Azərbaycan polisi: asayişin və təhlükəsizliyin
sədaqətli əsgəri
26 il
bundan əvvəl Ümummilli lider Heydər Əliyev
inkişafın və müstəqilliyin Azərbaycan modelinin təməlini
qoydu. Bu təməl üzərində inşa
edilən və dünyanın hər yerindən görünən
- Ulu öndərin əsəri olan müstəqil Azərbaycan
bütün azərbaycanlıların qürur mənbəyidir.
Təbii
ki, qazanılan böyük uğurların kökündə
26 il ərzində böyük çətinliklər,
habelə itkilər hesabına yaradılan ictimai sabitlik və
təhlükəsizlik durur. Şəksiz, təhlükəsizlik
və sabitliyin qarantı dövlət
başçısıdır, xalqın öz rəhbərinin
siyasətini dəstəkləməsi və xalq-iqtidar
birliyidir. Bununla belə, Prezidentin siyasətinin
həyata keçməsinə yardımçı olan icra
strukturları, hüquq-mühafizə orqanları və digər
qurumlar var. Bu sırada Daxili İşlər Orqanlarının
(DİO) müstəsna yeri və rolu var.
İyulun
2-də Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN)
yaranmasından 101 il ötür. Bu yazı da DİN-in keçdiyi şərəfli və
keşməkeşli yolla bağlı bir jurnalistin bəzi qeydləridir.
Keçmişə
nəzər
Azərbaycan
Xalq Cumhuriyyəti qurulandan sonra - 1918-ci il
iyulun 2-də ölkəmizin tarixində ilk dəfə
müstəqil polis qurumları yaradılıb. Cumhuriyyətin
süqutunadək o, tam formalaşdırılıb başa
çatdırılmasa da, dövlətin milli
maraqlarını qorumaq, cinayətkarlığa qarşı
mübarizə aparmaq, asayişi bərpa etmək uğrunda bir
sıra uğurlara imza atıb. Xalq Cumhuriyyəti
dövründə Azərbaycan polisi fövqəladə
çətin vəzifələr icra edib. Onun
önəmi müstəsna olub. Məhz ona
görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının ilk sədri Fətəli Xan Xoyski həm də
ilk daxili işlər naziri vəzifəsini tutub.
Xalq
Cumhuriyyəti dövründə Azərbaycan DİN-in
tabeliyində aşağıdakı qurumlar olub:
-
Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri
- Bakı
şəhər Upravasının polisi
- Bakı
xüsusi vergi polisi
- Xəfiyyə
polisi
- Gəncə,
Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl
və sair qəzaların polis idarələri
Xalq Cumhuriyyəti dövründə DİN parlament
qarşısında hesabat verirdi. Bakı Qubernator
İdarəsi də Azərbaycan DİN-ə tabe idi.
Bakı, Balaxanı-Sabunçu müstəqil polismeyster idarələri,
Bakı şəhər Upravasının polisi, Bakı
xüsusi Vergi polisi, Xəfiyyə polisi, Şuşa müvəqqəti
general qubernatoru, Gəncə, Zəngəzur, Cavanşir, Cavad,
Cəbrayıl və başqa qəzaların polis idarələri
isə DİN-in tərkib hissələri idi. Qəzalarda
qəza polis rəisləri, onların böyük və
kiçik köməkçiləri, sahə müvəkilləri,
polislərdən ibarət özünü müdafiə dəstələri
fəaliyyət göstərirdi.
1920-ci ilin aprelin 29-da Bakı İnqilab Komitəsinin qərarı
ilə Rəhim Hüseynov Bakı şəhərinə ilk rəis
təyin olunub.
Ona belə bir tapşırıq verilib: polisi yenidən təşkil
etmək, adını dəyişib milislə əvəzləmək,
bütün yerlərdə pristavları işdən
götürmək və komissarlar təyin etmək.
Hüquq-mühafizə orqanlarının, o cümlədən
də, DİN və onun strukturlarının fəaliyyəti
ilə bağlı xüsusi tənqid olunan mərhələ
1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən,
o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin
günahı üzündən yox, o zamanlar aparılan dövlət
siyasəti, ideoloji prinsiplər nəticəsində insanlar
günahsız qurbanlar olublar, repressiyaya məruz qalıblar.
Bu, tariximizin dəhşətli, qara səhifələridir.
Minlərlə, on minlərlə insan, onların
ailə üzvləri həbslər, repressiya, əsassız
ittihamlar nəticəsində böyük məhrumiyyətlə
üzləşiblər. O da faktdır ki, 1920-1940-cı
illərdə milisin 500-ə qədər əməkdaşı
cinayətkarlığa qarşı mübarizədə həlak
olub, 1937-1939-cu illərdə isə onun yalnız rəhbər
heyətindən, təxminən, 320 nəfər repressiyaya məruz
qalıb. 1941-1945-ci illər müharibəsində
800 nəfərə yaxın milis cəbhəyə
yollanıb, böyük əksəriyyəti geri dönməyib.
Müharibədən
sonrakı illərdə milisdə çalışan
İsrafil Məmmədov, polkovnik Mehdi Quliyev, generallar - Xəlil
Məmmədov və Səlahəddin Kazımov isə cəbhədən
Sovet İttifaqı Qəhrəmanı kimi qayıdıblar.
DİO əməkdaşları həmişə ən
çətin zamanlarda xalqın güvənc yeri olub, cinayətkarlığa
qarşı mübarizə aparan, asayişi mühafizə edən
bir orqan kimi hörmət və sayğı görüb. Onun keçdiyi şərəfli,
ziddiyətli və tarixi yol haqqında Ümummilli lider Heydər
Əliyev Azərbaycan polisinin 80 illik yubileyinə həsr olunan
təntənəli yığıncaqda belə deyib: "Bu
tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər
orqanlarının çox əhəmiyyətli nailiyyətləri
də, itkiləri də, uğurları da, səhvləri də
olmuşdur. Bu tarixin çox parlaq səhifələri
də, ancaq ləkəli, qara səhifələri də
vardır. Amma bunların hamısı da
bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir.
Daxili İşlər Nazirliyi orqanlarında nə
qədər mənfi hallar olmuşdursa da, bu orqanda
çalışan şəxsi heyətin əksəriyyəti
öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini
daim saxlamışdır".
Yeni
dövr
Azərbaycanın
son 30 illik tarixini, məncə, belə şərti dövrlərə
bölmək olar: 1988-1992-ci illər, 1992-ci ildən 1993-cü
ilin iyununa qədər olan dövr və 1993-cü ilin iyunundan
- Qurtuluş günündən bu vaxta qədər olan zaman kəsiyi.
SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçovun yenidən
qurması (əslində, yenidən qırması - S.A) və
xüsusi dəstəyi ilə meydana atılan erməni
separatizmi 1988-ci ilin fevralından başlayaraq Kremlin dəstəyi
ilə torpaqlarımızı işğal etməyə
başlayanda Azərbaycanda çox ağır bir situasiya
yarandı. Dağlıq Qarabağ azərbaycanlılarının
təhlükəsizliyi uğrunda çarpışan və təcavüzə
qarşı sipər olan yeganə qüvvə məhz Azərbaycan
milisi oldu.
Bu döyüşlərdə Azərbaycan polisinin 1695 əməkdaşı
və hərbi qulluqçusu şəhidlik zirvəsinə
ucaldı. 1710
nəfər xəsarət aldı, göstərdikləri
şücaət və fədakarlıqlara görə 68 nəfər
Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görüldü.
1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə Milli
Qurtuluş Günü kimi daxil oldu. Hüquq-mühafizə
orqanları sahəsində də yenilməz bilik ve təcrübəyə
malik Ümummilli lider yaxşı bilirdi ki, ölkədə
ictimai sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən
danışmaq olmaz. Yuxarıda qeyd etdiyim
birinci iki dövrü xarakterizə edən əsas cəhət
ondan ibarət olub ki, hüquq-mühafizə işinin əlifbasını
belə bilməyənlər rəhbər vəzifələrə
irəli çəkiliblər. Müharibə
gedən zaman cinayətkarlığa qarşı mübarizə
aparılması, əhalinin təhlükəsizliyinin təmin
edilməsi tamamilə arxa plana keçirilib. Ali Baş
Komandan cənab İlham Əliyev həmin dövrü belə
qiymətləndirib: "Əfsuslar olsun ki, müstəqillik bərpa
olduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan
deyildi. Məhz o illərdə ən
böyük cinayətləri törədən insanlar polis
orqanlarının rəhbəri işçiləri, Daxili
İşlər nazirliyinin rəhbərləri idilər".
Yalnız 3-cü dövrdən başlayaraq Azərbaycan
DİN sözün əsl mənasında müstəqil
dövlətin nazirliyi olaraq qanunlarla müəyyən
edilmiş vəzifələrini icra etməyə
başladı.
Ümummilli liderə təxminən 3 il
lazım gəldi ki, həm ölkədə ictimai-siyasi
sabitlik bərqərar olunsun, həm də kriminogen duruma nəzarət
edilsin.
Ölkədə
cinayətkarlığa qarşı qətiyyətli mübarizə
Ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında" fərmanla başlayıb
1999-cu ildə
"Polis haqqında" qanunun qəbul olunması, Azərbaycan
Respublikası Prezidentinin 30 iyun 2001-ci il fərmanı ilə
"Daxili İşlər Mazirliyinin Əsasnəməsi və
strukturu"nun təsdiq edilməsi, 2004-cü il iyunun 30-da qəbul
olunmuş "Azərbaycan Respublikasında polis
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair" Dövlət Proqramının müəyyənləşdirilməsi
hüquq-mühafizə orqanları sistemində mühüm
yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının
yaradılmasına xidmət edən çox sanballı sənədlərdir.
Ümumiyyətlə, Azərbaycan polisinin fəaliyyətini
tənzimləyən və müasir standartlara uyğun quran
çoxsaylı qanunlar və normativ aktlar qəbul edilib, ciddi
struktur dəyişiklikləri həyata keçirilib. Onların işlək mexanizmi var.
Qarşıda duran vəzifələri yerinə yetirmək
üçün isə həm də çoxsaylı
infrastruktur layihələri həyata keçirilib. Bütövlükdə
1993-2018-ci illər ərzində ümumi dəyəri 300
milyon manat olan 300-dən çox obyektin tikintisi və ya yenidən
qurulması başa çatdırılmış, minlərlə
nəqliyyat vasitəsi, xüsusi texnika
alınmışdır.
Sanballı
uğurlar
Cinayətkar
aləm demokratik dəyərlərə xələl gətirilmədən
daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir.
Aparılan iş proqnozlaşdırılan nəticələri
təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adam öldürmələrin, quldurluqların,
azyaşlılar tərəfindən törədilən
hüquq pozuntularının sayı ilbəil aşağı
düşür. Artıq neçə illərdir
ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə
və əmin-amanlığın qorunması sahəsində
dünyanın öncül dövlətlərindən,
Bakı isə ən təhlükəsiz şəhərlərdən
biridir. Məhz ona görədir ki, ən
nüfuzlu mədəni və sosial tədbirlər,
dünyanın diqqətini özünə cəlb edən
idman yarışları ölkəmizdə keçirilir.
Beynəlxalq aləmdə xüsusi çəkisi
və yeri olan dövlətlərin başçıları və
iri ranqlı rəsmiləri həm də təhlükəsizlik
məsələrini nəzərə alaraq Azərbaycan
paytaxtında görüşməyə üstünlük
verirlər. Respublikamızda əhalinin hər
100 min nəfərinə düşən cinayətlərin
sayı keçən 25 ildə orta hesabla 230-a bərabər
olmuşdur. Bu dövrdə cinayətlərin
illik orta açılması 90% -dən yuxarını göstərmişdir.
23 mindən çox cinayətkar qrup və dəstə
zərərsizləşdirilmiş, axtarışda olan 85 mindən
artıq təqsirləndirilən şəxs tutularaq istintaqa,
yaxud ədalət məhkəməsinə verilmişdir.
Qanunsuz saxlanılan 45 mindən çox odlu silah
yığılmış, onların tətbiqi ilə törədilən
cinayətlərin sayı təxminən 10 dəfə
azalmışdır. Qeydə alınan
hüquqazidd əməllərin yalnız 10 faizə qədəri
ağır və xüsusi ilə ağır cinayətlər
olmuşdur. İnsan alverinə,
narkomanlığa, psixotrop maddələrin qanunsuz dövriyyəsinə
və digər hüquqazidd əməllərə qarşı
barışmaz mübarizə aparılmışdır. Təkcə 2018-ci ildə narkotik maddələrinin
qanunsuz qövriyyəsi ilə məşğul olan 78 qrup zərərsizləşdərilmişdir.
Təbii
ki, Azərbaycan cinayətsiz cəmiyyət deyil və ola da bilməz. Reallıq utopik
sosializim və utopik kommunizmin uydurduğu "cinayətsiz cəmiyyət"
ideyalarını rədd etsə də, bəzi siyasətbazlar,
qondarma ekspertlər yeri gəldi-gəlmədi DİN-in
"bostanına daş atmaqla" məşğul olurlar.
Dünyanın hansı ölkəsində cinayət
və cinayətkarlıq yoxdur?
Azərbaycanda dayanıqlı sabitlik var, asayiş keyfiyyətli
şəkildə qorunur, cinayətkarlığa qarşı
ciddi mübarizə aparılır, kriminogen duruma nəzarət
ən üst səviyyədə həyata keçirilir. 10 milyondan bir az
çox əhalisi olan ölkəmizdə gündə orta
hesabla 30-40 cinayətin törədilməsi nəyin göstəricisidir?
Ulu
öndər Heydər Əliyev deyirdi: "Bu peşəni - polis peşəsini
qəbul edən DİN əməkdaşı bilməlidir ki,
o, sədaqətlə xidmət etməlidir. Mən
bu məsələni ön plana çıxarıram. Ön plana çıxararaq bir daha Azərbaycanın
dövlət müstəqilliyinə bərabər səviyyəyə
gətirirəm. Biz dövlət müstəqilliyimizə
sadiq olduğumuz kimi, peşəmizə də sadiq
olmalıyıq. Əgər peşəmizə sadiq
olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə
sadiq ola bilmərik".
Azərbaycanda bugünkü sabitliyin, inkişafın, gələcəyə
inamın təməlində möhtərəm Prezidentimiz
İlham Əliyevin yürütdüyü siyasət durur. Ali Baş Komandan
vurğulayır: "Cəmiyyətdə
polis orqanlarına çox böyük hörmət
olmalıdır və bu hörməti polis orqanları özləri
qazanmalıdır. Polisə olan hörmət
dövlətə olan hörmətdir. Polis
orqanları cinayətkarlığa qarşı mübarizə
aparırlar, onlar öz həyatlarını risk altına
qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar.
Mən görülmüş bu işləri
yüksək qiymətləndirirəm. Bilirsiniz
ki, polis orqanlarını daim müdafiə edirəm və
müdafiə edəcəyəm".
Elə buradaca DİN-ə 25 ildən çox bir müddət
ərzində rəhbərlik etmiş general-polkovnik Ramil
Usubovun xidmətlərinə möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin verdiyi yüksək qiyməti qeyd etmək
yerinə düşər. DİO-nun 25 il ərzində
əldə etdiyi uğurlarda, şəksiz, Xocalıda
özünün 65-ə yaxın qohum-əqrabasını,
doğmasını itirən Ramil Usubovun imzası var.
DİO əməkdaşları məhz xidmətlərinə Ali Baş Komandan tərəfindən verilən yüksək qiymətə görə yeri gələndə canlarını qurban verməklə cavab verir. Ötən 25 il ərzində cinayətkarlıqla mübarizədə 95 polis əməkdaşı həlak olub, 2220-dən çoxu yaralanıb. Cinayətkarlıqla mübarizədə və daxili təhlükəsizliyin təmin olunmasında nümunəvi xidmətlərinə görə 700-dən çox əməkdaş dövlət mükafatına layiq görülüb.
Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusi ilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nəaliyyətləri daha çox möhkəmləndirir. İndi Azərbaycan polisi BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İslam İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB - habelə digər beynəlxalq qurumlarla yüksək səviyyədə təmsil olunur. İndiyədək əlliyə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə çoxtərəfli hökümətlərarası, həm də idarələrarası saziş, memorandum, protokol imzalanmışdır. Transmilli cinayətkarlığa qarşı mübarizədə "İnterpolun" Milli Mərkəzi Bürosu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
Azərbaycan dövlətçiliyinə zərbə vurmaq üçün əvvəllər mövcud olan təhlükələr bu gün də tamamilə aradan qalxmayıb. Bəzi dairələr və qüvvələr, regionda xüsusi maraqları olanlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəndir, fəaliyyət göstərdikləri məkanlar və ortamlar da fərqlidir. Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək üçün zamanında ən müxtəlif təsirli tədbirlər görür. 1994, 1995, 2003 və 2005-ci illərdə ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların təhrikçiləri ilk növbədə Azərbaycan polisinin qətiyyəti, dövlətə və dövlətçiliyə sədaqəti ilə rastlaşdılar. Bir çox siyasətbazların başı əhlət daşına dəydi də.
DİN bu nailiyyətlərə həm də ona görə nail olur ki, vətəndaş və vətəndaş cəmiyyətləri ilə qarşılıqlı etimad ve etibara söykənən əlaqələri var. Statistik məlumatlara görə, il ərzində nazirliyin rəhbərliyi, baş idarə və idarə rəisləri tərəfindən 3600-ə yaxın, ərazi strukturları da nəzərə alınırsa 10 mindən çox vətəndaş qəbul edilir. Onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində müsbət həll olunur, əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülərək araşdırılır. Cinayətlər və hadisələr barədə daxil olan məlumatların qəbulu, vətəndaşlarla polis orqanları arasında operativ rabitənin təşkili və müvafiq informasiya sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılan 102 xidmətinin effektli fəalliyyət göstərməsi, yol hərəkəti qaydalarının pozulmasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən avtomatik idarəetmə sisteminin tətbiqi üzrə quraşdırma işlərinin başa çatdırılması, AMAS sisteminin tam işə düşməsi cinayətkarlığa, asayişin pozulmasına qarşı daha təsirli formada mübarizə aparılmasına imkan verir. Bir sözlə, dövlətə və dövlətçiliyə Ulu öndərin müəyyənləşdirdiyi uzun müddətli strategiyaya, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətə sədaqətlə xidmət edən Azərbaycan polisi şərəfli bir vəzifəni yerinə yetirir. Bu müqəddəs vəzifələri yerinə yetirməkdə cənab nazir başda olmaqla Azərbaycan polisinin bütün şəxsi heyətinə can sağlığı, uğurlar və şərəfli yolu şərəflə getməyi arzulayıram.
P.S. DİN və onun strukturları da, obrazlı dillə desək, "şəffaf evdə yaşayır və daim müşahidə olunurlar". Şəksiz, DİO hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq qanunlardan çıxış edir. Lakin onlar qərar qəbul edərkən sosial kontektstə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasında münasibətlərdə balans olmalıdır. Azərbaycan polisi bu balansın qarşılıqlı etibar, səmimiyyət, qanunlara hörmət əsasında formalaşmasının tərəfdarı olduğunu fəaliyyəti ilə təsdiqləyir.
İndi Azərbaycan qatarı parlaq
gələcəyə doğru gedən yola çıxıb.
Şübhəsiz, bu qatarın təhlükəsiz hərəkətini
təmin edənlərin və onu qoruyanların ön cərgəsində
həmişə Azərbaycanın DİN və onun
strukturlarının əməkdaşları olacaq. 101 yaşın
mübarək, Azərbaycan polisi!
Səyyad
AĞBABALI
525-ci qəzet.- 2019.- 29 iyun.- S.6-7.