Yazıçı öncəgörməsi
və ya 31 il gecikmiş məktub
Hörmətli
Şəfəq Nasir! Çox təəssüf edirəm ki,
zamanında, vaxtında yazılmalı olan, dövrünə
görə ədəbi meydanda olanların əvəzindən
bu məktubu sizə az qala bir qərinəyə
qədər ötmüş zamandan sonra yazıram. Əvvəlcə bir-iki kəlmə nə
üçün gecikməyimin səbəbini anlatmaq istərdim.
Kitablarınızın - əlbəttə, mətbuatda
dərc olunan yazılarınızın demək istəməzdim
- dünyaya gəlişi zamanı XX əsrin siyasi zəlzələlər
dövrünə təsadüf eləyir. Elə
ilk kitabınızın da "Müəllifin ilk
kitabı" qrifi ilə nəşri də 1988-ci ildir. Bu da həmin dövrün az-çox gözü
açıq adamlarına bəllidir ki, siyasi mühit bir
növ bizi zamana təhlili münasibətdən təcrid eləmişdi.
Bir az da açıq desəm, nəinki ədəbi
sözü, heç ədəbi sözü yaradanları da
görə bilmirdik.
Sənin ilk kitabının nəşrinə zaman necə
münasibət göstərib? Müasirlərin "Müəllifin
ilk kitabı" seriyasından buraxılan "Gecə
yağışı"na baxa biliblərmi?..
sualını - açığı, bu
gün cavablandırmaq mənim üçün çətindir.
Görün nə qədər vaxt keçib.
Yaradıcı insan öz zamanı ilə birgə
böyüyür. Zaman ona nə qədər
qol-qanad verə bilirsə, o da zamanın fəzasında bir o qədər
uça bilir, pərvazlana bilir.
Əlimdə
olan kitablarını diqqətimdən keçirirəm:
"Gecə yağışı" (Yazıçı,
1988) hekayələr, "Beyləqanın güllü
yazı" (Gənclik, 1991) hekayələr, esselər,
"Ciddi söhbət" (Günəş, 1999) publisistik məqalələr
toplusu, "Bir ömrün üç bucağı" (2004)
povestlər, "Könüllərə şəfəq
payı" (2014) məqalələr toplusu... bilmirəm, bu
kitablardan da başqa sırada olan varmı, ya yox... Söhbət bunda deyil, adları çəkilən
kitabların hər biri bəs eləyir ki, sənin ciddi ədəbiyyat
adamı, bədii söz ustası kimi təbiətini xarakterizə
edəsən. Sənin
yazıçılıq gücün "Gecə
yağışı"nda nə qədər
görünürsə, "Beyləqanın güllü
yazı"nda bir o qədər davam edir. "Bir
ömrün üç bucağı"nda daha geniş
qol-budaq açır. Və sanki sən
bütün dünyanı bir üçbucaq içərisinə
yığa bilirsən və ona çox yuxarıdan baxmaq
imkanını ədəbi istedadınla göstərmək
gücündə olduğunu təsdiqləyirsən.
"Bir
ömrün üçbucağı" povestlər
kitabının əvvəlində çox təsirli bir həyat
hekayəti var. Təkcə elə bu hekayət bəs eləyir
ki, yazıçılığın, bədii
düşüncənin sənin varlığına necə
hakim olduğunu aydın başa düşəsən:
"Sübhün alatoranında baxçamıza
düşürdüm. Ani bir titrəyişlə
butasından açılan ləçəklərin ətrindən
göyün üzünə səpilmiş ulduzların
sayrışmasından zövq alırdım. Bir də görürdüm, məhləmizin
uşaqları ətrafımda qaynaşır, mənə də
ulduz seç, deyib yaxamdan sallaşırdılar. Hərəyə bir ulduz seçib könüllərini
alırdım. Onlara özümdən toxuduğum
ulduzların nağılını danışırdım,
yox, toxumurdum, ürəyimdə doğulan istəklərimi, xəyalımda
çəkdiyim rənglərin yaratdığı mənzərəni
danışırdım"... Bir cümləni
də diqqətə çəkmədən ötə bilmirəm.
"Yox, istəyirəm biləsiniz ki, məni əhatə
edən aləmin bir canlısına - adamına,
ağacına, otuna, yarpağına, quşuna, itinə-pişiyinə
də ötəri bir nəzərlə baxmamışam".
Bütün bunlar sənin yazıçı nəzərlərinin
özündən yeddi dağ o yanacan, yerin yeddi qatınacan,
göyün neçənci mərtəbəsinəcən
yetməyindən xəbər verir. "Bir
ömrün üçbucağı" povestinin çinala
başlanğıcı əzəmi yolun əzəlinin
uğurundan xəbər verirsə, sonluğundakı taleyimə
o yolu getmək yazılmışdı" cümləsindəki
hökm də ədəbi qismətindən məmnunluğunu
bildirir. "Ruhlar ocağa dönər", "Ötən
günlərin nağılı" povestləri də klassik
nəsr təfəkkürü ilə qələmə
alındığından "Həyatın bir
parçası"nı göstərmək
gücündədir. İnsanların bu
dünyadan əbədi dünyaya "gözü quru, ürəyi
toxtaq" getməsi ideyası
düşündürücüdür. Əslində,
bu, elə əbədiyyatın xidmətidir. İnsanları bu yola hazırlamaq missiyasıdır.
Açığı,
"Gecə yağışı" mənə dəqiq və
aydın olan bir həqiqəti dedi ki, sən ədəbiyyata
yazıçı kimi gəlmisən. Bədii
sözün işığında doğulmusan. Ancaq zamanın kataklizmləri sənin mənəvi
mühitinə təsirsiz ötməyib. Və
istər-istəməz çevik janrla - xüsusilə,
publisistika ilə cəmiyyətlə üzbəüz
danışmaq istəmisən. Bu da sənin
bir ədəbiyyatşünas, tənqidçi kimi
mövqeyini açıq-aydın göstərir. "Ciddi söhbət"də, "Könüllərə
şəfəq payı"nda ədəbi mühitdən kənarda
olmadığını, əksinə, bu mühiti yaradanlardan
biri olduğunu təsdiq eləyən ədəbi
faktlardır. Sənin bütün
yaradıcılığın boyu ədəbi fakt və hadisələrə
elmi baxışının əsasında hazırlıqlı
ədəbiyyatşünas mövqeyi dayanır. Şübhəsiz, bu da sənin tədqiqatçılığınla
bağlıdır.
Sözü öyrənmək, onun doğuluş
ovqatına köklənmək... və bu yöndən sözə
münasibət göstərmək, sözün dilini bilmək,
onun dadını, tamını hiss etmək... bütün
bunlar nə qədər yazıçılıq gücü
istəyirsə, bir o qədər də sözə elmi
yanaşma münasibəti istəyir. İndi sən
yaradıcılığın elə bir dövründəsən
ki, publisistikanla bədii yaradıcılığın sanki
bir-birinə qovuşub, bir-birinə bağlı, ayrılmaz
bir görkəmdə təzahür eləyir. Bu da sənin yazılarına xüsusi bir cazibə gətirir.
Oxucu, hətta elmi məqalələrini də
emosional bir ruh çağırışı kimi qəbul eləyir.
Unutmamışam, ilk dəfə sənin imzanı 80-ci
illərin qarışıq zamanında
görmüşdüm. Ara-sıra kitabların da gözümə
dəyirdi. Və təəssüf edirəm
ki, uzun zaman ərzində bu imzanın işığına tərəf
getmək imkanın olmayıb.
Hörmətli, Şəfəq Nasir, sənin
adının ədəbi təxəllüsü kimi
görünən "Nasir" imzası baban Məmmədəli
Nasirin adı ilə bağlıdır. Bu, o Nasirdir ki, XX əsrin əvvəllərində
oyanan ədəbi mühitin həm poetik, həm də
publisistik satirasında ayrıca yeri var. Çox sevinirəm
ki, ədəbiyyat tariximiz üçün dəyərli bir
monoqrafiyanın "Məmmədəli Nasir" elmi-tədqiqat
əsərinin müəllifisən. Bu monoqrafiya
ilə həm öz soyadına işıq tutmusan, həm də
Məmmədəli Nasir adında satirik poeziya və publisistika
tariximizin dəyərli bir simasını tədqiq etmisən,
öyrənmisən. Onun bütöv elmi
portretini yaratmısan. Məmmədəli
Nasirin kimliyini onun mübarizliyini, həqiqət uğrunda
mübarizələrini araya-ərsəyə gətirmisən.
1914-cü
ilin "Lək-lək" jurnalında redaktor Cabbar Əsgərzadənin
"Leyləyin yuvadibisi" gizli imzası ilə Nasirin
adı belə əbədiləşib:
Görməyirsən,
a quzum,
Nasiri xəncərlədilər,
Mərvdə
Yusifi öldürmədi
bir
çəkməsilən?
Ümumiyyətlə,
İrəvan ədəbi mühitinin keçən əsrin əvvəllərindəki
yönümlərinin tədqiqində elmi cəhətdən
araşdırılmasında xidmətlərin az
deyil. Ardıcıl olaraq "Molla Nəsrəddin"
jurnalı ilə bağlı yazdığın məqalələr
səni, həm də bir "Molla Nəsrəddin"çi
kimi tanıtmışdır.
Qısa
bir məktubda ömrünün 65-ni yola salmaqda olan ictimai
xadimin, yazıçının, ədəbiyyatşünasın,
tədqiqatçının və bu gün də qibtə ediləcək
bir enerji ilə yazıb-yaratmaqda olan publisistin ədəbi
taleyinə nə qədər nüfuz etmək olar... Bu, bir ritorik sualdır. Yəni
cavabı konkret ifadə etmək mümkün deyil. Bunun üçün gərək sənin son illərdəki
hələ kitaba çevrilməmiş və yaxud da kitablara
yığılmamış yazıların da tədqiqata cəlb
olunsun, öyrənilsin. Zamanın gətirdiyi
suallara vaxtında verilmiş cavabların ipə-sapa
düzülsün. Bu isə əlbəttə,
geniş və əhatəli tədqiqatın işidir.
Doğrusu, mən "Gecə
yağışı" hekayələr toplusunda mənə
qeyri-adi dərəcədə öncəgörmə təsiri
bağışlayan hekayələrin haqqında
danışmaq istəyirdim. Bu kitabda verilmiş "Gecə
yağışı" hekayəsinin adı həm də
kitabın ünvanıdır. Mən deyə bilmərəm, o
vaxtı yəni 31 il bundan əvvəl həmin hekayənin
adının kitaba ünvan seçilməsi kimin xidmətidir?
Müəllifinmi, redaktorunmu, naşirinmi, ədəbi məsləhətçininmi...
Amma hər halda uğurlu seçimdir. Ədəbi təəssüratda
mən əsərin məzmununu təkrar etməyin tərəfdarı
deyiləm. Ədəbi mövqeyimi də əsərin məzmunu
ilə yox, mahiyyəti ilə göstərməyə
çalışıram. Bu hekayədə Bakıda yaşayan
cavan bir ailə Qarabağın Şuşaya yaxın bir tərəfinə
- doğma kəndinə istirahətə gedir. Ata az-çox
imkanlıdır. Baxmayaraq ki, hələ şəhərdə
ailəsini rahat mənzillə təmin edə bilməyib. Amma
gələcəkdə hər şeyi yoluna qoyacağına
inamlıdır. İndi ailəsini də götürüb
Qarabağa - növbəti yayı dincəlməyə gedir.
Burada qayğılar... kənd qayğıları, ailə qayğıları
və bir az da ailə başçısının
başısoyuqluğu... imkan vermir ki, ailə çoxdan bəri
həsrətində olduğu Şuşaya getsin. Hekayənin mərkəzində
müəllif bir "Uçağan" obrazını diqqətə
çəkir. Həqiqətən hər birimizin uşaq
düşüncəsində bir "Uçağan"
obrazı var. Onu əlimizin üstünə qoyub deyərdik:
"Uçağan uç, uç, nənəmi mənə
gətir". Hekayədə isə ana uşaqlarına
uçağanın möcüzəli gücündən
danışır və uşaqlar anadan soruşurlar:
"Uçağan Şuşanı bizə gətirə bilərmi?"
Və beləcə Şuşanı gətirmək,
Şuşaya qovuşmaq istəyi uzaq mifik düşüncədəngəlmə
uçağanla bağlanır. Sanki bu günün hekayətidir.
Gecə yağışı yağır. Hər şeyi yuyub
aparır. Sanki təbiət təzələnir və bu təzələnmiş
təbiətdə Şuşanın uçağanla
qayıtması mümkün olmasa da, Şuşaya getməyin
mümkünlüyü açıq-aydın səmadan duyulur.
Düşünürəm ki, insan nəslinin qeyri-adi tipinə
ayrılan yazıçıların qeyri-adi öncəgörmələri
zamanla təsdiqlənir. Bu hekayəni müəllif ötən
əsrin 88-ci ilə qədər artıq yazmışdı. Və
onda hələ Şuşa problemini görə bilmirdik. Bu
günün zirvəsindən, yəni 31 ildən sonra müəllifin
öncə görməsinin necə dəqiqliklə tarixi
şahidinə çevrilirik. Bu kitabda toplanmış digər
hekayələrdə də öncəgörmə elementləri
az deyil. Xüsusilə, "Borc" hekayəsi... Bu hekayə
mənə Mirzə Cəlilin "Anamın kitabı" əsərini
xatırlatdı. Şəfəq Nasir Mirzə Cəlil yolu ilə
getməyib. Amma Vətəni, yurdu ananın özü kimi təqdim
edə bilib. Şəhərdə oğulları -
adlı-sanlı tanınan, imkanlı övladları hərəsi
öz işi-gücü ilə məşğuldur. Ana isə
şəhərdən çox uzaqda - Qarabağın bir
küncündə xəstədir. Oğlanlarını arzulayır,
nəvələrini görmək istəyir, gəlinlərinin
nəvazişinə möhtacdır. Ancaq hər an -
qapını külək döyəndə belə gözlədiyi
oğullarından xəbər-ətər yoxdur. Ana burada
adlı-sanlı oğulları olan Azərbaycan
timsalındadır. Xəstədir, can verir. Onun bu gün-sabah ölə biləcəyini
heç övladları eyinlərinə də gətirmir.
Bu da müəllifin öncəgörməsinə
daha bir dəlil.
Bu motiv "Təklik" hekayəsində də davam
edir. Ata da, ana da yaşın gətirdiyi qovğanın
qabağında külək kimi əsirlər. Hətta bir-birinin dilini də başa
düşmürlər. Halbuki az qala
yarım əsr bir yastığa baş qoyublar. Təklik
onları dəli-divanə eləyib. Müəllif
düşüncəsindəki yekun bunu deyir ki, əgər
onlar ayrı düşdükləri oğulları, nəvələri
ilə qovuşsalar, hər cür çətinlik aradan qalxar.
Şəfəq Nasir öncəgörməsi ilə təqdir
olunacaq yazıçıdır. Ümumiyyətlə,
öncəgörmə keyfiyyəti ən çox
yazıçılara xas olsa da, bu da hər
yazıçıya nəsib olmur.
Şəfəq Nasirin 65 yaşı var. Bu, artıq gizlədiləsi
yaş deyil. Həm cəmiyyət, həm də dövlət tərəfindən
diqqətə alınmalı bir yaşdır. O, ictimai
xadim kimi, mətbuat tariximizdə öz yerini tutub, dövlət
qurumunda məsuliyyətlə və şərəflə
işləyib. İndi də
yaradıcılığının və ömrünün
kamillik çağlarını yaşayan sənətkara deyiləsi
çox sözlər var: Birinci növbədə zəhmətə,
vicdanlı əməyə, istedadla qələmə
alınmış əsərlərə görə rəsmi təqdirlər
sənin halal haqqındır.
Bu gün də xüsusi enerji və məhsuldarlıqla
çalışırsan. Ədəbi-publisistik
fəaliyyətini "Respublika" qəzetində davam
etdirirsən. Ədəbi-ictimai
mühitimizdə yerini və nüfuzunu qoruyursan. Dövrü mətbuatda ardıcıl görünən
imzan yaradıcılığının
qaynarlığından xəbər verir.
Hörmətli Şəfəq Nasir! Sözümün sonunda yenə qayıdıram məktub ovqatına. Bu gün şəxsiyyət bütövlüyün, təbiətindəki səmimiyyət çoxcəhətli yaradıcılığında - həm bədii nəsrində, həm publisistikanda, həm də tədqiqatlarında da açıq-aydın görünən tərəflərdir. Ədəbiyyatımızın - ruhumuzun Şəfəqi, sənətin taleyi yanmaqdan keçir. Yanmaq sənin taleyindir. Yaşa, yarat!
24.06.2019
Əli
Rza XƏLƏFLİ
525-ci qəzet.- 2019.- 29 iyun.- S.9.