Ekzistensializm etüdləri
3-cü YAZI
Ekzistensializmin
fərqli yönlərdən tənqidi
Yarandığı gündən bəri cəmiyyətdəki
müxtəlif qruplar tərəfindən tənqidə məruz
qalan ekzistensializm, bu tənqidlər qarşısında aciz
idi. Jan-Pol Sartrın ekzistensializm səhnəsinə
çıxması bu tənqidləri daha da artırdı və
kəskinləşdirdi. Onun siyasi
mövqeyi, o zamankı tələbə hərəkatlarına
olan dəstəyi, Kuba hakimiyyətinə, xüsusən də
Fidel Kastro və Çe Gevaraya olan rəğbəti bu tənqidlərin
məcrasını şəxsi zəminə doğru dəyişmişdi.
Ekzistensializm və J.P.Sartr əsasən marksistlər,
dindarlar və bu fəlsəfi cərəyanı anlamayan, buna
cəhd belə etməyən kütlə (daha çox katoliklər)
tərəfindən təndiq atəşinə tutulurdu.
Bu tənqidlərdən bir neçəsi ilə tanış olmaqda fayda var. Çünki təndiqlərə
verilən cavablar ekzistensializmin dərkində əhəmiyyətli
paya sahibdir.
İlk olaraq bu fəlsəfi cərəyanın mahiyyətini
anlamayan kütlədən başlamaq olar. Çox təəssüf
ki, Kyerkeqorun bu cərəyanı yaratmasından, Sartrın bu
səpkili tənqidlərə cavab verməsindən uzun
müddət keçməsinə baxmayaraq, hələ də
ekzistensializmi pessimist, qaragüruh fəlsəfi cərəyan
adlandıran insanlar var. Bu qrupa daxil olanlar
düşünür ki, ekzistensializm insanı ümidsizliyin
içinə çəkir. Bu cərəyanda
insana hərəkət şansı verilmir. İnsanın dünyada edə biləcəyi ən
yaxşı şey istər özündə, istərsə də,
bəşəriyyətdə baş verən hadisələri,
dəyişiklikləri müşahidə etməkdir. Ekzistensializmə yönəlmiş bu tipli əsassız
tənqidləri kifayət qədər uzatmaq olar. Çox qəribədir ki, bu tənqidi fikirlər
böyük nisbətdə marksistlərin də ekzistensializmə
qarşı olan düşüncəsində yer alır.
Marksistlər düşünürdü ki, ekzistensializm
ancaq insanın mənfi cəhətlərinə fokuslanır,
başqalarının onun haqqında bilməməli olduğu
şeyləri üzə çıxarır. Halbuki
insanın önə çıxarılası nə qədər
müsbət cəhəti var. Bu, təkcə insana aid deyil,
eyni zamanda, cəmiyyət və həyat da bu cür dəyərləndirilir.
Katoliklərin ekzistensializm barədə düşüncələri
isə çox kəskindir. Hətta bu elə bir
yerə gəlib çatmışdır ki, ekzistensializmə
aid olmayan xüsusiyyətlər belə onun ayağına
yazılır. Onlar tez-tez
vurğulayırlar ki, ekzistensializm həqiqəti
gözardı edir, insanı xəyallar aləminə salır,
tanrıdan uzaqlaşdırır. Yaradanından
uzaqlaşan, həqiqəti başqa yerdə axtaran insan, xaosla
üzləşir. Bir-birilərinin
haqlarını tapdalayır, günahlarına göz yumur.
Hətta katolik tənqidçilərdən
Mişel Merse daha irəli gedərək deyirdi ki, ekzistensialistlər
üçün uşaq gülüşü heç bir
şey ifadə etmir, çünki bu gülüş
ekzistensializmdə çoxdan unudulmuşdur.
Başda
Jan-Pol Sartr olmaqla, bir
çox ekzistensialist bu tənqidlərə cavab
vermişdi. Sartr "ekzistensializm pessimizmdir" fikrinə belə
cavab verirdi: "Ekzistensializm insana yaşamaq üçün
yol açır. Hər həqiqətin, hər
fəaliyyətin bir insani subyektivliyi dəstəklədiyi təlimdir.
Bizə ancaq insanın pis cəhətlərini
üzə çıxardığımızı, mənfi
hissələri qabartdığımızı deyirlər.
Bu yaxınlarda mənə danışılan
bir hadisəni xatırlayıram. Məclislərin birində
əsəbləşən qadın ağzından
söyüş çıxdığı üçün ətrafdakılardan
üzr istəyərək: "Deyəsən, mən də
ekzistensialist oluram" - deyib. Bu nümunə də
göstərir ki, biz insanın mənfi cəhətlərini
göstərməyə çalışmırıq, əksinə
insanlar özləri öz mənfi cəhətlərini
ekzistensializmin ayağına yazır".
İnsanları ekzistensializmin insan təbiətinin mənfi
xüsusiyyətləri üzərindən
çıxış etməsi qıcıqlandırmır. Əgər bir ekzistensialist yazar və ya
filosof romanında qəhrəmanının qorxaq, zəif,
satqın tərəflərini ortaya qoyursa, bunun səbibi təkcə
bu cəhətləri görməsi deyil. Bunu təyin
etməyi, səbəbini tapmağı oxucunun öhtəsinə
buraxması, onu özü ilə üz-üzə
qoymasıdır. Yəni insan olduğu
halı özü yaratdığını qəbul etmir, bunu
onun üzünə deyənləri isə sevmir. İnsanlar istəyir ki, ekzistensialistlər naturalist
yazıçı Emil Zolya kimi onlara "Sizin belə
olmağınızın səbəbi bir az irsidir, bir az da cəmiyyətin
təsiri" desinlər. Amma təəssüf
ki, əvvəlki yazılarda da qeyd etdiyim kimi ekzistensializm məsələyə
bu prizmadan baxmır, insan özü yaşadığı hər
şeyə görə məsuliyyət daşıyır.
Bu dediyim məsələ eyni zamanda, ekzistensializmi tənqid
edən katoliklərə də verilmiş cavab kimi qiymətləndirilə
bilər. İnsanın tanrı tərəfindən
yaradıldığını və sadəcə onun
üçün var olduğunu deyən katoliklər də bir
növ insanı məsuliyyət altında əzilməkdən
xilas edir, baş verənlərdə şeytanı
günahlandırır. "Ekzistensializm
uşaq gülüşünü unudub" fikrinə gəldikdə
isə bunu demək yerinə düşərdi ki, gülüşü
uşaq unudub və ekzistensializm bunun səbəbini, uşaqda
baş verən dəyişiklikləri ortaya
çıxarmağa çalışır.
Marksistlər də ekzistensializmə görmək istədikləri
kimi baxırlar. Onlar üçün insan hər şeyə qadirdi və
buna görə də onda mənfi (qorxaqlıq, zəiflik,
satqınlıq, yaltaqlıq) cəhətlər deyildiyi kimi ola bilməz. Marksistlər bu
cür düşünməyə bir növ məcburdur,
çünki kapitalizmə qarşı aparılan mübarizədə
insana mənfi cəhətlərini xatırlatmaq olmaz. Əks halda mübarizə məğlubiyyətlə
nəticələnər.
Göründüyü kimi, ekzistensializmə
qarşı yönəldilmiş tənqidlər hər bir
qrup tərəfindən onların özlərinə sərf
edən şəkildə hazırlanmışdır. Bu
ekzistensializmin onlar üçün son dərəcə qorxulu
bir şey olduğunu göstərir. Çünki
o, həqiqəti, reallığı, olanı göstərir və
deyir.
Bu tənqidlərə eyni zamanda, ekzistensializmin məsuliyyət,
seçim, əxlaq və azadlıq kimi məsələrə
baxışı ilə də cavab verə bilərik.
Ekzistensializmdə
məsuliyyət anlayışı bu cür ifadə edilir:
İnsan varlığı onun mahiyyətindən əvvəl
gəldiyi üçün o, necə birisi olduğuna görə
məsuliyyət daşıyır. Bu məsuliyyət
təkcə onun özünə aid deyil, insan
başqalarına görə də məsuliyyət
daşımalıdır. Dünyada pisliyə
doğru bütün proseslərdə əsas səbəb də
elə insanların özlərinə və başqalarına
qarşı məsuliyyət daşımamasıdır. Bəşəriyyətin üzərindən
fırtına kimi keçən iki dünya müharibəsi də
bu məsuliyyətsizliyin nəticəsi deyildimi?
Məsuliyyət məsələsi bir başa olaraq
seçimlə də bağlıdır. Ekzistensializmdə
seçim dedikdə insanın həm özünü, həm
də başqalarını seçməyi nəzərdə
tutulur. Yəni kim
olacağımızı seçərkən ətrafımızı
da seçmiş oluruq. Seçdiyimiz şeylər
dəyərli olduğunu düşündüklərimizdir.
Dəyərli olan isə yaxşı (ən
azından elə bildiyimiz) olandır. Çünki
insan hər zaman yaxşını (elə bildiyimizi) seçməyə
çalışır. Özümüz
üçün yaxşını seçərkən isə
başqa insanlar üçün də yaxşı olanı
seçirikmi? Tam da bu sırada məsuliyyət
işin içinə daxil olur. Gördüyünüz
kimi, məsuliyyət və seçim məsələsi
katoliklərin tənqidinə cavab kimi də qiymətləndirilə
bilər.
Ekzistensializmdə əxlaq prinsipi də insanın
varlığından çıxış edir. Bir şeyi
unutmamalıyıq ki, əxlaq dedikdə geniş mənaya
sahib düşüncəni nəzərdə tuturuq. Bu bizim tez-tez eşitdiyimiz və dini
düşüncə altında sıxılan əxlaq deyil.
Bu cərəyanın əxlaqa olan münasibətini
anlamaq üçün J.P.Sartrın başına gəlmiş
məşhur bir hadisəyə baxmaq lazımdır. Sartrın tələbələrindən
biri həyatının ən vacib qərarını verməli
idi və valideynləri tərəfindən təzyiq
altında qalan gənc iki yol ayrıcında olduğu
üçün ondan kömək istəmişdi. Tələbənin qardaşı 1940-cı ildə
almanların hücumu zamanı
öldürülmüşdü. Atası
isə anasına xəyanət edirdi. Qardaşının
ölümü və atasının xəyanəti onu
anasının həyatında güvəndiyi tək insan
etmişdi. Tələbə isə təhsilini
yarımçıq qoymaq, partizanlara qoşulmaq və
qardaşının qisasını almaq istəyirdi. İki seçim arasında qalan gənc, Sartrdan
soruşur ki, anasının yanında qalıb ona dəstək
olmalıdır, yoxsa öz istəyinin ardınca getməlidir?
Anasının yanında qalmaq konkret hədəfi
olan, bir insana bağlı məsələdir və
reallaşması mümkündür. Gəncin partizanlara
qoşulmaq istəyi isə daha çox insanla əlaqəli məsələdir
və sonu bilinmir, bəlkə də o müharibə bitənə
qədər
partizanlara qoşula bilməyəcək.
Düşünə bilərsiniz ki, bu, seçim, məsuliyyət
məsələsinə aid vəziyyətdir. Məsələni
diqqətlə düşündükdə isə görə
bilərsiniz ki, gənc əslində iki seçimdən daha
çox iki əxlaq arasında qalıb. Bir tərəfdə
fərdi sevgi, duyğusallıq, ailə əxlaqı, digər
tərəfdə də böyük, lakin təsiri və
faydası sual altında olan bir əxlaq var. Bu çətin
seçimdə ona kim kömək edə
bilər? Əgər ekzistensializmi tənqid edən katoliklərə
baxsaq deyə bilərik ki, onların bu məsələdə
tutduğu mövqe çox güman bu şəkildə olacaq:
"Daşürəkli olmayın. Sevdiklərinizə
kömək edin. Onlara
yazığınız gəlsin. Çətin
yolu seçin və tanrı tərəfindən
mükafatlandırılın!" Bəs kim deyə
bilər ki, o gənc üçün ən çətin olan
hansıdır? Burada seçim məsələsinə
gəlib çıxırıq. O gənc hansı
katolikdən məsləhət almışdı: Almanların
tərəfində olan, yoxsa partizanlara dəstək verən?
Məsləhət almaq üçün Sartrın yanına gələndə
isə tələbə
artıq seçimini etmişdi. Belə ki, o, Sartrın
hansı cavabı verəcəyini bilirdi: "Azad olduğunu
unutma. Seçimini özün et". Gəncin əslində, eşitmək istədiyi də
elə bu idi.
Əxlaq məsələsini iki ədəbi nümunə
ilə daha da açaq. İngilis yazıçısı Corc
Eliot "Flossdakı dəyirman" əsərində
nişanlı oğlana aşiq olmuş qızın həyatını
təsvir edir. O qız sonda öz sevgisindən əl
çəkir, taleyi ilə barışır. Bu
hadisənin əksinə Stendalın "Parma monastrı"
romanında rast gəlirik. Sansevarina öz
ehtiraslarını üstün tutur və sevdiyi şəxsin əvvəlki
münasibətini heç sayır.
Birinci nümunədəki qəhrəman ümumiləşmiş
insani inancı (sevgidə üçüncü şəxs
olmamaq) seçdiyi halda, ikinci obraz öz ehtirasının
ardınca gedir. Hansı daha əxlaqlı hərəkət
edir?
Hər iki qəhrəmanın etdiyi doğrudur. Çünki
onlar öz azadlıqlarından çıxış edərək
bu seçimləri etmişdilər. Azad
iradə ilə verilən bu qərarlar hər bir obrazın (fərdin)
azadlığını ehtiva edən əxlaqi prinsipdir.
Azadlıq isə ekzistensializmin əsas
prinsipidir və ona verilən dəyəri Sartrın bir
cümləsi ilə ifadə edə bilərik: "İnsan
azadlığa məhkumdur!"
Taleh
EMİNOĞLU
525-ci qəzet.- 2019.- 29 iyun.- S.16.