli və ən maraqlı missioneri seçmək istəyirəm, ən azı bu yazılıq.

Bizə doğma olan kədər, bizim olan xoşbəxtliklər haqqında nə qədər dolğun danışırıqsa, o qədər də təmiz yaza bilərik. Hekayəni kənarda axtarmaq lazım olmur. Hər şey, hər kəs, bütün obrazlar, hadisələr sistemi yanınızdadır. Mütləq bu olanları bir qəlibə yığıb, muncuqdan təsbeh düzəldən kimi səliqə ilə işləmək şərtdir. Səliqəsiz və monoton mətn oxucunu yorur. Eyni zamanda, sizin olmayan hekayəni də oxucu duyur. İçinizdəki sünilik tez gözə çarpır. Ənənəvi mətnlə sizin olmayan avanqard üslub eyni dərəcədə yorucudur.

Yazının saf tərəfi haqqında hamı başqa cür danışacaq, çünki hamı başqa cür yaşayıb. Bütün final səhnələrinin iki həlli, bütün hadisələrin dörd yozumu olmağına baxmayaraq məşhur "hər kəsin danışmağa öz hekayəsi var" ifadəsi bütün zamanlarda aktualdır. Bəs düşüncəli tərəflərdə nələr var? Ümumiyyətlə, mətni qurmaq, onu qəlibə salmaq vacibdirmi?

Son dövrlərin məşhur ədəbi hadisələrindən biri yeni cərəyanın - metamodernizmin ortaya çıxması bizim camiədə də ciddi müzakirələr yaradacaq və bəlkə də yaradıb. Yeni bir konstruksiya qurulur. Mətnin düşüncəli tərəfini "yığmaq" üçün çeşidlər hər gün çoxalır. Məsələn, modernizm nə qədər həyəcanlı, nə qədər çılğın bir atmosfer yaratmışdısa, postmodernizm daha böyük düşüncə ilə, daha yetkin baxışlarla seçilirdi. Hisslərdən arınmış, daha rasional, intellektual, real detalların üslubçuluğa çevrildiyi mükəmməl əsərlər ədəbiyyatçıları sevindirirdi. Bu böyüklüyün arxasında isə açıq-aşkar uşaq ərköyünlüyü də vardı. Yeni mətnlərin yaranmayacağını proqnoz verənlər, hər şeyin yazılıb bitdiyini gülə-gülə, təntənəli şəkildə bəyan edənlər postmodernizmi ədəbiyyatın qələbəsi kimi qiymətləndirirdilər. Zamanla bu ərköyün hisslər böyüdüxaos yaradacaq qədər əldətutulmaz oldu. İroniya, şübhə, absurd yaradıcılıq, dekonstruktiv mətnlər - bütün xüsusiyyətləri ilə özündən öncəki dəyərlər sisteminə gülən, onları qeyri-ciddi hesab edən postmodern düşüncə zaman keçdikcə yaratdığı xaosun içində məhv olmağa başladı. Sirkə öz qabını  çatlatdı. Ekonun Pelevin haqqında dediyi "gecikmiş postmodernistlər" ifadəsi bu cərəyanın kompüter erasına keçə bilmədiyinin etirafı idi. Niyə bunları vurğuladım? Çünki hər cərəyanın aktual olduğu dövrlər həmin zamanın baxış bucağına uyğun hərəkətdədir. Bu gün metamodernizm niyə aktualdır? Çünki süni yaddaşın ixtirası bütün informasiyaları olduğu kimi xatırlamağımıza, təhrifə yol verməyəcəyimizə və ən əsası xaotik prosesdən uzaqlaşacağımıza səbəb olacaq. Postmodernizmin dəyərlərdən tufan yaratdığı bir dönəmin sonunda metamodernizm o dəyərləri yenidən yerbəyer etməyin bayraqdarıdır. Bu yazının özü qədər qarışıq bir durumdan xilas yolu metamodernist mətnlərdədir. Qayıdaq öz mövzumuza.

Mətnin  düşüncəli tərəfi saf tərəfin tələbi ilə formalaşır. Məzmun-forma mütənasibliyinin ortaya çıxardığı ən yaxşı nümunə elə budur. Əgər sizin saf tərəfiniz modern deyilsə, şablonklassik bir əhvalatdırsa, ona avanqard bir şey düşünüb mətnin real atmosferini dağıda bilirik. Bunun alınıb-alınmaması yazıçının ustalığıdır.

Nəyi yazmaq sualının ən yaxşı cavabı isə istədiyin mətni yazmaqdır.

 

 

 

Rəvan CAVİD

 

525-ci qəzet.- 2019.- 29 iyun.- S.19.