Mübarizənin "999-cu gecə"si
Xeyirlə şərin mübarizəsi
nə vaxtdan başlayır? Nə vaxta kimi davam edəcək? Sonda hansı qalib gələcək?
Bu taleyüklü suallar
hələ ilk zamanlardan
insanları düşündürməyə
başlayıb. Xoşbəxtliyin əsasını tapmaq, şərə qarşı vuruşmaq, dünyanı pis əməllərdən xilas
etmək, onu şərin cəngindən
qurtarıb xeyirin əbədiyaşar qələbəsinə
nail olmaq içində
qəhrəmanlıq simptomları
daşıyan insanların
yaşam səbəbi
olub. Kimisi şərlə mübarizədə
əlinə qılıncını
alıb, kimisi dilinə sözünü.
Hələ yazının kəşf
edilmədiyi, ədəbiyyatın
əsl adının qoyulmadığı zamanlarda
belə qoluzorluların
qılınc mübarizəsinə
dilisözlülər uydurduqları
əfsanə, rəvayət,
nağıllarla qoşulmuşlar.
Sözün insan həyatındakı
önəmli rolu keçmişin ağıllı
kəslərinin də
nəzərindən yayınmayıb.
Beləcə həm Şərq,
həm də Qərb mədəniyyətinin
sütununu formalaşdıran
Xeyir-Şər mübarizəsi
mövzusu özünün
ilkinliyindən çıxıb
illəri, əsrləri
dolaşa-dolaşa bu günümüzə qədər
gəlib çatıb.
Əbədi mübarizəni əks etdirən bu mövzu təkcə ədəbiyyatın predmeti
olmaqla qalmayıb, zaman-zaman ölməz musiqilərdə, rəssamlıq,
heykəltəraşlıq nümunələrində də
özünəməxsus yer
tutub. Xeyirlə-Şərin çoxəsrlik mübarizəsindən danışan
bütün incəsənət
nümunələrinin sonunda
Xeyirin Şər üzərində birmənalı
və dəyişməz
qələbəsi isə
insanlara bir növ motivasiya verici qüvvə rolunu oynayıb, onları yaşamağa, yaratmağa və bu mübarizənin bir parçası olmağa ruhlandırıb.
***
Ta "Avesta"dan gələn Xeyir-Şərin mübarizəsinin
bütün dünya üzərinə yayılmasının
və ədəbiyyatın
dili ilə insanların düşüncələrinin
alt qatlarına nüfuzunun
əsas "səbəbkarı"nı
axtarsaq, yadımıza,
şübhəsiz, "Min bir gecə" nağılları düşəcək.
Çox
qədim zamanlarda sözlərdən toxunan bu fundamental abidə Şərq xalqlarının
yaşayışını, düşüncəsini, məişətini,
inancını geniş
və əsaslı şəkildə əks etdirir. Şifahi xalq ədəbiyyatının
ən monumental abidələrindən
olan "Min bir gecə" nağılları
əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının, sonra isə Avropa xalqlarının ruhunu fəth edərək ağızdan-ağıza, dildən-dilə
keçə-keçə öz
rəngarəngliyini artırıb,
beləcə bir çox əsərlərin
yaranmasına mənbə
olub. Yazıçılar öz ədəbiyyat
nümunələrinin, rəssamlar
rəsmlərinin, bəstəkarlar
musiqilərinin, rejissorlar
filmlərinin, tamaşalarının
mövzusunu məhz bu Şərq incisindən alıblar.
Görünən odur ki, dəyişən dünya,
yenilənməkdə və
durmadan inkişafda olan texnologiya, bütün bunların təsirsiz ötüşmədiyi
insan psixologiyası hər şeyə rəğmən öz ilkinliyindən, qədimliyindən
qurtula bilmir (bəlkə də qurtulmaq istəmir!), ilk fürsətdə keçmişə
müraciət edirlər.
Xüsusən, XX əsrdən
etibarən incəsənətdə,
ədəbiyyatda hakimiyyəti
öz əlinə alan modernizm
və postmodernizm keçmişə qayıdışı
sanki bir zərurətə çevirdi.
Azərbaycan incəsənətinə də
təsirsiz ötüşməyən
"Min bir gecə"
nağıllarının mədəniyyətimizdəki
ən təntənəli
əksi, heç şübhəsiz, SSRİ xalq
artisti Fikrət Əmirovun eyniadlı baletidir. 1979-cu ildə ildə dahi bəstəkar tərəfindən
(librettosu Maqsud və Rüstəm İbrahimbəyovlarındır) məşhur Şərq nağılları əsasında
yazılan balet bütün dünya musiqisinin nadir incilərindəndir.
***
Baletin yazılmasından düz qırx il
sonra yenidən mətbuatda Fikrət Əmirovla "Min bir gecə" adları yanaşı çəkilməyə
başladı. Günlərlə,
hətta aylarla medianı zəbt edən mətnlərdə
gözəl bir xəbər verilirdi: Azərbaycan Dövlət Akademik Musiqili Teatrı F.Əmirovun musiqiləri və
"1001 gecə" nağıllarının
motivləri əsasında
böyüklər üçün
nağıl-tamaşa hazırlayıb.
Tamaşanın adı
isə fərqli idi: "999-cu gecə".
İyunun 23-də həyatımızın neçənci
olduğunu bilmədiyimiz
gecələrindən birini
"999-cu gecə"yə həsr etmək üçün Musiqili Teatrın yolunu tutduq. Səhnə əsərinə
keçməzdən öncə
yaradıcı heyət
haqqında məlumat vermək üçün
deyim ki, tamaşanın quruluşçu-rejissoru
İradə Gözəlova,
quruluşçu-dirijoru Əməkdar
incəsənət xadimi
Fəxrəddin Atayev,
quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar
artist Vaqif Məstanov,
quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər,
konsertmestri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Rolları Məhərrəm Qurbanov,
teatrın gənc aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə
Xasıyev, Gülnarə
Abdullayeva, Əliməmməd
Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edirlər.
"Min bir gecə"
nağıllarının motivləri
əsasında hazırlanan
"999-cu gecə" böyüklər
üçün nağıl-tamaşasının
süjet xəttinin əsasını pinəçi
Marufla onun ifritə arvadı arasındakı təzadlı,
ziddiyyətli münasibətlər
təşkil edir. Səhnə əsəri
"Min bir gecə"də
"Pinəçi Marufun
nağılı" adlanan
nümunədən fərqli
şəkildə hazırlanmışdı.
Bu nağıl "1001 gecə"də Şəhrizadın
danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə"
adlandırıb.
***
Maruf kasıb
pinəçidir. Arvadı Fatma zənginlərin
ayağını yuyur,
bu əziyyətin heyfinisə ərindən çıxır-onu söyür
döyür, incidir.
Tamaşanın bu yerinə qədər Marufun əsəbi, həyasız, yalançı
arvadı Fatma şərin, fağır,
qorxaq təmiz, halal zəhmətinin çörəyini yeməklə
kifayətlənib Allah şükür
etməyi unutmayan Maruf isə xeyirin təmsilçisidir.
Arvadının əziyyətlərindən bezən Maruf əlini Allaha qaldırıb onu bu zülmdən qurtarmasını istəyir və qəfil şah sarayına düşür. Məlum olur ki, cəmi kasıbların var-dövlət arzusu o boyda padşahın arzusu ilə üst-üstə düşür. Şah sarayında tamahkarlıq, yalan, xəyanət, ikiüzlülük hökm sürür. Bir yerdə oxumuşdum ki, insan olduğu cəmiyyətin güzgüsüdür. Əgər o, cəmiyyəti dəyişə bilmirsə, gec-tez cəmiyyət onu dəyişəcək. Marufun saraydakı taleyi də belə olur. O, düşdüyü mühitin "rənginə bürünür". Özünü zəngin, var-dövlətli tacir kimi qələmə verir, şahı və onun hiyləgər vəzirini aldatmaq üçün hər cür yalan danışmaqdan çəkinmir. Tamaşanın bu yerində xeyirlə şərin yeri dəyişik düşür, kimin kim olduğu qaranlıq qalır. Hətta bəzən insana elə gəlir ki, hər kəs şərin köməkçisinə çevrilib. Ancaq hadisələrin gedişatı hər şeyi dəyişir. Həm ifritə arvadı Fatmadan, həm də kasıblıqdan qurtulmaq üçün söylədiyi yalanlar Marufu qəlbinin dərinliyində incitsə də, bir neçə dəfə həqiqəti etiraf etmək istəsə də, hadisələr onun nəzarətindən çıxır və artıq o, olanları yox, olanlar onu idarə etməyə başlayır. Ən böyük idarəedici qüvvə isə sevgisi olur. Belə ki, Maruf onun var-dövlət yalanların aldanıb onu özünə kürəkən seçən tamahkar padşahın qızına vurulur. Artıq etdiyi hər şey varlanmaq üçün deyil, sevgisindən ayrılmamaq üçündür. Xeyirlə Şərin mübarizəsi kimi başlayan tamaşa eşq uğrunda mübarizə kimi davam edir.
Nağılda daha zalım, əzazil, ifritə kimi təqdim olunan Fatma səhnə əsərində o dərəcədə mənfi şəkildə verilmir. Bəli, o, əsəbidir, həyasızdır, ərini döyür, qazıya özünü yalandan döyülmüş kimi göstərir, ərinin maddi durumunu nəzərə almadan ondan müxtəlif şeylər tələb edir. Ancaq əri gedəndən sonra onun üçün darıxır, Maruf qayıdanda "sənə qurban olum" deyib qulluğunda dayanır, onu razı salmaq üçün dəridən-qabıqdan çıxır, itirməməyə çalışır. Rejissor bu xarakteri yumşatmaqla tamaşanın əsl məqsədinə xidmət göstərir. O, Xeyirlə Şərin mütləqiyyətini rədd edir. İnsanların mütləq yaxşı və pis olduqlarını iddia etmir, onların situasiyaya görə dəyişə biləcəyini göstərir. Sonda "İfritə Fatma"nın da sevimli Tanrı bəndəsi olduğunu yada salır.
Rejissor tamaşanın finalında sevgini var-dövlətdən bir taxça yuxarı qoyur, obrazlar arasında fərq qoymadan, mənfi-müsbət xarakter demədən, həyatın şərtlər içində oyun olduğuna eyham vurur. Yəni, Xeyir və Şər personajın mövcudluq çərçivəsinə çevrilmir, əməl xətti kimi təqdim olunur. Bu, bir tamaşa finalı üçün olduqca vacib məqamdır.
***
Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Şah sarayı ikinci mərtəbədə, pinəçi Marufun aid olduğu yer isə birinci mərtəbədə göstərilir. Birinci mərtəbədə zalım arvadının zülmüylə həyatı zindan olan Maruf ikinci mərtəbədə özünün həqiqi sevgisini tapır.
Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrundakı mübarizənin təqdim olunduğu səhnə əsərinin musiqi tərtibatı da olduqca zəngin və zövqoxşayan idi. Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə" baletinin ölməz musiqilərindən, həmçinin sənətkarın misilsiz mahnılarından istifadə olunub. Hər obraz düşdüyü situasiya ilə bağlı mahnılar oxuyur, hiss və düşüncələrini musiqinin diliylə ifadə edirlər. Bu musiqilər tamaşaçını gah kövrəldir, duyğulandırır, gah düşündürür, gah da əksinə, xoş əhval-ruhiyyə bəxş edir.
Qədim nağılı əks etdirən səhnə əsərinə müasirlik qazandıran obraz isə üzükdən çıxan Cindir. Üzüyün cin çağırmaq üçün sürtülərkən çıxardığı telefon zəngi səsi, cinin dilindən səslənən "Vatsapp", "Naviqator", "hipoteka", "kredit", "bank" sözləri və bütün aktyorlardan fərqlənən müasir geyimi tamaşaya yamaq kimi görünmür, əksinə, nağıldan gəlmə sujetə əlavə nağılvarilik qazandırırdı.
***
Komik elementlərlə zəngin səhnə əsərinin sonunda yenə də xeyir şər üzərində qələbə çalır. Bütün yalanlar ifşa olunur, sevgi nifrətdən də, yalandan da, tamahdan, nəfsdən də yuxarıda dayanır. Əsər boyunca müvəqqəti qalib kimi görünən hər şey sonda sevginin önündə məğlub olur.
"999-cu gecə" bir
nağıl idi, amma
unutmamalıyıq ki, nağılın da əsasında həyat dayanır. Sevginin gücü hər cür zalımlıqdan, sehrdən, cadudan, var-dövlətdən daha
çoxdur və bütün
hallarda bir gün insanlığı sevgi
xilas edəcək!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 29 iyun.- S.10.