Qartal Qasımın Qarğa Qasıma
çevrilməsi
Hekayə
Aramızdan vaxtsız getmiş dəyərli söz
adamı İnqilab Həsənlinin imzası bir zamanlar fəallığı,
sözü isə sanbalı və dəyəri ilə
seçilirdi.
Onun radioda, yazılı mətbuatda
çıxışları, publisistik yazıları maraqla
izlənilirdi. Şeirlər və hekayələr
yazırdı, şair və nasir kimi ədəbiyyatımız
üçün gələcək vəd edirdi.
Lakin dəyişən
zamanın təlatümləri içində İnqilabın
imzası da hiss edilmədən göz önündən
çəkildi. Nəşr etdirdiyi azsaylı
yazılar isə ədəbi ictimaiyyətin yadından
çıxmadı. Qısa ixtisarla
verdiyimiz bu hekayə 1970-80-ci illər Azərbaycan ədəbiyyatının
gündəliyində olan ciddi bir əxlaqi problemə -
insanın və insanlığın mənəvi cəhətdən
aşınmasına həsr olunub. Bu problem təbiətə
çox yaxın olan, lakin getdikcə təbiətin rəqibinə
çevrilən kənd mühitində daha qabarıq nəzərə
çarpır, daha böyük heyrət və təəssüf
doğurur...
İnqilab
Həsənlinin iyul ayının 1-də dünyaya gəlişinin
72 ili tamam olur. Onun
işıqlı xatirəsini öz hekayəsi ilə yad
edirik.
Qartal
Qasım çayçı Qasıma deyirdilər ki, bir
neçə il əvvəl heç
çayçılığı da yox idi, elə beləcə
Qasım idi - Siyato Qasım...
Siyato Qasım günlərin bir günü yol boyu
uzanıb gedən cavan meşə zolağının tən
ortasındaca balaca bir çayxana açdı. Yolnan piyada gedən
bu balaca çayxananı görüb ayaq saxladı,
maşınla gedən maşın saxladı. Qasımın dəmlədiyi xoruzquyruğu
çaydan içib yoluna davam elədi. Ancaq Tərtər
körpüsünə çatmamış yenə
"köyşəninə od düşdü", ürəyi
çay istədi. Bu yerlərə bələd olanlar o saatca
bildilər ki, bu, nə oddu, bu, nə yanğıdı:
Qasım suya zəy qatıb ki, bir içən bir də içsin...
Beləcə
gün-günə calandı, ay-aya söykəndi, Siyato
Qasım dönüb oldu Çayçı Qasım...
Bir dəfə
Çayçı Qasım stol boyu
düzülmüş müştərilərinə baxdı,
yol boyu düzülmüş maşınlara baxdı,
müştərili, maşınlı dünyanın
gedişinə baxdı və gördü ki, müştərili-maşınlı
dünya bərk gedir, o, yavaş. Və əgər
belə getsə, maşınlı, müştərili
dünyadan əli tamam üzüləcək, qalacaq
düzün ortasında. Ona görə də düzdə
qalmaq qorxusu Çayçı Qasımın olub-qalan
düzlüyünü də əlindən aldı və
Çayçı Qasım xeyli yüngülləşdi,
maşınlı-müştərili dünyanın
üzünə xəfifcə gülümsədi, əlindəki
çayı yerə qoyub, buz kimi ayran götürdü, duzunu
da kəm eləmədi.
İkinci
dönüş göy-göyərti gətirdi,
pendir-çörək gətirdi: "İştahlı
olasız!" Çay havasına gələnlər
pendir-çörəkdən, göy-göyərtidən yedilər,
buz kimi ayrandan içdilər. Çay
yaddan çıxıb, soyudu. Səhərisi Qasım
özüylə bir qazan dolma gətirdi və
özünün özünə tapşırması da bu oldu
ki, piyada müştərilərə pendir-çörək,
maşınlılara dolma...
Piyada müştərilər başlarını
aşağı salıb pendir-çörəklərini
yeyirdilər, buzlu-duzlu ayranlarını içirdilər,
Çayçı Qasımın ölənlərinin goruna
dua oxuyurdular.
Maşınlı müştərilər
Çayçı Qasımın onların maşınına
zillənən ac baxışlarını gördülər,
bərələn gözlərini gördülər. Göz-gözdən utandı. Başlarını
aşağı saldılar, əllərini çörəyə
uzatdılar, çəngələ uzatdılar, ancaq əlləri
sözlərinə baxmadı, duruxdular. Çoxu
bir-birini tanımırdı. Birinci dəfə
idi ki, beləcə yan-yana, üz-üzə otururdular. Qabaqlarındakı qismətlərinə də elə
baxırdılar, deyirdin bəs heç dolma deyilən
şeyin adını da eşitməyiblər. Çəngəli
boşqaba söykədilər, əllərini çörəkdən
çəkdilər və bir işığa açılan
göz kimi hamısı birdən ağızlarını
açdılar:
-
Qasım!
Qasım səksəndi, samovarın lüləyini
bağlamağı da unudub özünü yetirdi. Stolun baş tərəfində
oturan arıq, qarabuğdayı, oturuşundan belə
hündürboy olduğu bilinən eynəkli kişi
əlinin işarəsi ilə Qasımı yanına
çağırdı, qulağına nəsə
pıçıldadı. Qasım
qulağına deyiləni eşidib, tamam ayıldı,
özünə gəldi, gülümsədi və
başının işarəsi ilə bildirdi ki, "bu
saat". Maşınlı müştərilərin
hamısının gözü Qasımda idi, hamısı
Qasımın qulağına nəsə deməyə
hazrlaşırdı, Qasımın cavabını
"oxudular", sakitləşdilər... Qasım hər
boşqabın yanına bir şüşə araq, bir
çapma stəkan qoydu...
Çayçı
Qasım açıq lüləyindən axıb boşalan
samovara təzədən su doldurdu, təzədən od saldı, çay içmək istəyənlərə
ayran təklif elədi, içən içdi, içməyən
samovarın qaynamasını gözləməyib getdi.
Çayçı Qasımın qulağı səsdə
idi: nə bir stəkanı axıra kimi yaxalayıb silə, nə
samovara vaxtlı-vaxtında kömür sala, nə də gedib
arxın qırağında torpağa basdırdığı
küpdən sərin ayran gətirə bilirdi...
Piyada müştərilər çıxıb
getmişdilər. Maşınlı müştərilər
qalmışdılar, balaca çayxana boşalmaq əvəzinə
dolmuşdu, səsdən tərpənməyə yer yoxuydu.
Torpağa basdırılmış dirəklər tir-tir titrəyirdi,
pəncərələr cink-cink cingildəyirdi, elə bil
maşınlı müştərilər
maşınlarını da sürüb içəri
salmışdılar, elə bil özləri ilə birlikdə
maşınlarını da tanış eləyirdilər:
cinsinin, rənginin, nömrəsinin sağlığına
içirdilər.
Nə
vaxtsa, hardasa bir-birlərini itirən müxtəlif rəngli,
eyni cinsli maşınlar - "QAZ-24"lər
"Moskviç"lər, "Jiquli"lər,
"Zapı"lar Qasımın çayxanasında bir-birlərini
tapdılar, öpüşüb-görüşdülər,
hal-əhval tutdular, ayrı düşəndən bəri
başlarına gəlmişləri danışıb
çayxanadan çıxdılar, səs-səsə verib
"qol-qola" girdilər, gələcəyə
doğru
götürüldülər.
Bircə
qazan dolmanın, bir neçə şüşə
arağın köməyi ilə Çayçı Qasım
ağ-ağ, dəvə-dəvə samovarların bir həfətəliyini
bircə günün içindəcə udub oturmuşdu,
Çayçı Qasımın bir həftəlik əziyyətinin
- qənd doğramasının, su zəyləməsinin, stəkan
yumasının, saatda yüz kərə stoldan-stola, stəkandan-stəkana
qaçmasının dizini qatlayıb qoymuşdu
maşınlı müştərilərdən qalan bir dəstə
pulun altına, oturmuşdu üstündə.
Maşınlı müştərilərin bir qazan dolma
ilə beş-on şüşə arağın havasına
qoyub getdiklərindən Çayçı Qasımın
burnuna maşın iyi gəldi, bu iyə havalandı.
Çayçı
Qasım az oturdu çox fikirləşdi,
çox oturdu az fikirləşdi, gördü yox, tək təkərlə...
lənət şeytana, tək dolma ilə iş aşmaz,
keçdi çox təkərə... yenə min lənət
şeytana. Günü sabahdan dolmadan keçdi
bozartmaya, bozartmadan lülə kababa, lülə kababdan tikə
kababa, tikə kababdan kimin ürəyi nə istəyir ona.
"Günəşli"
kolxozunun neçə hektarlıq pambıq tarlası yol boyu
uzanıb gedən meşə zolağına, meşə zolağının
içindəki çayxanaya söykənirdi.
Kolxozçular pambığın alağını vura-vura bu
dünyanın havasından udurdular və təbii ki, lap
qonşuluqda bişən kababın, bozartmanın, kimin ürəyi
nə istəyir onun da iyi bu havanın içində...
Şüşəsiz pəncərələrdən,
taxta divarların çatından süzülüb
dünyanın havasına qarışan hava
Çayçı Qasımı havalandırmışdı,
Çayçı Qasım dünyanın isti-soyuğunu hiss
eləmirdi.
Bircə onu hiss eləyirdi ki, taxta divarları pis göz
baxmış gözmuncuğu kimi çat-çat olan bu balaca
çayxana boy-boy sıralanan maşınların yanında
onun başını aşağı eləyir: bir bu balaca
daxmaya baxır, bir maşınlara baxır,
özü-özündən utanır, xəcalət çəkirdi.
...Sökdürdü.
Fil dişi kimi ağappaq Şahbulaq
daşından tikdirdi. Küpün
içi dolmuşdu, küpün yerini itirmişdi, köhnə
arxı da doldurub aralıdan çəkdirdi. Bir qoyunu bir düzümdə çıxardan
böyük manqal gətirtdi. Kömürün
tüstüsü cavan ağacların gözünü kor elədi.
Yazın nəfəsinə oyanan, dirilən bir
topa yaşıllığın havası çatmadı,
boğuldu və sapsarı saralıb öldü.
Son vaxtlar
Çayçı Qasımı bir qara xəbər kimi
qabağına qatıb bu dünya ilə bir eləyən, gecələr
belə yuxusuna girən, ona rahatlıq, dinclik verməyən
bircə şey vardı ki, o da bu "çayçı"
sözü idi. Əslində, Qasım
çayçılığın daşını
çoxdan atmışdı, yerini itiridiyi küp kimi o
ağ-ağ, dəvə-dəvə samovarları da hara
atmışdı, kimə vermişdi yadında deyildi.
Ancaq yenə də hara gedirdi bu "çayçı"
andırı onun adından qabağa salırdılar:
Çayçı Qasım! Guya anası onu elə
çayçı doğmuşdu.
Atası ona görə Qasım demişdi ki, o, bir vaxt
çayçı olacaq. Hərdən ona elə
gəlirdi ki, bu "çayçı" deyilən şey
elə qaçılmaz, qurtarılmaz bir bəladır ki,
Tanrı elə göydən yerə Qasım deyib göndərib.
Qasım
neçə vaxt idi ki, yuxusunda yalnız özünü
görürdü: Çayçı Qasımı! Gecələrin
bir gecəsi yenə özünü gördü və daha
dözümü çatmadı, hər şeydən əlini
üzdü, düşdü Çayçı Qasımın
üstünə: "Allahın yerə tökülsün,
Çayçı Qasım, Allahın yoxdu sənin! Sənə nə pisdiyim dəyib, əəə, mənim
günümü göy əskiyə düymüsən?!
Nə vermisən mənə, ala bilmirsən?!"
Çayçı Qasım lal dinməzcə
durub Qasıma baxırdı, gülümsəyirdi, elə bil
heç bu sözləri ona demirdilər, daşa-dəmirə,
cansız bir şeyə deyirdilər. O da daş kimi, dəmir
kimi, cansız bir şey kimi dilləndi: -
Qışqırmağın, Allahı, peyğəmbəri
haraya çağırmağın xeyri yoxdu, Qasım,
qulaqlarını aç, yaxşı-yaxşı eşit:
bozbaşdan-bozartmadan adama ad gəlməz, pul gələr, get
o andatra papağını qoy qabağına,
yaxşı-yaxşı fikirləş, elə bir iş
gör ki, indiyə kimi görünməmiş olsun, camaat da
görüb sənə təzə ad versin, yoxsa elə bu
adnan da göra gedəssən!...
Qasım səksənib yuxudan ayıldı və
otağın qaranlığını əridən, gözləri
kimi qanadları, ayaqları, bütünlükdə hər
yeri par-par parıldayan, işıq saçan bir varlıqla -
televizorun üstündəki fosforlanmış qartal heykəli
ilə göz-gözə dayandı. Bir müddət fosforlu qartalla
Çayçı Qasım buz kimi baxışla bir-birlərinə
baxdılar və birdən elə bil Çayçı
Qasımın gözləri qartalın fosforlu gözlərindən
işıq aldı, otağın qaranlığı-toranlığı
büsbütün əriyib getdi, hər tərəfi ürəkaçan
aydınlıq, işıq bürüdü. Gecənin bir aləmində
yox yerdən yaranmış bu işıq, bu aydınlıq
Qasımın ürəyindən bir sevinc seli kimi axıb dilinə
gəldi: "Qartal Qasım!"
Çayçı
Qasım ömüründə ikicə dəfə belə sevinmişdi,
ilk dəfə taxta çayxananın
açılışı günü "OPİT"in
müdiri elə Qasımın özündən
aldığı paçkanın başını
açıb çaynikin ağzına bir onluq qoyub: - təbrik
eləyirəm, Qasım, gərək Tərtərbasarda
Çayçı Qasımın çayından olmasın -
dediyi gün, bir də taxta çayxananın yerində
tikdirdiyi kababxanasında işlətmək üçün Gəncə
tərəflərdən bənövşə rəngli
"Lada"sına mindirib gətirdiyi qaragözlü
Göyçək xanımla sabahı diri gözlü
açdığı ilk gecə.
Bu
şirinlikdə, bu dadda üçüncü sevinc idi ki,
Qasım dadırdı və bu üçüncü sevinc az qalmışdı Qasımı sevindirmək
əvəzinə kədərləndirə, güldürmək
əvəzinə ağlada. Çünki Qasım
dünyanın bu iki sevincindən sonra çox sevinc
dadmışdı, ancaq heç birinin dadı damağında
qalmamışdı və Qasım açıq-aydın
görürdü ki, yavaş-yavaş ağzı daddan
düşür, əgər belə getsə, bugün-sabah
dünyanın acısı ilə şirini onun ağzında
eyni dad verəcək, eyniləşəcək.
Çayçı Qasım dünyanın çox
üzünü görüb, az sevincini dadsa da, bir şeyi
yaxşı başa düşürdü ki, dünyanın
sevincinə sevinib, ağrısına ağrımayandan,
şirinini şirin, acısını acı bilməyəndən
sonra yaşamaqnan ölməyin heç bir fərqi yoxdu, hələ
yaxşısı budu ki, yaşamayasan, özün öz istəyinlə
ayağını uzadıb öləsən.
Çayçı Qasım acı ilə şirin,
ölümlə qalım, bu dünyalıqla o dünyalıq
arasında dərin-dərin xəyallara getmişdi ki, birdən
Qartal Qasım onun yaxasından yapışıb silkələdi,
xəyaldan ayıltdı və ağzının dadını
ağzına qaytardı, yaşamağa səslədi.
Əlbəttə,
Çayçı Qasımın Qartal Qasım olması hələ
təkcə onun özünə bəlli idi və əgər
Çayçı Qasım doğrudan da Qartal Qasım olmaq,
bu şipşirin dünyanın şirinliyini əməlli-başlı
dadmaq istəyirdisə, gərək ağlına gələni,
necə deyərlər, özü öz başına gətirəydi,
arzusunu həqiqətə döndərəydi.
Qasım həmin xoşbəxt gecənin səhəri Tərtər
boyu uzanan yolla dağlara üz tutdu və düz bir həfdədən
sonra bir vaxt qara gözlü Göyçək xanımı
mindirdiyi bənövşə rəngli "Lada"sında
ayaqları, qanadları bağlı bir qartalla geri
döndü.
Cavan
meşə zolağının tən ortasında qoyulmuş
böyük palıd kötüyünün üstündə
bağlı ayaqları və bağlı qanadları ilə
heykəl kimi hərəkətsiz dayanmış qartal buz kimi
soyuq baxışları ilə bir az aralıda oturub yeyib içən, ona
zillənən baxışlarından qan daman adamlara
baxırdı və qorxudan tükünü də tərpətməyə
ürək eləmirdi.
"Günəşli"
kolxozunda bir mühasib köməkçisi vardı - Məhərrəm
kişi, uşaq kimi saf, təmiz, eyni zamanda, çox
ağıllı adam idi, kolxozun və kolxozçuların
başına gətirilənləri, bəlkə də, ondan
yaxşı bilən yoxuydu, ancaq həqiqəti deməyə,
nəyisə dəyişdirməyə gücü
çatmayacağını da hamıdan yaxşı
özü bilirdi, ona görə də özünü elə
aparırdı deyirdin bəs bu adamın dünyadan xəbəri
yoxdu, eləcə Allah onu yaradıb ki, lağlağı desin,
ona-buna şəbədə qoşsun, Tərtər-Bərdə
arası işləyən "PAZ" avtobusunun qabaq tərəfindəki
tək adamlıq yerdə oturub, şapkasını da əlinə
alıb şeir desin, mahnı oxusun...
Çayçı
Qasımın Murov dağından tutdurub gətirdiyi Qartalı
palıd kötüyünün üstündə ilk görənlərdən
biri də elə Məhərrəm kişi
oldu və ürəyində: - "səni məndən də
pis günə salıblar, ay yazıq, - dedi. - İndi bu
dağsız, zirvəsiz aranda neynəyəcəksən,
ürəyin necə dözəcək, partlamayacaqmı?! Mənim
yenə dilim-ağzım var, içimdə ağlasam da,
üzümdə gülürəm, hələ desən
arsız-arsız oxuyuram da..."
Çayçı
Qasım Məhərrəm kişinin zəncirlənmiş
qartala baxdığını görüb:
- Bir
cuşa gəl, Məhərrəm kişi,
bir şeir qoş, mahnı oxu bu dağlar gözəlinə...
Məhərrəm
kişi xəyaldan ayıldı, sifətindəki
ciddiliyi, içindəki qəzəbi, kini bir anda qovub
canından çıxardı, dönüb oldu hamının
tanıdığı, sevdiyi, sözlərinə,
oxumalarına doyunca güldüyü Məhərrəm...
- Sən
öləsən igid adamsan, Qasım. Sən ki, bu qartalı o
dağlardan, o zirvələrdən ayırmağı
bacarmısan, sənə adam deməyə
adamın dili gəlmir, sən əzrayılsan, əjdahasan!
Məhərrəm
kişi həmişəki kimi üzünə
saxta təbəssüm verdi, sonra şaqqanaq çəkib
güldü və şapqasını əlinə alıb,
şirin avazla oxumağa başladı:
Qartalı
qarğaya döndərən Qasım,
Qasım, sənin vay halına.
Qartalı
zirvədən endirən Qasım
Qasım, sənin vay halına.
Çayçılığı
bəyənmədin,
Nəfsinə
"tət!" deyəmmədin,
Halal idi,
yeyəmmədin,
Haramı
atına mindirən Qasım,
Qasım, sənin vay halına.
Aləmi
özünə güldürən Qasım,
Qasım
sənin vay halına...
Cavan meşənin qalın kölgəsində oturub
yeyib-içən müştərilər Məhərrəm
kişinin özünəməxsus şirinliklə oxuduğu
mahnını eşidib gülüşdulər. Qasım da özünü
sındırmadı, Qasım da güldü... Müştərilərdən
bircə nəfər - hündür boylu, cüssəli,
ger-geyimindən dağ adamı olduğu aydınca bilinən,
arağın təsirindən sifətinin
qırmızılığı bir az da artan orta yaşlı
bir kişi gülmədi, əksinə, çox əsəbi
halda oturduğu yerdən durub Məhərrəm kişiyə
yaxınlaşdı və onun köynəyinin cibinə 5 manat
qoyub, ötkəm səslə:
- İldə
bir-iki dəfə yolum burdan düşür, Məhərrəm
kişi, - dedi. O dədəmin goruna and
olsun, bu gündən sonra eşidəm, biləm bir nəfər
bu adama Qartal Qasım deyib, gen dünyanı başına dar
eliyəjəm, dartıf cərcənəyini ayırajam...Bu
gündən sonra bunun adı oldu Qarğa Qasım!
Məhərrəm
kişi istədi yenə gülümsəsin,
qartaldan, qarğadan bir-iki ağız nəsə oxusun, ancaq
bacarmadı, səsi sözünə baxmadı... Müştərilərin
də gülüşləri dodaqlarında dondu, soyuq
araqları, pivələri isindi... Hər tərəfi
bürümüş sükutu yenə Məhərrəm kişi pozdu. Ayağa durub bir neçə saniyəlik
hamının ürəyindən tikan çıxardan dağ
adamı ilə üz-üzə, göz-gözə dayandı
və birdən hiss elədi ki, gözlərindən sifətinə
iki damcı yaş axdı, tez gözlərini dağ
adamının gözlərindən çəkib, qartala tərəf
çevrildi, elə indicə, sanki qeybdən gələn,
nitqinə dolan şeiri bərkdən, həm də çox qəzəbli
səslə oxumağa başladı:
Qartalam,
kötük üstə,
Ayaqlarım zəncirdə.
Açın
qanadlarımı!
Tab gətirməz
zəncir də!
Yuvamı boş qoyanın,
Yuvasını dağıt, Allah!
Çörəyini, duzunu,
Urvasını dağıt, Allah...
Hanı o
dağ, o zirvə,
Mənsiz qan ağlamazmı?!
Balamın
ah-naləsi
Dağları dağlamazmı?!
Məhərrəm
kişi əməlli-başlı
ağlayırdı... Başını qaldırıb qartala
baxdı, qartal da ağlayırdı, həm də qartalın
gözlərindən axan yaş deyildi,
qıpqırmızı qan idi...
Dağ
adamı bir qırmızı onluğu çıxardıb
atdı çörək yediyi stolun üstünə, gedib
oturdu ağ "Niva"sına. Tərtər-Kəlbəcər-İstisu
yoluynan üz tutdu dağlara...
Məhərrəm
kişi qalın kölgəliyin sərinindən
çıxıb, qızmar günəşin od ələdiyi
asfalt yolla üz tutdu kəndlərinə...
Qarğa Qasım gecəynən özünə aid
xırda-para nəyi vardısa yığışdırıb
qoydu bənövşə rəngli "Lada"sının
arxasına, üz tutdu qaranlığa... hara gedəcəyini
heç özü də bilmirdi. İndi onun ən böyük arzusu
bu qartallı, qarğalı dünyadan baş
götürüb elə bir yerə getmək idi ki, orda
heç kim onu tanımasın, bir bəni-insan
qarşısına çıxıb nə Qartal Qasım desin
ona, nə də Qarğa Qasım.
Fikirləşdi
ki, yeri-göyü yaradan ulu Tanrı elə bir möcüzə
göstərəydi, bu qaranlıq gecədən sonra onun
üzünə elə bir işıqlı səhər açılaydı
ki, o, bu işıqlı səhərdə dönüb olaydı illər
öncəki kimi elə beləcə Qasım - Siyato
Qasım...
Dağ adamının tapşırığı ilə Mehman kişi bir maşın İstisuyu Yevlaxdakı rayonlararası bazanın anbarına boşaltdırıb geri qayıdanda yolüstü, qapısından yekə bir qara qıfıl asılmış kababxananın həyətindəki qartalı da götürüb dağlara gətirdi. Gəlin qayasından xeyli yuxarıda uca bir dağın ətəyində maşını saxladı, çıxıb qartalı götürdü, qıvrıla-qıvrıla dağ başına uzanan cığırla yuxarı qalxdı, qartalı ən hündür yerə qoyub əvvəlcə ayaqlarını, sonra da qanadlarını açıb, qayıdıb maşına mindi. Ancaq maşını sürə bilmədi, çünki qartal hələ də Şiş qayanın başında heykəl kimi hərəkətsiz dayanıb döyükür, sağa-sola boylanır, uçmağa ürək eləmirdi. Birdən qarşı tərfdəki qalın meşənin dərinliyindən bir güllə səsi eşidildi və bu səs dağlarda, qayalarda əks-səda verib bir neçə dəfə təkrarlandı. Qartal bu səsə sevindimi, bu səsdən qorxdumu, qanad açıb daha uca zirvələrə doğru uçub getdi...
Beş-on gündən sonra
“OPİT”in müdiri cavan meşənin qalın, amma
qartalsız kölgəliyini və Şahbulaq daşından
tikilmiş ağappaq, yaraşıqlı binanın
qapısından asılmış qara qıfılın
açarını bir dünya pula başqasına satdı...
1981
İnqilab
HƏSƏNLİ
525-ci qəzet.- 2019.- 29 iyun.- S.18-19.