"Mürtəce" Azərbaycan romantikləri

 

 

Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.

                                                                                  Əliabbas Müznib

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də Əliabbas Müznibdir. Onun ədəbiyyat tariximizdəki yeri yalnız romantik sənətkar olması ilə deyil, həm də müxtəlif mətbuat orqanlarına rəhbərlik etməsi, satirik şeirlər yazması və milli mücadilə yolundakı fəaliyyətidir. Hətta kommunistlər hakimiyyətə gəldikdən sonra belə yaradıcılığını və fəaliyyətini davam etdirmişdir. Milli mübarizə əzmi göstərən şair 30-cu illər repressiyasının qurbanı olmuşdur. Azərbaycan ədəbi-ictimai fikir tarixində romantik və satirik şair, publisist, "Babayi-Əmir", "Dirilik", "Övraqi-nəfisə" və digər jurnalların redaktoru, ədəbiyyatşünas, din tarixçisi və tərcüməçi kimi qalmışdır.

Ə.Müznib 1908-ci ildə jurnalistlik fəaliyyətinə başlayıb. Əvvəlcə "İttifaq" qəzetində, sonra satirik "Zənbur" jurnalında mühərrir olur. Daha sonra isə 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayır. Yazılarında millilik və islamçılıq əsas yer tuturdu. İlk dəfə olaraq, bu qəzetin üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz təsvir olunurdu. Lakin özünün kəskin siyasi mövqeyinə görə həftəlik nəşr olunması nəzərdə tutulan qəzeti çar senzurası qapadır. İ.Ağayevin yazdığına görə, buna səbəb, Ə.Müznibin "Hökumət, ah bir insan yeyən qurd, Rəiyyətdə nə pul qoyar, nə bir yurd" misraları ilə başlayan şeiri səbəb olub (Ağayev İ. Əlabbas Müznib. B., 2000, s. 5).

Lakin bunun ardınca "Şihabi-saqib" adlı bir jurnalı nəşrə başlayır; yazılarında çar zülmünü, vətənin və millətin ağır vəziyyətini ifadə edirdi. 1911-ci ilin martında jandarmlar Əlabbas Müznibin evində axtarışlar aparır, jurnalın nəşrini dayandırır, özünü isə həbs edirlər. Ə.Müznib jurnalistlik fəaliyyətinə görə həbs edilən və Sibirə göndərilən ilk jurnalist olur.

Ə.Müznib 1913-cü ildə çar hökumətinin elan etdiyi əfvi-ümumiyyədən sonra vətənə qayıdır. Sibirdən qayıtdıqdan sonra Ə.Müznib yenidən ədəbi və ictimai fəaliyyətə başlayır. Bu illərdə yaranmış "Müsavat"ın sıralarına qoşulur. Bu təşkilatın irəlidə gedən adamları ilə yaxın münasibətlərdə olur. O, bütün varlığı ilə irticaya qarşı dayanmağa çalışırdı. Həbsxanada Çar Rusiyasının iç üzünü daha aydın görmüş, mübarizəsinin hədəf və istiqamətlərini müəyyənləşdirmişdi. Bir müddət "İqbal" qəzetində çalışsa da, burada həbs olunduğundan dolayı siyasi mövzulara toxuna bilmirdi. Lakin bütün varlığı ilə milli şüuru formalaşdırmağa çalışır "Vətən möhtac ikən yarəbb, bu gün qeyrətli imdadə, Gəzir övladi sərgərdan, zəlili-xar səhradə", - deyə fəryad qoparırdı. Onun fikrincə, bu, elə bir zaman idi ki, xalqın, millətin ziyalılara böyük ehtiyacı vardı. "Yazıçılarımız və yazılarımızın əhəmiyyəti" adlı məqaləsində bu ziyalılardan yazır və xalqın milli-ictimai şüurunun formalaşdırılmasında onlara böyük ehtiyacın olduğunu bildirirdi. Ə.Müznib bu ziyalılar içərisində Türkiyəyə mühacirət etmiş iki böyük şəxsiyyəti - Ə.Ağaoğlu və Ə.Hüseynzadəni xüsusi qeyd edirdi: "Onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının ataları idi..." ("İqbal" qəzeti, 1913, 31 oktyabr).

Ə.Müznibin bütün fəaliyyəti və yaradıcılığı milli mübarizəyə həsr olunur. O, həm fəaliyyətində, həm də yazılarında xalqın, millətin taleyini düşünən və bunu əsərlərində ifadə edən ilk yazarlardandır. Bir-birinin ardınca çıxardığı mətbuat orqanlarını da bu milli mübarizəyə həsr etmişdi. Yazdıqlarını kiçik kitablar şəklində dərc edir və yayırdı. Az bir zaman içərisində şairin "Tikan kolu", "İstər ağla, istər gül", "Sibirya məktubatı", "Dərvişi-kəhkəşan" kitabları dərc olunmuşdu. Bu əsərlərində müəllif kəskin ictimai-siyasi mövzulara toxuna bilməsə də, vətən, xalq mövzusunda mümkün qədər milli düşüncəsini poetik şəkildə ifadə edə bilirdi. O, bəzən tarixə müraciət edir, xalqın keçmiş hökmdarları Səfəvilər dövlətini çar istibdadı ilə müqayisə edirdi. Onun bu fəaliyyəti siyasi məhbus damğası üzərindən hələ götürülmədiyindən həyatı üçün təhlükə daşıyırdı. Lakin buna baxmayaraq, Ə.Müznib "Müsavat"ın rəhbərləri M.Ə.Rəsulzadə, A.Kazımzadə, V.Mikayılovla əlaqələrini kəsmirdi. O, mümkün olduğu qədər ictimai həyatla yaxından maraqlanır, ədəbi, maarifçi yöndən cəmiyyəti bilgiləndirməyə çalışırdı. Cəmiyyətdə gedən proseslərə dərhal cavab verirdi. Böyük türkçü, "Tərcüman" qəzetinin redaktoru İsmayıl Qaspıralının vəfatı ona çox təsir etmiş "Sevgili atamız İsmayıl bəy" adlı şeirini yazıb redaktoru olduğu "Dirilik" jurnalında nəşr etdirmişdi. Şair İ.Qaspıralının türk dünyasındakı yeri və mövqeyini düzgün müəyyənləşdirir, onun ölümü ilə "türklük cahanında" "bir hövli-həşrasa" qopduğunu, sanki zülüm əli ilə "Həzrəti-İsanın" dara çəkildiyini" böyük üzüntü ilə xəbər verirdi:

Əsiri-qəhr olub dilsiz qalan biçarələr yeksər,

Dil açdı, tərcüman oldu, o, canlı "Tərcüman"ından.

Əmni-millət idin sən, əminlik qədrinə bürhan,

Amansız qəlblər kəsbi-aman etdi amanından.

kamandaran aləm hər məzarıstan yapar daim,

Həyatisdan düzəltdin sən bu gün tiri-kamanından.

Mətanət, mərhəmət, hümmət təcəssüm etsə ey dahi,

Çıxar zatın kimi bir qəhrəman dünyaya vallahi.

                                         ("Dirilik" jurnalı, ¹ 4, 1914, 1 noyabr)

1914-cü ilin sentyabrında "Dirilik" jurnalını nəşr etməyə başlayır. Ə.Müznib özü siyasi cəhətdən etibarsız olduğuna görə jurnalın nəşrinə icazəni savadsız qardaşı Əbülfəsin adına almışdı. Maraqlıdır ki, şair "Babayi-Əmir" satirik jurnalını nəşr edərkən də eyni yoldan istifadə etmişdir. "Dirilik" jurnalı daha çox ictimai-siyasi mətbuat kimi nəzərdə tutulmuşdu. Bununla o, Azərbaycan xalqının siyasi-ictimai şüurunu formalaşdırmağı nəzərdə tuturdu. "Dirilik" adı da məhz bu məqsədlə verilmişdi. Bu zaman romantizmin də əsas mövzularından olan türklük və islamlıq anlayışları dərginin ən çox toxunduğu mövzulardan idi. O, məqalələrində bu iki anlayışlar üzərində geniş dayanır, dini mənsubiyyətlə etnik mənsubiyyətin fərqini anlatmağa çalışırdı. Bu araşdırmalar müəllifi "Türk tarixi" kitabını yazmağa gətirib çıxarmışdır. Nəzərə alsaq ki, bu zaman jurnal çox az sayda ictimai-siyasi mətbuat orqanlarından biri idi, o zaman onun redaktorunun üzərinə düşən məsuliyyəti də hiss etmək olar. Təsadüfi deyil ki, M.Ə.Rəsulzadə Türkiyədən qayıtdıqdan sonra bu jurnalın səhifələrində məqalələr dərc etdirmişdir. Onun "Milli dirilik" silsilə məqalələri məhz burada dərc olundu. Ə.Müznibin "Dirilik" jurnalı bu dövrdə milli yönlü yazarların bir tribunasına çevrilmişdi. "Azərbaycan ədəbiyyatı tarixi" kitabında bu barədə yazılırdı: "Əhməd Kamal və Səbribəyzadələrin çap etdirdikləri "asari ətiqələr" bu şairləri də mətbuata çıxmağa ruhlandırırdı. Əliabbas Müznibin nəşr etdiyi "Dirilik" jurnalı bu şairlərə daha müvafiq imkan yaratmış oldu" (Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, 2 c., B., 1960, s. 773).

Maraqlı cəhətlərdən biri budur ki, jurnalda romantiklər də yaxından iştirak edirdi. Jurnalın səhifələrində Əbdülxalıq Cənnəti, Seyid Hüseyn, Umgülsüm, Nemət Bəsir, Seyid Zərgər, Mikayıl Seydi, Cabbar Əsgərzadə kimi şairlər yaxından iştirak edir, yazdıqları poetik, yaxud publisistik əsərlərilə xalqı milli-mənlik şüuru ətrafında gələcəyə hazırlayırdı. Özünün kiçik qardaşı, sonralar mühacirətdə "Gültəkin" imzası ilə sovet işğalı əleyhinə odlu-alovlu şeirlər yazan Əmin Abidin də bu illərdə "Dirilik"də şeirləri və məqalələri çap olunurdu.

"Dirilik" jurnalı 1916-cı ilin sentyabrında nəşrini dayandırsa da, Əlabbas Müznib fəaliyyətini davam etdirdi. Onun redaktorluğu ilə çıxan "Babayi-Əmir" adlı satira jurnalı "Molla Nəsrəddin" yolunu davam etdirirdi. M.S.Ordubadi, C.Cabbarlı, Ə.Nəzmi, Ə.Vahid kimi satiriklər jurnalda çıxış etmişlər.

Ə.Müznib 1913-1917-ci illər arasında milli yayım sahəsində çalışır, şərq və qərb ədəbiyyatından tərcümələr edir. A.Kazımzadə və M.Ə.Rəsulzadə ilə dostluğu onu ictimai proseslərin mərkəzinə atır. Ə.Müznib "Müsavat" partiyasının sıralarına daxil olur. O, Cümhuriyyətə yaxınlığı ilə seçilmişdir. Cümhuriyyət dövründə milli mövzulu şeirlər yazmışdır. 1919-cu ildə Cümhuriyyətin bir illik yubileyi münasibətilə elan etdiyi şeir müsabiqəsində "Azərbaycan" şeiri ilə iştirak etmişdir. Azərbaycanı Bakıxanovlar, Məhəmməd xan, Əhməd xan və Cavad xanlar məskəni adlandıran şair onun keçmişini tərənnüm etməklə yanaşı, vətənə dişini göstərən düşmənə qəzəblə, nifrətlə öz gücünü göstərir:

Moskovlular gözlərini yumdular,

Turanlıya "bar-bar", - deyə cumdular,

Pozuldular, axır geri döndülər,

Xırsızların qəhharıdır bu ölkə.

 

Çəkil, çəkil, ey alçaq əl, sən çəkil!

Tökül, tökül, ey xain göz, çıx, tökül,

Bükül, bükül, ey çak, artıq en, bükül!

Müəzzənlər dərbarıdır bu ölkə.

(Ağayev İ. Əliabbas Müznib: həyatı, yaradıcılığı,

əsərlərindən seçmələr. B., 2003, s. 112)

Həm əvvəlki, həm bu dövr ədəbi fəaliyyəti onun "milli şair" ifadəsilə ilə tanınmasına imkan vermişdir. Atatürkə sevgi ilə şeir həsr etmişdir. Milli azadlıq hərəkatının elə bir hadisəsi olmamışdır ki, şair ona münasibət bildirməsin.  Qafqazda və Balkanlarda yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparan, Osmanlı hərbi və siyasi xadimi Nuru Paşaya, Bakını xilas edən İslam ordusunun sıralarında olan Ənvər Paşaya və Mehmet Tofiq bəyə, "Dildə, fikirdə, işdə birlik" şüarı ilə Türk dünyasını milli ittifaqa dəvət edən İsmayıl bəy Qaspıralıya və başqalarına həsr etdiyi şeirlər vətənpərvərlik duyğuları ilə dolub-daşır.

 Müznib əsas silahı olan qələmi ilə müxtəlif məzmunlu şeirlərində, qəzəl və mənzumələrində, heca vəznli şeir nümunələrində siyasi-ictimai məsələlərə kəskin münasibət bildirir, vətənin, millətin taleyinə biganə qalmır, gənc nəslə vətən məhəbbəti hisslərini təlqin edir, doğruluğa, sədaqətli, ədalətli olmağa, milli dəyərlərə sahib çıxmağa dəvət edirdi.

Cümhuriyyətin süqutundan sonra 1920-ci ilin mayında R.Axundovun təşəbbüsü ilə Qarabağa göndərilərək "Qarabağ firqə və inqilab komitəsinin əxbarı", "Qarabağ füqərası" və "Qarabağ diriliyi" qəzetlərində çalışır. 1922-ci ildə Qubaya göndərilir. Burada qəzet mətbəəsində təsadüfü qəza ucbatından bir gözünü itirir. Müalicə olunmaq üçün Bakıya gəlir üç ilə qədər "Kommunist" qəzetində işləyir.

1926-cı ildə gözü tutulan Müznib işdən uzaqlaşır, 1937-ci ilə qədər XIX-XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət kitablar nəşr edir. Bu kitablar arasında "Türk tarixi", "Müxtəsər ənbiya və Islam tarixi", "Yusif və Züleyxa" , "Tiran rolu", "Nəsrəddin məzhəkələri", "Aşıq Pəri və müasirləri" və s. nümunə göstərmək olar.

Nəhayət, 1937-ci il repressiyası gəlir və təqaüddə olan, gözü tutulan Ə.Müznib də "düşmən" siyahısına daxil edilir. Həmin ilin 27 avqustunda millətçi kimi mühakimə olunub həbs edilir, 8 il müddətinə ikinci dəfə Sibirə göndərilir. Lakin 1938-ci ilin 28 avqustunda Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə vəfat edir.

Ə.Müznibin ədəbi, bədii yaradıcılığında iki istiqamət başlıca yer tutur; romantik və satirik əsərləri. Bu iki xətt onun yaradıcılığının əsasını təşkil edirdi. Lakin o, yaradıcılığa romantik şeirlərlə başlamış, daha sonra satirik yaradıcılığa keçmişdir. Onun ədəbi həyata atıldığı günlərdə "Həyat" qəzeti, ardınca "Füyuzat" jurnalının ədəbi-estetik ideallarının təsiri altında olmuş və ilk yazılarını da məhz bu təsir altında yazmışdır. Bu mətbuat orqanlarının təsiri onun yalnız üslubunda deyil, həm də mövzularında özünü göstərir. Şeirlərini klassik formada yazsa da, mövzularında çağdaş düşüncəni ifadə edir və milli mənafeni tərənnüm edirdi. Şeirlərində islam, zülm, vətən, millət ideyalarını daha çox işlədir və xalqın, cəmiyyətin bugününü təsvir edirdi. Bu şeirlər bədii cəhətdən hələ zəif olmasına rəğmən, ideya və mövzu baxımından yeni olmaqla yanaşı, ittifaqdan, birlikdən danışır və milli düşüncəni əks etdirirdi. Sovet ədəbiyyatşünaslığı Ə.Müznibi yaradıcılığının bu istiqamətinə görə mürtəce romantiklər siyahısına daxil etmiş və səbəbini belə izah etmişdir: "Əliabbas Müznib bu şairlər içərisində siyasi həyatla əlaqədar olması ilə fərqlənirdi. Müznib çarizmin müstəmləkə zülmünü pislədiyi üçün dəfələrlə təqib olunmuş, Sibirə sürgün edilmişdi. Sürgündən qayıtdıqdan sonra da, o, bu siyasi fikirlərindən əl çəkməmişdi. Lakin Müznibçar müstəmləkəsi olan Azərbaycanı xanlıqlar dövrü Azərbaycanı ilə əvəz etmək arzusu ilə yaşayırdı" (Azərbaycan ədəbiyyatı tarixi, B. 1960, s. 774). Burada şairin həyatı ilə bağlı deyilənlər doğrudur, yanlış olan yalnız Azərbaycanı xanlıqlar dövrünə qaytarması ilə bağlı olan fikirdir. Əslində isə şairin Azərbaycanı müstəqil görmək arzusu xanlıqlar dövrü kimi qələmə verilmişdir. Onun mürtəce romantiklər sırasına daxil edilməsinin səbəblərindən biri də məhz bu idi.

İlk şeirlərində şair hələ ictimai münasibətləri o qədər də yaxşı dərk etmədiyindən müsəlmanların düşdüyü bu vəziyyətin səbəblərini tapa bilmir və müxtəlif suallar ünvanlayırdı:

Niyə yetməz bu kari-ğəmə əncam,

Niyə etməz bu dövr bədfərcam?

Qan ilə dolmada labiləb cam.

Söndü mükülat, naz istiğna,

Ah, bir ğəmzədə tapılmazmı?

Əsilsiz bir təsvirə insan,

Niyə dildadədir aya vicdan?

Yoxsa ümidvar olub hər an.

Yaşayır min xəyal ilə, amma,

Dərk edən bir ziya tapılmazmı?

                         ("Zənbur" jurnalı, 1909, ¹ 34, s.3)

Ə.Müznibin ilk romantik şeirlərində üsyankarlıq, şikayət, etiraz başlıca yer tutur. Xüsusilə XX əsrin əvvəllərində çarizm siyasətinin erməniləri dəstəkləməsi və xalqa qarşı zülmə yol verməsi onun şeirlərində milli düşüncə elementlərini artırır və özünün etriraz səsini yüksəldir:

Artırıb ol rütbə zalım zülmü-istibdadını,

Kimsə dərk etməz fəqirin ahi-sitəmkarını.

                         ("İttifaq" qəzeti, 1908, 28 dekabr)

Ə.Müznib klassik üslubda yazdığı şeirlərində çar zülmünə məruz qalmış xalqın qarşısında duran vəzifələri poetik şəkildə ifadə etməyə çalışır, onları "ittifaqa", "birliyə" çağırır, onu istibdad zülmündən xilas etmək yollarını düşünür, "Arxadaşlar, himmət edin, Çarələr axtaraq bu cəhalətə", - deyə ifadə edirdi.

Ə.Müznibin bəzi şeirlərində dövrün digər romantikləri ilə səsləşmələr aydın görünür. Bu da onu göstərir ki, şair romantizmin ən görkəmli nümayəndələrinin işlətdiyi mövzu və problematikanı diqqətdə saxlamışdır.  M.Hadinin "...şəklində" şeirinə nəzirə olaraq yazdığı romantik şeirində xalqın düçar olduğu ictimai-siyasi bəlaların kökünü, rişəsini axtarmağa çalışır.:

Doğulduq aləmə bizirtihal şəklində,

gülünc-gülünc dururuq infial şəklində.

Əsiri-pəncəyi-qəhrik möhnəti-qəmə,

Alındı varımız əldən nəval şəklində.

Qərəzlə satdıq o qədər təşəxxüs əhbabə,

Qalıbdır işlərimiz həm məhal şəklində.

Gözlədik əbdi-hörməti, cibişdani,

Dənaət etdi təcəssüm cəlal şəklində.

Qəm libasına qurd kibi girib xain,

Zavallı millətə qarşı kəmal şəklində.

                     ("Tazə həyat" qəzeti, 1907, 30 oktyabr)

Məlumdur ki, romantiklərin ən çox toxunduğu mövzulardan biri də millət, vətən və hürriyyətdir. Digər romantiklər kimi, Ə.Müznibin lirik qəhrəmanları da vətənsevərdir, millətin bugünü və gələcəyini düşünür, daim onunla yaşayır, onunla nəfəs alır. Onun lirik qəhrəmanı vətəninin bu günündə xalqın hansı vəziyyətdə olmasını təsvir edir. İrkutskda həbsxanada olarkən bir an da olsun vətəni yaddan çıxarmır, onun gələcəyini düşünür. Ə.Müznib şeirlərində bədii təsvirlə yanaşı, ideoloji mövqeyini də bildirir, bəzən gizli, bəzən isə açıq şəkildə irticaçını barmağı ilə nişan verirdi. Bu şeirlərində şair bir üsyankar kimi çıxış edirdi. İrkutsk həbsxanasından yazdığı şeiri romantiklərin yazdığı şeirlərlə səsləşdiyi kimi, üsyankarlığına, irticanı göstərdiyinə görə tamamilə yeni bir istiqamət idi:

Getdi əldən vətən, həzar əfsus!

Yandı bu cismi-tən, həzar əfsus!

Həsrət ilə yanar dilim, ciyərim,

Dadıma yox yetən, həzar əfsus!

Nə yaman gündəyəm, mənə gülür,

Hər yetən, hər ötən, həzar əfsus!

Moskva hırsızı vətəndə olub,

Qrilə hökm edən, həzar əfsus!

(Ağayev İ. Əliabbas Müznib: həyatı, yaradıcılığı,

əsərlərindən seçmələr. B., 2003, s. 93)

Ə.Müznib həbsxanadan zövcəsinə yazdığı məktub-şeirində də vətəninin bugününü və gələcəyini düşünür, vətəndən ayrı olduğu üçün "qəlbinin, ruhunun, dilinin, təninin" yandığına işarə edir, tutduğu haqq yolundan dönməyəcəyini əminliklə ifadə edir. Bu poetik məktub kəskinliyinə, zülmü açıq şəkildə ifadə etməsinə görə romantik poeziyanın nadir nümunələrindəndir. "Həbsxana görməyən qanmaz hüquqi-ixtiyar", - deyən şairə sürgün həyatının çox şey öyrətdiyi aydın olur. Şair sürgün həyatında çar zülmünü daha yaxşı anlayır və xalqın mübarizəsinin hədəflərini, vətəni azad etmənin yollarını arayır:

Mən vətən övladiyəm, həm də vətən nurbaniyəm,

Büsbütün hübbülvətən ərbabının dərbaniyəm.

Pənceyi-qəhri-qəzəbdə can verir nazlı vətən,

Qəhr edir cümlə vətən övladına hər bir yetən...

Tapdayır zalim bu gün cövrün hüquqi-milləti,

Payimal olmaqdadır şanlı Məhəmməd ümməti.

                                             (yenə oradan, s. 94)

O, vətən adı altında həm konkret vətənini, həm də bütün müsəlman dünyasını nəzərdə tuturdu. Vətəni, xalqı təsvir edərkən onun keçmişinə də üz tutur. Lirik qəhrəmanın poetik ünsiyyəti vətən olarkən, yanğı ilə dərdli vətənin düşdüyü vəziyyəti acı-acı təsvir edir. Onun vətənə münasibəti aşiqin sevgilisinə münasibəti kontekstində göstərilir, Məcnun kimi fəryad edir:

Vətən möhtac ikən yarəbb, bu gün qeyrətli imdadə,

Gəzir övladı sərgərdan, zəlilü-xar səhradə.

Kimi sərməst olub meyxanələr küncündə qalmış,

Kimi Məcnun kimi fəryad edir hicrani-Leyladə.

Kimi dindar olubsa dinin ancaq nə olduğun bilməz,

Kimi zinar asıb Sənan kimi eşqi-Ximarədə.

...Sərasər Əndəlis getdi, Cəzair, həm Tunis getdi,

Olub Sinayi-izzətimiz məkani-fironi-Şəddadə.

Müsəlman həm uyub bir müfsidin ağuşinə, Müznib,

Olub "qeydi-qəvaid"dən təcahül üzrə azadə.

                                  ("İqbal" qəzeti, 1914, 17 yanvar)

Romantiklərin yaradıcılığında başlıca yer tutan türkçülük, islamçılıq, turançılıq kimi ideyalar Ə.Müznibin də yaradıcılığından yan keçmir. O, qədim türk tarixi, qədim türk ədəbiyyatının ilkin örnəkləri ilə maraqlanırdı. Qədim türk ədəbiyyatının erkən dövrlərinin nümunələri hesab edilən Orxon-Yenisey abidələri haqqında məlumat verir, Kül Tigin abidəsini araşdırırdı. Halbuki bu dövrdə heç kimin yaradıcılığında Orxon-Yenisey abidələrinə belə maraq göstərilməmişdi. O, qədim türk tayfaları, qədim türk yurdları, qədim yazılı abidələrimizin tədqiqi ilə maraqlanmış, bu barədə müxtəlif səpkili, yüksək elmi əhəmiyyəti olan məqalələr yazmışdır. Tədqiqatçılar onun arixivində Kül Tigin abidəsinin cənub hissəsinin qədim türk əlifbası ilə olan nüsxəsi olduğunu bildirirlər. "Oğuz türkləri", "Doqquz oğuzlar", "Küp qəbirlər", "Türkcə qəzəllər", "Türk ulusu, oymaq birliyi", "Türk imperatorluğu - Elxanlığı" adlı məqalələri xalqda milli özünüdərkin araşdırılmasına yönəlmişdi.

Ə.Müznib bir romantik kimi şeirlərində də türkçülük, turançılıq ideyalarını təbliğ etmiş, qədim türk tayfalarını poetik tərənnümə cəlb etmişdir. Şair Azərbaycanı Turan irqinin bir parçası görmüş və onun keçmişinin şanlı, şöhrətli olduğunu bildirmişdir:

Turan irqi bu ölkədə boy atmış,

İgidliyin sancağını ucaltmış,

Dünyaları qeyrət ilə donatmış,

Qəhrəmanlar peykanıdır bu ölkə.

Mədənləri fironları qudurtdu,

İskəndəri uzaq yerdən gətirtdi,

Nüşabəni, Sədanları böyütdü,

Sərkərdələr qəmxarıdır bu ölkə.

(Ağayev İ. Əliabbas Müznib: həyatı, yaradıcılığı,

əsərlərindən seçmələr. B., 2003, s. 111-112)

Türklük, turançılıq onun yaradıcılığında xalqı gələcəyə aparam bir ideya kimi göstərilir, türklüyü səmalara yüksələn bir əməl olaraq təsvir edir. Bir zamanlar "alyun yurdunun" düşmən əlində qaldığını, "yavrularının boynunu büküb baxdığını" dilə gətirən şair "çirkin diləkli", "alçaq məqsədli" düşmənin istədiyini əldə edə bilmədiyini, türklüyün qalib gəldiyini, "zülm atəşinin" söndürüldüyünü bildirir. Türklük yüksəldikcə onun başı səmalara dəyir, "ərş-əkbərə" qalxır, ülvi diləklər həmişəlik olaraq gerçəkləşir. Türkçülüyün ən çətin anında belə şair ona olan inamını itirmir, əksinə özünün inandığı bu yüksəlişə oxucunu da inandırmağa çalışır:

Oldu cahanə türk elinin qüvvəti sübut,

Kinli, inadlı düşmənimiz eylər etiraf,

Dünya üzündə türk eli bir eldi layəmut,

Etməz zəif onları min hərb, min məsaf,

Dünya olunca hökm edəcək türk uluqları,

Dünya durunca həp duracaq türk uruqları.

                                      (yenə oradan, s. 116)

Azərbaycan Cümhuriyyəti dönəmində Ə.Müznib milli düşüncəli əsərlər yazır, xalqın milli istiqlal duyğularını poetik tərənnüm edirdi. Bu illərdə onun "Mövlud", "Öyüd", "Qazi Ənvər Paşa", "Əməlpərvəranə bir xatirə", "Yuğ qığılcımı" və s. onlarla romantik şeirlərində istiqlal ideyalarını tərənnüm edir, bu yolda çalışan insanların duyğularını ifadə edirdi. "Öyüd" şeirində "Millətin ey ümidi-iqbali, Birliyin ey birinci şəhbali", - deyə gəncliyə üz tutur, onların oxumalarını, elm, təhsil görmələrini təqdir edirdi. "Qazi Ənvər Paşa" şeirinin altında "Hüriyyət qəhrəmanı, Ədirnə fatehi, Dardanel müdafiei", deyə yazır və onun bütün türk dünyasının xilaskarı obrazını yaradırdı. Hərbdə romantik ideyalar müəllifi olan və bu ideyalarının bir hissəsini həyata keçirən Qazi Ənvər Paşa türk dünyasının bağrına sancılan xəncəri yerindən çıxararaq türk aləminin yoxluğuna yönəlmiş planları pozduğunu, xalq, millət, din adına gördüyü qəhrəmanlığı təsvir edir:

Ənvər paşa, ey çalisi-övrangi-rəşadət,

Ənvər paşa, ey qahiri-ədayi-sitəmkar.

Ey Şərqi münəvvər edən ənvari-zəfərlə,

Ey türki edən qüdrətü qüvvətlə müzəffər...

                                               (yenə oradan, s. 114)

Ə.Müznib poeziyasının əsas mövzusu xalq, vətən, millət və onun şanlı oğulları, türkçülük, islamçılıq idi. Ona görə də sovet ədəbiyyatşünaslığı onun əsərlərini nəşr etmir, adını yalnız mürtəce romantiklərin içərisində çəkirdi. Onun "mürtəceliyi" isə türkçülüyündə, millətçiliyində, islamçılığında və istiqlalı müdafiə etməsində idi.

 

 

Timuçin ƏFƏNDİYEV

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2019.- 29 iyun.- S.14-15.