Emir Kusturitsa: "Savadlı adam yoxa çıxıb"  

 

 

 

Emir Kusturitsanın 60-cı Belqrad Kitab yarmarkasının açılışındakı çıxışı

Bugünlərdə saytlar serb rejissoru Emir Kusturitsanın Belqrad Kitab yarmarkasındakı çıxışını yaydı... Elə adı ilə ürəyimdən tikan çıxaran mətni dəfələrlə oxudum bir növ böyük sənətkarın həyəcan təbili kimi dəyərləndirdim.

 

Bu, əslində, gerçək dəyərlərin sürətlə deqradasiyaya uğradığını görən, müşahidə edən hər kəsinr narahatlığıdır. Kusturitsanın sözləri elə filmləri kimi ilk baxışda sadə, amma alt qatında nələr-nələr gizlətdiyi üçün bir az da dərinliyinə getmək istədim. Bunun üçün isə ən gözəl üsul mətnlə , yəni tərcümədir.

 

Şübhəsiz, mən tərcüməçi deyiləm ruscadan çevirdiyim bu mətnin orijinalla eyni olduğunu deyə bilmərəm. Sadəcə, niyyətim rejissorun dediklərini öz dilimdə danışmaqdır... O adam üçün mən darıxmışam... Onun qəhətə çıxdığını görəndə mən sıxılıram... Hər şeyin vitrinə çıxarıldığı bu zamanda özümə yer tapmayanda kitab rəfləri arasında dolaşmağım da, o qeybdən gələni gözləməyim yadımdadır. Bax ona görə Kusturitsa haqlıdır... Həm məndən ötrü ən təsirlisi rejissorun insanlığı, savadı hisslərlə yanaşı görməsidir... Çexovun külək gətirən "Mən sizi sevirəm"i ilə Ketsmanoviçin fəlsəfəsi, yaxud Bulqakovun absurdu eyni səviyyədə qavranır...

 

bütün bunlar o mükəmməlliyə can atmayan idealı, etalonu yaradır. Əslində, öz müşahidələrimdən , rejissorun çıxışından da gəldiyim qənaət budur ki, çağdaş insan (selfi adam) özünü əziyyətə verməyən varlıqdır. ibtidai icma quruluşu haqqında tarix kitabımızdan xatirimdə qalan bir cümləni gətirmək istəyirəm - İnsanı əmək yetişdirib... Bəli, meymundan çox da seçilməyən adam ən kobud vərdişlərə (taxta yonmaq, dəmir döymək, ocaq qalamaq s.) yiyələndikcə bugünkü görkəminə düşüb. Elə isə canına rahatlıq, beyninə dinclik istəyən bu "selfi adam" geriyə doğru yol deyilmi?! bunların içində, rejissorun təbiri ilə desək, "səhrada bayraq" kimi görünən savadlı adam necə yaşamalı, necə aparmalıdı özünü?!

 

Cavab yoxdur Kusturitsa əbədi bir ideyanı ortaya qoysa da, zəmanənin  o BİR ADAMlardan ibarət olduğunu desə , bu gün o BİR ADAMla əl sıxışan bu əlin altında böyüyəcək uşağı dünyanın gələcəyi kimi dəyərləndirsə , mən buna inanmıram! Bəlkə böyük katarsis baş verəcək hər şey yerini alacaq... Bir dəfə böyük partlayışdan yaranan dünya növbəti dəfə özünü "partladıb" Səməndər quşu kimi küldən doğulacaq... Bəlkə !     

Keçən əsrdə savadlı olmaq hörmətli olmaq anlamına gəlirdi. Bu, az deyil. Çox vaxt isə lap ciddi əhəmiyyət kəsb edir. Qabriel Qarsiya Markesin sözlərini yada salaq: sadəcə, sevimli olmaq üçün yazırmış.

Savadlı adam harda görünsəydi, hər zaman diqqət mərkəzində olardı; məktəbdə, kinoda, küçədə, teatrda, tramvay dayanacağında, qaraçı məhəlləsində. Və burada söhbət nə qrammatik savaddan, nə də indiki informasiya inqilabçılarının yaratdığı kabusdan gedir.

zamansa "savadlı" adlandırılan adama dərin hörmət hissi izhar edilirdi, bu adamın başının üstündə onu gizlədən nəhəng bir sirr kimi buludlar hərlənirdi, bu ifadənin arxasında isə böyük insani keyfiyyətlərin vəhdəti dayanırdı.

Savadlı adam mükəmməl deyildi və belə olmağı o, heç  hədəf də seçməmişdi. O, özünü ingilis məsəli olan "nobody is perfect" - heç kim mükəmməl deyil - ifadəsi ilə sakitləşdirirdi və bunun zirvəsi Argentina yazıçısı Xorxe Luis Borxes idi.

Savadlı adam informasiya inqilabının zir-zibili altında yoxa çıxıb. Savadlı adam qəzəbli deyildi, satılmamışdı və Allahın yoxluğu ideyası ilə razılaşmırdı...

Ən son halda o, Yunqun "Allahın varlığını deyənlərdən daha axmaq yalnız onun yoxluğunu söyləyənlər ola bilər" - ideyası ilə razılaşa bilərdi. Savadlı adam mərhəmətli və uca həqiqətə can atırdı. O, yaşadığımız zamanın antiqəhrəmanına qətiyyən oxşamırdı. Biz onun əlini sıxsaq da, o, heç vaxt bütünlüklə real dünyaya məxsus olmayıb. O, daha çox hansısa kitabdan gələn, səhifələrdən bu yana addımlayan, "yaddaşda qalan səhnələr və bütöv kitab bölümləri olmadan savadlı adam mövcud deyil"  düşüncəsinə - həqiqətinə inandıran obrazı xatırladırdı. Savadlı adamın çoxlu üstün keyfiyyətləri vardı. O, Oskar Uayld kimi hüdudsuz  ehtiraslı idi, zövqsüzlüyü zövqdən sadəcə sözlə - sanki qılıncla kəsən kimi kəsib ayıra bilirdi və bizə düzgün düşünməyin yolunu göstərirdi.

Bütün bunlar "selfi adam" adlandırılan, özünəvurğun, tarixə inanmayan, "korporasion kapitalizmi" tale hesab edən və bütün varlığı ilə qonşusunun, yaxud bütün millətin bir quruşa dəymədiyini zənn edən zəmanə antiqəhrəmanına ziddir. Bu qəhrəman öz ayfonu ilə selfi çəkir və çox böyük həyəcanla üzündəki ən balaca qırışı izləyir...

Tarixin cızdığı etik və mənəvi normalara biz təkcə valideynlərimizin hədə-qorxusuyla yiyələnməmişik. Hələ təzə-təzə başlayan mənəvi proseslərin gizli mexanizmlərini bizə savadlı adam açıb.

Biz bunu tələbə Raskolnikovdan öyrənmişik və sələmçi qarını  öldürməsinin səbəbi aydın olmayanda onun əzablarının səhifələrinə dalaraq dilemmalarını öz şəxsi seçimlərimiz kimi qəbul edib bizi hansı cazibələrin və bədbəxtliklərin gözlədiyini ikinci həyatı yaşayıb öyrənəcəyimizdən daha yaxşı bilmişik. 

Özü üçün Anton Pavloviç Çexovu kəşf etməyən gənclik necə də bomboşdur. Külək onun qəhrəmanının qulağına "Mən sizi sevirəm" sözlərini gətirir - halbuki biz heç əmin deyilik ki, bunu aşiq demişdi, ya yox... Sadəcə, küləyin daşıdığı sözlər sevginin simvoluna çevrilib.

Ən kiçik detalı da işıqlandıran Tolstoyun sözləri qəlbimizi doldurmasaydı, halımız necə olardı? Biz Vronskinin mundirinin düymələrinin rəngini də bilirdik, Anna Kareninanın obrazı isə istənilən kinolentdəki effektli aktrisanın simasından daha parlaq idi.

Hər şey bu cür idi, o, bizi xeyirxahlıqla isidən, insanı hisslər dalğası ilə dolduran kitabların səhifələriylə aparırdı...

Bulqakov olmasaydı, biz absurdparadoksu necə hiss edə bilərdik, axı?! Savadlı adamın yetişməsində, eyni dərəcədə olmasa da, bütün hallarda vacib sayılan yazıçıların adlarını çəkmək üçün zaman azdır. 

Səhrada tənha bayraq kimi bizə əl yelləyənlər təsdiq edirlər ki, hələ hər şeyi itirməmişik, "hər şey" heç vaxt itmir, savadlı adamlar var, sadəcə, onları bizim görmə sahəmizdən siliblər. Onlar informatikanın minlərlə kəşfi, o cümlədən, avtosenzuranın ən yeni versiyası tərəfindən siyasi düzgünlüyü ilə seçilən “youtublar, realiti-şoular arasında sıxılıb qalıblar. 

Bu sətirlərin müəllifi inanır ki, o bayraqlar bizim düşündüyümüzdən də çoxdur, biz hərdən onların kim olduğunu ağlımıza gətirmədən görüşüb hal-əhval tuturuq.

Bu qədər kitabların, bu böyüklükdə informasiyaların içində ola-ola savadlı adamların belə qıtlığı heç zaman olmayıb.

Bu gün daha kimlər yazmır, amma oxuyan çox azdır. Bu təməlin üstündə gözümüzün önündən çəkilməyən selfi adlandırdığımız başqa adam yetişib - ucuz kafelərdə bizə təklif olunan vulqar qadınlar kimi...

O, bizim fikirlərimizi dolaşdırır, mane olur və nəhəng katarsis baş verməsə, heç hara çəkilən deyil. Selfi adam pul və hərislik ideologiyasının metastaz verdiyi qarışıq düşüncələr zibilliyində, "informasiyaya əlin çatırsa, bu, elə savadlı olmaq deməkdir" - deyildiyi, üzdə həyəcanla müşahidə edilən qırışın hər şeydən vacib  sayıldığı zəmanədə böyüyüb.

Əvvəlcə bu selfi Dostoyevskinin keçən əsrin sonunda ədəbiyyatın bütün istiqamətlərindən daha fantastik saydığı realizmlə reallığı səhv saldı.

Özümə sual verirəm, əgər bu reallıq bizim xatırladığımız kitabların bölümləri ilə ölçülmürsə, bəs nə ilə ölçülür və nə ilə müqayisə olunur?  Əgər insan mövcud olan dünyanı olmayanla müqayisə edə, öz mənzərəsini yarada bilmirsə (bunu isə  yalnız savadlı adam bacarır),  onda məqsədi bizim yaramaz, alçaq, oğru olduğumuzu, bizi daim cəzalandırmağın lazım gəldiyini sübuta yetirməyə çalışan neoçoxallahlılığı təbliğ edən, realiti-şouya çevrilməkdə olan həyatı yaşayır. 

Savadlı olmaq - bizim çata biləcəyimiz, insanın mövcud olduğu qısa müddətdə toxuna bildiyi mərhəmət və sirlər qapısını açan formuladır... İnsan savadlıdırsa, xoşbəxt ola bilməz.

Əgər onun gerçək savadı yoxdursa, dünya romançılığını Tolstoy səviyyəsinə qaytaran Amerika yazıçısı Conatan Frayzeni, yaxud Vladimir Ketsmanoviçin fəlsəfəsini necə anlaya bilər, axı?!

Mən dindarın Allaha can atdığı kimi real dünyadan kitablara qaçan insan selinin cəm olduğu bu yarmarkanı açıq elan edirəm. Ən vacibi odur ki, həmin o dediyim savadlı adam burda ara-sıra "dirilir" və keçmişin - onun diqqət mərkəzində olduğu vaxtların mənzərəsini yaradaraq arın-arxayın gəzişir. Çünki başqa yerdə yox, məhz burda ona hörmət edirlər, onu görürlər. Bax onda - onu burda görən uşaq böyüyəndə - gələcəkdə hər şey başqa cür olacaq, daha yaxşı olacaq!

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 29 iyun.- S.11.