Cəmiyyət və müəllim
Daha bir dərs ili başa çatdı. Bu ilin
son dərs gününə
gedirdim. Vaxt itkisi
mənim üçün
problemə çevrildiyindən
yol boyu kitab oxuyuram. Bir neçə dəqiqə keçmişdi
ki, cavan bir xanımın səsi diqqətimi yayındırdı: "Siz
niyə belə edirsiz? Bu nə
deməkdir? Uşaqla
işiniz olmasın, Gulya müəllimə! Özüm gəlirəm ora... Özünüz qəsdən edirsiz.
O xəstədir. Qızdırması var. Mən onu summativə
görə (ah, bu summativ!) məktəbə
göndərmişəm. Özüm gəlirəm ora ..." və sair. Xanım eyni sözləri deyir, tez-tez təkrarlanan "özüm
gəlirəm ora"
- hədələyici ton sinirlərimə
toxunurdu. Dərs ilinin
son günləri heç
nəyə yaramayan, ancaq boşuna zəhmət, gərginlik olan summativ yazdırmaq
dövrüdür. Kimin haqlı
olduğunu çözmək
fikrim yoxdur. Çünki indi bir günahkar var - müəllim.
Mənə elə gəlir ki, bütün müttəhim kürsüləri
ancaq müəllimlər
üçündür. Əsəbi xanımdan
- valideyndən "Özünüz
ora gedib neynəyəcəksiz" soruşmaq
istədim. Soruşmadım. Həvəsim yox idi.
Müəllim kimdir ki, nəsə soruşsun?
Müəllim kimdir ki, etiraz etsin? Müəllim kimdir ki, uşağa nəsə desin? Müəllim kimdir?..
Nəsə. Bir az
gərilsəm də,
məktəbə salamat
çatdım. Dərsdən sonra dərs ilinin ortasından başlayan "bal" qiymətləndirməsi
ilə məşğul
oldum.
Sosial şəbəkədə, bəzi saytlarda ayaqdan başa "müəllimlərin bal ayı" - deyə məsxərə obyektinə çevrildiyimiz yanvar ayından başlayan "bal ayları" davam edir. Sinif jurnallarında hər yarımildə 4-5 qrafada bütün şagirdlərin qarşısına summativ qiymətlər yazılsa da, səhifələr cansıxıcı - cansız görünür. İndi bal və qiymət yazılır. Yəni 4 yox, 8 qrafada yazı olur. Bu da səhifələri nisbətən "canlı" edir. Şagirdlərin gündəlik fəaliyyəti jurnallarda əksini tapmır. Şagird gündəliyində qeydlər aparır, vaxt itkisindən başqa heç nə verməyən sözlər yazırdıq, sonra səviyyələrə keçdik. İndi hər müəllim ayrıca jurnal tərtib edir və qiymətləri dövlət sənədinə deyil, öz jurnalına yazır. Niyəsini də bilmir. Əslində, hər müəllim şagirdlərinin qavramasını, bilik səviyyəsini - qiymətini bilir. Və illərin təcrübəsi göstərir ki, Sinif jurnalına və gündəliklərə yazılan qiymətlərin təsir gücü daha çox olub. Bütün anlaşılmaz hallara, "yenilik"lərə görə müəllimlər qınaq, gülüş obyektinə çevrilib. Hətta hesablama makinası arxasında "müəllimlər "bal" hesablayarkən" sözləri yazılmış beli əyri skelet şəkli də paylaşırlar. Müəllim kimdir ki, "tədris ilinin ortasında qiymətləndirməni dəyişməzlər" desin? Ya başqa sual versin? Kimdir axı müəllim? Müəllim hələ dərs ili başa çatmadan buraxılış imtahanları verən, sonda qiymətinə məhəl qoyulmadan attestat alan bütün "kamal"lıların il boyu ərköyünlüklərinə dözən biridir. Nə desin? Nə deyək? "Özü yıxılan ağlamaz".
Nəsə... Məktəbin dəhlizinə çıxdım. Bir xanım sevinclə mənə tərəf gəldi: "Ay Kamalə müəllimə, necəsiz? Nə yaxşı sizi gördüm. Necə sevindim". Bir az yorğun olsam da, gülümsədim. Tanımağa çalışdığımı hiss etdi: "Hamımıza dərs demisiz. Siz bizim üçün idealsız - pedaqoq nümunəsisiz. Sizi o qədər sevirik. Tez-tez xatırlayırıq. O sevgiylə mən oğlumu bu məktəbə gətirdim" və s. Ötənlərdən danışdıq. Bir-birimizə xoş sözlər dedik. Belə sözlər çox eşitsəm də, xoş oldu. Amma məqsədim özümü tərifləmək deyil. Sadəcə, yenə də ötən illər, siniflərim, şagirdlərim yada düşdü. Müəllim nüfuzu - müəllim şəxsiyyəti haqda düşündüm. Əsəbi valideynin "özüm ora gəlirəm" səsini eşitdim. 40 ili adlayan müəllim ömrümün ilk illərini düşündüm. Müəllim olmaq arzusunda olmamışam, amma ilk gündən məktəbi - şagirdlərimi sevmişəm və sevilmişəm. Bu sevgi məni məktəbə bağlayıb. Bu sevgidən qürurlanmışam. Son illərdə təhsilin səviyyəsi, müəllimin durumu məni incitməyə bilməz. Müəllim kimdir? - sualını öz-özümə təkrarlayıram. Mənə görə Müəllim üzərinə ən çox məsuliyyət düşən vətəndaşdır. Onun vəzifəsi yararlı insan yetişdirməkdir. Adətən "hərtərəfli insan" deyirik. Real yanaşsaq, bu, real deyil. Yararlı insan yetişdirməksə, realdır və mümkündür və bu, onun mənəvi borcu, vəzifə borcudur. Bu, danılmazdır. İnsanın formalaşmasında - şəxsiyyət olmasında müəllimin rolu danılmazdır.
Deməli, Cəmiyyətin formalaşmasında müəllimin rolu danılmazdır. Cəmiyyət nədir? Cəmiyyət insan toplumudur - insanların birliyidir. Cəmiyyət xalqın birliyidir - BİRLİKDİR. Həm də o, dövlətdən əvvəl olub və qeyri-dövlət strukturudur. Cəmiyyət haqda müxtəlif dövrlərdə müxtəlif filosoflar maraqlı fikirlər söyləyib. Sinfi antoqonizmin olmadığı yeganə ictimai iqtisadi formasiya - ibtidai icma quruluşu bəşər cəmiyyətinin ilkin inkişaf dövrü hesab olunur və "ibtidai icma cəmiyyəti" adlanır. Yəni Cəmiyyət - İnsan bu günə qədər böyük bir inkişaf yolu keçib.
Sosial fəlsəfə
tarixində Cəmiyyət haqqında ilkin
fikirlərə Aristotelin və Platonun təlimlərində də rast olunur. Aristotel
və Platonu, eləcə də başqa zəkaları öyrənəndə
ŞƏXSİYYƏT heyrət doğurur.
Onlar haqda məlumatlarda
bizim eradan əvvəl
( b.e.ə.) yazılır. Bu
qədər yaşa malik
İnsan - cəmiyyət
bütövlükdə Aristotel
olmalıdı əslində. Platon Sokratın, Aristotel Platonun tələbəsi olub. Aristotel öz müəllimini ötüb keçib.
Aristotelin fəlsəfi
irsinin bəşəriyyətin düşüncə
tarixində xüsusi yeri var. O, bəşər
tarixində elmlərə
sistemli yanaşan və onların təsnifatını yaradan
ilk insandır və saysız-hesabsız alimlər,
filosoflar ondan bəhrələnib. Aristotelin elmlər
sistemində Göy haqqında elm yer alır. Biz indi
"Astronomiya" adlanan
ən qədim elmin tədrisini təkmilləşdirmək əvəzinə
ləğv etmişik.
Baxmayaraq
ki, yaxşı hesab etdiyimiz məktəblərə verdiyimiz
"lisey" adı Aristoteldən yadigardır.
Və eramızdan əvvəldən
üzü bəri bütün mütəfəkkirlər,
filosoflar bu elmləri - düşüncəni
bəşər tarixi
üçün vacib
hesab ediblər.
Adam bilmir maraqlı desin, acınacaqlı, ya gülməli desin? Görəsən, Aristotel bizə
nə deyərdi?
Məncə, heyrətdən
ürəyi çat verərdi. Amma bizə Aristotel
sözü lazım deyil, çox "ağıllı"yıq. Hələ Sokrat deyib ki,
mütaliə bir cəmiyyətin gündəlik
vərdişinə çevrilsə,
həmin cəmiyyət
xoşbəxt olar.
KAYZEN - kollektiv bloq sistemin pedaqoq bloqunda "Tərbiyənin
qanunauyğunluqları və
prinsiplərindən danışarkən
tərbiyənin cəmiyyətin
tələbatı ilə
şərtlənməsi qanunu"na rast gəldim.
Yəni şəxsiyyət - cəmiyyətin
üzvü cəmiyyətin
tələblərinə uyğun
olmalıdır.
Məncə, əsas məsələ cəmiyyətin şəxsiyyətə
uyğun olmasıdır. Şəxsiyyət - insan necədirsə, cəmiyyət elə olur. Cəmiyyət haqda fikirləri öyrənəndə cəmiyyətin
formalaşmasında düşüncənin
(maddi amillərin təsiri də var) - savadın rolunun birinci olduğunu görürük.
Cəmiyyəti zəkalar formalaşdırmalıdır
və ya gözəl cəmiyyəti
düşüncə - bilikli
insan yaradır. Cəmiyyət dövlətlə də birlik yaratmalıdır. Hegelə görə
hər fərdin cəmiyyətdə vəzifəsi
var. Cəmiyyətdəki ziddiyyətlərin
əsasını fərdi,
xüsusi və ictimai mənafelər və Dövlət qaydaları arasındakı
fərqlilik təşkil
edir. Bu fərqi
isə ən çox savadsızlıq yaradır. Cəmiyyətin inkişafı insanların
inkişafından asılıdır.
Əgər cəmiyyətə savadsız, məsuliyyətsiz,
laqeyd insanlar ötürülürsə, yaxşı
nə gözləyə
bilərik? Deni Didro
deyir ki, düzgün təlim-tərbiyə
olmadıqda insanlar həyatda öz yerini tapa bilmədiyindən
məhv olurlar. Deməli, Cəmiyyət məhv olur. Birinci əsrin ortalarında
yaşamış Roma filosofu
Epiktetə görə
"bir cəmiyyətə
hər şeydən əvvəl elm və əxlaqı öyrətmək
lazımdır". Mustafa Kamal Atatürk deyir: "Bir cəmiyyətin millət olması üçün
müəllimlərə ciddi
ehtiyac var: onlar cəmiyyəti həqiqi millət halına gətirirlər".
Mən eyni gündə yaşadığım iki
hadisə arasındakı
fərqi bölüşmək
istədim əslində:
Müəllim nüfuz
və hörmət qazana bilər, qazanmaya da bilər.
Müəllim nüfuz sahibi
olmağı və bunu qorumağı bacarmalıdır. Yoxsa o nüfuzsuz
cəmiyyətin nüfuzsuz
üzvü olacaq.
Müəllimin bugünkü
halı göz önündə: istənilən
bəhanəylə müzakirə
obyekti olur. İlk olaraq ÖZÜ günahkardır.
Bir də müəllimi bu durumuna səbəb
olanlar. Müəllimi
cəmiyyət qarşısında
hər bəhanə, ya səbəb olsun, aşağılamaq,
illərinin zəhmətinə
baxmadan "işdən
qovmaq", təhsil prosesində tam hüquqsuz
hala gətirmək və s. ona sevgisizlik aşılayır.
Cəmiyyət onu yaradan müəllimini sevmir, hörmət etmir. Müəllimin dəyərdən düşdüyü cəmiyyət
qorxuludur, acınacaqlıdır.
Bu gün bir
sıra maraqlı layihələr, bilik yarışları, müxtəlif
tədbirlər həyata
keçirilsə də,
savadsızlığın, laqeydliyin artması göz önündədir.
Bu dərs ili
artıq başa çatdı. Növbəti ildə hamımızın
vəzifəsi Müəllim
nüfuzunu layiq olduğu zirvəyə qaldırmaq olsun. Çünki təhsildə gərəkli,
vacib nəticəni əldə etməsək,
yararlı insanların
sayı azalacaq. Sevgisizlik, laqeydlik artacaq. Təhsil Dövlətimizin var olmasıdır. Böyük
öndərimiz Heydər
Əliyevin sözlərini
unutmayaq: Təhsil hər bir dövlətin,
ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir. Cəmiyyət TƏHSİLSİZ İNKİŞAF EDƏ
BİLMƏZ".
Hələliksə, müəllimlərə yaxşıca
istirahət (təbii maddi imkanları çatsa), özləri haqda yaxşıca düşünməyi arzulayıram.
Qadinkimi.com
Kamalə
Abiyeva
525-ci qəzet.- 2019.- 29 iyun.- S.7.